Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti 71 dolları ötüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.71 ABŞ dolları və ya 1% artaraq 71.25 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70.54 ABŞ dolları olub.

  • Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ – Video

    Bir çox ölkələrdə qızıl satıcıları son dövrlərdə bazarda artan və xalq arasında “Suriya qızılı” kimi tanınan məhsullarla bağlı alıcılara xəbərdarlıq ediblər. Buna səbəb həmin qızılın əyarına edilən müdaxilədir. Belə ki, normal şəraitdə rəsmi zərbxana tərəfindən istehsal olunan Suriya qızılı 22 əyarda bazara çıxarılır. Lakin qaçaq yollarla gətirilən və ya qeyri-qanuni sexlərdə istehsal edilən bu qızıllarda əyar 18, 14, hətta 8-ə qədər endirilir.

    Median.Az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, xarici görünüşcə rəsmi zərbxana məhsulları ilə eyni olan bu saxta qızılları ayırd etmək isə demək olar ki, mümkünsüzdür.

    Bəs Azərbaycanda vəziyyət necədir? Ölkə bazarında “Suriya qızılı” satılırmı?

    Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov bildirib ki, Azərbaycana idxal olunan qızıl məmulatlarında belə hallara az rast gəlinir. Onun sözlərinə görə, saxtakarlıq əsasən qızıl və gümüşdə deyil, qiymətli daşlarda müşahidə olunur.

    Ekspertin fikrincə, vətəndaşlar qızıl və qiymətli daş məmulatları alarkən mütləq mənşə və keyfiyyət sertifikatı tələb etməlidirlər.

    Daha ətraflı süjetdə:

  • Mal ətinin kilosu 20 manata qədər qalxacaq? (İDDİA)

    Bakıda və bölgələrdə mal ətinin qiymətində müşahidə olunan artım son günlər alıcıların da, satıcıların da əsas müzakirə mövzusuna çevrilib. Paytaxtda kiloqramı 2 manat, bölgələrdə isə orta hesabla 1 manatlıq bahalaşma qeydə alınıb. Əvvəllər rayonlarda 15 manata, Bakıda isə 16 manata satılan mal əti indi müvafiq olaraq 16 və 17 manata təklif olunur.

    Musavat.com-un əməkdaşı vəziyyəti yerindəcə öyrənmək üçün “Neftçilər”də yerləşən məşhur ət bazarına üz tutub. Buradakı qəssab piştaxtalarında söhbətə qoşulan satıcılar qiymət artımını gizlətmirlər. Onlardan biri deyir: “Bizim günahımız yoxdur, qiyməti biz qaldırmırıq. Malı kənddən baha alırıq, məcbur da baha satırıq. Yemin qiyməti od tutub yanır, su, baxım, dərman hamısı baha başa gəlir. Biz də dolanışığımızı buradan çıxarırıq”.

    Satıcılar bildirirlər ki, bahalaşma əsasən mal ətində özünü göstərir. Quzu və qoyun ətinin qiyməti hələlik sabit qalıb. Amma bir qəssab narahatlığını gizlətmir: “Əgər vəziyyət belə davam etsə, yaxın aylarda mal ətinin kilosu 20 manata qədər qalxa bilər. Mal qıtlığı başlayıb, otun qiyməti də hər gün artır”.

    Bazarda gəzişərkən 17 manatdan aşağı qiymətə ət təklif edən piştaxtalara da rast gəlirik. Burada mal ətinin kiloqramı 13-14 manata satılır. Ancaq satıcı özü etiraf edir ki, ucuz ət keyfiyyət baxımından fərqlənir: “Bu, dişi dana ətidir. Əzələsi sərt olur, dadı da erkək dana kimi olmur. Erkək dana əti yumşaqdır, ona görə də baha satılır. Alıcı isə həm dadlı, həm də təzə ət istəyir”. Həqiqətən də, piştaxtadakı ucuz ətin rəngi saralmış, köhnəliyi isə gözə çarpacaq dərəcədədir.

