Category: İqtisadiyyat

  • Azərbaycanda yaşayış evləri bahalaşıb – RƏSMİ

    Azərbaycanda 2025-ci ilin II rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 100,2 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,1 faiz, yol və körpü tikintisi üzrə isə 100,5 faiz təşkil edib.

    Bu barədə Median.Az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

    Məlumata görə, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2025-ci ilin eyni dövründə yaşayış evləri üzrə qiymət indeksi isə 101,1 faizə bərabər olub.
    Digər tikinti-quraşdırma işləri üzrə istehsalçı qiymət indekslərini təqdim edirik:

    2025-ci ilin II rübü 2025-ci ilin I rübünə nisbətən, faizlə 2025-ci ilin II rübü 2024-cü ilin II rübünə nisbətən, faizlə 2025-ci ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə
    Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi-cəmi 100,2 101,5 101,6
    Yerüstü tikililər üzrə qiymət indeksi 100,1 101,3 101,3
    yaşayış evləri üzrə qiymət indeksi 100,0 101,0 101,1
    5 mərtəbəyə qədər yaşayış evləri 100,1 101,2 101,4
    6 və daha çoxmərtəbəli yaşayış evləri 100,0 100,9 101,1
    sosial təyinatlı binalar üzrə qiymət indeksi 100,1 101,1 101,2
    inzibati tikililər 100,3 101,5 101,7
    ümumtəhsil məktəbləri 100,0 101,1 101,1
    istehsal təyinatlı obyektlər üzrə qiymət indeksi 100,6 103,3 102,9
    sənaye obyektləri 100,6 103,3 102,9
    Yol və körpü tikintisi üzrə qiymət indeksi 100,5 103,0 102,8
    yol tikintisi 100,6 103,3 103,0
    körpü tikintisi 99,7 101,0 101,5

  • Xocalıda 2,8 milyon manatlıq işlərə başlanılır

    Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Daşbulaq və Badara yaşayış məntəqələrinin xarici və daxili elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsinə və KTM-lərin quraşdırılmasına başlanılır.

    Median.Az-ın məlumatına görə, sözügedən işlər Xocavənd, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması çərçivəsində həyata keçirilir.

    Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) qeyd olunan işlərin icrasını “19 Saylı Tikinti Təmir İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

    Müqaviləyə əsasən, şirkətə 2 786 950 manat ödənilib.

    İşlərin həvalə olunduğu “19 Saylı Tikinti Təmir İdarəsi” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 890 min manat olan MMC-nin qanuni təmsilçisi Aslanov Loğman Fərəc oğludur.

  • 1,6 manatlıq şirkət Cəlilabadda yarım milyonluq tender uddu

    “Tender kralı” kimi tanınan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti daha bir satınalma müsabiqəsinin qalibi seçilib.

    Qaynarinfo xəbər verir ki, şirkət Cəlilababd Rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad Şəhər Ərazi Nümayəndəliyinin Cəlilabad şəhərində yolların əsaslı təmiri ilə ilə bağlı keçirdiyi tenderdə qalib olub. Yolların təmirinə görə şirkətə 423 594,59 manat ödəniləcək.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.

    Açıq mənbələrdə “Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur. Zaur Abıyevin adı isə “MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib.

    “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin hazırda 4 885,85 manat vergi borcu var. Şirkət cari ildə 4 tenderin qalibi seçilib.

    Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, şirkət əsasən cənub bölgəsində yerləşən rayonların yerli icra hakimiyyətlərinin keçirdiyi tenderlərin qalibi seçilib.

    Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O, 2021-ci ildən rayona rəhbərlik edir.

  • Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? – QİYMƏTLƏR

    Bu ilin yanvar-iyul aylarında Azərbaycana 1 milyard 477,8 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı 10% artıb.

    Belə ki, ötən ilin ilk 7 ayında xaricdən ölkəyə 1 milyard 342,6 milyon dollar dəyərində yeyinti məhsulları gətirilib.

    Ən çox idxal olunan məhsullar arasında dəyər baxımından meyvə-tərəvəz, miqdar baxımından isə buğda üstünlük təşkil edib.

    Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycana 248,5 min ton tərəvəz və meyvə idxal edilib, bunun gömrük dəyəri 191,5 milyon dollar olub. Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının orta qiyməti 1,30 manat təşkil edib.

