Category: İqtisadiyyat

  • Bankların mənfəəti niyə azalıb?

    Bu ilin əvvəlindən başlayaraq, Azərbaycan banklarının mənfəətləri azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında banklar 430,7 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz azdır. Sektorun əməliyyat mənfəəti isə 3,3 faiz azalaraq 708,2 mln. manat təşkil edib. Azalma rəqəmlərdən aydın şəkildə görünür. Bəs səbəblər nədir?

    Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, bankların mənfəətinin azalmasının səbəbləri müxtəlifdir: “Səbəblərdən biri faiz gəlirləri və marjaların daralması ola bilər. Bankların faiz gəlirləri əvvəlki illə müqayisədə artmaqda davam etsə də, faiz xərclərinin daha sürətli artması faiz marjasının daralmasına səbəb olub. Bu, xüsusilə depozitlər üzrə yüksək rəqabət fonunda müşahidə olunur. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması (hazırda 7.75 faiz) pulun maya dəyərini azaltsa da, banklar bu şəraitdə depozit cəlbi üçün müştərilərə daha cəlbedici faizlər təklif etməyə məcbur olublar. Bu isə faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqi azaldıb”.

    İ.Məmmədovun fikrincə, bankların xərcləri də çoxalıb: “Rəqəmsallaşma və struktur xərclərinin artımı da əsas səbəblərdəndir. Sektor üzrə ümumi əməliyyat xərclərində artım müşahidə olunur. Xüsusilə də IT infrastrukturuna yatırımlar və rəqəmsal transformasiya xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Sektorun rəqəmsallaşma səviyyəsi 2024-cü illə müqayisədə 15-20 faiz artıb. Bu da infrastruktur və texnologiyaya çəkilən xərclərdə əks olunur. Bu, qısamüddətli mənfəətə təsir etsə də, bankların uzunmüddətli dayanıqlılığı və səmərəliliyi üçün strateji zərurətdir. Əməkhaqqı və insan kapitalı xərcləri də artıb. Əmək bazarındakı təzyiqlər, xüsusilə qanunlara əməl olunmasına nəzarət edən şöbə, pul yuyulmasının qarşısını alan sistem və risk idarəetməsi sahələrində ixtisaslı kadrlara tələbin artması ilə nəticələnib. Statistika göstərir ki, bank sektorunda orta əməkhaqqı son bir ildə 12-15 faiz artıb. Bu da əməliyyat xərclərinin artmasına və mənfəətin azalmasına təsir edən əsas amillərdəndir”.

    Bank eksperti bildirdi ki, kredit portfeli və ehtiyatlar da mənfəətə təsir edir: “Banklar bu dövrdə kredit portfellərində risklərə qarşı daha konservativ yanaşma sərgiləyiblər. Problemli və gecikmiş kreditlərin həcmi artmasa da, restrukturizasiya olunmuş (ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər) kreditlərin payı yüksəlib. Bu da potensial risklərə qarşı ehtiyatların artırılması ilə nəticələnib. Kreditin qaytarılmaması halında bu ehtiyatlardan istifadə olunur. Məsələn, bir çox banklarda problemli kreditlər üçün ayrılan ehtiyatlar əvvəlki ilə nisbətən 10-12 faiz artıb ki, bu da xalis mənfəətin azalmasına birbaşa təsir edir. 2025-ci ilin ilk yarısında qeyri-neft sektorunda artım templəri aşağı düşüb, istehlak kreditləri və mikro-biznes kreditlərinə tələbdə müəyyən durğunluq müşahidə olunub. Mərkəzi Bankın statistikalarına görə, istehlak kreditlərində artım tempi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 35 faizdən 20 faizə düşüb. Bu da kredit gəlirlərinin proqnozdan aşağı düşməsinə səbəb olub”.

    İ.Məmmədovun fikrincə, 2025-ci ilin ilk beş ayındakı xalis mənfəət azalması böhranın deyil, struktur dəyişikliklərin və sektoral tənzimləmələrin nəticəsidir: “Bu proseslər bank sektorunu daha şəffaf, dayanıqlı və texnologiya yönümlü hala gətirir. Qısa müddətli mənfəət təzyiqlərinə baxmayaraq, uzunmüddətli perspektivdə sektorun maliyyə dayanıqlılığı və xidmət keyfiyyəti daha güclü olacaq. Qısa müddətdə bankların bu mənfəət azalmasını kompensasiya etmək üçün komissiya və xidmət haqlarında artıma getməsi mümkündür, xüsusilə rəqəmsal kanallar və kart məhsulları üzrə. Kredit faizlərində isə yaxın dövrdə ciddi dəyişiklik gözlənilmir, çünki artıq marjalar kifayət qədər sıxılmış vəziyyətdədir”.

    İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov isə mənfəətin azalmasının kreditlərlə bağlı olmadığı qənaətindədir: “Qeyd edilən dövr ərzində kredit faizlərində elə də dəyişiklik olmadığını görürük. Yəni mənfəətin azalması kreditlərlə bağlı deyil. Səbəb riskli kreditlər portfelinin artması ola bilər. Riskli kreditlər artdığı zaman bu, bankların likvidliyinə, mənfəətinə mənfi təsir göstərir. Digər tərəfdən, əməliyyat mənfəəti də 3,3 faiz azalıb. Bu da ümumi mənfəət azalmasına təsir edir. İnvestisiya xərclərinin artması da digər bir səbəbdir. Banklar qazandıqları mənfəətin bir hissəsini yeni investisiya xərclərinə ayırmış ola bilərlər. Son zamanlar bankların depozit faizlərini qaldırdıqlarını da görürük. Bu, daha çox pul cəlb etmək niyyəti ilə edilir. Statistika da göstərir ki, vətəndaşların depozitləri üçün ödənilən faizlər artırılıb”.

    Mənbə: “Kaspi” qəzeti

  • Qlobal valyuta böhranı təhlükəsi – Azərbaycan necə qoruna bilər?

    “Dünyanın maliyyə modeli və valyuta sistemi dəyişəcək”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov bütün dünyada proqnozlaşdırılan valyuta böhranı barədə danışarkən deyib.

    Ekspert bildirib ki, prosesin dəqiq vaxtını söyləmək mümkün olmasa da, yaxın onilliklərdə baş verəcəyi ehtimal olunur:

    “Güman olunur ki, 2050-ci ilə qədər bu baş verəcək. Amma konkret tarix demək çətindir. Hazırda dünyada mövcud olan əmlak, mal və digər dəyərlər ölkələrin buraxdığı pul kütləsinə uyğun deyil. Pullar, qiymətli kağızlar, maliyyə bazarı şişmiş vəziyyətdədir. Bu proses davam edir, amma bir gün mütləq partlayacaq. Prinsipcə valyutalar davamlı olaraq ucuzlaşır. Amerika dolları ötən əsrin 1950-1970-ci illərində tam başqa dəyərə malik idi. Dövlətlər həddindən artıq çox pul buraxır, çünki xərclərini bağlamağa çalışırlar”.

    Əkrəm Həsənov vurğulayıb ki, Azərbaycan bu prosesdə müəyyən addımlar ataraq riskləri azalda bilər:

    “Biz qızıl ehtiyatımızı çoxalda bilərik. Hazırda valyuta ehtiyatlarımız əsasən dollar və avro formasındadır. Daha yaxşı olar, onları qızıla yönəldək ki, sabah bu hadisə baş verəndə ölkəmiz üçün ciddi problem yaranmasın”.

    Qeyd edək ki, “High Yield Economics” bülleteninin təsisçisi Daniel Altman “Foreign Policy” üçün yazdığı məqalədə dünya üçün misli görünməmiş valyuta böhranı proqnozlaşdırıb. Ekspertin fikrincə, indiki vəziyyət Asiya və Rusiyada 1990-cı illərin maliyyə böhranlarını xatırlatsa da, daha geniş miqyasdadır. O qeyd edib ki, gözlənilən maliyyə fəlakətinin əsas səbəbi onun G-7 – “Böyük Yeddilik” adlandırdığı yeddi ölkənin təsirli borclarıdır.

