Category: İqtisadiyyat

  • “Zahranur” şirkətinə 10 000 manat maliyyə sanksiyası tətbiq edildi

    “Zahranur” şirkətində əmək qanunverciliyi pozulub.

    Valyuta.az xəbər verir ki, bu fakt şirkətdə həyata keçirilən operativ vergi nəzarəti zamanı üzə çıxıb.

    Nəzarət tədbirinin nəticələri haqqında tərtib olunan akta əsasən “Zahranur” MMC-yə 10 000 manat maliyyə sanksiyası tətbiq edilib.

    “Zahranur” MMC 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 010 manatdır. Şirkətin qanuni təmsilçisi Bilal Ertasdır.

  • Azərbaycanda bu il aktiv ƏDV ödəyicilərinin sayı 6 %-dən çox artıb

    Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3 % artaraq 831 min olub.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, 8 ay ərzində aktiv ƏDV ödəyicilərinin sayı 6,4 % artaraq 56,2 minə, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4,9 % artaraq 228,2 minə çatıb.

  • “Azeri Light” nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.41 ABŞ dolları və ya 0.59% azalaraq 69.47 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.88 ABŞ dolları təşkil edib.

  • Azərbaycanda kirayə mənzillərin qiyməti bahalaşır

    “Tələbə axını olduğu üçün müraciətlərin sayı artıb. Müraciətlərin sayının artması isə qiymətə təsir göstərir. Həmçinin burada psixoloji faktor var. Mülkiyyətçi düşünür ki, müraciət edənlərin sayı artdıqca, qiyməti yüksəltmək lazımdır”.

    Bunu “Unikal”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə kirayə mənzillərin qiymətində ən azı 15 faiz artım var:

    “Şəhərin mərkəz hissələrində artım daha çoxdur. Mənzil bahalaşdıqca, onun kirayə dəyəri də artır. Məsələn, şəhərin mərkəzində 1 otaqlı mənzilin kirayə haqqı 1000 manatdan yüksəkdir. Bu qiymətə olan mənzildə 15 faiz artım 150 manat edir”.

    R.Osmanlı bildirib ki, son illər əmlak bazarında iki istiqamət üzrə ciddi şəkildə dəyişiklik müşahidə olunur: “Köhnə mənzil fondu sürətlə azalır, sıradan çıxır. Köhnə binaların sökülməsi nəticəsində ucuz mənzillər üzrə təklif portfeli məhdudlaşır. Şəhərin mərkəzində və ona yaxın ərazilərdə yerləşən ikimərtəbəli yaşayış massivlərindən ibarət yaşayış sahələri sökülür. Hansı ki, 2,3 və ya 4 nəfər bir evdə kirayədə qalırdı, o qədər də üzərlərinə yük düşmürdü. Belə ki, həyət evləri idi və ucuz qiymətə təklif olunurdu. Onların yerində bazara yeni tikililər daxi olur. Təbii ki, yeni tikililərin qiyməti yüksəkdir”.

    Ekspert qeyd edib ki, qiymətin bahalaşması əmlakın gəlirliliyinə təsir göstərir:

    “Məsələn, 100 minlik əmlakla 200 min qiyməti olanın gəlirlik dərəcəsi eyni ola bilməz. Bu da qiymət artımına təsir göstərir. Digər tərəfdən bu söküntülər nəticəsində əmlak bazarında müəyyən dövrlər üçün kirayə tələbi formalaşır. Məsələn, bir ərazi sökülür, orada yaşayan 2500 mülkiyyətçiyə kirayə mənzil haqqı verilir. Onların müəyyən hissəsi də tələbi artırır. Bu faktorlar məhdud təklif fonunda tələbin və qiymətin artımına təsir göstərir”.

  • Azərbaycanın un ehtiyatlarının həcmi açıqlanıb

    2024-cü ilin yekununda Azərbaycanın un ehtiyatlarının həcmi 1 milyon 764 min 476 ton təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,5 % azdır.

    Ötən il ölkədə un ehtiyatlarının həcmində ən aşağı göstərici qeydə alınıb. Ehtiyatların 16,3 %-i ilin əvvəlinə olan qalıq, 77,4 %-i istehsal, 6,2%-i isə idxal hesabına formalaşıb.

    2024-cü ildə Azərbaycanda 1 milyon 365 min 906 ton un istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 2,8 % çoxdur. Hesabat dövründə ölkəyə un idxalının həcmi 28,2 % azalaraq 109 min 860 tona, ilin əvvəlinə olan qalıq isə 1,1% azalaraq 288 min 710 tona düşüb.

    Ehtiyatların 3 min 68 tonu mal-qara və quş yemi üçün, 395 min 778 tonu əhalinin şəxsi istehlak fondu üçün, 930 min 239 tonu isə qida məhsullarının istehsalı üçün, 107 min 234 tonu qeyri-qida məhsullarının istehsalı üçün, 18 min 758 tonu ixrac üçün istifadə edilib. Hesabat ilində itkilərin həcmi 21 min 187 ton olub.

  • “Şahdəniz Kompressiya” layihəsi üçün əsas tikinti müqaviləsi imzalanıb

    “Şahdəniz” konsorsiumu “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi çərçivəsində ŞDK platformasının üst modullarının tikintisi üçün 321 milyon ABŞ dolları dəyərində müqavilə imzalandığını elan edib.