    Bundan başqa 646,3 min ton buğda ölkəyə gətirilib və dəyəri 140,1 milyon dollar olub. Bu zaman buğdanın 1 kiloqramının gömrük dəyəri 37 qəpiyə bərabər olub.

    Həmçinin 55,1 milyon dollar dəyərinə 25,1 min ton ət idxal olunub. Bunun da 1 kiloqramının orta gömrük dəyəri 3,5 manat olub.

    9,3 min ton süd və qaymaq idxalının dəyəri isə 15,7 milyon dollar olub və 1 kiloqram üçün qiymət 2,9 manat təşkil edib. 16,6 min ton kərə yağının idxalı üçün 113,6 milyon dollar ödənilib və 1 kiloqramın orta gömrük dəyəri 11,5 manat olub.

    Eyni zamanda, 7,8 min ton çay idxalının dəyəri 47,6 milyon dollar (1 kiloqram üçün orta qiymət 11 manat), 35,5 min ton düyü idxalı 33,6 milyon dollar (1 kiloqramın gömrük dəyəri 1,6 manat), 88,6 min ton bitki mənşəli yağların gömrük dəyəri 137,1 milyon dollar (1 kiloqram üçün qiymət 2,6 manat) təşkil edib.

  • Azərbaycana turist axını 2 %-ə yaxın azalıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 477,9 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, gələnlərin 26,1 %-i Rusiya, 17,1 %-i Türkiyə, 8,1 %-i Hindistan, 7,9 %-i İran, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4,1 %-i Gürcüstan, 4 %-i Qazaxıstan, 3,2 %-i Pakistan, 2,3 %-i Çin, hər birindən 2 % olmaqla İsrail və Özbəkistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,5 %-i digər ölkələrin vətəndaşları olub, 66,5 %-ini kişilər, 33,5 %-ini qadınlar təşkil edib.

    1 il əvvələ nisbətən Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən – 1,7 dəfə, Çindən – 1,6 dəfə, Yaponiyadan – 42,9 %, Qırğızıstandan – 36 %, İordaniyadan – 28,7 %, Qazaxıstandan – 20,6 %, Özbəkistandan -19,8 %, Niderlanddan -16,3 %, Pakistandan – 16,1 %, Kanadadan – 15,8 %, ABŞ-dan – 15,6 %, Almaniyadan -13,2 %, İtaliyadan – 10,9 %, Cənubi Koreyadan – 10,8 % artıb.

    Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 % artaraq 61 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 % azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6 % azalaraq 522,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 4,1 % artaraq 656,8 min nəfər olub.

    Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 %-i hava, 23,1 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

  • Azərbaycan ət idxalını 18 % azaldıb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycan 25 min 180 ton ət idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 55 milyon 116 min ABŞ dolları təşkil edib.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 542 ton (18 %), dəyər baxımından isə 13 milyon 427 min ABŞ dolları (19,5 %) azdır.

    Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ini təşkil edib.

  • Azərbaycan altı ayda Fransaya 82 min tona yaxın neft ixrac edib

    Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Fransaya 81 min 701.93 ton xam neft ixrac edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub.

    Bildirilib ki, ixrac olunan məhsulun dəyəri 41 milyon 316.86 min ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 28 milyard 841.8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

    Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614.8 milyon ABŞ dolları isə idxalın payına düşüb.

  • Kredit kartları azalır, əməliyyatların həcmi artır – Səbəb nədir?

    Son bir ildə ölkədə istifadədə olan kredit kartlarının sayı 6,9% və ya 156 567 ədəd azalaraq 2 118 498-a enib.

    Bu göstəricilər Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın verdiyi rəsmi açıqlamaya əsasən hazırladığı təhlildə öz əksini tapıb.

    Lakin bu kredit kartları ilə aparılan əməliyyatların həcmi isə cari ilin birinci yarısında rekord həddə çatıb. Cari ilin yanvar-iyun aylarında kredit kartları ilə aparılan əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% və ya 0,99 milyard manat artaraq 4,94 milyard manata çatıb. Qeyd edək ki, ötən ilin birinci yarısında bu göstərici 3,95 milyard manata bərabər olub.

    Aparılan təhlildən məlum olur ki, son bir ildə kredit kartlarının sayında azalma baş verib. Bu, hansı amillərlə bağlı ola bilər?

