Category: İqtisadiyyat

  • Azərbaycanda kərə yağı ehtiyatı 3 dəfə artıb

    Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 min 269,6 ton kərə yağı istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

    İyulun 1-nə ölkədə 153,2 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,1 dəfə çoxdur.

    Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur.

  • Tramp, Putin və Si Cinpin sentyabrda Çində görüşə bilərlər

    ABŞ, Rusiya və Çin liderləri – Donald Tramp, Vladimir Putin və Si Cinpin sentyabrın əvvəlində Pekində birgə görüş keçirə bilərlər.

    Bu barədə “The Times” qəzeti yazıb.

    Nəşrin məlumatına görə, görüş İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinin qeyd olunması ilə üst-üstə düşə bilər.

    Sentyabrın 3-də Çin və Rusiya liderlərinin iştirak edəcəyi təntənəli hərbi paradın keçirilməsi planlaşdırılır.

    Vladimir Putin artıq iştirakını təsdiqləyib. Pekin Donald Trampı da bu tədbirlərə dəvət etməyi düşünür.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.31 ABŞ dolları, yaxud 0.43% artaraq 72.67 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72.36 ABŞ dolları idi.

  • Azərbaycan buğda idxalını 56 % artırıb

    Bu ilin I yarısında Azərbaycan 602 min 255 ton buğda idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 130 milyon 661 min ABŞ dollar təşkil edib.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımından isə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.

    6 ay ərzində buğda idxalı Azərbaycanın ümumi idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.

  • Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub

    Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstanın “Marsh” və “Aon” sığorta brokerlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.

    “Report” bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 98-ə çatıb.

    Bundan əvvəl bu ilin aprel ayında Türkiyənin “Gallagher Sigorta ve Reasürans Brokerliği” şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.

    Xatırladaq ki, “Marsh” 2000-ci ildən, “Aon” isə 2004-cü ildən fəaliyyət göstərir.

  • BP Azərbaycanda iki yeni layihə üzrə müqavilələr imzalayıb

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ şirkəti KBR-in birgə müəssisəsi olan SOCAR-KBR MMC Böyük Britaniya şirkəti BP ilə Azərbaycanda iki yeni layihə üzrə iki müqavilə imzalayıb.

    Bu barədə Median.Az KBR-in məlumatına istinadən xəbər verir.

    “Müqavilələrdən biri “Səngəçal” terminalının elektrikləşdirilməsi (STEL) layihəsinin dəstəklənməsini, digəri isə “Shah Deniz Compression” platforması layihəsini nəzərdə tutur. Müqavilələrin şərtlərinə əsasən, SOCAR-KBR hər iki layihə üçün ətraflı mühəndis layihələndirməsi və satınalma xidmətləri təqdim edəcək”, – məlumatda deyilir.

    Müqavilələrin dəyəri açıqlanmır. Onların həyata keçirilməsi ilə SOCAR-KBR məşğul olacaq, yerli mütəxəssislərin təcrübəsindən və KBR-in beynəlxalq komandasının dəstəyindən istifadə edəcək.

    “Əvvəllər SOCAR-KBR STEL layihəsi üçün baza mühəndisliyi (FEED), həmçinin SDC layihəsi üçün layihə öncəsi işləri və FEED həyata keçirib. Bu əlavə işlər BP-nin SOCAR-KBR-in yüksək keyfiyyətli xidmətlərinə dəyişməz inamını əks etdirir”, – məlumatda qeyd olunub.

    “KBR-nin layihələndirdiyi, Azərbaycan ilə Avropa arasında mühüm əlaqə həlqəsi – “Səngəçal” terminalı ölkəyə milli enerji şəbəkəsinə keçid etməyə və emissiyaları azaltmağa imkan verəcək. “Şahdəniz” yatağında kompressor stansiyası layihəsi təhlükəsiz və səmərəli həllərin təqdim edilməsində növbəti mərhələni təmsil edir”, – “KBR Sustainable Technology Solutions”ın prezidenti Cey İbrahim bildirib.

