Category: İqtisadiyyat

  • Naxçıvan sahibkarları 7 ayda 8 milyon manatdan çox güzəştli kredit alıblar

    Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 97 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,2 milyon manat güzəştli kredit ayırıb.

    Ötən ilin eyni dövrü ilə müqayisədə layihələrin sayı 4,9 dəfə, güzəştli kreditlərin məbləği isə 3,4 dəfə artıb.

    Fondun maliyyələşdirdiyi layihələrin 68 %-i sənaye, 20,3 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 11,7 %-i xidmət sahələri ilə bağlı olub.

    Bu dövrdə ayrılmış güzəştli kreditlərin 9,2 %-i kiçik, 30 %-i orta, 60,8 %-i isə böyük kreditlər olub, 93,1 %-i regionların payına düşüb.

    Son 1 ildə SİF-in problemli kreditləri 2,7 milyon manat və yaxud 46,6 % azalaraq bu il avqustun 1-nə 3,1 milyon manat olub.

  • Türk lirəsi ucuzlaşıb

    Avqustun 13-də keçirilən ticarət sessiyasında türk lirəsinin məzənnəsi yeni tarixi rekorda imza atıb.

    Bunu “Investing” platformasının məlumatları sübut edir.

    Ticarət sessiyası başlayandan bəri Türkiyə valyutası 0.09% ucuzlaşaraq bir dollar üçün 40.74 lirəyə düşüb. Minimum hesabla bir dollar 40.7455 lirəyə başa gəlir.

    Bir həftə ərzində türk valyutası 0.15% ucuzlaşıb. İllik ifadədə o, 21%-dən çox ucuzlaşıb. Beş il əvvəl dollar 7.3 lirəyə qiymətləndirilib.

  • Payızda ət yenidən bahalaşacaq?

    Son bir neçə ayda Azərbaycanda ətin qiymətində davamlı artım müşahidə olunur. Ekspertlər bu artımı müxtəlif səbəblərlə əlaqələndirir. Onlar bunu həm də dünyada ətin qiymətində baş verən dəyişikliklə də əsaslandırırlar.

    Rusiyada mal və qoyun ətinin qiyməti yenidən bahalaşıb. Nəzərə alsaq ki, Rusiya bazarı bizə ət idxal edən Qazaxıstan və Qırğızıstan kimi ölkələr üçün maraqlı ola bilər. Bu da bizə idxal edilən ətin azalmasına səbəb ola bilər.

    Bəs payız aylarında Azərbaycan ət bazarını nə gözləyir?

    Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, ölkə daxilində ətin bahalaşması payızda da davam edəcək və bunun da bir neçə səbəbi var:

    “Azərbaycanın ət bazarında bahalaşmanın əsas səbəbi ət istehsalının azlığıdır. Bunun da aradan qaldırılması üçün hələlik heç bir tədbir görülmür. Ona görə də biz müsbətə doğru hansısa bir dəyişiklik gözləmirik. Gözlənti həmişə hansısa bir prosesdən olur. Bu istiqamətdə də hələ bir iş görülmür. Ölkə daxilində ətin bahalaşması payızda da davam edəcək. İdxala gəlincə, Azərbaycana ət idxal edən ölkədə bahalaşma olacaqsa, bizdə də qiymətlərə təsir edəcək”.

    Akif Nəsirli idxal yolu ilə ətin qiymətinin normallaşmasına ümid bəsləməyin çətin olduğunu vurğulayıb:

    “Çünki idxal prosesi də monopoliyalaşdırılıb. Məsələn, Monqolustan ətinin ölkəyə idxalı 5 manatdır, amma ən yaxşı halda bu ət bazarda 12 manata satılır. Əgər məhsul Monqolustandan Azərbaycana qədər 5 manata gəlirsə, gömrükdən bazara daxil olana qədər niyə 7-10 manat bahalaşır? Bu, gömrük rüsumlarından və inhisarçılıqdan qaynaqlanır. Ona görə də Azərbaycanda yalnız idxal hesabına ətin və ya digər məhsulların qiymətini sabit saxlamaq mümkün deyil. Ölkə daxilində qiymətlər artdıqca, idxal məhsullarının qiymətlərinə də təsir göstərəcək. Sadəcə olaraq, daxildə istehsal olunan ət idxal edilən ətdən 1-2 manat ucuz olacaq”.

