Category: İqtisadiyyat

  • Azərbaycanda üç şirkət ləğv olunur

    Azərbaycanda daha üç məhdud məsuliyyətli cəmiyyət fəaliyyətini dayandırmaq qərarı verib.

    Valyuta.az xəbər verir ki, “SMT Consulting” MMC ləğv olunduğunu elan edib.

    Şirkət kreditorlara müraciət üçün iki ay müddət qoyub. İddialar Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 9 ünvanına təqdim edilməlidir. Şirkət 7 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alını. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçi Gordon Elinadır.

    Eyni zamanda, “Seaside” MMC də ləğv prosesinə daxil olub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanına bildirə bilərlər. 6 iyun 2024-cü il tarixində qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Qanuni təmsilçi Ağayev Elmar Savadxan oğludur.

    Bundan başqa, “Modul Engineering” MMC də ləğv olunduğunu açıqlayıb. Kreditorların müraciətləri üçün ünvan Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65, mənzil A qeyd olunub. Şirkət 13 iyun 2018-ci il tarixində dövlət qeydiyyatına aılınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçi Abdullayev Eldəniz Səid oğludur. Qeyd edək ki, şirkətin 2 milyon 229 min 486,06 manat vergi borcu mövcuddur.

  • Ödənişli xidmətlərin dəyəri 10 %-dən çox artıb

    Bu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən Bakıin dəyəri 5 milyard 558,3 milyon manat olub.

    Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə real ifadədə 10,3 % çoxdur.

    Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 6,7 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90,1 %-ni təşkil edib.

    Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 % artaraq 9 milyard 287,8 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ini təşkil edib.

  • Kafe və restoranlar 1.2 mlrd. manata yaxın gəlir əldə ediblər

    2025-ci ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,4 faiz artaraq 1 milyard 176 milyon manat olub.

    Median.Az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 670,4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 57 faizini təşkil edib.

    Qeyd edilib ki, 2025-ci ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 5558,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5006,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 90,1 faizini təşkil edib.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.76 ABŞ dolları, yaxud 2.53% artaraq 71.22 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.46 ABŞ dolları idi.

  • “Hokka Mokka”da yoxlama: Maliyyə sanksiyası tətbiq olundu

    “Hokka Mokka” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.

    Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əzizov Fərid Kamil oğlu olan MMC-də operativ vergi nəzarəti həyata keçirilib.

    Ötən ilin 19.07.2024-cü ildə yaradılan “Hokka Mokka” şirkəti barəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 3000 manat maliyyə sanksiyası tətbiq olunub.

    Qeyd edək ki, şirkət “Hokka Mokka” restoranlar şəbəkəsi əmtəə nişanı altında fəaliyyət göstərir.

  • Qızılın bahalaşması nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

    “Əsaslandırmaq çətin deyil. Deməli, 2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,720 dollardan 3,700 dollara yüksəlib. Yəni, 9 ayda 35,7% artım baş verib”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu dinamika ilə davam edərsə, qarşıdakı 3 ildən bir az artıq müddətdə qiymətin iki dəfə yüksəlməsi ehtimalı var:

    “Başqa sözlə, ABŞ hökuməti hazırkı iqtisadi kursu dəyişmədən daha da gücləndirərsə, qızıl 6000 dolları keçə bilər. Bu mütləq rəqəm deyil, amma sükan arxasında Tramp əyləşdiyi üçün ehtimal yüksəkdir. Əslində, tarixi təcrübə də bunu təsdiqləyir. 2017-ci ildə Donald Tramp hakimiyyətə gələndə qızılın qiyməti təxminən 1200 dollar idi. Onun hakimiyyətinin son günündə, 2021-ci ilin yanvarında isə qiymət 1840 dollar olmuşdu. Yəni, Tramp dövründə qızıl 52-53% bahalaşdı. İndi də Tramp hakimiyyətdədir və qızıl durmadan bahalaşır”.

