Category: İqtisadiyyat

  • Dövlət xəttilə 305 milyon manat ipoteka krediti verilib

    Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 304,7 milyon manat kredit verilib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,85 % azdır.

    Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,4 % azalaraq 286 milyon manat olub.

    İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 3,5 dəfə artaraq 400 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 27,1 % azalaraq 47,9 milyon manat qalıb.

  • Sosial xərclər artdı: Hansı ayırmalar olacaq?

    “Bu ilin ilk 8 ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz artıb. Bu həmin dövrdə 424,6 milyon manat xərc artımı deməkdir. DSMF-in xərclərindəki dəyişiklik həm 2025-ci ildə yeni sosial paketin icrası, həm də müavinət və təqaüd və eləcə də pensiya alanların sayının artması ilə bağlıdır”.

    Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu ilin ilk 8 ayında aylıq sosial müavinət alanların sayı 2025-ci ilin əvvəli ilə müqayisədə 13 min nəfər artaraq 466 min 210 nəfərə, təqaüd alanların sayı isə 4 min 244 nəfər artaraq 405 min 644 nəfərə çatıb:

    “Bu o deməkdir ki, həmin dövrdə aylıq müavinət və təqaüd alanların sayı 17.3 min nəfər çox olub. Artımlar eyni zamanda proaktiv qaydada müavinət və təqaüd alanların sayında da özünü göstərib. 2025-ci ilin yanvar-avqust ayları ərzində proaktiv qaydada 105 665 sosial müavinət və təqaüd təyin olunub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 minə yaxın artım deməkdir. Pensiyaçıların sayında da artımlar qeydə alınıb. 2025-ci il iyulun 1-i vəziyyətinə əsasən pensiyaçıların sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2.3 min nəfərə artaraq 1103,3 minə çatıb.

    Göründüyü kimi, sosial dəstəklərdən faydalanan vətəndaşlarımızın sayındakı artımlar DSMF-in xərclərin təsirsiz ötüşməyib. Bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı. Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu baxımdan, növbəti dövrdə sosial müdafiə tədbirlərinin miqyasının daha da genişləndirilməsi fondun xərclərinə təsir göstərəcək.

    Çünki fondun əsas fəaliyyət istiqamətləri pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir. Bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir. Artımlar eyni zamanda fondun proqnozlaşdırılan gəlirlərində də var. 2025-ci ildə DSMF gəlirlərinin 7 milyard 617 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir. Gəlirlərdəki artım fiskal dayanıqlıq baxımdan vacib amillərdəndir”.

  • Azərbaycanda ayaqqabı istehsalı 7 % artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 574 min cüt ayaqqabı istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

    Sentyabrın 1-nə ölkədə 125,5 min cüt hazır məhsul ehtiyatı olub.

    2024-cü ildə Azərbaycanda 1 milyon 41 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 39 % çoxdur.

  • TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

    Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 29-də 379 milyon 989 min 291 kVt/saat həcmində sifariş alınıb.

    Bu barədə “Report” TAP-ın elektron platformasına istinadən xəbər verir.

    Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,003 % çoxdur.

    Kipoi çıxış nöqtəsindən sentyabrın 30-dan oktyabrın 6-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

    Bu, sentyabrın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,88 % azdır. Sentyabrın 24-dən 28-dək olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 % isə azdır.

    Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 29-dan oktyabrın 6-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

    Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 29-dan oktyabrın 6-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

    İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 29-da 314 milyon 972 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 22-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,47 % azdır.

    Bu çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 30-dan oktyabrın 6-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 14,05 % azdır.

    Sentyabrın 24-dən sentyabrın 29-dək olan sifariş göstəriciləri ilə müqayisədə 13,64 % azdır.

    Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

  • Qızılın qiyməti növbəti rekorda çatdı

    Qızılın qiyməti bazar ertəsi səhər bahalaşaraq satış zamanı daha bir rekorda çatıb.

    Bu barədə birja məlumatında bildirilir.

