Category: İqtisadiyyat

  • Azərbaycanın valyuta ehtiyatları artıb

    İran ətrafında baş verən hadisələrin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir.

    Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə deyib.

    Baş direktor qeyd edib ki, İranla ixracın və idxalın payı ümumi ticarətdə çox deyil.

    “Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Lakin prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa, proqnozlarımızı ona uyğun dəyişəcəyik”.

    Ş.Mahmudzadə bildirib ki, Yaxın Şərqdə baş verən proseslər dünya bazarında neftin qiymətini artırıb ki, bu da Azərbaycanın valyuta ehtiyatları və tədiyyə balansının artmasına səbəb olub.

  • “Bitcoin”in qiyməti son dörd həftənin ən yüksək səviyyəsinə çatdı

    “Bitcoin” (BTC) son dörd həftə ərzində qeydə alınan ən yüksək qiymət həddinə çatıb. Belə ki, aprelin 14-də səhər saatlarında kriptovalyutanın dəyəri martın 17-dən bəri ilk dəfə 74 933 dollar səviyyəsinədək artıb.

    Bu barədə “Coinmarketcap” paylaşıb.

    Bakı vaxtı ilə saat 11:45 üçün aparıcı kriptovalyutanın ticarət qiyməti təqribən 74 500 dollar təşkil edir.

    Son sutka ərzində “Bitcoin”in dəyərində 5.5% artım müşahidə olunub. Sözügedən müddətdə kriptovalyuta bazarının ümumi kapitallaşması isə 4.5% böyüyərək 2.53 trilyon dollara bərabər olub.

    İlk 100-lükdə yer alan kriptovalyutalar arasında ən yüksək artımı 34%-lə “RaveDAO” (RAVE) nümayiş etdirib. Ən böyük ucuzlaşma isə 9%-lik göstərici ilə “Sabit”də (STABLE) qeydə alınıb. “Ethereum” (ETH) 8.5% bahalaşıb və əsas altkoinin qiyməti 2 370 dollar civarında dəyişib.

    Aprelin 13-də ABŞ-nin spot “Bitcoin” birja ticarət fondlarına (ETF) 291 milyon dollarlıq xalis vəsait daxil olub. “SoSoValue” platformasının məlumatına əsasən, həmin gün “Ethereum” ETF-yə daxil olan vəsait 9.4 milyon dollar təşkil edib.

  • Azərbaycan neftinin qiyməti 125 dolları ötüb

    Dünya bazarında “Azeri Light” markalı neftin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 5.85 ABŞ dolları və ya 4.88 % artaraq 125.83 ABŞ dolları olub.

    Xatırladaq ki, “Azeri Light”in əvvəlki qiyməti 119.98 ABŞ dolları təşkil edib.

  • Orta aylıq əməkhaqqı artıb

    2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1784,0 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

    2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1099,1 manat təşkil edib.

  • Kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq?

    Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi müəyənləşib. İnterçeync ödəniş kartları ilə aparılan əməliyyatlar zamanı banklar arasında tətbiq olunan komissiya növüdür.

    Yuxarı hədd “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25, “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75, “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi həddində təsdiqlənib.

    Yeni qərarı Trend-ə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, interçeync üçün yuxarı hədlərin müəyyənləşdirilməsi müsbət haldır:

    “Bu məsələ uzun müddətdir, müzakirə edilirdi. Son dövrlər xüsusilə pərakəndə ticarətlə məşğul olan sahibkarlar məhz interçeync və pos-terminallardan istifadə haqlarının yüksək olduğunu bildirirdilər. Aparılan monitorinqlər də göstərirdi ki, bu tariflərin yüksək olması sahibkarın xərcinə, xüsusən də mikro kiçik və orta sahibkların fəaliyyətinə təsir göstərir. Çünki pərakəndə ticarətlə məşğul olan sahibkarlar bu xərcləri praktik olaraq digər kiçik sahibkarlara transfer edirlər. Bu addım müəyyən mənada sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq”.

    Millət vəkilinin sözlərinə görə, təəssüf ki, tariflər yenə də yüksəkdir:

    “Bu kateqoriya üzrə sahibkarların əhəmiyyətli hissəsi “general” kateqoriyasına uyğundur. Bu kateqoriya üzrə interçeync üçün yuxarı hədd 1,5 faiz müəyyənləşib. Əksər ölkələrdə, xüsusən də Avropa İttifaqına üzv olan ölkələrdə, o cümlədən əksər region ölkələrində bu tariflər 1 faizdən aşağıdır”.