    SOCAR-KBR-in Bakıdakı komandasının 95%-dən çoxunu azərbaycanlı mühəndislər, layihəçilər və digər mütəxəssislər təşkil edir.

    Bildirildiyi kimi, BP, SOCAR və “Səngəçal” neft-qaz terminalının digər investorları onun elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqləyiblər. Layihə terminalın “Azərenerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün həm terminalın ərazisində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV elektrik yarımstansiyası inşa ediləcək. Gözlənilir ki, bu layihələrin həyata keçirilməsi Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 % azaldılmasına imkan yaradılacaq. Terminalda hazırda elektrik enerji istehsalı üçün 7 qaz turbinindən istifadə edilir ki, elektrikləşdirmədən sonra turbinlər mərhələli şəkildə istismardan çıxarılacaq və istifadə olunmayan yanacaq qaz həcmləri ixraca yönəldiləcək.

    BP şirkətinin həyata keçirəcəyi və idarə edəcəyi 230 milyon dollarlıq STEL layihəsi üçün isə tikinti işlərinin bu il başlanması planlaşdırılır və I mərhələnin 2027-ci ilin ortalarında, II mərhələnin isə 2028-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.

    “Şahdəniz”yatağının işlənməsi layihəsinin səhmdarları SDC kompressor platformasının tikintisi üzrə 2025-ci il iyunun 4-də Bakıda yekun investisiya qərarını (FID, final investment decision) imzalayıblar. 2,9 milyard dollar dəyərində SDC layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır. Bu layihənin məqsədi yataqda aşağı təzyiqli qaz ehtiyatlarının əlçatanlığını və onların hasilatını təmin etməkdir. Bu da yatağın maksimum qaz hasilatına nail olmağa imkan verəcək. Layihə çərçivəsində əlavə olaraq 50 milyard kubmetr qaz və 25 milyon barel qaz kondensatı hasil edilərək ixrac ediləcək. Yeni platformanın tikintisinin 2025-ci ildə başlanması planlaşdırılır. BP SDC platformasını 2029-cu ildə istismara verməyi nəzərdə tutur.

  • Ətin qiymətində mövsümə uyğun olmayan bahalaşma: Artım davam edəcək?

    Son günlər ölkədə mal ətinin, xüsusilə erkək dana ətinin qiymətinin artması müşahidə olunur. Bir neçə gün öncəyə qədər kiloqramı 15 manata satılan ət indi bəzi yerlərdə 15,5-16 manata təklif olunur. Qiymət artımı təkcə iri marketlərdə deyil, kiçik satış və kəsim məntəqələrində də qeydə alınıb. Bu da həm alıcıların narazılığına, həm də mövsümün təsiri ilə bağlı sualların yaranmasına səbəb olub. Ancaq bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir.

    Bəs yay aylarında maldarlığa marağın və kəsimlik heyvanların sayının azalması ət qiymətlərindəki artımı izah edə bilərmi? Bu, mövsümi dəyişkənlikdir, yoxsa daha ciddi struktur problemin əlamətidir?

    Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda yerli ət istehsalı ildən-ilə azalır. Buna görə də bütün ilboyu ətin qiymətində bahalaşma müşahidə edilir:

    “Əvvəllər yay aylarında təlabat azaldığına görə ətin qiymətində ucuzlaşma müşahidə edilirdi. Amma indi əksinədir, həm tələbat var, həm qiymət artımı”.

    Akif Nəsirli deyib ki, ölkəmizdə ətin baha olmasının əsas səbəbi heyvandarlığın inkişaf etdirilmə imkanlarının dar olması ilə bağlıdır:

    “Gələcəkdə ölkədə heyvandarlığın dəstəklənməsi, işğaldan azad olan ərazilərdə heyvandarlığın inkişaf etdirilməsi mümkün olsa, ətin qiymətində mümkün ucuzlaşma baş verə bilər. Bu gün Azərbaycanda ətin baha olmasının əsas səbəbi heyvandarlığı inkişaf etdirilməsi imkanlarının dar olması ilə bağlıdır. Demək olar ki, bu sahədə idarə etmə yoxdur. Kənd təsərrüfatı sahələri içərisində ən çox bu sahə sıxışdırılıb”.

