Category: İqtisadiyyat

  • Azərbaycan qarğıdalı idxalını 38 % azaldıb

    Bu ilin I yarısında Azərbaycan 36 min 853 ton qarğıdalı idxal edib.

    Bu həcmdə qarğıdalının dəyəri 13 milyon 940 min ABŞ dolları təşkil edib.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 22 min 629 ton (38 %), dəyər baxımından isə 4 milyon 656 min ABŞ dolları (25 %) azdır.

    Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

  • Bakıda mənzillərin qiyməti iyunda 16 % artıb

    Bu ilin iyun ayında Bakıda mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox artıb.

    Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

    Onun sözlərinə görə, son 1 ildə paytaxtda fərdi yaşayış evləri 13,4 %, torpaq sahələri 15,4 %, qeyri-yaşayış obyektləri isə 12,5 % bahalaşıb.

    V.Oruc qiymət artımını bir sıra daxili və xarici amillərlə izah edib: “Əvvəla, Rusiya-Ukrayna müharibəsindən sonra inşaat materiallarının qiymətinin artması bazarda ümumi tikintinin maya dəyərini yüksəltdi. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiqləndikdən sonra normativlərin sərtləşməsi və əlavə tikinti icazələrinin məhdudlaşdırılması da təklifin azalmasına səbəb oldu. Bundan başqa, daşınmaz əmlak alqı-satqısında nağdsız hesablaşmalara keçid və ƏDV-nin tətbiqi qiymətlərə birbaşa təsir edir”.

    Ekspert əlavə edib ki, inflyasiya və manatın alıcılıq qabiliyyətinin zəifləməsi, iqtisadi artım, ərzaq və yanacaq qiymətlərində artım, eləcə də söküntü prosesləri nəticəsində alternativ mənzilə tələbatın artması qiymətlərin yüksəlməsinə yol açıb: “Bundan başqa, daşınmaz əmlakın sərfəli investisiya aləti kimi cəlbediciliyi, əhalinin artması ilə tələbatın yüksəlməsi, torpaq sahələrinin azalması, dövlətin ipoteka və sosial mənzil proqramları, eləcə də süni qiymət manipulyasiyaları hazırkı vəziyyətdə mühüm rol oynayıb”.

    V.Oruc hesab edir ki, bu tendensiyanın yaxın aylarda da davam etməsi mümkündür.

  • Azərbaycanda dəmiryolu ilə sərnişindaşıma 21 %-ə yaxın artıb

    Bu ilin I yarısında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu xətti üzrə ümumilikdə 4 milyon 648 min 444 sərnişin daşıyıb.

    Bu barədə Median.Az ADY-yə istinadən xəbər verir.

    Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 798 min 103 nəfər və yaxud 20,7 % çoxdur.

    Yalnız iyun ayında isə ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutları üzrə 766 min 718 sərnişin daşınıb ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 185 min 742 nəfər və yaxud 32 % artım deməkdir.

  • Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib

    Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 13,2 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 76,6 milyon manat xalis mənfəətlə çıxmışdı.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 6 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 218,2 milyon manat (illik müqayisədə 26,2 % çox), əməliyyat xərcləri 149,5 milyon manat (93,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 76,8 milyon manat (26,5 dəfə çox), gözlənilməz gəlirləri 0,2 milyon manat (eyni), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (3,1 dəfə az) təşkil edib.

    Bu il iyulun 1-nə BOKT-ların aktivləri 963,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8 % çoxdur. Bunun 671,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,5 % böyüyüb.

    Hesabat dövründə BOKT-ların öhdəlikləri 6,8 % artaraq 512,5 milyon manata, balans kapitalı IS’ 20,5 % artaraq 450,8 milyon manata, o cümlədən nizamnamə kapitalı 28,7 % artaraq 272,2 milyon manata çatıb.

  • Qızılın qiyməti endi

    Nyu-York Əmtəə Birjasının bölməsi olan COMEX-də 2025-ci ilin avqust ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti 18 iyul 2025-ci il tarixindən bəri ilk dəfə trua unsiyası üçün 3 350 dollar səviyyəsindən az olub.

