Category: İqtisadiyyat

  • Oktyabrın 1-dən vergi uçotuna alınmayanlara bazarlarda fəaliyyət göstərməyə İCAZƏ VERİLMƏYƏCƏK

    Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

    Məlumata görə, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Bu öhdəliyin təmin edilməsini bazar mülkiyyətçiləri həyata keçirməlidirlər.

    Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

    Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

    Bazarların mülkiyyətçiləri oktyabrın 1-dən növbəti altı ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınmasını təmin etməlidir.

    Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq.

  • Qızılın qiyməti tarixi maksimumu yenilədi

    Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çataraq, bir trua unsiyası üçün 3750 dollar təşkil edib.

    Median.Az Nyu-Yorkun “Comex” birjasının ticarət məlumatlarına istinadən xəbər verir. Bakı vaxtı ilə saat 10:48-ə olan məlumata görə, qızılın qiyməti 1 trua unsiyası üçün 3751.02 dollara yüksəlib.

  • “Kartdan-karta” dövrü geri qayıdır?

    Nağd hesablaşma aparılan zaman vətəndaşa çek təqdim olunsa da, bir neçə saat sonra ödənişi ləğv etmək mümkündür. Geriqaytarma və ləğv kimi göstərilir. Amma POS-terminalla ödəniş etdikdə kassa çeki ləğv olunsa da, vəsait bank hesabından çıxıldığı üçün qeydiyyata alınır. Dövriyyəni gizlətmək mümkün olmur.

    Son zamanlar ölkəmizdə nağdsız ödənişlərin təşviqi istiqamətində atılan addımlara baxmayaraq, bəzi ticarət obyektlərində POS-terminalların ya işləməməsi, ya da bilərəkdən istifadə edilməməsi halları yenidən aktuallaşıb. Müştərilərə “kartdan-karta köçürmə edin” təklifləri bir daha gündəmə gəlib. Halbuki, bir müddət əvvəl bu cür hallara qarşı Dövlət Vergi Xidməti tərəfindən ciddi nəzarət tədbirləri görülmüş, qaydaları pozan obyektlər cərimələnmişdi. İndi isə sanki vəziyyət bir qədər yumşalıb və ya nəzarət zəifləyib.

    Dövlət Vergi Xidmətindən “Kaspi”yə bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir: “2025-ci ilin 8 ayında POS-terminallardan (kartdan-karta əməliyyatları daxil) istifadə ilə bağlı keçirilmiş nəzarət tədbirləri zamanı 1143 halda qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunub. POS-terminalların tətbiqindən imtina və “kartdan-karta” köçürmə hallarının qarşısının alınması məqsədilə Dövlət Vergi Xidməti (DVX) nəzarət tədbirləri mütəmadi qaydada davam edir. POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlər həm şəffaflıq və təhlükəsizlik, həm də maliyyə intizamı baxımından vacibdir. Bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Elektron ticarət haqqında” Qanunlara əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə 1000 manatdan 6000 manatadək məbləğdə maliyyə sanksiyası tətbiq edilir”.

    Qurumdan o da bildirildi ki, dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən POS-terminaldan istifadə etməlidirlər. Həmçinin dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələrilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən POS-terminal quraşdırmağa məcburdurlar: “Rüb üzrə orta aylıq dövriyyəsi 2000 manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri, vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları POS-terminallardan istifadə etməlidirlər”.

    İqtisadçı-ekspert Mahmud Abasquliyev bildirdi ki, hazırda ticarət müəssislərində, əsasən də pərakəndə ticarətlə məşğul olan sahibkarların təsərrüfat subyektlərində yoxlamalar davam edir: “POS-terminalla ödənişi qəbul etməyən, müxtəlif bəhanələr gətirən sahibkarlar vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində qanun pozunutusuna əsasən birinci dəfə üçün 1000 manat, ikinci dəfə üçün 3000 manat , üçüncü və daha çox hal üçün 6000 manat dəyərində cərimə edilir”.

