Category: İqtisadiyyat

  • Laçında 1,4 milyonluq söküntü

    Laçın rayonunun Qorçu qəsəbəsinin tikinti layihəsi çərçivəsində söküntü işləri həyata keçiriləcək.

    Valyuta.az xəbər verir ki, Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı tender elan edib.

    Söküntü işlərinin 1 491 654,68 manata başa gələcəyi proqnozlaşdırılır.

    Tender sentyabrın 9-dək davam edəcək.

  • Azərbaycanda kredit kartlarına LİMİT QOYULDU

    Mərkəzi Bank (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, borcalanın kredit xətti limiti (bütün kredit təşkilatları qarşısındakı öhdəliklər nəzərə alınmaqla) onun xalis gəlirinin 5 misli ilə məhdudlaşdırılıb.

    Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır.

    Bildirilib ki, bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa, banklar tərəfindən risklərin daha erkən mərhələdə tanınaraq minimallaşdırılmasına imkan verəcək.

    Qeyd edək ki, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir.

    Yeni tələbə əsasən, bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır.

  • Azərbaycanın ümumi dövlət borcu açıqlanıb

    Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 695.6 milyon manat təşkil edib.

    Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, bu, proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19.6 faizinə bərabərdir.

    Ümumi dövlət borcunun 8.518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) və ya 33.2 faizi xarici dövlət borcunun, 17.177,4 milyon manatı və ya 66.8 faizi daxili dövlət borcunun payına düşür.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.94 ABŞ dolları, yaxud 1.27 % azalaraq 72.7 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73.64 ABŞ dolları təşkil edib.

  • “PulPal” və “Mpay” qaydaları pozdu – Mərkəzi Bank icrası məcburi göstəriş verdi

    Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC və “Mpay” QSC elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, qurumun apardığı yoxlamalar nəticəsində hər iki şirkətdə qanunvericilik və normativ aktların tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən, “PulPal”a daxili nəzarət funksiyasının təkmilləşdirilməsi, risklərin idarə edilməsi sisteminin qurulması, kadr potensialını gücləndirilməsi, “Mpay”ə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, nağd pulla işin təşkili və daxili nəzarət sistemlərinin gücləndirilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

  • Azərbaycan tomat ixracından gəlirini 9 %-ə yaxın artırıb

    Bu ilin yanvar-iyun aylarında Azərbaycan 149 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.

    Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyul sayında bildirilir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

    Təkcə iyunda isə Azərbaycan 35,2 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 24,2 % çoxdur.

    6 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

  • Maliyyə Nazirliyinin şirkəti ləğv olunur

    Maliyyə Nazirliyinə məxsus “Maliyyə və uçot jurnalı redaksiyası” MMC ləğv olunduğunu elan edib.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

    Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər.

    Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manatdır.

  • Azərbaycan qazının bu həftədən etibarən Suriyaya nəqli başlanılır

    Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycandan nəql olunan qazın Suriyaya tədarük ediləcəyi tarixlə bağlı açıqlama verib.

    Median.Az bu barədə “Anadolu” agentliyinə istinadən məlumat yayıb.

    Türkiyəli nazir qeyd edib ki, Azərbaycan qazının avqustun 2-dən etibarən Kilis (Türkiyə) üzərindən Hələbə (Suriya) ixracı başlayacaq.

    Alparslan Bayraktar əlavə edib ki, nəql olunacaq qaz Suriyanın elektrik enerjisinin istehsalında da istifadə olunacaq.

  • Rusiya Azərbaycandan gətirilən polimer məhsullarını məhdudlaşdırmaq niyyətindədir

    SİBUR şirkəti və onun struktur bölmələri olan “Kazanorqsintez” və “Nijnekamskneftexim” Azərbaycan və Türkmənistandan polietilen və polipropilen məhsulları idxal edən istehsalçılara qarşı antidempinq araşdırmasına başlayıb.

    Bu barədə “Kommersant” nəşri məlumat yayıb.

    Avrasiya İqtisadi Komissiyasının təqdim etdiyi sənədlərə əsasən, 2024-cü ildə xarici tədarükçülərin məhsulları Rusiya daxili bazarında maya dəyərindən aşağı qiymətə satılıb.

    Araşdırma nəticələrinə görə, Azərbaycandan idxal olunan:

    – polietilen üzrə dempinq marjası 19,9%,

    – polipropilen üzrə isə 33,85% təşkil edib.

    Türkmənistandan idxal edilən polipropilen və onun sopolimerləri üzrə dempinq marjası 13,55% olub.

    Qeyd edilir ki, bu cür tədarüklər Rusiyanın neft-kimya sənayesinə maddi zərər vurma riski daşıyır.

    Araşdırmanın yekununda əlavə rüsumların və kvotaların tətbiqi, hətta idxala tam qadağa qoyulması barədə qərarın verilməsi istisna edilmir.

  • Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu regionlar

    Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.

    Bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

    Belə ki, ölkədə ən yüksək kredit faizləri Dağlıq Şirvan iqtisadi rayonundadır. Bu regionda orta kredit faiz dərəcələri 19.80% təşkil edir.

    İkinci sırada 19.73 faizlə Mil-Muğan iqtisadi rayonu yer alır.

    Kredit faizlərinin yüksək olduğu digər ərazilər isə Qarabağ (19,58%) Lənkəran-Astara (19,49%) və Şirvan-Salyan (19,36%), Mərkəzi Aran (19.28) iqtisadi rayonlarıdır.

    Ölkədə banklar ən aşağı faizlə Bakıda kredit verirlər. Paytaxtda bu göstərici 12%-dir.

    Naxçıvan iqtisadi rayonunda isə 14.92 faiz təşkil edib.

    Qeyd edək ki, ilin əvvəlindən banklar 28,4 milyard manat dəyərində kredit veriblər. Bunun 21,7 milyard manatı Bakının payına düşüb.