    Valyuta.az-ın sualını cavablandıran ekspert Əkrəm Həsənov bildirib ki, bunun əsas səbəbi insanların daha çox tək kredit kartından istifadə etməsidir:

    “Əvvəllər insanlar bir neçə bankdan kredit kartı götürürdü. İndi isə bir bankdan daha çox limiti olan kart götürməyə üstünlük verirlər. Bəzən isə bunu elə vətəndaşlara bank özü təklif edir. Bu zaman bank müştəriyə həm də kredit kartlarında daha çox limit, daha sərfəli faiz təklif edir. Buna görə də kredit məbləğləri artır, amma kredit kartlarının sayı azalır. Əsas səbəblərdən biri kimi bunu göstərmək olar”.

    “Banklar hansı müştəriyə daha çox limit ayırır?” sualına cavab olaraq isə ekspert bildirib ki, banklar sistemdən müştəri portfelinə baxırlar.

    Bir neçə kredit kartı olan, ödənişini gecikdirməyən müştərilərə daha çox limiti olan kredit kartı ayırırlar.

  • Ukrayna Azərbaycandan qaz idxalını davam etdirə bilər

    “Trans-Balkan dəhlizi ilə Azərbaycandan Ukraynaya qaz tədarükü üzrə pilot layihə artıq başa çatıb. Hazırda belə tədarüklərin davam etdirilməsi üçün müqavilənin hazırlanması istiqamətində işlər aparılır”.

    Bunu Ukraynanın energetika naziri Svetlana Qrinçuk “RBC-Ukrayna” nəşrinə müsahibəsində deyib.

    “Biz hazırda danışıqlar aparırıq. Azərbaycan bunda maraqlıdır. Əgər müqavilə bağlanarsa, biz (tədarükü – red.) davam etdirəcəyik”, – Qrinçuk bildirib.

    O, həmçinin qeyd edib ki, hərbi risklər mövcuddur, çünki son vaxtlar rusiyalılar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları gücləndiriblər.

    Xatırladaq ki, may ayında Ukraynanın yeni marşrutla böyük həcmdə qaz ala biləcəyi məlum olub. Bu, enerji və kommunal xidmətlər sahəsində dövlət tənzimlənməsini həyata keçirən Milli Komissiya Trans-Balkan dəhlizi ilə qazın nəqli prosedurunu sadələşdirməsindən sonra mümkün olub.

    İyulda “Ukrayna Naftoqaz” Milli Səhmdar Cəmiyyəti Azərbaycan qazının alınmasına dair SOCAR ilə ilk müqaviləni bağlayıb.

    Söhbət kiçik qaz həcmlərindən gedir, lakin “Naftoqaz”ın qeyd etdiyi kimi, bu, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün strateji addımdır.

    Qazın sınaq tədarükü Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi boyunca həyata keçirilir.

    Ekspertlərin sözlərinə görə, bu dəhlizlə idxal olunan Azərbaycan qazı Ukraynanın qışa hazırlığına ciddi təsir etməyəcək, lakin perspektivdə ölkənin enerji təhlükəsizliyini gücləndirə bilər.

  • İcra hakimiyyətində 28 min manatlıq təmir – Qalib şirkət kimindir?

    Ağcəbədi Rayon İcra Hakimiyyəti “Star Construction Group” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

    Qaynarinfo-nun məlumatına görə şirkət qurumun inzibati binasında cari təmiş işləri görəcək.

    Təmir işləri üçün “Star Construction Group” MMC-yə 28 819, 14 manat ödəniləcək.

    “Star Construction Group” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Rəsul Muxtar oğludur.

    Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi barəsində də hər hansı məlumata rast gəlinmir.

    Şirkət cari ildə daha iki satınalma müsabiqəsinin qalibi seçilib. Hər iki müsabiqə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilib. Müsabiqələrədən biri dəmir tullantıların satın alınması, digəri isə cari təmir işləri ilə bağlı olub. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin maliyyə dəyəri müvafiq olaraq 150 804 manat və 179 844,39 manat olub.

    Ağcəbədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir. Rafil Hüseynov 2012-2019-cu illərdə isə Masallı rayonunun icra başçısı vəzifəsində çalışıb.