Category: İqtisadiyyat

  • Yumurta ötən illə müqayisədə ucuzdur?

    Yumurtanın qiymətində heç bir artım olmayıb.

    Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında yumurtanın bahalaşması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Sədr ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurtanın qiymətinin ucuz olduğunu xatırladıb:

    “Hazırda yumurta sentyabr ayına olan qiymətlə satışdadır. Mağazalara topdansatış 0,14 qəpiklə təhfil verilir”.

    Qeyd edək ki, sentyabr ayı üzrə qiyməti artan və azalan qida və qeyri-qida məhsulları açıqlanıb. Məlumata görə, ət və ət məhsulları 2,3%, balıq 1,5%, yumurta 1,1%, tərəvəz 6,2%, kərə yağı 0,6% bahalaşıb.

  • Azərbaycanın tikinti şirkəti faktiki müflis olub

    Tikinti fəaliyyəti ilə məşğul olan “Diadem” ASC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.

    Valyuta.az xəbər verir ki, şirkət ötən ili 5,5 milyon manat xalis zərərlə tamamlayıb.

    Bu, əvvəlki illə müqayisədə 7,4 milyon manatlıq pisləşmə deməkdir. Belə ki, 2023-cü ildə “Diadem” 1,9 milyon manat xalis mənfəət əldə etmişdi.

    Şirkətin illik gəlirləri 30,4 milyon manata düşüb ki, bu da ötən ilə nisbətən 28 milyon manat və ya 47,9 % azalma deməkdir. Eyni zamanda, maya dəyəri xərcləri də 32,4 milyon manat təşkil edərək əvvəlki illə müqayisədə 31,2 % azalıb.

    Nəticədə, əvvəlki il 11,3 milyon manat ümumi mənfəət əldə edən şirkət bu dəfə 2 milyon manatlıq ümumi zərərlə üzləşib. Maliyyə xərclərinin 7,3 milyon manata qədər artması isə şirkətin vergiyəqədərki nəticəsini 6,9 milyon manatlıq zərərə çevirib.

    Bu göstəricilər fonunda “Diadem”in cəmi aktivləri 114,4 milyon manata yüksəlib. Bu, ötən ilin sonuna nisbətən 11,2 % artım deməkdir. Eyni zamanda, cəmi öhdəliklər 17,2 % artaraq 114,8 milyon manata çatıb. Nəticədə, şirkətin kapitalı mənfiyə düşüb – 2024-cü ilin sonunda mənfi 408,6 min manat təşkil edib.

  • Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,7 % artaraq 1 094 manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər təşkil edib, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 19 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.83 ABŞ dolları və ya 1.18% azalaraq 69.25 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.08 ABŞ dolları təşkil edib.

  • Bakıda bir neçə notariusun fəaliyyəti dayandırıldı – SƏBƏB

    Bakıda fəaliyyət göstərən bir neçə notariusun fəaliyyəti hazırda dayandırılıb. Fəaliyyətin dayandırılmasına səbəb həmin notariusların şəhadətnamə müddətinin başa çatmasıdır.

    Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xüsusi notariuslara notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə beş il müddətinə verilir.

    Həmin müddət bitdikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariusun fəaliyyəti qiymətləndirilir və fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır, şəhadətnaməsinin müddəti uzadılmayan şəxslərin xüsusi notarius kimi fəaliyyətinə xitam verilir.

    Hazırda notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən müsabiqə elan edilib. Müsabiqənin sənəd qəbulu mərhələsi yekunlaşıb. Müsabiqənin növbəti mərhələləri – test imtahanı, müsahibə və icbari təlimdən ibarətdir.

    Müsabiqə yekunlaşdıqdan sonra hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatının həyata keçirilməsi və notariat ofislərinin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxılacaqdır.

  • “Bakı Kristal Zalı” ötən il 2 milyon manatdan çox zərər edib

    “Bakı Kristal Zalı” MMC 2024-cü ili 2,405 milyon manat zərərlə başa vurub. Halbuki, Zal 2023-cü ildən 5 min manat xalis mənfəətlə çıxmışdı.

    “Report” xəbər verir ki, ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 2,697 milyon manat (əvvəlki ilə nisbətən 23,4% az), xərcləri isə 5,102 milyon manat (45,1 % çox) təşkil edib.

    Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 192,273 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 21,8 % artaraq 693 min manata çatıb, balans kapitalı isə dəyişməyərək 191,58 milyon manat qalıb.

    Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,567 milyon manatdır.

  • Mərkəzi Bank “Azərikard”ın lisenziyasını məhdudlaşdırdı

    “Azərikard” MMC fəaliyyətini ödəniş sisteminin operatoru və ödəniş təşkilatı kimi davam etdirəcək.

    Bu barədə Mərkəzi Bank məlumat yayıb.

    Bildirilib ki, “Azərikard” MMC-yə (Təşkilat) “ödəniş sisteminin operatoru” fəaliyyətinin göstərilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12 sentyabr 2024-cü il tarixində ÖSO-001 nömrəli, “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyətinin göstərilməsi üçün isə Mərkəzi Bank tərəfindən 12 sentyabr 2024-cü il tarixində EPT-011 nömrəli lisenziyalar verilib.

    Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 8 oktyabr 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.

    Bununla da Təşkilat fəaliyyətini elektron pul təşkilatı kimi deyil, ödəniş təşkilatı və ödəniş sisteminin operatoru olaraq davam etdirəcək.

  • Azərbaycanda QR ödənişlərlə bağlı yenilik olacaq

    Hazırda Mərkəzi Bank QR ödənişlərin təşkili layihəsi üzərində işləyir.

    Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Xəlilov “Bakı Fintex Forum-2025″də çıxışı zamanı deyib.

    “Biz ödəniş sisteminin ölkəmizdə standartlaşdırılması ilə bağlı müzakirələr aparmışıq. Düşünürük ki, bu, sektorun inkişafı üçün önəmli addım olacaq və fintex sektorunun inkişafı üçün böyük imkandır. Mərkəzi Bank bu imkanları yaradan platformalar üzərində çalışır”, – deyə baş direktor vurğulayıb.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Median.Az Azərbaycan neftinin bir barelinin qiyməti 0.21 ABŞ dolları və ya 0.3% artaraq 70.08 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.87 ABŞ dolları təşkil edib.

  • Azərbaycanın sığorta brokeri fəaliyyətini məhdudlaşdırır

    “Buta Sığorta və Təkrar Sığorta Brokeri” QSC MMC-yə çevrildiyini elan edib.

    Valyuta.az xəbər verir ki, 2019-cu ildə yaradılan bu şirkətin qanuni təmsilçisi Miskərli Abas İlqar oğludur.

    MMC-yə çevrilən sözügedən şirkətin nizamnamə kapitalı isə 2 min manatdır.