Category: İqtisadiyyat

  • Bu il Azərbaycan fındığını əsasən avropalılar alacaq

    Bu il Azərbaycanda fındıq istehsalı ilə məşğul olan sahibkarların ötən illə müqayisədə 25-30 % az məhsul toplayacağı gözlənilir.

    Bunu “Report”a açıqlamasında “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov bildirib.

    Havalar qeyri-sabit keçib

    Onun sözlərinə görə, buna səbəb xüsusilə may-iyun aylarında havaların qeyri-sabit keçməsidir.

    “Hava şəraitinə görə, bu il Şəki–Qax–Zaqatala bölgəsində məhsuldarlığın ötən ilə nisbətən 25–30 % azalacağını gözləyirik. Həmçinin, məhsulun keyfiyyətinin pisləşməsi müşahidə olunur. Keçən il zərərvericilər fındığa ciddi ziyan vurmuşdu. Bu il də müəyyən təhlükə var. Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlar mübarizə tədbirləri görürlər. Amma problem ondadır ki, zərərvericilər geniş ərazilərdə yayılır, buna görə də daha intensiv tədbirlərin görülməsi zəruridir. Son bir ildə yeni bağların salınması müşahidə olunmayıb”,- deyə İ.Orucov qeyd edib.

    Fındığımızı əsasən avropalılar alacaq

    Bu il Azərbaycan fındığının əsas ixrac bazarının Avropa İttifaqı ölkələri olacağı gözlənilir. Sədrin sözlərinə görə, ixracatçıların xüsusilə İtaliya və Almaniya bazarına marağı artıb: “Rusiyada iqtisadi vəziyyət ağır olduğuna görə bu ölkədə alıcılıq qabiliyyəti zəifləyib və bütün məhsullar kimi fındığa da tələbat azalıb. Bununla belə, Azərbaycan məhsulu alternativ bazarlara yönəltməklə ixracda problem yaşamayacaq. Artıq bir sıra müqavilələr bağlanıb. Bu il bütün dünyada məhsul az olduğu üçün xarici bazarlarda qiymətlərin orta hesabla 30-40 % artacağı gözlənilir. Elə daxili bazarda da fındıq baha olacaq. Avropaya əsasən işlənmiş və qabıqsız fındıq ixrac olunur. Qabıqlı fındıq isə əsasən Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinə göndərilir. Emal olunmuş məhsulun ixracı həm daha çox əlavə dəyər yaradır, həm də yeni iş yerlərinin açılmasına səbəb olur”.

    Fermerlər emal müəssisələri ilə alqı-satqı prosedurlarının sadələşdirilməsini istəyir

    İ.Orucov həmçinin bildirir ki, Azərbaycanın fındıq istehsalçıları emal müəssisələri ilə alqı-satqı prosedurlarının sadələşdirilməsini istəyir. Onun sözlərinə görə, bu məsələ İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Zaqatalada keçirimiş görüşdə qaldırılıb.

    “Görüşdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, nazirliyin Şəki-Zaqatala regional bölməsinin, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qida Təhlükəsizliyi Agentliyinin Zaqatala Rayon İcra Hakimiyyəti nümayəndələri iştirak edirdi. Vergi güzəştləri ilə bağlı hər hansı bir məsələ gündəmə gətirilmədi. Onsuz da fermerlərin böyük hissəsi vergidən azaddır, emalla məşğul olan sahibkarlar isə yalnız mənfəət vergisi ödəyirlər. Təklif sadəcə fermerlərlə emal müəssisələri arasında alqı-satqı prosedurlarının sadələşdirilməsi ilə bağlı oldu. Çünki, hazırkı qaydalar bir qədər vaxt aparır və iş adamları çətinlik çəkirlər. Bundan başqa, torpaqların sənədləri ilə bağlı da çətinlik var. Bir çox fermerlərin torpaqları hələ də atalarının adındadır, vərəsəlik rəsmiləşdirilməyib. Buna görə də fermer real əmlaka sahib olsa da, sistemdə torpaq ona aid görünmür. Yəni, o, bağ sahibi sayılmır”, – deyə o qeyd edib.