    Bu, ticarət platformasının məlumatlarından bəlli olur.

    Bakı vaxtı ilə saat 12:28-ə olan məlumata əsasən, qızılın qiyməti 0.38% azalaraq trua unsiyası üçün 3 348.1 dollar təşkil edib. Bakı vaxtı ilə 12:45-ə qızılın qiyməti unsiya üçün 3 349.6 dollara (-0.34%) çatıb.

  • “Bitcoin” ucuzlaşır

    “Bitcoin”in qiyməti 10 iyul 2025-ci ildən bəri ilk dəfə satış zamanı 115 min dollardan aşağı düşüb.

    Bunu “Binance” platformasının məlumatları sübut edir.

    Bakı vaxtı ilə saat 11:12-yə olan məlumata görə, “Bitcoin” 2.5% ucuzlaşaraq 114 942 dollar olub.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.22 ABŞ dolları və ya 1.76% artaraq 70.41 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.19 ABŞ dolları idi.

  • Azərbaycan əlvan metallardan nümunə götürülməsi üzrə yeni dövlət standartı qəbul edib

    Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ГОСТ 24231:2025 “Əlvan metallar və ərintilər. Kimyəvi analiz üçün nümunələrin götürülməsinə və hazırlanmasına dair ümumi tələblər” adlı yeni dövlət standartını qəbul edib.

    Median.Az bu barədə AZSTAND-a istinadən xəbər verir.

    Məlumata görə, sözügedən standartın qəbul edilməsində məqsəd nümunələrin analitik tərkibinin dəqiq və təkrarlanabilən təyini üçün vahid metodoloji yanaşmanı təmin etməkdir.

    Yeni dövlət standartının tətbiqi əlvan metallardan və onların ərintilərindən kimyəvi analiz üçün nümunələrin götürülməsi və hazırlanmasının standartlaşdırılmasına xidmət edəcək. Bundan əlavə, nümunə götürmə mərhələsi nəticələrin keyfiyyətinə birbaşa təsir göstərdiyindən istehsalat proseslərində, laboratoriyalarda və keyfiyyətə nəzarət sistemlərində tətbiq olunan analiz metodlarının dəqiqliyi və etibarlılığı əhəmiyyətli dərəcədə artacaq.

    Yeni dövlət standartı “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensus əsasında qəbul edilib və AZSTAND onu Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

  • 255 min manat borcu olan şirkət kimindir?

    “Çınqıl-Qum” şirkətinin külli miqdarda vergi borcu var.

    Şirkətin vergi borcu hazırda 255 887,84 manat təşkil edir.

    “Çınqıl-Qum” şirkəti 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Korov Səhrət Kamal oğludur.

  • ARDNF qızılın alışını dayandırıb

    Bu ilin II rübündən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıla investisiya qoyuluşunu dayandırıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Fonddan bildirilib.

    “ARDNF-in investisiya siyasətinə uyğun olaraq, qızıl altportfelinin payı ümumi investisiya portfelinin 25 %-i qədər müəyyən edilib, bu hədəfdən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 % təsbit olunub. 2025-ci ilin II rübündə Fondun qızıl altportfeli ilkin planlamaya əsasən nəzərdə tutulmuş həddə çatdırılaraq ümumilikdə 181,1 ton təşkil edib. Bu səbəbdən qeyd olunan dövrdən etibarən qızıl üzrə yeni investisiya əməliyyatlarının həyata keçirilməsi müvəqqəti dayandırılıb. Bununla yanaşı, bazar şərtləri və investisiya portfelinin ümumi vəziyyətindən asılı olaraq, gələcəkdə bu məsələyə yenidən baxılması mümkündür”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, II rübdə ARDNF 15,8 ton qızıl alıb. İyulun 1-nə Fondun investisiya portfelində qızılın xüsusi çəkisi 28,8 % olub ki, bu da aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.