    Ekspert vurğulayıb ki, əsasən yayda heyvanların saxlanılma xərcləri artır. Artan xərclər də qiymətlərə daha çox təsir edir:

    “Azərbaycanda əsasən ətlik heyvanlar qapalı şəraitdə saxlanılır. Bundan başqa, yay aylarında heyvanlar arasında xəstəliklər çoxalır. Belə olan halda da ətlik üçün saxlanılan danaların tələf olması kimi hallar artır. Qış aylarına nisbətən yayda heyvanları qapalı şəraitdə saxlamaq daha çətindir. Qapalı şəraitdə saxlanılan heyvanlara yay aylarında xüsusi qulluq tələb olunur”.

    Həmsöhbətimiz ətin bir daha yenidən indiki qiymətdən aşağı satılmayacağını düşünür:

    “Artan xərclər də qiymətlərə daha çox təsir edir. Çünki maya dəyəri artır, buna görə də qiymətlər artır. Hesab etmirəm ki, sentyabr, oktyabr aylarında bu artımın geri dönüşü olsun. Yəni ətin bir daha indiki qiymətindən aşağı satılması mümkün deyil. Həmin dövrə qədər də müəyyən qədər inflyasiya gedəcək və qiymətlər bu yay mövsümündən başlayaraq 16 manat civarında sabitləşəcək. Daha sonra isə vəziyytə baxaraq yenidən qiymətləndirmə aparmaq olar”.

    Akif Nəsirli son olaraq qeyd edib ki, ətin qiymətindəki sabitliyin tarazlanmasına idxal ət artımı dəstək ola bilər:

    “Bu gün ölkəyə külli miqdarda ət idxal edilir. İdxal ət daha ucuzdur. Buna görə də ət alan əhalinin idxal ət almağa meyillənməsi daha çox artacaq. Bu da bazarda bir qədər tarazlığın yaranmasına səbəb ola bilər”.

  • Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb

    Bu ilin yanvar-may aylarında Azərbaycan 23 ölkədən 2 milyard 940,2 milyon ABŞ dolları dəyərində 30 min 875 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycan Rusiyadan 439,3 milyon ABŞ dolları dəyərində 4 min 753 kiloqram (1 il əvvəl tədarük olmayıb), Avstraliyadan 354,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % az) 3 min 995 kiloqram (-33 %), Amerika Birləşmiş Ştatlarından 340,3 milyon ABŞ dolları dəyərində 3 min 345 kiloqram (1 il əvvəl tədarük olmayıb), Qazaxıstandan 262,2 milyon ABŞ dolları dəyərində 2 min 557 kiloqram (1 il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 256,7 milyon ABŞ dolları dəyərində 2 min 771 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alıb.

    Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən qızıl tədarükü (4,1 milyon ABŞ dolları dəyərində 38,2 kiloqram) həyata keçirilib.

    2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

    Bu ilin ilk 5 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 121,3 milyon ABŞ dolları dəyərində 1 751 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 2,7 dəfə və 46 % çoxdur.

  • BTC ilə indiyə qədər 612 milyon tondan çox neft nəql olunub

    Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri istismara veriləndən bu il iyulun 1-nə qədər bu kəmər vasitəsilə 612,2 milyon ton neft nəql olunub.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

    Məlumata görə, bu həcmin 88 %-i Azərbaycan nefti olub.

  • Azərbaycan I yarımildə 12 milyon tona yaxın neft ixrac edib

    Bu ilin I yarısında Azərbaycanda 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

    Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 1,9 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

    Bu dövrdə 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

    6 ay ərzində xam neft hasilatı orta hesabla gündəlik 61.9 min ton (457 min barrel), kondensat hasilatı 13,7 min ton (113 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barrel) olub.

    Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.

    “Azəri-Çıraq-Günəşli” 1 iyul 2025-ci il tarixinə qədər 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 iyun 2025-ci il tarixinədək 658,1 milyon ton neft ixraca nəql edilib.