    Median.Az bu barədə “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.

    Məlumata görə, müqavilə “Azfen” şirkətinə verilib.

    Üst modulların tikintisi müqaviləsi bu ilin iyun ayında ŞDK layihəsi üzrə qəbul edilmiş yekun investisiya qərarından sonra layihənin icrası üçün əsas işlərin başlandığını bildirən mühüm bir addımdır.

    Müqavilənin iş həcminə ŞDK platforması üçün 8 500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə etməklə “Azfen”in Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək.

    Üst modulların tikintisi işlərinin 2025-ci ilin IV rübündə başlanacağı və 2028-ci ilin sonuna başa çatacağı planlaşdırılır. Bu işlərə 90 %-dən çoxu yerli mütəxəssislər olmaqla 3 000-dən artıq işçi qüvvəsi cəlb olunacaq.

    bp-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond bildirib: “Düşünürük ki, ŞDK layihəsindəki bu irəliləyiş Şahdəniz tərəfdaşları və ümumiyyətlə ölkə üçün mühüm bir hadisədir. Bu uğur layihədə çalışan komandalarımızın əzmkarlığını, yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni əməyin təhlükəsizliyi, keyfiyyət və kapital səmərəliliyi baxımından ən yüksək standartlara uyğun həyata keçirmək öhdəliyimizi bir daha vurğulayır”.

    Müqavilənin “Azfen”ə verilməsi bu şirkətin təsdiqlənmiş təcrübəsi, o cümlədən Azərbaycanda dəniz platformaları üçün üst modulların tikintisi üzrə əvvəlki layihələrdəki uğurlu iş icrasına əsaslanır. Şirkətin Bayıldakı tam modernləşdirilmiş, dünya səviyyəli tikinti-quraşdırma sahəsi üst modulların inşadan sonra quruda inteqrasiyası və bütövlükdə barjaya yüklənməsi üçün bütün lazımi imkanları təmin edir. Bu, ŞDK layihəsinin qrafikə uyğun və büdcə daxilində icra olunması üçün əsas amildir.

    Nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.

    · Layihənin Şahdəniz yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

    · Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.

    · Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.

    · Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.

    · Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

  • Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 1.37 ABŞ dolları və ya 1.92% azalaraq 69.88 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.25 ABŞ dolları təşkil edib.

  • Azərbaycan Avstriyadan zərgərlik məmulatlarının alışını bərpa edib

    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 18,82 milyon ABŞ dolları dəyərində 1 497 kiloqram zərgərlik məmulatları (gümüş və digər qiymətli metallardan) idxal edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 20 % azdır.

    Hesabat dövründə Azərbaycan İtaliyadan 9,26 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 12 % az) 33,7 kiloqram (-13 %), İsveçrədən 2,18 milyon ABŞ dolları dəyərində (-11 %) 10,72 kiloqram (-17 %), Hindistandan 1,33 milyon ABŞ dolları dəyərində (+54 %) 19,1 kiloqram (+46 %), Fransadan 1,3 milyon ABŞ dolları dəyərində (+48 %) 3,71 kiloqram (+3 %), Türkiyədən 904 min ABŞ dolları dəyərində (-23 %) 558 kiloqram (-36 %) məmulat alıb.

    Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Avstriyadan tədarükü (1,5 min ABŞ dolları dəyərində 0,01 kiloqram) bərpa edib.

  • Azərbaycanda I yarımildə dövlət sifarişi ilə 58 milyon manatlıq ərzaq alınıb

    Bu ilin I yarısında Azərbaycanda dövlət sifarişi ilə 57 milyon 678 min manat dəyərində ərzaq məhsulları alınıb.

    Median.Az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, 6 ay ərzində dövlət vəsaitinə 3,2 % qənaət edilib.

    Hesabat dövründə ərzağı 117 satınalan təşkilat elektron portal vasitəsilə müqavilə bağladığı 97 istehsalçı və satıcıdan 203 növdə olmaqla alıb.

    Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasını mərkəzləşdirilmiş qaydada nazirliyə məxsus “Aqrar Tədarük və Təchizat” ASC həyata keçirir.

  • Azərbaycanın taxılçılıq müəssisəsinin xalis mənfəəti kəskin azalıb

    “Nadir Quliyev adına Bakı-Taxıl” ASC 2024-cü ili 182 min manat xalis mənfəətlə başa vurub.

    “Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 43,8 % azdır.

    Ötən il “Bakı-Taxıl”ın əməliyyat gəlirləri 9,416 milyon manat (əvvəlki ilə nisbətən 22,8 % az), satışının maya dəyəri 9,045 milyon manat (23,4 % az), inzibati xərcləri 151 min manat (9,4 % çox), əməliyyat mənfəəti 7 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 46 min manat (43,2 % az) təşkil edib.

    Bu il yanvarın 1-nə “Bakı-Taxıl”ın aktivləri 16,823 milyon manat olub ki, bu da illik müqayisədə 1,3 % çoxdur. Hesabat dövrünə şirkətin öhdəlikləri 6,2 % artaraq 7,939 milyon manata çatıb, balans kapitalı isə 2,6 % azalaraq 8,884 milyon manata düşüb.

    Xatırladaq ki, “Nadir Quliyev adına Bakı-Taxıl” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,511 milyon manatdır.