    Ekspertin sözlərinə görə, POS-terminalda istifadə etməyən sahibkarları daha rahat aşkarlamaq üçün dövlət-vətəndaş tərəfdaşlığı mütləqdir: “Belə ki, vətəndaş qarşılaşdığı durum barəsində anında DVX-nə məlumat verməlidir. Sahibkarları da bu işə sövq etmək lazımdır”.

    Vergi qanunvericiliyi üzrə mütəxəssis Anar Bayramov da düşünür ki, bir çox sahibkarlar ticarət obyektlərində, ictimai iaşə obyektlərində, restoranlarda POS-terminalın nasaz olduğunu bildirərək ödənişi kartdan-karta ödəməklə həyata keçirməyi xahiş edirlər. Bu vergi qanunvericiliyinin tələblərinə ziddir: “Həmçinin istehlakçıların hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının qanunun 17-ci maddəsinin tələblərini də pozur. Qanunda da qeyd olunur ki, nağdsız ödənişləri aparmaq üçün obyektlərdə vergi ödəyiciləri POS-terminal quraşdırmalıdırlar. Amma bir çox hallarda bundan yayınırlar. Səbəb də dövriyyələrinin gizlədilməsidir. Nağd hesablaşma aparılan zaman vətəndaşa çek təqdim olunsa da, bir neçə saat sonra ödənişi ləğv edə bilir. Geriqaytarma və ləğv kimi göstərir. Ayın sonunda dövriyyəsi daha az görünür. Amma POS-terminalla ödəniş etdikdə kassa çeki ləğv olunsa da, vəsait bank hesabından çıxıldığı üçün qeydiyyata alınır. Çünki vergi orqanları banklardan bu məlumatı əldə edirlər. Artıq gizlətmək mümkün olmur”.

    A.Bayramovun sözlərinə görə, dövlət vergi xidməti bu kimi halların qarşısını almaq üçün operativ vergi nəzarəti tədbirləri həyata keçirir: “Bu kimi halların qarşısının alınması üçün həm cəza, həm də stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Əgər nağdsız ödənişlərin həcmi çox olarsa, vergi endirimləri, güzəştlər qanunda öz əksini tapıb. Müştərilər də nağdsız ödəniş etdikdə onlara 17,5 faiz ƏDV gəlir. Amma hələ də bir çox hallarda sahibkarlar vergidən yayınırlar. Vətəndaşın hüquqdur ki, sahibkardan POS-terminal tələb etsin. Çünki “kartdan-karta” ödənişlər təhlükəlidir. Bəzən ödəniş vətəndaşın hesabından çıxır, amma texniki nasazlıq səbəbindən satıcının hesabına oturmur. Yaxud vətəndaş kart nömrəsi yazarkən işarədə səhvə yol verir, başqa hesaba pul köçürmüş olur. Amma satıcı israrla ödənişi tələb edir”.

  • Azərbaycana nar idxalı artıb

    Cari ilin yanvar–avqust aylarında Azərbaycana 5 162,58 ton nar idxal olunub.

    Bu, ötən illə müqayisədə 1 432,47 ton və ya 38,40% çoxdur. Belə ki, ötən ilin eyni dövründə nar idxalı 3 730,11 ton təşkil edib.

    Maliyyə göstəricilərinə gəlincə, ötən ilin eyni dövründə nar idxalına 3 milyon 356,77 min ABŞ dolları xərclənmişdisə, bu il rəqəm 4 milyon 425,59 min dollara yüksəlib. Nəticədə xərclər 1 milyon 68,82 min dollar və ya 31,84% artım göstərib.

  • Geyimə çəkilən xərclər artır

    Cari ilin ilk 8 ayında geyim əşyaları və geyim üçün ləvazimatlara çəkilən xərclər artıb.

    Valyuta.az xəbər verir ki, bu dövrdə xaricdən idxal olunan həmin mallara 284 milyon 279,37 min ABŞ dolları vəsait yönəldilib.