    Subsidiya hektara görə deyil, istehsal olunan fındığın həcminə görə verilsin

    Bundan başqa, İ.Orucov deyir ki, görüşdə fındıq istehsalçılarına subsidiyanın hektara görə deyil, məhsulun həcminə – hər kiloqramına görə verilməsi təklif edilib: “Çünki bağa yaxşı qulluq edən, yüksək məhsuldarlıq əldə edən fermer daha çox əziyyət çəkir, amma hazırkı sistemdə o, zəif qulluq edən fermerlə eyni subsidiya alır. Məhsula görə subsidiya isə həm daha ədalətli olar, həm də fermerləri məhsuldarlığı artırmağa həvəsləndirər”.

    Azərbaycanda fındıq bağlarının sahəsi 81,8 min hektardır. Bağların 24,7 %-i Zaqatalada, 14,3 %-i Xaçmaz, 12,9 %-i Balakən, 12,5 %-i Qax, 8,7 %-i Qəbələ, 8,2 %-i Qusar, 5,9 %-i Şəki, 5,3 %-i Oğuz, 2,6 %-i İsmayılla, 1,5 %-i Quba, ümumilikdə 95 %-dən çoxu 10 rayonun payına düşür.

  • Bakıda kafe-restoranlara ən çox pul xərclənən rayonların SİYAHISI

    Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə sektorunda müşahidə olunan canlanma kafe və restoranların dövriyyəsinə də əks olunub. Paytaxtın ümumi iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7 % artaraq 864 milyon 262,5 min manata çatıb. Ən çox dövriyyə qeydə alınan rayon isə Səbail olub.

    Median.Az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, Səbail rayonu 294 milyon 355,4 min manatlıq göstərici ilə siyahıda liderdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 % artım deməkdir.

    İkinci yerdə 127 milyon 786,3 min manatlıq dövriyyə ilə Nərimanov rayonu qərarlaşıb. Burada artım tempi daha yüksək – 31,5 % təşkil edib. İlk üçlüyü isə 90 milyon 862,7 min manatla Nəsimi rayonu tamamlayır (+0,6 %).

    Növbəti yerlərdə Yasamal (85 milyon 420,7 min manat, +12,7 %), Xətai (71 milyon 006,4 min manat, +17 %), Nizami (50 milyon 874,8 min manat, +19,4 %), Binəqədi (43 milyon 795,3 min manat, +10,8 %), Xəzər (33 milyon 272,9 min manat, +6,6 %), Qaradağ (24 milyon 868,6 min manat, +19,4 %) və Sabunçu (22 milyon 768,8 min manat, +21,5 %) rayonları qərarlaşıb.

    Ən aşağı dövriyyə göstəriciləri Suraxanı (14 milyon 730,3 min manat, -10,1 %) və Pirallahı (4 milyon 520,3 min manat, +24,6 %) rayonlarında qeydə alınıb.

    Ümumilikdə, Bakı şəhərinin iaşə sektorunda dövriyyənin 57 %-i hüquqi şəxslərin, 43 %-i isə fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslərin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 496,7 milyon manat təşkil edib.

    Bakıda kafe-restoran dövriyyəsinin rayonlar üzrə bölgüsü:

  • Mikayıl Cabbarov: “Azərbaycanda qeyri-ənənəvi neft yatağı kəşf edilə bilər”

    “Azərbaycan ABŞ-nin “Exxon Mobil” şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinə ümid bəsləyir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

    Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Exxon Mobil” arasında Əməkdaşlıq haqqında memorandumun imzalanması enerji sahəsində əlaqələrin inkişafına müsbət təsir edəcək.

    Nazir vurğulayıb ki, Azərbaycanın region və dünyanın enerji təhlükəsizliyinə töhfəsi Vaşinqtonda keçirilən görüşlərdə xüsusi olaraq vurğulanıb: “Azərbaycan bu gün ABŞ-nin 10 müttəfiqini təbii qazla təchiz edir. Ümumilikdə, Azərbaycandan boru kəmərləri ilə qaz tədarükü 14 ölkəni əhatə edir. Ölkəmiz bu yaxınlarda Suriyaya qaz tədarük etməyə başlayıb. ABŞ İsrail və Birləşmiş Ərəb Əmirlikləri kimi müttəfiqlərinin neft-qaz hasilatında Azərbaycanın iştirakını təqdirəlayiq hal kimi vurğulayıb”.

