Category: İqtisadiyyat

  • Azərbaycan bankları ödənişlərdə “Az-QR” standartına keçəcək

    Bu ilin oktyabr ayının sonuna kimi Azərbaycanda bütün banklar “Az-QR” standartına keçəcək.

    Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bütün ödəniş nöqtələrində istehlakçılara “QR”la ödənişlər təklif ediləcək: “Bu, mikro və kiçik sahibkarlar üçün böyük üstünlükdür. Həm onların, həm də bankların xərcləri azalacaq. Kiçik sahibkarlar və təsərrüfatlar üçün 500-600 dollar verib pos-terminal almaq onların xərclərini xeyli artırır”, – deyə o qeyd edib.

  • Azərbaycanda inflyasiya proqnozu AÇIQLANDI

    Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.

    Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

    Bildirilib ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir.

    “Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır”, – məlumatda qeyd edilib.

  • Azərbaycanda makaron istehsalı 3 dəfəyə yaxın artıb

    Bu ilin I yarısında Azərbaycanda 7 min 650,2 ton makaron məmulatları istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə çoxdur.

    İyulun 1-nə ölkədə 107,6 ton hazır məhsul ehtiyatı yaranıb.

    Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur.

  • Naxçıvan sahibkarları I yarımildə 7 milyon manatdan çox güzəştli kredit alıblar

    Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 77 investisiya layihəsinin maliyyələşdirilməsinə 7,4 milyon manat güzəştli kredit ayırıb.

    Bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib.

    Onun sözlərinə görə, Fondun maliyyələşdirdiyi layihələrin 73,6 %-i sənaye, 18,3 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 8,1 %-i xidmət sahələri ilə bağlı olub.

    “Bu dövrdə ayrılmış güzəştli kreditlərin 8,6 %-i kiçik, 23,9 %-i orta, 67,5 %-i isə böyük kreditlər olub. Builki kredit ayrılmış layihələr üzrə 80 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir əlavə edib.

    Bundan başqa, H.Hüseynəliyev deyib ki, yanvar-iyun aylarında 5,8 milyon manat güzəştli kredit geri qaytarılıb, 2,1 milyon manat problemli kredit ödənilib.

    SİF-in əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 8-ə çatıb.

  • Azərbaycanın dövlət borcu açıqlanıb

    Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 695,6 milyon manat və cari il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 19,7 %-i qədər olub.

    Median.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə cüzi azdır.

    Dövlət borcunun 5 milyard 010,7 milyon ABŞ dolları və yaxud 8 milyard 518,2 milyon manatı xarici (ÜDM-in 6,6 %-i qədər), 17 milyard 177,4 milyon manatı isə daxili (ÜDM-in 13,1 %-i qədər) dövlət borcları təşkil edir. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 6,6 % az və 3,7 % çoxdur.

  • Azərbaycanın pambıq ixracından gəliri 11 %-dən çox azalıb

    Bu ilin I yarısında Azərbaycan 4,954 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.

    Hesabat dövründə Azərbaycandan pambıq ixracının dəyəri isə 116,958 milyon ABŞ dolları təşkil edib. Bu, 1 il əvvələ nisbətən 11,3 % azdır.

    Yanvar-iyun aylarında pambıq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,04 %-ni, ixrac isə ümumi ixracın 0,9 %-ni təşkil edib.

    Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.

    Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

    Son nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

  • Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI – FOTO

    Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bu ayın 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25.8-28 manat təşkil edib.

    Həmçinin, Bakı şəhərində və Abşeron rayonunda 26.5-27.3 manat civarında dəyişib.

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.95 ABŞ dolları, yaxud 1.32% azalaraq 71.23 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72.18 ABŞ dolları idi.

  • Britaniya şirkəti “Dəmirli”də mis hasilatına başlayıb

    Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Qarabağdakı Dəmirli yatağında mis hasilatına başlayıb

    Bu, şirkətin cari ildə istismara verdiyi ikinci yeni mədən olmaqla, onun çoxşaxəli və orta səviyyəli mis istehsalçısına çevrilmək strategiyasını dəstəkləyir.

    Şirkətin proqnozuna görə, 2025-ci ildə Dəmirlidə 4 min ton mis konsentratı hasil olunacaq, 2026-cı ildən etibarən isə bu rəqəm illik 15 min tona qədər artacaq.