    Bakı vaxtı ilə saat 9:47-yə olan məlumata görə, Nyu-Yorkun “Comex” birjasında dekabr ayı üçün qızıl füçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 23.55 dollar və ya 0.62% artaraq 1 Trua unsiyası üçün 3 832.55 dollar təşkil edib. Daha əvvəl satış zamanı bu rəqəm bir unsiya üçün 3 840.3 dollar olmaqla yeni rekord həddə çatmışdı.

  • SON DƏQİQƏ! Azərbaycanda avtobus və metroda gedişhaqqı ARTDI – RƏSMİ

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq ictimai nəqliyyat sahəsində tədbirlər mərhələli şəkildə icra edilir.

    Dövlət Proqramı çərçivəsində infrastrukturun yenilənməsi, yeni metro stansiyalarının inşası, yeni vaqonların və elektrik mühərrikli avtobusların alınması, vaqonlara və avtobuslara xidmət göstərən qaraj, depo, enerji təminatı və elektrik doldurma infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür.

    İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanılması və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə bu günlərdə dövlət başçısı tərəfindən Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalandı ki, bu da avtobus parkının yenilənməsi və keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsini sürətləndirəcək.

    Avtobus

    Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Dövlət proqramına uyğun olaraq həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.

    Gəncə şəhərində bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib. Bu günlərdə açılışı olan yeni avtobus deposunda şəhərin marşrut şəbəkəsində istifadə edilən 244 müasir və komfortlu nəqliyyat vasitəsi mövcuddur. 2025-ci ilin sonunadək isə bu say 280-ə çatdırılacaq.

    2025-ci il ərzində paytaxtda 100-ə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub, ilin sonuna qədər isə bu rəqəm 400-ə çatdırılacaq.

    Yenilənmə prosesi Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini də əhatə edib – 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib.

    Həmçinin ilin sonuna kimi Naxçıvana 60 elektrik mühərrikli avtobus gətiriləcək.

    Bu proses işğaldan azad olunmuş ərazilərdə də aparılır. “Böyük Qayıdış” planına uyğun olaraq, ilk növbədə Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub. Artıq bu nəqliyyat vasitələri ölkəyə gətirilməkdədir və onlar üçün xüsusi depo da hazırlanır.

    Ümumilikdə, aparılan işlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə şəhərdaxili və rayondaxili marşrutlarda 2026-ci ilin sonunadək 143, şəhərlərarası (rayonlararası) daşımalar üçün isə 19 elektrikli avtobusun istismara verilməsi nəzərdə tutulur.

    Metro

    Dövlət Proqramı çərçivəsində paytaxt metropoliteninin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir. Müvafiq plana əsasən, bu stansiyaların tikintisinin nəzərdə tutulmuş müddətdə tamamlanaraq istifadəyə verilməsi hədəflənib. Bir yeni stansiyanın isə 2026-cı ildə sərnişinlərin istifadəsinə təqdim olunması planlaşdırılır.

    Metronun vaqon parkının yenilənməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Son dövrdə 65 yeni vaqon alınıb, onlardan 35-i artıq xəttə buraxılıb. Qalan 30 vaqonun cari il ərzində sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. 2030-cu ilə qədər isə əlavə 299 yeni nəsil vaqonun alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır.

    Qərar

    İctimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edildi və yeni tariflər təsdiqləndi:

    • Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik;

    • Müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik;

    Bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

    Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək.

    Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.

    Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək.

    Tarif dəyişikliyi daşıyıcıların maliyyə dayanıqlığının artmasına, avtobus parkının yenilənməsinin sürətlənməsinə (növbəti illər ərzində hər il təxminən 400 ədəd yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir), əhali üçün ödəniş rahatlığının təmin edilməsinə, ekoloji təmiz avtobusların istifadəsinin təşviqinə və sərnişindaşımada şəffaflığının artmasına müsbət təsir göstərəcək.