    Alıcıların əksəriyyəti qiymətlərin sürətlə qalxmasından narazıdır. Qadın alıcı gileylənir: “Əvvəllər həftədə bir dəfə ailəlikcə ət alıb bişirirdiksə, indi ayda bir dəfə gücümüz çatır. Hər şey bahalaşıb, indi ətin üzünə həsrət qalmışıq”.

    Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda ətin qiymətində artım artıq uzun illərdir davam edir və bunun səbəbləri çoxşaxəlidir:

    “Örüş yerləri getdikcə azalır, yemin qiyməti qalxır. Ən ciddi problem isə iri və xırdabuynuzlu heyvanların sayının sürətlə azalmasıdır. Son iki ildə iri buynuzlu mal-qaranın sayı 80 minə yaxın, xırdabuynuzlu mal-qaranın sayı isə 1 milyon 300 minə yaxın azalıb. Bu, ciddi rəqəmdir və hökumət buna qarşı mütləq tədbir görməlidir”.

    Ekspertin sözlərinə görə, fermerlərin vəziyyəti ağırdır və onları stimullaşdırmaq, subsidiya və güzəştlərlə dəstəkləmək vacibdir. Əks halda qiymətlərin artımının qarşısını almaq mümkün olmayacaq: “Fermer də başqa malların, xidmətlərin alıcısıdır. Görür ki, hər şeyin qiyməti qalxıb, o da qiyməti artırmaq məcburiyyətində qalır. Belə getsə, Azərbaycanda ətin qiyməti Türkiyədəki kimi baha olacaq”.

    Cəfərli çıxış yolu kimi işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsini təklif edir: “Şərqi Zəngəzur və Qarabağ kimi torpaqlarımız var. Bu ərazilər geniş otlaq və örüş sahələridir. Onlar fermerlərin istifadəsinə açılmalı, heyvandarlıq üçün ciddi proqram hazırlanmalıdır. Yalnız bu yolla ətin qiymətində sabitlik yaratmaq mümkündür”.

    Hazırda isə bazarlarda vəziyyət dəyişməz qalır: qəssabların piştaxtasında mal ətinin kiloqramı 17 manatdan təklif olunur, ucuz ət isə keyfiyyətinə görə çoxlarını qane etmir. Alıcılar qiymətlərin hər gün artmasından narahatdır, satıcılar isə məsuliyyəti kəndlilərin, kəndlilər isə yemin və yemləmə xərclərinin üzərinə atır. Nəticədə isə ən çox ziyanı yenə də adi vətəndaş çəkir.

  • Azərbaycanda pul bazası azalıb

    Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 21 milyard 121,8 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 121,2 milyon manat azdır.

  • “Azərkosmos”un yığılmış zərəri 400 milyon manata yaxınlaşıb

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 2024-cü ili 32,25 milyon manat zərərlə başa vurub.

    Median.Az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,8 % azdır.

    Bununla belə, “Azərkosmos”un yığılmış zərəri 9,3 % artaraq 379,574 milyon manata çatıb.

    Ötən il “Azərkosmos”un göstərdiyi xidmətdən gəlirləri 37,694 milyon manat (əvvəlki ilə nisbətən 8,5 % az), xidmətinin maya dəyəri 38,151 milyon manat (6,5 % az), ümumi və inzibati xərcləri 22,447 milyon manat (34,8 % az), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəlirləri 112 min manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 12,742 milyon manat (19,6 % az), maliyyə gəlirləri 6,418 milyon manat (7,3 % az), xarici valyuta gəlirləri 1,428 milyon manat (əvvəlki il zərər olub), digər xərcləri isə 4,562 milyon manat (44,8 % az) təşkil edib.

    Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 502,675 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 15,5 % azalaraq 264,825 milyon manata düşüb, balans kapitalı isə 21,9 % artaraq 237,85 milyon manata, o cümlədən nizamnamə kapitalı 60,2 % artaraq 473,606 milyon manata çatıb.