    Ötən ilin eyni dövründə bu rəqəm 251 milyon 525,11 min dollar təşkil edib. Beləliklə, illik müqayisədə xərclər 32 milyon 754,26 min dollar və ya 13,02% artıb.

  • Azərbaycan Əfqanıstana “AI-92” markalı benzinin tədarükünə başlayıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyon 532 min ABŞ dolları dəyərində 5 min 407,8 ton “AI-92” markalı avtomobil benzini ixrac edib.

    Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

    İxracın əsas həcmi Əfqanıstanın payına düşüb – bu ölkəyə iyulda 1 milyon 631,35 min ABŞ dolları dəyərində 2 min 297,7 ton benzin tədarük edilib.

    Hesabat dövründə Gürcüstana 803,8 min ABŞ dolları dəyərində 1 min 93,6 ton, Türkiyəyə isə 1 milyon 96,9 min ABŞ dolları dəyərində 2 min 16,6 ton benzin tədarük edilib.

    2024-cü ildə Azərbaycan “AI-92” markalı benzin ixrac etməyib.

    Sonuncu dəfə Azərbaycandan 28 min ABŞ dolları dəyərində 44,9 ton “AI-92” markalı benzin 2021-ci ildə Gürcüstana ixrac edilib.

    Azərbaycanda “AI-92” markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Zavod 2024-cü ilin yayından “Premium Euro-95” markalı benzininin istehsalına başlayıb.

  • Azərbaycanda ətin bahalaşması davam edəcəkmi? (FOTO)

    Azərbaycan əhalisinin gündəlik qida rasionunda mühüm yer tutan ət bahalaşmaqda davam edir.

    Hazırda ölkədəki marketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı keçib.

    “Report” ətin bahalaşmasının səbəbləri və nə qədər davam edəcəyi barədə araşdırma aparıb.

    Paytaxtda qəssablıq edən Aqil Əhmədov deyir ki, o, bacardıqca satdığı ətin maya dəyərinin az olmasına çalışır, odur ki, heyvanları əsasən Bərdə bazarından, yəni birbaşa istehsalçıdan alır: “Əhali mal-qarasını və qoyun-quzusunu özü bazara çıxarır, biz isə oradan tədarük edirik. Qiymətlər bazar iqtisadiyyatının əsas prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. Satışın maya dəyərinə nəqliyyat və kəsim xərcləri də əlavə olunur ki, bu da yekun qiymətə təsir göstərir. Bundan başqa, iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə edilir. Son vaxtlar yayılan dabaq xəstəliyinin də bazara müəyyən təsiri var”.

    Onun proqnozuna görə, yaxın aylarda ət qiymətlərində ciddi artım gözlənilmir: “Yalnız cüzi bahalaşma mümkündür. Ümumilikdə isə noyabr ayına qədər qiymətlərin sabit qalacağı gözlənilir”.

    Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, son illər ətin sürətlə bahalaşmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Onun sözlərinə görə, hər şeydən əvvəl ölkədə iri və xırdabuynuzlu heyvanların sayı azalıb: “Bu azalma bir tərəfdən heyvan saxlamağın əvvəlki illərə nisbətən baha başa gəlməsi, digər tərəfdən isə intensiv heyvandarlıq sahəsindəki müəyyən çətinliklərlə bağlıdır”.

    Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2024-cü il yanvarın 1-nə 2 milyon 507,7 min baş, 2023-cü il yanvarın 1-nə 2 milyon 618,1 min baş, 2022-ci il yanvarın 1-nə 2 milyon 648,8 min baş, 2021-ci il yanvarın 1-nə 2 milyon 650,7 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub.


    Bundan başqa, 2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş, 2024-cü il yanvarın 1-nə 7 milyon 60,6 min baş, 2023-cü il yanvarın 1-nə 7 milyon 751,7 min baş, 2022-ci il yanvarın 1-nə 7 milyon 899,7 min baş, 2021-ci il yanvarın 1-nə 8 milyon 89,7 min baş, 2020-ci il yanvarın 1-nə 8 milyon 189,2 min baş olub.