    Mənbəyə əsasən, Dəmirli açıq üsulla istismar edilən böyük mədən olub, filiz flotasiya zavoduna daşınır. Layihə üzrə ətraf mühit və sosial təsir qiymətləndirməsi (ESIA) başa çatdırılıb, yeni tullantı anbarı üçün texniki layihələr hazırlanıb.

    Mədən və emal sahəsində 150-dək yeni işçi işə götürülüb, əlavə 50 nəfər isə digər mədənlərdən köçürülüb. Anglo Asian, həmçinin yaxın ərazidə yeni mis ehtiyatlarının araşdırılmasını planlaşdırır.

    Şirkətin baş icraçı direktoru Rza Vəzirov bildirib ki, Dəmirlidə hasilatın bu qədər qısa müddətdə başlaması böyük uğurdur və bu mədən Qarabağ iqtisadi rayonunun bərpasına töhfə verəcək.

    Qeyd edək ki, Anglo Asian Mining Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğuldur və 2030-cu ilə qədər illik 50-55 min ton mis hasilatına nail olmağı hədəfləyir. Şirkət bu strategiya çərçivəsində 2025-ci ilin mayında Gilar mədənini də istismara verib.//apa

  • Azərbaycanda tikinti materialları istehsalında əsas problemlər açıqlanıb

    Azərbaycanda tikinti sektorunun inkişafı ilə paralel olaraq bu sahəyə xidmət edən yerli tikinti materialları istehsalı sənayesinin üzləşdiyi çağırışlar da daha qabarıq şəkildə ortaya çıxır, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələri fonunda tikinti materiallarına olan tələbatın artması yerli istehsalın potensialının və davamlılığının artırılmasını daha aktual məsələyə çevirir.

    Bunu “Report”a açıqlamasında “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin (ATİA) sədri Ramiz İsayev bildirib.

    Onun sözlərinə görə, sektorun inkişafına maneə olan əsas problemlər arasında xammal asılılığı, texnoloji avadanlıqların köhnəlməsi, maliyyə resurslarına çıxışda məhdudiyyətlər vı kadr çatışmazlığı dayanır.

    R. İsayev hesab edir ki, yerli tikinti materialları istehsalçılarının əsas çətinliklərindən biri xammal idxalından asılılıqdır: “Xammal təminatında yerli alternativlərin azlığı, xüsusilə yüksək keyfiyyətli inşaat komponentlərinin xarici mənbələrdən asılılığı istehsal xərclərini artırır və bazarda rəqabətə davamlılığı zəiflədir”.

    O, eyni zamanda sektorun texnoloji cəhətdən yenilənməyə ciddi ehtiyac duyduğunu vurğulayıb: “Bir çox müəssisələr hələ də köhnə texnoloji avadanlıqlardan istifadə edir. Bu isə həm məhsuldarlığı, həm də keyfiyyət göstəricilərini məhdudlaşdırır. Texnoparkların genişləndirilməsi və müasir texnoloji avadanlıqla təchiz olunmuş sənaye mərkəzlərinin yaradılması vacibdir”.

    Maliyyə resurslarına çıxışın çətinliyi isə, xüsusilə kiçik və orta biznes (KOB) subyektləri üçün inkişaf imkanlarını məhdudlaşdırır:

    “KOB-lar üçün kreditlər üzrə faiz dərəcələrinin yüksək olması investisiya mühitinə mənfi təsir edir. Eyni zamanda, dövlətin dəstəklədiyi sənaye zonalarının texnoloji modernləşdirilməsi və istehsalın logistika zəncirinə inteqrasiyası yerli məhsulların bazara çıxışını asanlaşdıra bilər”.

    Əlavə olaraq, istehsal müəssisələrinin fasiləsiz enerji təchizatı və nəqliyyat infrastrukturuna əlçatanlığı məsələsində də müəyyən çətinliklər qalmaqdadır. R. İsayev bildirir ki, bu baxımdan intermodal daşımalar və dəmir yolu bağlantıları ilə inteqrasiya edilmiş sənaye mərkəzlərinin yaradılması zəruridir.