    Xatırladaq ki, Kosmik Agentlik Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli fərmanına əsasən, 2011-ci ildən fəaliyyət göstərən “Azərkosmos” ASC-nin bazasında yaradılıb.

  • 2011-ci ildən bəri ilk dəfə: Gümüşün qiyməti kəskin bahalaşdı

    Gümüş 1 sentyabr bazar ertəsi günü son 14 ildə ilk dəfə unsiyası 40 dollardan yuxarı qiymətləndirilib. Qiymətlərdəki sıçrayış ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilərin artması fonunda baş verib və bu, investorların qiymətli metallara marağını gücləndirib.

    Qaynarinfo xəbər verir ki, “Bloomberg”in məlumatına görə, gümüşün spot qiyməti 1,4 faiz artaraq 40,29 dollar/unsiyaya yüksəlib. Bu ilin əvvəlindən etibarən onun dəyəri 40 faizdən çox bahalaşıb. Paralel olaraq qızıl, platin və palladium da yüksəliş nümayiş etdirib. Həftənin əvvəlində külçə qiyməti 0,7 faiz artaraq apreldən bəri ən yüksək həddə çatıb.

    Qiymətli metallar geosiyasi gərginlik və maliyyə qeyri-müəyyənliyi fonunda “təhlükəsiz liman” aktivlərinə artan maraqdan faydalanıb. ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminə qarşı təkrar-təkrar hücumları mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlıqları gücləndirib.

    Avqust ayı gümüşlə təmin olunan birja fondlarına vəsait axınının yeddinci ayı olub. Bu, 2020-ci ildən bəri ən uzunmüddətli artım dövrü sayılır. Fondlara marağın güclənməsi London bazarlarında mövcud gümüş ehtiyatlarının azalmasına və bazarda defisit yaranmasına gətirib çıxarıb.

    Bu gün misin qiyməti London metal birjasında psixoloji hədd hesab olunan 10 min dollar/tona çatıb. Avqustun 11-də isə Çinli batareya istehsalçısı “Contemporary Amperex Technology Co. Ltd.” böyük mədənlərdən birində hasilatı dayandırdıqdan sonra litiumun qiyməti kəskin bahalaşıb.

  • Ərzaq təhlükəsizliyində yeni mərhələ: Azərbaycanın buğda idxalı coğrafiyası dəyişir – ARAŞDIRMA

    Son aylarda dünya ərzaq bazarında diqqəti cəlb edən əsas məsələlərdən biri buğdanın qiymət dinamikasıdır. İqlim dəyişiklikləri, regional münaqişələr, logistik xərclərin artması və ixrac siyasətlərindəki dəyişikliklər taxıl bazarına birbaşa təsir göstərir. Bu baxımdan Rusiyanın vəziyyəti xüsusi maraq doğurur. Çünki Rusiya uzun illərdir qlobal buğda ixracında lider mövqeyini qoruyur və dünya tələbatının böyük bir hissəsini təmin edir. Lakin son aylarda baş verən qiymət artımları və ixrac həcmlərinin azalması Rusiyanın bazar üstünlüyünü sarsıtmağa başlayıb.

    Avqust-sentyabr aylarında Rusiyadan ixrac olunacaq buğdanın qiyməti ton başına 5 ABŞ dolları bahalaşaraq 242 dollara çatıb. Bu göstərici hətta ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəkdir: 2024-cü ildə Rusiya buğdasının bir tonu təxminən 220 ABŞ dollarına satılırdı. Hazırda isə qiymət baxımından Rusiya rəqiblərinə uduzur. Məsələn, Fransa buğdası 237 dolları, ABŞ buğdası 218 dolları, Argentina buğdası isə 234 ABŞ dolları civarında təklif olunur.