    Altman məqaləsində Kanada, Fransa, Yaponiya, İspaniya, İtaliya, Böyük Britaniya və ABŞ-ın borcunun ÜDM-in 100%-ni keçdiyi Beynəlxalq Valyuta Fondunun hesablamalarını xatırladıb. Ekspert qeyd edib ki, G-7-nin səlahiyyətliləri öz milli valyutalarını devalvasiya etməklə öz öhdəliklərinin həcminə nəzarət edə bilərlər. Bu cür hərəkətlər, Altmanın proqnozlaşdırdığı kimi, fond bazarlarında çaxnaşma yarada bilər ki, bu da treyderləri bu valyutalarda ifadə olunan bütün qiymətli kağızları satmağa məcbur edəcək.

    “Qlobal valyuta böhranına aparan zəncirvari reaksiyaya başlamaq üçün sadəcə bir domino kifayətdir”, deyə ekspert yekunlaşdırıb.

    Bundan əvvəl BMT adambaşına ən çox dövlət borcu olan ölkələrin adını çəkmişdi. 2024-cü ilin məlumatlarına görə, adambaşına düşən dövlət borcunun 158 min dollar olduğu Sinqapur bu siyahıda birinci yerdədir. Sonrakı yerləri ABŞ (103,7 min dollar) və Yaponiya (76,9 min dollar) tutur.

  • “Moody’s” Azərbaycanda bank sektorunun konsolidasiyasının davam edəcəyini gözləyir

    “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi ortamüddətli perspektivdə Azərbaycanda kiçik banklar arasında konsolidasiyanın davam edəcəyini proqnozlaşdırır.

    Bu barədə “Report”a “Moody’s Ratings”in kiçik vitse-prezidenti Lev Dorf məlumat verib.

    O xatırladıb ki, 2014-cü ildən bəri ölkədə bankların sayı 45-dən 22-yə düşüb və bu, həm bazar, həm də tənzimləyici amillərin yaratdığı konsolidasiya prosesinin davam etdiyini göstərir.

    “Nəticədə sektorda təmərküzləşmə yüksək olaraq qalır: beş ən böyük bankın payına bütün bank aktivlərinin yarıdan çoxu düşür. Qalan hissə isə yüksək fraqmentasiya şəraitində bir-biri ilə rəqabət aparan 17 bank arasında bölüşdürülüb”, – L.Dorf qeyd edib.

    Onun sözlərinə görə, tarixən aparıcı banklar iri korporativ müştərilərlə işləməkdə, daha geniş likvidlik və resurslara çıxış sayəsində üstünlüyə malik olub, kiçik banklar isə likvidliyə çıxış imkanları məhdud olub və daha bahalı maliyyələşdirmə mənbələri uğrunda rəqabət aparıblar.

    “Keçən ildən bəri tənzimləyici bazarı tarazlaşdırmağa, təmərküzləşmə səviyyəsini azaltmağa və resurs bazasının yenidən bölüşdürülməsinə çalışır. Bu məqsədlə passivlərin təmərküzləşməsini məhdudlaşdırmaq üçün əlavə tələblər irəli sürülüb. Bununla belə, tənzimləmənin gücləndirilməsi, artan rəqabət, həmçinin rəqəmsallaşma və texnologiyaya investisiya ehtiyacı kimi amillər konsolidasiyanın davam etməsinə kömək edə bilər, xüsusilə də dəyişən mühitə uyğunlaşmaqda çətinlik çəkən kiçik banklar arasında”, – L.Dorf vurğulayıb.

    O, həmçinin son 2-3 ildə makroiqtisadi vəziyyətin və əməliyyat mühitinin yaxşılaşmasının Azərbaycan banklarının kredit reytinqlərinə müsbət təsir göstərdiyini bildirib.

    “Gəlirliliyin artması, problemli aktivlərin həcminin azalması, biznesin şaxələndirilməsinin yaxşılaşdırılması, yüksək likvidlik və kapital adekvatlığı reytinqlərin müsbət yöndə yenidən nəzərdən keçirilməsinə təsir edib. Azərbaycanın suveren reytinqinin bu ilin iyul ayında müsbət proqnozla “Baa3” investisiya dərəcəsinə yüksəldilməsi də əlavə amil olub”, – “Moody’s”in kiçik vitse-prezidenti söyləyib.

    Rəsmi statistikaya əsasən, 2025-ci il iyulun 1-nə Azərbaycanın bank sektorunun cəmi aktivləri 56,73 milyard manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 % çoxdur. Ən böyük beş bankın – ABB, “Kapital Bank”, “PAŞA Bank”, “Xalq Bank” və “Bank Respublika”nın payına 41,83 milyard manat və ya ümumi aktivlərin 73,7 %-i düşür.

