Category: İqtisadiyyat

  • 2,5 milyon manat vergi borcu olan şirkət kimindir?

    “Terminal Consulting” şirkətinin xüsusilə külli miqdarda vergi borcu var.

    Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 2 518 115,12 manat təşkil edir.
    “Terminal Consulting” şirkəti 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Əlizadə Cəfər Yaşar oğludur.

    Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

  • “Greencard” udub ABŞ-a köçdü – Bakıya 41 min manalıq siqaret gətirdiyi üçün saxlanıldı

    “Greencard” udub ABŞ-a köçdü – Bakıya 41 min manatlıq siqaret gətirdiyi üçün saxlanıldı

    “Greencard” lotereyasında qalib gələrək ABŞ-a köçən azərbaycanlı doğum gününü qeyd etmək məqsədilə Bakıya gələn zaman 41 min manat dəyərində siqaret gətirdiyi üçün saxlanılıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, D.B. barəsində Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə açılmış cinayət işi məhkəmədə araşdırılıb.

    Məlumata əsasən, D.B. 2023-cü ildə “Greencard” lotereyasında qalib gələrək 2024-cü ilin martında ABŞ-a köçüb və orada yaşamağa başlayıb. Bu il doğum gününü Bakıda qeyd etmək məqsədilə təyyarə ilə Azərbaycana qayıdıb. O, özü ilə birlikdə 1382 qutu, ümumilikdə 41.460 manat dəyərində siqaret də gətirib. Siqaretlər ABŞ-da yaşadığı ərazidən alınıb və iki ədəd çemodana yerləşdirilib.

    D.B. Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb, barəsində cinayət işi açılıb və 1382 qutu siqaret müsadirə olunub.

    İfadəsində D.B siqaretlərin ABŞ-da xeyli ucuz olduğunu və bu səbəbdən onları Bakıya gətirməklə maddi cəhətdən qazanclı çıxacağını düşündüyünü bildirib. O, törətdiyi əməldən peşman olduğunu da qeyd edib.

    Məhkəmənin hökmü ilə D.B. tütün məmulatlarının satışı ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, bu cəza 2 il 6 ay sınaq müddəti ilə şərti hesab edilib.

  • “İnsanlar ayaqlarını yorğanına görə uzatmır, çox kredit götürürlər” – Ekspert

    “İnsanlar ayaqlarını yorğanlarına görə uzatmır, çox yüksək məbləğdə kredit götürürlər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov istehlak kredit kartlarında limitlərin azaldılması ilə bağlı Mərkəzi Bankın qərarını şərh edərkən deyib.

    Ekspert bildirib ki, bu dəyişiklik əhalinin həddindən artıq borclanmasının qarşısını almağa yönəlib:

    “Addım tamamilə doğrudur. İnsanlar yüksək məbləğdə kredit götürmək istəyir, banklar da onların istəyini yerinə yetirir. İstehlak kreditlərinin faizləri daha yüksəkdir. Banklar isə düşünür ki, vətəndaşla yaranacaq problemi həll etmək asandır – kollektorla, məhkəmə yolu ilə və s. Nəticədə həm əhali, həm də bank sistemi üçün ciddi problemlər yaranır”.

    Əkrəm Həsənovun sözlərinə görə, vətəndaş krediti ödəyə bilməyəndə bu borc “problemli kredit” siyahısına düşür:

    “Bu, həmçinin ölkə iqtisadiyyatı üçün də mənfi haldır. İqtisadiyyatın inkişafı üçün əsasən biznes kreditləri verilməlidir. Bu səbəbdən Mərkəzi Bank qərara alıb ki, aylıq əməkhaqqı 1000 manat olan vətəndaşa maksimum 5 min manat həcmində kredit xətti açıla bilər”.

    Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması məqsədilə yeni tənzimləyici çərçivə tətbiq edib. Dəyişikliklərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaq və bank sisteminin kapital dayanıqlığını qorumaqdır. Yeni qaydalara görə, borcalanın kredit kartı üzrə limit onun xalis (vergidən sonrakı) aylıq gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.

  • Azərbaycanda pul bazası iyulda 1 % azalıb

    Bu il avqustun 1-nə Azərbaycanda pul bazası 21 milyard 243 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,1 % azdır.

    Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,6 %, son 1 ildə isə 2,5 % artıb.

  • Naxçıvanda dövlətə məxsus yeni idarəetmə orqanı yaradılıb

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Naxçıvan Dəmiryolu Sahəsi Stansiyası və Beynəlxalq Hava Limanı Hərbi Əlaqələr Komendantlığını dövlət qeydiyyatına alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, yeni qurum Babək rayonunun Şəkərabad kəndində qeydiyyatdan keçib, dövlətə məxsus idarəetmə orqanıdır.

    Onun qanuni təmsilçisi Eltun Nazim oğlu Divanovdur.

  • Azərbaycan qızıl ixracından nə qədər qazanıb?

    Cari ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 144 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

    Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə qızıl ixracından əldə olunan gəlirlər 58 milyon ABŞ dolları təşkil edib.

    Hesablamalara əsasən, Azərbaycanın illik müqayisədə qızıl ixracından əldə etdiyi gəlir 86 milyon ABŞ dollar və ya 2,4 dəfə artırıb.

    Qeyd edək ki, qızıl 2025-ci ilin yanvar-iyun aylarinda ixrac olunan əsas qeyri-neft mallarınınn siyahısında 2-ci yerdə qərarlaşıb.

  • Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

    Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.

    Bu barədə Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

    Bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə nisbətən 1,8 bənd azdır.

    İyulun 1-nə manatın real effektiv məzənnəsi 115,3 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 2,2 bənd, ilin əvvəlinə nisbətən 9,8 bənd, ötən illin iyulun 1-i ilə müqayisədə isə 4,3 bənd azdır.

  • SOCAR-ın vitse-prezidenti Azərbaycan qazının Suriyaya tədarükünü yüksək qiymətləndirib

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya ixracına başlanmasına münasibət bildirib.

    Median.Az xəbər verir ki, E.Nəsirov “Report”un Kilisdəki müxbirinə müsahibəsində qeyd edib ki, bu tədbir həm qaz təchizatının şaxələndirilməsi, həm də siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir.

    “Bu, Azərbaycan qazının tədarükü üçün yeni istiqamətdir. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi və nəqliyyat baxımından vacibdir”, – Nəsirov vurğulayıb.

  • Mikayıl Cabbarov: “Azərbaycan-Suriya neft-qaz əməkdaşlığı mühüm və tarixi hadisədir”

    “Bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən tədbirdə deyib.

    “Bu əlamətdar addım Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub”, – nazir qeyd edib.

    Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır:

    “Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilib və təxirəsalınmaz tədbirlər görüb.

    Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə verib. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı istiqamətində birgə səylərimizi davam etdiririk”.

    M.Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur:

    “İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1.2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.

    Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaq”.

  • Necmettin Dönmez: “Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək”

    “Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji əlaqələrini daha da gücləndirəcək”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Elbeyli rayon təşkilatının sədri Necmettin Dönmez Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında səsləndirib.

    O bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı möhkəmləndirəcək:

    “Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya çatdırılması qardaş ölkələrlə enerji bağlarımızı daha da möhkəmləndirəcək. Bu tarixi hadisənin iştirakçısı olmaqdan qürur duyuram”.

    N.Dönmez qeyd edib ki, bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır:

    “İnanıram ki, bu addım həm Türkiyə, həm Azərbaycan, həm də Suriya üçün faydalı olacaq. Ümid edirəm ki, Suriyanın bərpası və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan bundan sonra da fəal təşəbbüslərlə çıxış edəcək”.