    Rusiya buğdası rəqabət üstünlüklərini itirir

    Qiymətlərin bahalaşması artıq ixrac göstəricilərinə də təsirini göstərib. Bu ilin avqust ayının ilk yarısında Rusiyadan cəmi 1,3 milyon ton buğda ixrac olunub. Halbuki ötən ilin eyni dövründə bu rəqəm 5,6 milyon tondan artıq idi. Bu, bazar payının əldən verilməsi riskinin artdığını göstərir.

    Azərbaycan ərzaqlıq buğdaya olan tələbatının böyük hissəsini idxal hesabına ödəyir və bu baxımdan Rusiyanın bazardakı mövqeyi həmişə strateji əhəmiyyət kəsb edib. Son beş ilin statistikasına əsasən, ölkəmizə idxal olunan buğdanın 78-99 %-i məhz Rusiyanın payına düşüb. Belə ki, 2020-ci ildə xaricdən alınan buğdanın 98,9 %-i, 2021-ci ildə – 95,3 %-i, 2022-ci – 78,2 %-i, 2023-cü ildə – 87 %-i, 2024-cü ildə – 90,2 %-i Rusiyanın payına düşüb.

    Lakin 2025-ci ildə vəziyyət dəyişib. Cari ilin ilk yarısında Azərbaycana ümumilikdə 130,7 milyon ABŞ dolları dəyərində 602 255 ton buğda gətirilib. Bunun 115,73 milyon ABŞ dolları dəyərində 541 127 tonu Qazaxıstandan, 14,93 milyon ABŞ dolları dəyərində 61 118 tonu Rusiyadan, 6,23 min ABŞ dolları dəyərində 8,55 tonu isə Türkiyədən idxal olunub. Bu dəyişiklik göstərir ki, Azərbaycan artıq ənənəvi olaraq Rusiyadan asılılıqdan çıxaraq buğda idxalının coğrafiyasını şaxələndirməyə başlayıb.

    İdxal vektoru kəskin dəyişib

    Bir il əvvəlki göstərici ilə müqayisədə Rusiyadan Azərbaycana buğda tədarükü kəskin azalıb. Belə ki, bu ilin II rübündə şimal qonşumuzdan cəmi 4,6 min ton buğda idxal olunub. Halbuki ötən ilin eyni dövründə 174 min ton, yəni 38 dəfə çox buğda gətirilmişdi. Bu ilin 6 ayında Rusiya buğdasının tədarük həcmi 6 dəfə azalıb.

    Əksinə, Qazaxıstandan idxalın həcmi sürətlə artıb. Ötən il bu ölkədən Azərbaycana buğda yalnız oktyabr ayından etibarən (3,2 min ton) tədarük olunmağa başlanlıb və ilin sonuna qədər ümumilikdə 125,32 min ton buğda idxal edilb. Bu ilin ilk 6 ayında isə Qazaxıstandan gətirilən buğdanın həcmi ötən ilin bütün ili ərzindəki göstəricini 4,3 dəfə üstələyib.

    Qiymət fərqi də bu dəyişikliyə təsir edən əsas amillərdəndir. Cari ildə Azərbaycana idxal edilən Qazaxıstan buğdasının hər tonunun orta qiyməti 214 ABŞ dolları təşkil edib. Rusiyadan gətirilən buğdanın qiyməti isə ton başına 244 dollar olub. Müqayisə üçün, ötən ilin eyni dövründə Rusiya buğdasının hər tonu 221 dollara satılırdı.

    Qazaxıstanın rəqabət üstünlüyünü artıran daha bir amil isə dövlət dəstəyi mexanizmidir. 2025-ci ildən bu ölkədə buğda ixracatçılarına daşınma məsafəsindən asılı olaraq hər ton üçün 20-30 min tenge subsidiya verilir. Bu mexanizm sayəsində Qazaxıstan buğdası daha uzaq bazarlarda da rəqabətqabiliyyətli olub.