  • Azərbaycanda orta aylıq əmək haqqı 9 %-dən çox artıb

    Bu ilin I yarısında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,4 % artaraq 1 097 manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Bu il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770,8 min nəfər olub, onlardan 864,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18,8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 %-i təhsil, 13,8 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,8 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

  • Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

    Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 429,9 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul istehsal olunub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.

    ÜDM istehsalının 35 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 %-ni təşkil edib.

    Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 077 manat olub.

  • Naxçıvanda 7 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 984,8 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

    İndiyə qədər vətəndaşlara geri qaytarılan ƏDV-nin ümumi məbləği isə 3,3 milyon manata yaxınlaşıb.

  • Azərbaycanda kreditlərlə bağlı yenilik – Mərkəzi Bankdan QƏRAR

    Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 12 noyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nda dəyişiklik edib.

    Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

    Qərara əsasən, yeni kreditlər, eləcə də kredit ödənişləri barədə məlumatlar növbəti 1 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar istisna olmaqla digər məlumatlar hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar isə təqvim ili ərzində azı 1 dəfə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) təqdim ediləcək. İndiyə qədər yeni kreditlərlə bağlı məlumatlar hər təqvim ayının 1-nə olan vəziyyətə görə növbəti 4 iş günü ərzində təqdim edilirdi.

    Bundan başqa, MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının özləri tərəfindən, habelə məlumat təchizatçısının yazılı, o cümlədən MKR vasitəsilə elektron formada müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasında aparılacaq. İndiyədək düzəlişlər yazılı müraciət və məhkəmə qərarı əsasında aparılırdı.

    Həmçinin bir kredit üzrə bir neçə şəxs birgə borclu qismində çıxış etdikdə həmin şəxslərin kredit üzrə birgə borclu olduğu qeyd edilməklə həmin kredit məbləği hər borclu üzrə tam həcmdə qeyd olunacaq.

    Dəyişikliklər dərc edildiyi gündən banklara münasibətdə 6 ay sonra, bank olmayan kredit təşkilatlarına və kredit ittifaqlarına münasibətdə 9 ay sonra qüvvəyə minəcək, qüvvəyə minənə qədər ödənilməmiş bütün kreditlərə şamil ediləcək.

    AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

  • Azərbaycan nefti cüzi bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.12 ABŞ dolları, yaxud 0.18% artaraq 67.98 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67.86 ABŞ dolları idi.

  • Maliyyə Nazirliyi banklara qoyduğu depozitdən nə qədər gəlir əldə edəcək? – Cədvəl

    Bu ilin 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk dəfə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi məqsədilə depozit hərracı keçirilib.

    İndiyədək bu məqsədlə 14 depozit hərracı təşkil olunub və ümumilikdə 6 milyard 830 milyon manat vəsait banklarda depozit kimi yerləşdirilib.

    Qeyd edək ki, həmin depozit hərraclarında banklara yerləşdirilən vəsaitdən ümumilikdə 56.4 milyon manat faiz gəliri formalaşacaq.

    //APA

  • Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 13 % artıb

    Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 27 552 şəxs qəbul edilib.

    Median.Az quruma istinadən xəbər verir ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 37 784 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur.

    Ümumi xidmətlərin 86 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

    – Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
    – Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
    – “ASAN İmza” sertifikatının verilməsi;
    – Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
    – Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
    – Vergi ödəyicisinə arayışların verilməsi;
    – Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
    – Fiziki şəxsin uçotdan çıxarılması;
    – Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

    7 ay ərzində vergi ödəyicilərinə 662 075 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 69 görüş keçirilib, 277 sayda ünvanlı xidmət göstərilib, 2 082 müraciət üzrə 3 700 “ASAN İmza” sertifikatı verilib.