    İqtisadçının sözlərinə görə, Tramp ucuz dolların tərəfdarıdır: “Dollar ucuzlaşanda ABŞ ixrac malları xarici bazarlarda daha ucuz görünür və rəqabət qabiliyyəti artır. Tramp bu məqsədlə dəfələrlə FES rəhbərliyi ilə mübahisə edirdi. O, yüksək faiz dərəcələrinə qarşı çıxırdı, çünki yüksək faizlər dolları gücləndirir. Dollar gücləndikcə ABŞ-ın ixracı çətinləşir, istehsalçıları rəqiblərə rəqabətdə uduzur. Amma dolların ucuzlaşmasının başqa bir təsiri də var, qızıl bahalaşmasıdır. Çünki qızıl dollarla qiymətləndirilir. Dollar zəifləyəndə dünya bazarında qızıl daha cəlbedici olur, tələb artır, qiymət qalxır. Bundan başqa, zəif dollar dövründə investorlar risklərdən sığortalanmaq üçün qızıla üstünlük verirlər.

    Beləliklə, həm iqtisadi siyasət, həm də investor davranışları qızılı daim təhlükəsiz investisiya alətinə çevirir. Və bu gün də oxşar dinamika müşahidə olunur. Dolların dəyərsizləşdirilməsi siyasəti və qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir”.

    E.Əmirov qeyd edib ki, hökumətlər, o cümlədən Azərbaycan hökuməti, ehtiyatlarını daha dayanıqlı etmək üçün qızılın payını 2027-ci ilin sonuna qədər hissə-hissə artırmaq barədə düşünə bilər:

    “Ona görə ki, 2028-ci ilin sonlarından başlayaraq qızılın qiymət artımında durğunluq yaşanacağını gözləmək olar. Eyni zamanda investisiya yatırmaq istəyən digər hüquqi və fiziki şəxslər üçün də bu yazdıqlarım dəyərləndirilə bilər. Amma tövsiyələrim qızılla bəzənib-düzənmək istəyənlərə aid deyil. Çünki bəzək-düzək məsələləri iqtisadiyyatın yox, həyatın estetik balansını qoruyan “investisiya”dır”.

  • Azərbaycanda 5,5 milyard dollarlıq müqavilələr imzalandı

    Azərbaycanda keçirilən I Beynəlxalq İnvestisiya Forumunun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıqdır.

    Bunu Forum çərçivəsində jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    O bildirib ki, sabah, yəni Forumun ikinci günündə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda şirkətlərimiz tərəfindən həyata keçiriləcək iqtisadi və investisiya layihələrinə dair bir sıra digər mühüm sənədlər imzalanacaq.//APA

  • Gəlir vergisinə tətbiq edilən güzəşt bitir: İqtisadiyyat nə qazanıb, nə itirəcək?

    “Özəl sektorda gəlir vergisinə güzəşti ancaq iqtisadiyyatda neftdən gələn gəlirin çəkisi 50 faizə endirildikdən sonra ləğv etmək olar”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddətinin 2026-cı ilin yanvarın 1-də bitməsilə, onun uzadılmayacağı fonunda baş verə biləcəklərə aydınlıq gətirərkən deyib.

    “Ölkənin bəzi makroiqtisadi göstəriciləri var. Bizim hələ də 90 faiz civarında neft amilindən asılılığımız davam edir. Belə bir vəziyyətdə, özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəşti ləğv etməklə başladığımız işi yarımçıq qoyaraq geri çəkəcəyik”, deyə ekspert bildirib.

    Həmsöhbətimiz sözügedən güzəşt müddətinin artırılmasının tərəfdarıdır:

    “Həmin güzəştin müddəti 2026-cı ilin əvvəlində başa çatır. Düşünürəm ki, güzəşt müddətini 2030-cu ilə qədər uzatmalıyıq. Aydındır ki, vergi iqtisadiyyatın onurğa sütunudur. Ancaq gələcəkdə bundan daha çox mənfəət götürə biləcək mühit yarada biləcəyiksə, onu tətbiq etmək lazım deyil. ƏDV-nin geri qaytarılmasından milyondan çox insan istifadə edir. Bu isə gizli iqtisadiyyatın “ağarması” deməkdir. Vətəndaş ƏDV-dən onlara qaytarılan gəlirdə maraqlıdır. Özəl sektorda gəlir vergisinə tətbiq edilən güzəşti ancaq iqtisadiyyatda neftin payı 50 faizə endirildikdən sonra tətbiq etmək olar”.

    İqtisadçı düşünür ki, indiki halda həmin güzəştin ləğvi yenidən gizli iqtisadiyyatın baş qaldırmasına rəvac verəcək:

    “Həmin 14 faizlik vergini ödəməmək üçün sahibkarlar işçilərinə maaşları yenə də müxtəlif üsullarla ödəməyə keçəcəklər”.

    Qeyd edək ki, gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Bu güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən, yalnız hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14 faiz vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14, ondan çox olan hissəsindən isə 25 faiz vergi tutulacaq.

  • Monqolustandan gətirilən quzu əti keyfiyyətsizdirmi? – Ekspert

    “Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti ucuzdur, alanlar var, hələ ki, ondan ölüm faktı qeydə alınmayıb”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli son günlər Monqolustandan Azərbaycana gətirilən və satışı təşkil olunan quzu ətindən danışarkən deyib.

    Ekspert bildirib ki, Monqolustandan gətirilən quzu əti yerli heyvanların dadını vermir:

    “Ondan yaxşı kabab bişirmək olmur. Yoxlamaq üçün aldım, qoxusu, dadı çox fərqlidir. Əgər kimsə keyfiyyətli və sağlam ət almaq istəyirsə, yerli qoyunların ətini alsın. İnsan ət yeyəndə onun dadından ləzzət almalıdır. Ləzzət yoxdursa, onun orqanizmə faydası da yoxdur”.

    Vahid Məhərrəmli Qazaxıstanda quzu ətinin 12 manata satıldığını qeyd edib:

    “Azərbaycanda isə 22 manata satılır. Onlarda otlaq ərazilər daha böyükdür. Heyvanlar qısa müddətdə lazım olan çəkini alırlar, yemləmə ucuz başa gəlir. Ətin maya dəyəri ucuz olduğundan onlar rahatca əti sata bilir. Azərbaycanda örüş sahələri azdır, otun qiyməti bahadır. Ətin maya dəyərində otun, yemin qiyməti yüksəkdir. Ona görə də ət Azərbaycanda bahadır”.

  • Azərbaycanda 8 bağlanmış bankın əmlakları hərraca çıxarılır

    Oktyabrın 8-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank”, “Kredo Bank”, “Gəncə Bank”, “Dəmir Bank”, “Qafqaz İnkişaf Bankı”, “NBC Bank” ASC-lərin və “Bank Standard” QSC-nin, oktyabrın 15-də isə “Texnikabank” və “Atabank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Söhbət “Texnika Bank”a məxsus Beyləqan şəhəri, Magistral küçəsindəki dəyəri 535,5 min manat olan 665,3 kv. Metrlik əmlak kompleksindən, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 47 ünvanındakı dəyəri 34 min manat olan 16,1 kv. Metrlik qarajdan, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 32A ünvanındakı dəyəri 357 min manat olan 278,9 kv.metrlik qeyri-yaşayış binasından,

    “Bank Standard”a məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 ünvanındakı dəyəri 425 min manat olan 346,5 kv.metrlik qeyri-yaşayış sahəsindən,

    “Kredo Bank”a məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki dəyəri 306 min manat olan 66,2 kv.metrlik mənzildən,

    “Gəncə Bank”a məxsus Bərdə şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsindəki dəyəri 344 min manat olan 257,4 kv.metrlik qeyri-yaşayış binasından,

    “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayondakı dəyəri 680 min manat olan yarımçıq yaşayış binasından, həmçinin Göyçay şəhəri, Atatürk küçəsi, 77A ünvanındakı dəyəri 297 min manat olan 340 kv.metrlik qeyri-yaşayış binasından, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 21 ünvanındakı dəyəri 680 min manat olan 641,2 kv.metrlik qeyri-yaşayış sahəsindən, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanındakı dəyəri 450 min manat olan 161,1 kv.metrlik qeyri-yaşayış sahəsindən,

    “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə, ev 2 ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv.metrlik qeyri-yaşayış sahəsindən,

    “NBC Bank”a məxsus Şamaxı rayonu, Məlhəm kəndindəki dəyəri 200 min manat olan 464,2 kv.metrlik fərdi yaşayış evindən,

    “Atabank”a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan qeyri-yaşayış binasından gedir.