    Ekspert vurğulayıb ki, heyvandarlıq məhsullarının maya dəyərinə təsir edən əsas amillərdən biri yemdir: “Son illər yem komponentlərinin, xüsusilə də taxıl məhsullarının qiymətlərində müəyyən azalma olsa da, bu, ümumi bazarda ciddi ucuzlaşma yaratmayıb. Qarğıdalı, arpa və buğdanın qiymətlərində kəskin artımlar olmasa da, yem zavodlarının bu məhsulları bazara baha təqdim etməsi nəticə etibarı ilə ətin bahalaşmasına təsir göstərir. Bundan başqa, bazarların tənzimlənməsi mexanizmləri zəif olduğundan istehsalçıların məhsulu birbaşa bazara çıxarma imkanı məhduddur, odur ki, aradakı vasitəçi qurumlar məhsulları onlardan alıb daha yüksək qiymətə bazara çıxarırlar. Beləliklə, rayon və şəhər qiymətləri arasında kəskin fərqlər yaranır. Bu fərq bəzən 30-40%-ə qədər çata bilir. Bu da o deməkdir ki, qiymət təkcə istehsal xərcləri ilə bağlı deyil, həm də bazarda fəaliyyət göstərən vasitəçilərdən asılıdır”.

    Bundan başqa, onun sözlərinə görə, son dövrlərdə ölkədə örüş yerlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb: “Bu, həm kənd təsərrüfatı üçün mövcud torpaq fondunu məhdudlaşdırıb, həm də heyvandarlıq sahəsində bəzi çətinliklərin yaranmasına gətirib çıxarıb. Çünki örüş sahələrinin azalması heyvanların yemlənməsində əlavə xərclərə səbəb olur və fermerlərin məhsuldarlığına təsir göstərir”.

    Bununla belə, ekspert müsbət məqam kimi qeyd edib ki, artıq əhalinin işğaldan azad edilmiş ərazilərə təsərrüfatlarını çıxarmaq imkanı yaranıb: “Bu isə həm yeni örüş sahələrinin istifadəyə verilməsi, həm də kənd təsərrüfatı istehsalının miqyasının genişlənməsi baxımından mühüm fürsət hesab olunur. Onun fikrincə, bu imkanlardan düzgün istifadə edildiyi təqdirdə, həm heyvandarlığın inkişafına, həm də ölkənin ərzaq təhlükəsizliyinə töhfə vermək mümkündür”.

    R. Orucovun sözlərinə görə, heyvandarlıq məhsullarının maya dəyərinə təsir edən mühüm amillərdən biri də logistika və daşınma xərcləridir: “Əvvəllər yem və digər məhsulların daşınması nisbətən ucuz başa gəlirdisə, indi qiymətlərdə 40-60%-ə qədər artım var Bu artım təkcə yanacaq xərclərinin artması ilə bağlı deyil, həm də ümumilikdə daşınma xidmətlərinin bahalaşması ilə əlaqədardır. Beləliklə, yem və digər komponentlərin qiymətində ciddi artım olmasa da, onların istehsalçıya çatdırılması xərcləri yüksəldir”.

    O həmçinin deyib ki, heyvandarlıq təsərrüfatlarında baytarlıq xidmətlərinin, dərmanların və digər sanitar-gigiyenik tədbirlərin xərcləri də son illərdə əhəmiyyətli dərəcədə artıb: “Bu isə birbaşa məhsulun maya dəyərinə əlavə olunur və nəticədə bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Avropadan gətirilən yüksək məhsuldar heyvan cinslərinin yerli şəraitə uyğunlaşdırılmasında çətinliklər var. Təcrübəsiz şəxslərin təsərrüfatlara girişməsi, müasir texnologiyalardan istifadə olunmaması və səhv yemləmə üsulları istehsalın səmərəliliyini azaldır. Bu da ümumi rentabelliyə mənfi təsir göstərir”.