    V.Bayramov qeyd edib ki, Mərkəzi Bankın belə yüksək deyil, daha optimal yuxarı hədlər müəyyənləşdirməsi məqsədəuyğun olardı.

    “Müəyyənləşmiş hədlər sahibkarların inkişafına dəstək olsa da, xərclərinin bu istiqamətdə kəskin azalmasına gətirib çıxarmayacaq. Mərkəzi Bankın 2026-cı il ərzində bu qərarına yenidən baxıb interçeync üçün yuxarı hədləri azaltması məqsədəuyğun olardı”, – deyə o fikrini yekunlaşdırıb.

    Qeyd edək ki, interçeync ödəniş kartları ilə aparılan əməliyyatlar zamanı banklar arasında tətbiq olunan komissiya növüdür. Bu komissiya birbaşa kart sahibindən deyil, əməliyyatda iştirak edən banklar arasında hesablaşma prosesində tutulur.

    Kartla ödəniş zamanı üç əsas tərəf iştirak edir: kartı təqdim edən bank (emitent), ödənişi qəbul edən tərəfin bankı (ekvayer) və ödəniş sistemi (məsələn, Visa və ya Mastercard). Müştəri kart vasitəsilə ödəniş etdikdə ekvayer bank əməliyyatı icra edir və müəyyən faiz həcmində vəsaiti emitent banka ötürür. Məhz bu məbləğ interçeync komissiyası adlanır.

    İnterçeync haqqı adətən əməliyyat məbləğinin kiçik bir hissəsini təşkil edir və onun səviyyəsi ölkədən, kart növündən və əməliyyatın xüsusiyyətlərindən asılı olaraq dəyişir. Bu komissiya əsasən ticarət obyektləri tərəfindən ödənilir.

    Nəticə etibarilə, interçeync birbaşa vətəndaşdan tutulmasa da, ticarət obyektləri bu xərcləri qiymətlərə daxil edə bildiyindən dolayı şəkildə istehlakçılara təsir göstərə bilər.

  • Azərbaycanda ev kirayələmək bahalaşdı: Aylıq orta qiymət min manatı keçdi

    Azərbaycanda median aylıq kirayə haqqı 1 002 manat olub.

    Bu, Azərbaycan Mərkəzi Bankının illik “Maliyyə Sabitliyi hesabatı”nda əksini tapıb.

    Qeyd olunub ki, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20.9 il olmasını şərtləndirir.

    Qeyd edək ki, 2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1.4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.
    //oxu.az

  • 2052.5 hektar ərazi minalardan təmizlənib

    Azad olunan ərazilərdə aprelin 6-dan 12-dək 47 tank əleyhinə mina, 144 piyada əleyhinə mina, 1 661 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 2052.5 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • Əməkhaqqı yüksək olan sahələr – SİYAHI

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 099 manat təşkil edib.
     
    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
     
    Bu il martın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla çalışan işçilərin 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

  • Azərbaycanın strateji valyuta ehtiyatları 85 mlrd. dolları ötüb

    2026-cı il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 mlrd. 151,1 mln. ABŞ dollarına çatıb.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Bu isə 2025-ci ilin eyni dövrünə nisbətən 15,9 % çoxdur.

  • Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə – Video

    Bakıda avtomobil yollarında tətbiq olunan sarı kəsişmə toru bir çox funksiyanı özündə birləşdirir.

    Həmin torun əsas mahiyyəti ondan ibarətdir ki, avtomobillər yolayrıcında hərəkət sıxlığı olduğu zaman bu əraziyə daxil olmamalıdır. Eyni zamanda, bu nişan yol hərəkətinin düzgün tənzimlənməsinə xidmət edir.

    Xüsusilə, tıxac zamanı sarı kəsişmə toruna daxil olan sürücülər cərimələnirlər.

    Bu əraziyə daxil olmağa görə 100 manat məbləğində cərimə və 3 cərimə balı tətbiq olunur.

    Daha ətraflı İctimai TV-nin videomaterialında: