Category: İqtisadiyyat

  • Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ilə qədər 1,4 min manatı ötəcək

    Azərbaycanda orta aylıq əməkhaqqı 2029-cu ildə 1 411,8 manata çatacaq.

    Bu barədə Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

    Proqnozlara əsasən, 2026-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 170,8 manat, 2027-ci ildə 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat təşkil edəcək.

    Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,6 % artacaq.

    Qeyd edək ki, 2025-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1,098 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,5 % çoxdur.

  • Azərbaycanda gələn il dövlət büdcəsi 42 milyard manata yaxın olacaq

    2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2 % və 0,3 % çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,3 %-i qədər və yaxud 3 milyard 125,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,4 % çoxdur.

    Proqnozlaşdırılan büdcə gəlirlərinin 42,6 %-i və yaxud 16 milyard 350 milyon manatı neft-qaz sektorunun, 57,4 %-i və yaxud 22 milyard 73 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür.

    Proqnozlaşdırılan büdcə xərclərinin isə 24 milyard 771,7 milyon manatının və yaxud 59,6 %-nin cari xərclər, 14 milyard 319,3 milyon manatının və yaxud 34,5 %-nin əsaslı xərclər, 2 milyard 457,6 milyon manatının və yaxud 5,9 %-nin isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olacağı nəzərdə tutulur.

  • Gələn ilin iqtisadi artım proqnozu açıqlandı

    2026-cı ilin sonuna ölkədə ümumi daxili məhsulun həcminin (ÜDM) 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir.

    Median.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80 faizə çatacağı gözlənilir.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox ümumi daxili məhsul istehsal olunub.

  • Vergi ilə bağlı mühüm xəbər

    Azərbaycan hökuməti vergi yükünü optimallaşdıracaq.

    Bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

    Qeyd edilib ki, 2026-cı ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

    Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial- iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması prosesində ölkəmizdə mövcud vəziyyət, hədəf göstəriciləri, məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlər, əldə ediləcək nəticələr və tələb olunan resursların təsviri göstərilməklə “Ortamüddətli dövr üzrə vergi və gömrük siyasətinə dair hədəflər”in müəyyən edilməsi istiqamətində işlər aparılır.

    Qeyd olunanlar nəzərə alınmaqla, 2026-cı il üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutur:

    – Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması;

    – Əlverişli investisiya mühitinin yaradılması;

    – Vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi.

  • Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına MƏHDUDİYYƏT QOYULDU

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, bəzi ölkələrdə blutanq xəstəliyi, yüksək patogen quş qripi xəstəliyi, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, Xorvatiyanın Bjelovar-Biloqora bölgəsi, Macarıstanın Şomod inzibati ərazi vahidində blutanq xəstəliyi, Liviya Dövlətinin Əl Mərqab dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb

    Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.

    Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Balıq bazarında son vəziyyət: Kəskin artım var

    Yeni mövsümdə balıq məhsullarının qiyməti kəskin şəkildə artıb.

    Qaynarinfo bununla bağlı sorğu aparıb.

    Balıq bazarından verilən məlumata görə, farel balığının bir kiloqramı 13 manat, çupra 19-22 manat, nərə 45 manat, böyük çəkili sıf 10 manata, xırda çəkili sıf 8-9 manata, çəki balığı 6-8-10 manat arasında təklif edilir. Bazarda ən ucuz xanı balığıdır ki, onun da kilosu 5 manata satılır.

    Balıq bazarında bütün balıqların qiyməti gətirilən bölgəyə görə dəyişir. Təmiz balıqlar ancaq Neftçala rayonundan gətirilir. İki kiloluq çəki balığı 25-30 manata satılır, onu da tapmaq olmur. Çəkisi 0,7-1 kiloqram arasında olan balıqlar 15 manata satılır. Qiymət fərqi onun dadındadır.

  • Problemli kreditlərin həcmi açıqlandı

    2025-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artıb.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, milli valyuta ekvivalentində 30257,9 milyon manat təşkil edib.

    Ümumi kredit portfelinin 25413,3 milyon manatı və ya 84,0 faizi uzunmüddətli kreditlərin payına düşüb.

    Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

    Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,7 faiz artaraq 529,4 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

  • Azərbaycanda kərə yağı ehtiyatı 4 dəfə artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 min 886,4 ton kərə yağı istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.

    Sentyabrın 1-nə ölkədə 202 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,9 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.

  • Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri açıqlanıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 32,76 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

    “Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 % azdır.

    Təkcə avqustda Türkiyə Azərbaycana 6,166 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 12,1 % çoxdur.

    8 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % azalaraq 11,228 milyard ABŞ dollarına, avqustda isə 8,5 % azalaraq 1,526 milyard ABŞ dollarına enib.

  • Azərbaycanda ödənişli xidmətlərin dəyəri 9 % artıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 287,8 milyon manat olub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9 % çoxdur.

    8 ayda hüquqi şəxslər əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

    Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və yaxud ötən ilin 8 ayına nisbətən nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.