    “Azərbaycanda ət məhsulları gündəlik qida rasionunda, xüsusilə də toy, yas və digər mərasimlərdə geniş istifadə olunur. Əhalinin həyat tərzində bu məhsullar mühüm yer tutduğu üçün tələb sabit qalır və bu, istehsal azalması fonunda qiymət artımını qaçılmaz edir. Çox güman ki, bahalaşma davam edəcək”,- deyə o əlavə edib.

    Ətin bahalaşmasına münasibət bildirən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə qeyd edir ki, Azərbaycanda ətin qiyməti tənzimlənmədiyindən sahibkarlar qiymətləri sərbəst müəyyən edə bilərlər. Müştərilər məhsulların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə seçərək ala bilər.

    “Agentlik iri və xırdabuynuzlu heyvan əti bazarında konsentrasiya səviyyəsinin və təchizat zəncirinin mərhələləri üzrə qiymət əmələgəlmə mexanizminin müəyyənləşdirilməsi məqsədilə mütəmadi araşdırmalar aparır. Təhlil nəticəsində müvafiq bazarda bazarın rəqabət vəziyyətinə mənfi təsir edən amillər, o cümlədən hökmran mövqedən və bazar gücündən sui-istifadə, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər təsbit edilməyib, müvafiq bazarın çoxiştirakçılı və rəqabətli bazar strukturuna sahib olduğu müəyyən edilib. Müvafiq bazarda qiymətlərin dinamikasına təsir edən bir sıra amillər mövcuddur. Bunlara mövsümi faktorlar, tələbin anidən artması, yem qiymətlərində müşahidə olunan dəyişikliklər, örüş-otlaq sahələrinin azalması, ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi və təklifin azalması, iri və xırdabuynuzlu heyvan sayında azalma və s. aid edilə bilər. Tələb-təklif balansının dəyişməsi isə təchizat zəncirinin son mərhələsində qiymət dəyişikliyinə təsir edir.

    Rəqabət qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı dövlət nəzarəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Qiymətlərdəki dəyişikliklərin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənədlər və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə mahiyyəti üzrə baxıla bilər”, – deyə məlumatda qeyd olunub.

    2024-cü ildə ölkədə bütün növ ət ehtiyatlarının həcmi 476 min 917 ton olub ki, bu da 2023-cü illə müqayisədə 4,1 % çoxdur. Ət ehtiyatlarının 2,5%-i ilin əvvəlindən qalan qalıq hesabına, 81 %-i istehsal, 16,4 %-i idxal hesabına formalaşıb.

    Ötən il ölkədə 386 min 323 ton ət istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,9 % çoxdur. İl ərzində ölkəyə ət idxalı 17,5 % artaraq 78 min 453 tona çatıb. İlin əvvəlinə qalıq isə 14 % artaraq 12 min 241 ton olub.

    Hesabat dövründə Azərbaycanın bütün növ ət məhsulları ilə özünü təminetmə səviyyəsi 2,2 % azalaraq 83,4 % olub.

    Bir sözlə, Azərbaycanda ətin bahalaşması həm istehsal xərclərinin artması, həm də bazar mexanizmlərində mövcud olan problemlərlə bağlıdır. Belə şəraitdə, həm dövlətin, həm də fermerlərin qarşısında duran əsas vəzifə heyvandarlıq təsərrüfatlarının dayanıqlı inkişafını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı dövriyyəsinə qaytarılması, yem bazasının möhkəmləndirilməsi, müasir texnologiyaların tətbiqi və istehsalçıların birbaşa bazara çıxış imkanlarının artırılması qiymət artımının qarşısını almaq üçün vacibdir. Əks halda, istehsalın azalması fonunda tələbin yüksək qalması ətin bahalaşmasını davamlı edəcək.

