Category: İqtisadiyyat

  • Rusiyaya 2 manatdan, Səudiyyə Ərəbistanına 24 manatdan satmışıq

    Azərbaycan bir sıra ölkələrə badımcan (təzə və ya soyudulmuş) ixrac edib.

    Cari ilin ilk 7 ayında da Azərbaycandan xaricə 27,27 ton badımcan ixrac olunub.

    İxrac əsasən Rusiya və Səudiyyə Ərəbistanına olub.

    Belə ki, həcmcə ən çox 26,33 ton məhsul Rusiyaya ixrac olunub. Bu ixracdan əldə olunan gəlirlər 27,81 min ABŞ dolları təşkil edib. Nəticədə Rusiyaya satılan 1 kiloqram sözügedən məhsulun dəyəri 1,50 dollar və ya 2,56 manat təşkil edib.

    Səudiyyə Ərəbistanına isə 13,35 min ABŞ dolları dəyərində 0,94 ton məhsul ixrac olunub. Bu ölkəyə satılan 1 kiloqram badımcanın qiyməti 14,20 dollar və ya 24,14 manat təşkil edib.

  • Bu şəxslərə 1600 manat verilir

    ​​​​Cəza çəkməkdən azad edilmiş, yəni azadlıqdan məhrumetmə cəzasını başa vurmuş və tibbi, sosial yardıma ehtiyacı olan şəxslərə dövlət tərəfindən müavinət verilir.

    Median.Az Mətbuat.az-a istinadla xəbər verir ki, bu hüquq Azərbaycan Respublikasının vətəndaşlarına, ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, həmçinin digər ölkələrin penitensiar müəssisələrində cəza çəkib üç ay müddətində Azərbaycana daimi yaşamaq üçün qayıdan vətəndaşlara şamil olunur.

    Müavinət yalnız penitensiar müəssisə tərəfindən verilmiş cəza çəkməkdən azad edilməsi barədə arayış təqdim olunduqda təyin edilir. Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli, yəni 1600 manat təşkil edir.

    Sosial müavinət almaq hüququ olan şəxslərə bu ödəniş müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il üçün verilə bilər. Bu addım cəza çəkməkdən azad edilmiş şəxslərin sağlamlığının bərpasına və cəmiyyətə yenidən uyğunlaşmasına dəstək məqsədi daşıyır.

  • Faizsiz kreditlərdən kimlər faydalana biləcək? – İqtisadçı ekspert

    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər. Bu barədə Mərkəzi Bankın maliyyə sektorunun Davamlı İnkişaf departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən Azərbaycan “Halal Biznes Forumu”nda danışıb.

    Onun sözlərinə görə, hazırda ölkəmizdə İslam maliyyə məhsullarının tətbiqinə hazırlıq gedir. Direktor bildirib ki, hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra banklar müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlayacaqlar.

    Faizsiz kreditlərdən kimlər faydalana biləcək?

    İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu layihənin həyata keçməsinə hələ çox var:

    “Qanunda dəyişikliklər olmalıdır. Mərkəzi Bank da qaydalar qəbul etməlidir, formalaşmalıdır. Proses bir neçə il davam edəcək. Görək, proses qanunlarda necə əksini tapacaq. Amma ümumilikdə, faizsiz o demək deyil ki, tam belə olacaq. O da istisna deyil ki, bəzi vətəndaşlar faizsiz kredit ala biləcək”.

    Əkrəm Həsənov müəyyən komissiya haqqının olacağını hesab edir:

    “Sahibkarlara verilən kreditdə isə şəriklik olacaq. Məsələn, mən sənə kredit verirəm və biznesinə şərik oluram”.

  • Azərbaycanda ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

    Bu yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422,8 milyon manatlıq, o cümlədən 25 milyard 359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 63,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə 6,8 % artıb.

    9 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,2 %-i içkilər və tütün məmulatlarının, 13,7 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

    Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 %, fərdi sahibkarlar üzrə 0,9 %, bazar və yarmarkalarda isə 4,2 % artıb.

    Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.

  • Əhali içki və siqaretə 2 milyard manat xərcləyib

    2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1 milyard 940.4 milyon manat xərclənib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,4% artıb.

    Qeyd edək ki, cari ilin təkcə sentyabr ayında sözügedən göstərici 202.4 milyon manat təşkil edib.

    Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.

  • Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

    “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir Trua unsiyası üçün 50 dolları ötüb.

    Ticarət platformasının məlumatında belə deyilir.

    Bakı vaxtı ilə saat 16:33-ə olan məlumata görə, qiymətli metalın qiyməti 5.97% artaraq bir Trua unsiyası üçün 50.07 dollar təşkil edib. Bakı vaxtı ilə saat 16:48-də gümüşün qiymətində artım yavaşıyaraq, bir unsiya üçün 49.825 dollara (+5.46%) qədər düşüb.

    Eyni zamanda, “Comex” birjasında qızılın 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti 4 097.2 dollar (+2.42%) səviyyəsində olub.

  • Azərbaycanda orta aylıq əmək haqqı 1093 manat oldu

    2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1764,9 min nəfər olub.

    Bu barrədə Dövlət Statistika Komitəi (DSK) məlumat yayıb.

    Bildirilib ki, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,0 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093,8 manat təşkil edib.

    İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Azərbaycan Ukraynaya üzüm tədarükünü bərpa edib

    Bu ilin yanvar-iyul ayında Azərbaycan 474 min ABŞ dolları dəyərində 583,3 ton təzə üzüm ixrac edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 24 % azdır.

    Hesabat dövründə Azərbaycan Rusiyaya 442 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 39 % az) 563,8 ton (-26 %), Ukraynaya 28,9 min ABŞ dolları dəyərində 19,3 ton və Səudiyyə Ərəbistanına 3,1 min ABŞ dolları dəyərində 0,2 ton (1 il əvvəl tədarük olmayıb) məhsul göndərilib.

    Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Ukraynaya üzüm tədarükünü bərpa edib.

  • Kriptovalyuta bazarında apreldən bəri ən böyük eniş qeydə alınıb

    ABŞ Prezidenti Donald Trampın Çinə tarifləri elan etməsindən sonra kriptovalyuta bazarında aprelin əvvəlindən bəri ən böyük eniş qeydə alınıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Agentliyin məlumatına görə, bazar dəyərinə görə ən böyük kriptovalyuta olan bitkoin, Trampın “Truth Social” platformasındakı paylaşımından sonra 12 %-dən çox ucuzlaşıb və bundan sonra eniş dayanıb.

    Qeyd edilir ki, 6 milyard dollardan çox kriptovalyuta mövqeləri Trampın açıqlamasından bir saat sonra ləğv edilib.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 2.89 ABŞ dolları və ya 4.17% azalaraq 66.36 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.25 ABŞ dolları təşkil edib.