    Assosiasiya rəhbəri qeyd edib ki, Azərbaycanda ekoloji baxımdan təmiz və enerjiyə qənaətli tikinti materiallarına maraq artmaqdadır:

    “Son illərdə xüsusilə izolyasiya materialları, günəş enerjisinə uyğun fasad elementləri və ekoloji təmiz boyalara tələbat artıb. Bu sahədə artıq bir neçə pilot layihə həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisinə əsaslanan fərdi yaşayış evləri və sosial obyektlər bu tendensiyanın uğurlu nümunələridir”.

    Bu transformasiya, həm də sektorun “yaşıl enerji”yə keçid istiqamətində mövcud olan qlobal çağırışlara cavab olaraq qiymətləndirilir. Eyni zamanda, bu proses enerji sərfiyyatını azaldaraq istehsalın maya dəyərinin də optimallaşdırılmasına töhfə verəcək.

    R. İsayev qeyd edir ki, sektorun qarşısında duran daha bir vacib problem kadr çatışmazlığıdır:

    “Texniki peşələr üzrə ixtisaslaşmış kadrların azlığı istehsal müəssisələrinin genişlənməsini ləngidir. Bu problemi həll etmək üçün Assosiasiya universitet və peşə məktəbləri ilə əməkdaşlıq edir. Bu assosiasiya daxilində tələbə üzvlük paketləri mövcuddur. Artıq tələbələr bu paketlərdən yararlanaraq bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin sektorun aparıcı şirkətləri ilə birbaşa əlaqə qurmaq imkanı əldə edəcəklər. Yeni tədris ilindən başlayaraq “ATİA Academy” proqramı üzrə Azərbaycan Texniki Universiteti və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində istehsal, tikinti sektorunda fəaliyyət göstərən iri müəsissələrdə real təcrübə və təlim proqramları həyata keçirməyi planlaşdırırıq”.

    Bu təşəbbüslər çərçivəsində tələbələr Assosiasiyaya üzv olan aparıcı şirkətlərlə birbaşa əlaqə quraraq təcrübə keçmək və biliklərini təkmilləşdirmək imkanı əldə edəcəklər. Eyni zamanda,R. İsayev hesab edir ki, yüksək nəticə göstərən tələbələr üçün təqaüd proqramları da nəzərdə tutulub: “Bu da gənc mütəxəssislərin sektora cəlbini təşviq edən mühüm təşəbbüsdür”.

    Onun sözlərinə görə, Azərbaycanda “yaşıl” və enerjiyə qənaət edən materialların tətbiqi sahəsində artım müşahidə olunur: “Xüsusilə ekoloji təmiz izolyasiya materialları, ekoloji təmiz boya və günəş enerjisinə uyğun fasad elementlərinə maraq artıb. Ölkədə bir neçə pilot layihə həyata keçirilib. Məsələn, binaların enerjiyə qənaətli izolyasiyası və bərpa olunan enerji ilə təchizatı istiqamətində nümunəvi sosial obyektlər var. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda uğurla davam etdirilən tikinti layihələrində günəş enerjisindən istifadə həm də fərdi yaşayış evləri üçün nəzərdə tutulub”.

    O qeyd edib ki, hazırda Azərbaycanda tikinti materialları istehsalı sahəsində problemlərdən biri maliyyə alətlərinə çıxışın çətinliyidir: “Xüsusilə KOB-lar üçün kredit faizlərinin yüksək olması inkişaf tempini ləngidir. Həmçinin yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq məqsədilə sənaye zonalarının modernləşdirilməsi, texnoparkların genişləndirilməsi və məhsulların logistika zəncirinə inteqrasiyası xüsusi əhəmiyyət daşıyır. İstehsal müəssisələrinin enerji ilə fasiləsiz və optimal tariflərlə təmin olunması, eləcə də nəqliyyat infrastrukturu ilə əlaqələndirilməsi sahəsində müəyyən çətinliklər mövcuddur. Müvafiq olaraq, bu istiqamətdə dəmir yolu bağlantıları, intermodal daşınma qovşaqları və texnoloji avadanlıqla təchiz olunmuş sənaye mərkəzlərinin yaradılması sektorun dayanıqlı inkişafı üçün zəruridir”.