    Əlavə olaraq, daşıyıcıların nağdsız ödəniş sistemlərinə keçid etməsi stimullaşdırılacaq və bunun bazasında sərnişindaşımada diferensial tariflərin tətbiq edilməsi üçün texniki imkanların formalaşdırılmasına şərait yaradılacaq.

  • Azərbaycan Səudiyyə Ərəbistanına kolbasa məhsullarını neçəyə satıb?

    Cari ilin yanvar-iyul aylarında Azərbaycan Səudiyyə Ərəbistanına ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar ixrac edib.

    Valyuta.az xəbər verir ki, bu müddət ərzində Azərbaycanın ixrac etdiyi məhsulların həcmi 0,03 ton olub.

    Adı çəkilən məhsulların ixracından əldə olunan gəlir isə 0,12 min ABŞ dolları təşkil edib.

    Beləliklə, bu ölkəyə ixrac olunan 1 kiloqram adı çəkilən məhsulun ixracı 4 dollar və ya 6,8 manata başa gəlib.

  • Pomidor və xiyar bahalaşır – Səbəb nədir?

    Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzərə yaranıb: pomidor və xiyar piştaxtalarının önündə alıcıların söhbətləri dəyişib. Əvvəllər yalnız keyfiyyət və təzəlikdən danışan müştərilər indi qiymət artımından söz açır, satıcılara suallar yağdırırlar. Tərəvəzlərə olan ənənəvi tələbatın fonunda baş verən bu dəyişiklik həm bazar mühitində, həm də ictimai müzakirələrdə diqqət mərkəzinə çevrilib. Düzdür, mövsümü olaraq hər il bu vaxtlar pomidor və xiyar bahalaşır. Amma builki bahalaşma kəskindir. Bu səbəbdən pomidor və xiyar bir anda həm süfrələrin, həm də xəbər lentlərinin “baş qəhrəmanı” olub. Hər kəsi bir sual düşündürür: görəsən qiymətləri birdən-birə belə kəskin artıran nədir?

    Sahibkar Eldar Hüseynov qiymət artımını hava şəraitinin kəskin dəyişməsi ilə əlaqələndirdi: “Qiymətlərin qalxmasının əsas səbəbi şimal bölgəsində əkilən məhsulların yağışın altında qalmasıdır. İstixanalarda olan məhsullar da demək olar ki, bitib. Yeni məhsullar isə yetişməyib. Hələ ki, ara boşluğu var. Xaçmazda yağan yağışlar imkan vermədi ki, ara boşluğu çöldə əkilən pomidorlar doldursun. Xiyarda isə səbəb köhnə istixanalarda məhsulların bitməsi, yeni istixanalarda məhsulların yetişməməsidir. O səbəbdən qəfildən xiyarın qiyməti artdı. Bir ara havalar tutqun keçdi. Xiyar da elə bitkidir ki, hava şəraiti tutqun olduqda məhsuldarlığa təsir edir. Mütləq günəş olmalıdır”.

    E.Hüseynov bildirdi ki, bu səbəblərdən daxili bazarda qiymətlər hələ ki, yüksək olaraq qalmaqda davam edəcək: “Amma bir müddət, noyabr ayının sonuna kimi belə olacaq. Xiyarın qiyməti bəlkə enə bilər. Çünki Şəmkir və Salyan istiqamətində tikanlı xiyarlar yetişəcək”.

    Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, mövsüm amili burada böyük rol oynayır: “Tərəvəzçilik, xüsusilə pomidor və xiyar istehsalı Azərbaycanın kənd təsərrüfatı sektorunun ən strateji istiqamətlərindən biridir. Bu məhsullar daxili bazarda ən çox istehlak olunan tərəvəzlər olmaqla yanaşı, ölkənin ixrac portfelində də əhəmiyyətli yer tutur. Son dövrlərdə bazarlarda müşahidə olunan qiymət artımı isə həm istehlakçıları, həm də fermerləri narahat edib. Son illərin statistikası göstərir ki, pomidor istehsalında illik dəyişikliklər 5-12 faiz diapazonunda dəyişir, xiyar üzrə isə 3-8 faiz arasında tərəddüd müşahidə edilir. Mövsümi şərait, enerji xərcləri və ixrac prioritetləri məhsuldarlığa birbaşa təsir göstərir”.