    Yeni mövsümün ən mühüm nəticələrindən biri də ixrac coğrafiyasının genişlənməsidir. Qazaxıstan ilk dəfə Belçika, Polşa, Portuqaliya, Norveç və Böyük Britaniyaya buğda tədarükünə başlayıb. Bundan əlavə, son beş il ərzində dayandırılmış Gürcüstan və Türkiyə istiqamətindəki tədarüklər də bərpa edilib. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam və Şimali Afrika ölkələrindən olan alıcıların Qazaxıstan məhsullarına marağı artmaqdadır.

    Qazaxıstan fəal qlobal taxıl ekspansiyasına start verib

    2024-cü ilin sentyabrından 2025-ci ilin iyul ayına qədər Qazaxıstan xarici bazarlara ümumilikdə 12,4 milyon ton taxıl və un (taxıl ekvivalentində) ixrac edib. Bu göstərici 2023/2024-cü ilin eyni dövrü ilə müqayisədə 34 % çoxdur (9,3 milyon ton). Ən böyük artım isə Azərbaycana yönələn tədarüklərdə qeydə alınıb – cəmi bir ildə ixrac həcmi 120 dəfə artaraq 6 min tondan 723 min tona çatıb.

    Beynəlxalq Taxıl Şurasının (IGC) qiymətləndirmələrinə görə, cari mövsümdə Qazaxıstanda ümumi taxıl istehsalı 19,6 milyon ton, o cümlədən buğda istehsalı isə 15 milyon ton səviyyəsində gözlənilir. Avqustun 1-nə ölkədə 5,7 milyon ton taxıl ehtiyatı olub ki, bunun 4,8 milyon tonunu buğda, o cümlədən 4,4 milyon tonunu ərzaqlıq buğda təşkil edib. Bu ehtiyatlar qiymət dinamikasına birbaşa təsir göstərərək mövsümün əvvəlində bazarın sabit qalmasına imkan yaradıb.

    Digər tərəfdən, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına əsasən, 2025-ci ildə dünyada əvvəlki illə müqayisədə təxminən 2 milyon ton az buğda istehsal ediləcək və yekun rəqəm 806 milyon ton olacaq. Lakin istehsaldakı bu cüzi azalma qlobal bazarda qiymətlərin ciddi bahalaşmasına səbəb olmayacağı ehtimal edilir.

    Mövcud mənzərə göstərir ki, Azərbaycan buğda idxalında əsas diqqətini artıq Qazaxıstana yönəldib. Bu dəyişiklik həm qiymət amili, həm də Qazaxıstan hökumətinin ixracatçıları üçün tətbiq etdiyi subsidiyaların nəticəsi kimi ortaya çıxır. Rusiya buğdasının bahalaşması və ixrac həcmlərinin azalması fonunda Qazaxıstan daha çevik, rəqabətqabiliyyətli və yeni bazarlara açılan tərəfdaş kimi önə çıxır. Azərbaycanın idxal strukturundakı bu transformasiya ölkənin ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm strateji üstünlüklər qazandırır.
    //report.az

  • “Bakı Kart” nizamnamə kapitalını bir qədər də azaldır

    Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC nizamnamə kapitalını daha 6,8 milyon manat və yaxud 35,2 % azaldaraq 19,3 milyon manatdan 12,5 milyon manata endirdiyini elan edib.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Xatırladaq ki, bundan əvvəl – bu ilin aprel ayında “K Group” nizamnamə kapitalını 23 milyon manatdan 19,3 milyon manata endirmişdi.

    Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb.

  • Mərkəzi Bank iki BOKT-nin lisenziyası LƏĞV ETDİ

    Mərkəzi Bank iki bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

    Məlumata görə, kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən “Finoko” Açıq Səhmdar Cəmiyyəti və “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilib. Lakin ötən dövr ərzində bu təşkilatlar tərəfindən kapitalın minimum miqdarı tələbinə əməl edilməsi istiqamətində zəruri addımlar atılmayıb. Qeyd olunanları nəzərə alaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Finoko” BOKT ASC-nin 22.09.2014-cü il tarixli, BKT-28 nömrəli lisenziyası və “İcraçı Kredit Agentliyi” MMC BOKT-nin 25.10.2002-ci il tarixli, 132-QB nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 29 avqust 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.

    Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişiklərə əsasən, eləcə də, Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” (Prudensial Qayda) və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib.

    Prudensial Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank olmayan kredit təşkilatlarına kapitalın minimum miqdarı tələbi bir milyon manat məbləğində müəyyən edilib. Kapitalın minimum miqdarı tələbinin bu həddə müəyyən edilməsi bank olmayan kredit təşkilatlarının daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu daha da artıracaqdır. Ümumilikdə, Qanun və qaydalardakı tələblər bank olmayan kredit təşkilatlarının maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır.

    “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

    Bank olmayan kredit təşkilatlarının fəaliyyəti requlyativ tələblər əsasında daim nəzarətdə saxlanılır, ümumilikdə tələblərə, o cümlədən kapital tələblərinə əməl etməyən bank olmayan kredit təşkilatlarına qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaq.

  • Bu ölkələrdən Azərbaycana 113 min manatlıq cin gətirilib – SİYAHI

    Bu ilin Yanvar-iyun aylarında Azərbaycana 113,5 min dollar dəyərində cin və ardıc tinkturası idxal olunub.

    Valyuta.az xəbər verir ki, qeyd edilən dövrdə, xarici ölkələrdən Azərbaycana ümumilikdə 0,58 min dekalitr (yəni 580 litr) həcmində cin və ardıc tinkturası idxal edilib. Bu məhsulların ümumi dəyəri 113,5 min ABŞ dolları təşkil edib.

    Əsas idxal olunduğu ölkələr sırasında Rusiya, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Gürcüstan, Yaponiya, Almaniya, Estoniya, Fransa, İspaniya, Litva, Niderland və Slovakiya yer alır.

    Rusiyadan 0,09 min dekalitr (90 litr) həcmində məhsul idxal olunub. Dəyəri 9,58 min dollar təşkil edib. Beləliklə, 1 litr üçün qiymət 106,4 ABŞ dolları və ya 180,9 manat olub.

    Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından 0,29 min dekalitr (290 litr) həcmində idxal həyata keçirilib. Dəyəri 65,94 min dollar, 1 litr üçün isə orta qiymət 227,37 dollar və ya 386,54 manat təşkil edib.

    Gürcüstandan 1,56 min dollar dəyərində məhsul gətirilsə də, həcmi açıqlanmayıb. Eyni zamanda Estoniyadan 3,68 min dollar, Fransadan 0,23 min dollar, Almaniyadan isə 3,68 min dollar dəyərində məhsul idxal olunub. Bu ölkələr üzrə də həcmlər göstərilməyib.

    Yaponiyadan 0,02 min dekalitr (20 litr) həcmində məhsul idxal olunub. Dəyəri 8,17 min dollar, 1 litr üçün qiymət 408,5 dollar və ya 694,45 manat təşkil edib.

    İspaniyadan 0,02 min dekalitr (20 litr) həcmində məhsul 4,58 min dollar dəyərində idxal olunub. 1 litr üçün qiymət 229 dollar və ya 389,3 manat olub.

    Litvadan 0,05 min dekalitr (50 litr) həcmində məhsul 5,11 min dollar dəyərində idxal edilib. 1 litrin dəyəri 102,2 dollar və ya 173,74 manat təşkil edib.

    Niderlanddan 0,09 min dekalitr (90 litr) həcmində idxal olunan məhsulun dəyəri 12,98 min dollar olub. 1 litr üçün qiymət 144,22 dollar və ya 245,17 manat təşkil edib.

    Slovakiyadan 0,01 min dekalitr (10 litr) həcmində məhsul 0,62 min dollar (620 dollar) dəyərində idxal olunub. 1 litrin qiyməti 62 dollar və ya 105,4 manat təşkil edib.