    Bu beş bankın cəmi depozit portfeli iyulun 1-nə 28 milyard 518 milyon manat və ya hesabat tarixinə 37 milyard 353 milyon manata çatan (il ərzində 6,2 % artım) bank sektoru üzrə cəmi depozit portfelinin 76,34 %-ni təşkil edib.

    Elə həmin tarixə onların kredit portfeli 17,36 milyard manat təşkil edib ki, bu da Azərbaycan banklarının ümumi kredit portfelinin (28,472 milyard manat, illik 11,96 % artım) 60,97 %-i deməkdir.

  • Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır

    Avqustun 13-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Zamin Bank”, “Texnika Bank”, “Günay Bank” və “Dəmi Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Məlumata görə, söhbət “Zamin Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanındakı dəyəri 190 min manat olan 80,3 kv.metrlik, dəyəri 326 min manat olan 143,4 kv.metrlik və dəyəri 491 min manat olan 216,3 kv.metrlik qeyri-yaşayış sahələrindən, Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 83 ünvanındakı dəyəri 115,420 manat olan 71,69 kv.metrlik mənzildən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvandakı dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən, “Günay Bank”a məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanındakı dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsindən və “Dəmir Bank”a məxsus Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki istifadədə olan, dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.76 ABŞ dolları və ya 2.54% azalaraq 67.66 ABŞ dollarına enib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.42 ABŞ dolları təşkil edib.

  • Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda təlim-məşq toplanışına başlayıblar

    Azərbaycanın qadın güləşçiləri növbəti təlim-məşq toplanışına başlayıb.

    Yığma avqustun 5-dən 20-dək U-20 Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq prosesi keçəcək.

    Baş məşqçi əvəzi Toğrul Əsgərov və U-20 millisinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edəcəklər.

    İki həftəlik hazırlıq prosesində həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq. Məqsəd yerli mühitə uyğunlaşmaq və Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U2-0 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır.

    Qeyd edək ki, komanda avqustun 20-də Sofiyadan birbaşa Samokova yollanacaq.
    //report

  • Bakıda “od qiyməti”nə, Xaçmazda 17 qəpik – Səbəb nədir?

    İstilərin bu qızmar çağında Bakıda pomidorun qiyməti “od tutub yanır”. Paytaxt bazarlarında kiloqramı 1,2-1,5 manata təklif olunan pomidor Xaçmazda, yerli əhali arasında “Eşşək bazarı” kimi tanınan topdansatış nöqtəsində cəmi 17 qəpiyə satılır. Buna baxmayaraq, sahibkarlar həm alıcı qıtlığından, həm də paytaxtda pomidorun kilosunun 1 manatdan yuxarı olmasından gileylənirlər.

    Bəs Xaçmazdan Bakıya bir saatlıq yol qət edən pomidorun qiyməti niyə enmir?

    İqtisadçı ekspert Vahid Məhərrəmli Qaynarinfo-ya açıqlamasında bütün bu vəziyyətdən həm istehsalçıların, həm də istehlakçıların əziyyət çəkdiyini deyib:

    “İstehsalçı ona görə əziyyət çəkir ki, yetişdirdiyi məhsulu sərfəli qiymətə sata bilmir. Məcburiyyət qarşısında qalıb məhsulu aşağı qiymətə təklif edir. Hətta bu qiymətə də bazarda alıcı az olduğundan pomidor tələf olur. Ölkənin ən böyük bazarı Bakıdır. Statistikaya görə, Bakıda 5 milyondan çox əhali yaşayır. Yarıdan çoxu ona görə deyirəm ki, bir hissəsi də Rusiyadadır. Real qiymətdən iki dəfə yuxarı qiymətə, məsələn, 40-50 qəpiyə satıla biləcək pomidor sahədə qalır və tələf olur”.

    Ekspert hesab edir ki, problem nə istehsalçıda, nə istehlakçıda, nə də bazardadır:

    “Problem istehsalçı, istehlakçı və bazar münasibətlərini tənzimləyəcək qurumlardadır. Aqrar İnkişaf mərkəzlərinin və Kənd Təsərrüfatı Nazirliyinin 1200 işçisi var. Bu qədər işçi nə ilə məşğuldur? İstehsalçı məhsulu yetişdirib bazara çıxarır, bazar da qiyməti müəyyən edir. Bəs nazirliyin işi nədən ibarətdir? Problem də elə buradan qaynaqlanır”.