    M.Cabbarov söyləyib ki, ölkəmizin elektrik enerji resursları, o cümlədən bərpa olunan enerji potensialı süni intellekt texnologiyalarına sərmayələr qoyulması üçün Azərbaycanı cəlbedici məkana çevirir: “Azərbaycan strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionu arasında bir sıra layihələrin həyata keçirilməsi üçün əvəzedilməz rol oynayır”.

  • “Bitcoin”in qiyməti iyulun əvvəlindən bəri ilk dəfə 110 min dollardan aşağı düşüb

    “Bitcoin” kriptovalyutasının qiyməti 9 iyul 2025-ci ildən bəri ilk dəfə 110 min dollardan aşağı düşüb.

    Median.Az bu barədə “Binance” platformasına istinadla xəbər verir.

    Bakı vaxtı ilə saat 00:37-yə olan məlumata görə, “Bitcoin”in qiyməti 2,13% azalaraq 109 917 dollar təşkil edib.

    Bakı vaxtı ilə saat 00:48-də isə qiymət enişini sürətləndirərək 109 713 dollar (-2,65%) səviyyəsinə çatıb.

  • 10 manatlıq şirkətin vergi borcu yarandı

    “DREAM LAND KTM” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb. 

    Valyuta.az-ın məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 58158.57 AZN vergi borcu var. 
    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi İnşallah Qarayev Balaşah oğludur. Şirkət riskli vergi ödəyicilər siyahısına daxil edilib.
    B.Qarayevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

  • Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının energetika nazirinin köməkçisi Qiyas Diyabla görüşüb.

    Bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin “X” hesabında yazılıb.
    “Azərbaycan və Suriya arasında energetika sahəsində əməkdaşlığın inkişafı ətrafında səmərəli danışqlar keçirilib”, – paylaşımda bildirilib.

  • Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

    Avqustun 25-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 26,5-27 manat civarında dəyişib.

    Median.Az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 25,8 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, avqustun 18-də də Azərbaycanda unun topdansatış qiymətləri yuxarıdakı kimi olub.

  • Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri azalıb

    Bu ilin birinci yarısında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 523 480,1 min manat təşkil edib, bu da illik müqayisədə 2,7% azdır.

    Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 538 277,6 min manat səviyyəsində olub.

    Qeyd etmək lazımdır ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 18 513 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,8% azdır. Nəqletmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 13 924,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.

    Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 058 072,5 min manat təşkil edib, bu da illik müqayisədə 4% azdır.

    Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

  • Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb

    2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8.1% artaraq 1374.9 manat təşkil edib.

    Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Qeyd edək ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.1 faiz artaraq 1095 manata bərabər olub.

  • İş vaxtından artıq işə görə əməkhaqqı necə hesablanır?

    İş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

    Median.Az xəbər verir ki, İnsan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova “vergiler.az”a açıqlamasında artıq iş saatlarında işçilərin hüquqları və ödənişləri ilə bağlı məqamlara aydınlıq gətirir.

    Əmək Məcəlləsinin 101-ci maddəsinə əsasən, iş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

    a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

    b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün;

    c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;

    ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;

    d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

    İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur.

    Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və yuxarıda qeyd edilən hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

    Bəs iş vaxtından artıq görülən işlərə görə əlavə istirahət günü ilə əvəz edilə bilərmi?

    Əmək Məcəlləsinin 165-ci maddəsinə görə, iş vaxtından artıq görülən işlərə görə əlavə istirahət günü ilə əvəz edilməsinə yolverilmir. İş vaxtında əlavə görülən işlərə görə hər saatı üçün əməkhaqqı hesablaması aşağıda qeyd edilən formada yerinə yetirilir:

    – Əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

    – Əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əməkhaqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

    Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

    Misal: İşçi ay ərzində ümumilikdə 8 saat əlavə iş saatında işləyib. İşçinin tarif (vəzifə) maaşı 1.000 manatdır. Avqust ayında işçi tam işləyib və istehsalat təqviminə görə avqust ayı üçün norma 168 saat təşkil edir. Bu halda, hesablama aşağıdakı kimi olacaq:

    Əvvəlcə 1 saata düşən əməkhaqqını tapaq:

    1.000 : 168 = 5.95 manat.

    (5.95 x 8) x 2 = 95.2 manat;

    1.000 + 95.2 = 1095.2 manat.

    Beləliklə, işçinin avqust ayı boyunca GROSS (dəqiq məbləğ) əməkhaqqı 1.095.2 manat olacaq.