    N.Əzizlinin fikrincə, pomidor və xiyarın qiymətlərinin dəyişməsində bir çox digər təsirlər mövcuddur: “Əsas hava şəraiti və mövsüm amilidir. Yağış, dolu və soyuq dalğaları məhsuldarlığı azaldır, qış mövsümündə isə açıq sahə məhsulu minimuma enir. İstixanaların enerji və gübrə xərcləri yüksəkdir, bu isə maya dəyərini artırır. Azərbaycan pomidor ixracında region ölkələri arasında aparıcı mövqedədir. İxracın artması daxili bazarda təklifi azaldır. Rayonlardan paytaxta daşınma, soyuducu anbarların məhdudluğu, topdan-pərakəndə marjaların yüksək olması qiymət fərqlərini şərtləndirir. Qısa müddətli çatışmazlıq fonunda satıcıların qiymətləri süni artırması da müşahidə edilir. Fermerin məhsulu tarladan çıxardığı qiymətlə Bakıda pərakəndə satış qiyməti arasında 2–3 dəfəyə qədər fərq yaranır. Bu, həm nəqliyyat xərcləri, həm də bazar strukturlarındakı qeyri-bərabər bölgüdən qaynaqlanır. Payız-qış mövsümündə açıq sahə məhsullarının azalması qiymətləri yüksəldir. İstixanaların qızdırılması üçün enerji sərfiyyatının artması istehsal xərclərini də qaldırır. Beləliklə, mövsümi olaraq qiymətlərin artması təbii hesab olunur. Qiymət artımının əsasən mövsümi xarakter daşıdığı qəbul edilir. Lakin ixrac prioriteti və bəzi hallarda topdan-pərakəndə şəbəkələrinin spekulyativ yanaşmaları süni təsirlərin də mövcudluğunu göstərir”.

    Müsahibimiz qiymətləri sabit saxlamaq üçün atılmalı olan addımlara da toxundu: “Qiymətlərin sabitləşməsi üçün mövsümi idxalın asanlaşdırılması, istixana istehsalçılarının enerji subsidiyaları ilə dəstəklənməsi, bazar nəzarətinin və anti-spekulyasiya tədbirlərinin gücləndirilməsi, fermerlər üçün risk sığortası və yeni texnologiyaların (damcı suvarma, müasir istixanalar) təşviqi vacibdir. Qısa müddətdə, yəni 1-2 ay üçün mövsümi məhsul bazara daxil olduqca qiymətlərdə müəyyən yumşalma mümkündür. Orta müddətdə, yəni 3-6 ayda, payızın sonu və qış mövsümündə qiymətlərin yenidən yüksəlməsi gözlənilir. Uzunmüddətli perspektivdə isə istixana sektoruna yatırımlar və logistika infrastrukturunun inkişafı qiymətlərin sabitləşməsini təmin edə bilər”.

    Mənbə: “Kaspi” qəzeti

  • Azərbaycan pambıq ipliyi istehsalını 23 %-dən çox artırıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 13,23 min ton pambıq ipliyi istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 % çoxdur.

    Bu il sentyabr ayının 1-nə ölkədə 4,76 min ton hazır məhsul ehtiyatı olub.

    2024-cü ildə Azərbaycanda 18,45 min ton pambıq ipliyi istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 41,5 % çoxdur.

  • Bu şirkətin borcu 200 mini ötdü

    “Master Pro Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb.

    Qaynarinfo-nun məlumatına görə, sözügedən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 241810.99 AZN vergi borcu var.

    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Səfərova Esmira Arif qızıdır.