    Vahid Məhərrəmli əlavə edib ki, Kənd Təsərrüfatı Nazirliyi istehsal olunan məhsulun istehlakçıya çatması üçün aradakı problemi həll etməlidir:

    “Əsas problem böyük bazarlarda monopolistlərin olmasıdır. Xaçmazdan Bakıya daşınan məhsulu sata bilməyəndə problem yaranır. Ona görə ki, məhsulu hansı bazara çıxaracaqsan, harada satacaqsan? Bu qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır. Dərhal Türkiyədə olduğu kimi, iki həftəlik 3-4 rayonda, daha çox əhali yaşayan ərazilərdə həmin məhsulun davamlı satışını təşkil etmək olar. Pomidor yeşikləri Xacmazda maşınlara yüklənilərək Bakıya gətiriləcək. Pomidor Bakıda Xaçmaza nisbətən 2-3 dəfə baha qiymətə satılacaq.

    İqtisadçıya görə, bu həm fermerlərə, həm də istehlakçılara sərf edəcək:

    “Uduzan olmayacaq. Sadəcə, öz işlərinin öhdəsindən gələ bilmirlər”.

  • Kirayə mənzil bazarında qıtlıq yaranacaq, qiymətlər artacaq

    Hər ilin avqust ayından başlayaraq sentyabr ayının birinci yarısına qədər tələbələrin Bakıya gəlməsi səbəbindən şəhərdə kirayə mənzil bazarında mənzil qıtlığı və qiymət artımı baş verir.

    Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

    Onun sözlərinə görə, son illər kirayə mənzil bazarında qiymət artımı daha çox müşahidə olunur. Ekspertin fikrincə, tələbələrin gəlməsi ilə yanaşı kirayə mənzil bazarında qiymət artımlarının bir neçə səbəbi var:

    “Əsas səbəblərdən biri Bakıda aparılan söküntülərdir. Çox sayda yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsi həmin sakinlərin kirayə mənzil bazarına üz tutmasına gətirib çıxarır və həmin insanlar uzunmüddətli kirayəyə çıxmağa məcbur olublar”.

    Mütəxəssis qeyd edib ki, digər tərəfdən sökülən binaların yerində inşa olunan yeni tikililərdə kirayə qiymətləri köhnə tikili binalardakı qiymətlərdən iki dəfə baha qiymətə təklif olunur: “Başqa bir məsələ isə kirayə qiymətləri mənzillərin satış qiymətləri ilə əlaqədardır. Mənzillərin satış qiymətində artım baş verdikcə, kirayə qiymətlərində də artım baş verir”.

  • “EuroHome” bazarının 60 min manata yaxın vergi borcu var

    “EuroHome” tikinti materialları bazarının 60 min manata yaxın vergi borcu yaranıb.

    “Eurohome” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 55281.36 AZN vergi borcu var.

    Bir neçə ay əvvəl şirkətin direktoru Ağayev Ramiz Ağahüseyn oğlu qanuni təmsilçilikdən gedib və onu İbrahimov Niyazi Kamal oğlu əvəzləyib.
    Uzun illər “EuroHome”un direktoru Samir Məmmədov olub. O, ötən ilin fevral ayında şirkətin qanuni təmsilçiliyindən getdikdən sonra yerini Ramiz Ağayev tutub.

    Qeyd edək ki, “EuroHome” ticarət mərkəzi 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019 və 2020-ci illərdə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarlara ciddi ziyan dəyib. Bu günədək bəzi sahibkarlar bazar rəhbərliyindən onlara dəyən zərərlə bağlı sığorta pullarını ala bilməyiblər.

    Xatırladaq ki, “EuroHome” tikinti materialları bazarının sahibi biznesmen Azay Möhnətovdur. İş adamı həmçinin, “AF Holdinq” Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir.

    //Qaynarinfo

  • Azərbaycan neftinin qiyməti 71 dollardan aşağı düşüb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.78 ABŞ dolları və ya 1.09% azalaraq 70.59 ABŞ dollarına enib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71.37 ABŞ dolları təşkil edib.