  • Azərbaycan əsas tədarük bazarına alma satışından qazancını 70 %-ə yaxın artırıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 38,3 milyon ABŞ dolları dəyərində 54 min 387 ton alma göndərilib.

    Median.Az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 54 % çoxdur.

    Hesabat dövründə Rusiyaya 34,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 69 % çoxdur) 49 min 905 ton (+64 %), Türkiyəyə 1,11 milyon ABŞ dolları dəyərində 744,21 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 907 min ABŞ dolları dəyərində (+23 %) 1 min 16 ton (-23 %), Qazaxıstana 635 min ABŞ dolları dəyərində (+2,3 %) 1 min 575 ton (+3,6 %), Özbəkistana 633 min ABŞ dolları dəyərində (-49 %) 542 ton (-60 %) məhsul satıb.

    2024-cü ildə Azərbaycandan ixrac edilmiş 54 min 387 ton almanın 91,8 %-i Rusiyanın payına düşüb.

  • Azərbaycan Ukrayna üçün daşıma kvotalarını artırıb

    Azərbaycanla Bosniya və Herseqovina Ukraynaya beynəlxalq yük daşımaları üçün əlavə icazələr təqdim edib.

    Bunu Ukraynanın icmalar və ərazilərin inkişafı nazirinin müavini Sergey Derkaça feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

    Onun sözlərinə görə, Azərbaycan Ukraynaya üçüncü ölkələrə və üçüncü ölkələrdən yük daşımaları üçün 100 əlavə icazə verib ki, bu da baza kvotasının təxminən 20 % artımı deməkdir.

    Bosniya və Herseqovina ikitərəfli, tranzit və beynəlxalq daşımalar üçün 300 əlavə blank təqdim edib – bu, əvvəlki limitə nisbətən 100 % artım deməkdir.

    Nazir müavininin sözlərinə görə, yeni kvotalar Ukrayna şirkətlərinə daha çox reys həyata keçirməyə, dayanıqlı logistika marşrutları formalaşdırmağa və biznes istiqamətini genişləndirməyə imkan verəcək.

    S.Derkaça qeyd edib ki, icazə blankları ötürülmə mərhələsindədir və yaxın vaxtlarda “Ukrtransbezopasnost” şirkəti vasitəsilə daşıyıcılar üçün əlçatan olacaq.

  • Masazır və Xırdalanda qiymətlər Bakıdan niyə bahadır?

    Son illər insanlar hazır mənzillərlə yanaşı tikintisi başa çatmayan mənzilləri də almağa üstünlük verirlər. Belə mənzillərə tələbat isə qiymət artımına səbəb olur.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, son bir ildə belə tip mənzillərin qiyməti 30-50 faiz artıb:

    “Mərkəzə yaxın ərazilərdə əvvəllər mənzillərin kvadratı 800-1200 manat arası dəyişirdisə, hazırda bu rəqəm 1500-2000 manatdır. Buna səbəb isə mərkəz və mərkəzə yaxın ərazilərdə artıq bina tikilməsi üçün torpaq sahələrinin qalmamasıdır. Tikinti şirkətləri daha çox yaşayış massivlərini sökərək həmin ərazilərdə yeni binalar inşa edirlər, bu xərcləri də tikinti şirkətləri qarşılayır. Buna görə də qiymətlər artır”.

    Ekspertin sözlərinə görə, əhalinin sıx yaşadığı ərazilərdə də qiymət artımı özünü göstərir. Bakının müxtəlif ərazilərdə baş verən çöküntülərə görə, vətəndaşların böyük qismi Bakı ətrafı ərazilərə üz tuturlar, ona görə də Xırdalan, Masazır, Sumqayıtda əmlakların satış qiymətləri faiz dərəcələri nisbətindən paytaxtdan daha çox hesablanır. 2040-ci ilə Bakı şəhəri baş planda təsvir olunduğu formada olacaq. //Milli.Az