Category: İqtisadiyyat

  • Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur – VİDEO

    Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.

    Manat dollar qarşısında stabilliyini mütəmadi qoruya bilsə də, avroda bu mümkün olmadı. Bu da xüsusilə avrozonadan idxala təsir etdi.

    İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, manatın avro qarşısında dəyər itirməsi bu ilin yanvar ayından başlayıb. Bu səbəbdən də həm Avropadan idxal olunan, həm də avro ilə alınan məhsulların qiymətində artım müşahidə olunur. Ərzaq məhsullarında bu artım son 6 ayda 2-3 faiz aralığındadır.

    Xalid Kərimli bildirib ki, qiymət artımı daha çox Avropadan idxal olunan avtomobil ehtiyat hissələrində özünü göstərir.

    Onun sözlərinə görə, avronun indiki qiyməti Mərkəzi Bankın illik 6 faiz inflyasiya hədəfindən çoxdur. Avronun dəyər qazanması davam edərsə, sözegdən idxal məhsullarının qiyməti daha da arta bilər. //Xəzər TV

  • “Moody’s” güclü ehtiyatlar və manatın sabitliyi fonunda Azərbaycanın reytinq tavanlarını yüksəldib

    Beynəlxalq reytinq agentliyi “Moody’s” Azərbaycanın milli və xarici valyutada öhdəlikləri üzrə ölkə reytinq tavanlarını yüksəldərək milli valyuta üzrə tavan “Baa2″dən “Baa1″ə, xarici valyuta üzrə isə “Ba1″dən “Baa3″ə qaldırılıb.

    Bu barədə agentliyin Azərbaycanla bağlı yaydığı son reytinq açıqlamasında bildirilir.

    “Moody’s”in qiymətləndirməsinə əsasən, milli valyuta üzrə reytinq tavanı ilə suveren reytinq arasında mövcud olan iki pilləlik fərq bir tərəfdən dövlətin iqtisadiyyatda yüksək payı və institusional idarəetmənin zəifliyi, digər tərəfdən isə suveren fondun əhəmiyyətli aktivləri sayəsində xarici və makroiqtisadi sabitliyin qorunması ilə izah olunur.

    Milli və xarici valyuta üzrə reytinq tavanları arasındakı iki pilləlik fərq isə ölkə iqtisadiyyatında dollarlaşma səviyyəsinin hələ də yüksək olaraq qalması və formal olaraq dəyişkən məzənnə rejiminə baxmayaraq, manatın ABŞ dollarına de-fakto bağlılığı ilə əlaqələndirilir. “Moody’s” hesab edir ki, bu amillər valyuta transfertləri və konversiya üzrə mümkün məhdudiyyətlər riskini artırır.

  • “Moody’s” Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib

    “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin, pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir. Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.

    Agentlik qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı daha da möhkəmləndirməkdədir. Müsbət proqnoz həmçinin hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlılığın gücləndirilməsinə kömək edir.

    “Moody’s”in qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və yaşıl enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Əlverişli coğrafi mövqeyə malik olması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhlizdə artan fəaliyyəti logistika sektorunda əlverişli nəticələr yaradacaq və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaları cəlb edəcək. Eləcə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin davamlı inkişafı iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərini güclü şəkildə dəstəkləyir. Bütün bu amillər reytinqin yüksəldilməsində təsiredici rol oynayan başlıca amillər kimi çıxış etməkdədir.

    Agentliyin ehtimallarına görə, iqtisadiyyatın şaxələndirilməsinə baxmayaraq, Azərbaycan orta və uzun müddətdə neft-qaz gəlirlərindən faydalanmağa davam edəcəkdir. Büdcə transferlərindən asılılığın azaldılması səyləri ilə yanaşı, Dövlət Neft Fondunun aktivlərinin artması fiskal təhlükəsizliyi genişləndirəcək və şok dövrlərində iqtisadiyyata dəstək üçün mövcud olan resursları artıracaq.

    “Moody’s”in nümayəndələrinin bu il mayın 19-21-də Azərbaycana səfəri zamanı aidiyyəti dövlət qurumlarında, o cümlədən nazirlikdə görüşlər keçirilib, həmin görüşlərdə aparılan müzakirələr və təqdim olunmuş məlumatlar əsasında beynəlxalq reytinq agentliyi ölkənin kredit reytinqini yenidən qiymətləndirib.

  • Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.07 ABŞ dolları, yaxud 1.45% artaraq 74.68 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73.61 ABŞ dolları təşkil edib.

  • Məşhur tikinti şirkəti yarım milyon borca düşdü

    Məşhur tikinti-quraşdırma şirkəti “ABC-2010” MMC külli miqdarda borca düşüb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin dövlət qarşısında vergi borcunun olduğu üzə çıxıb. Belə ki, MMC-nin vergi borcunun hazırda miqdarı 463 387 manat təşkil edir.

    Qeyd edək ki, Azərbaycan inşaat bazarında yer alan “ABC-2010” telekommunikasiya obyektlərinin layihələndirilməsi, dizayn və tikintisi, hündürlükdə işlər, telekommunikasiya obyektlərinin tikintisi və xüsusi təyinatlı obyektlərin tikintisi, elektrik təchizat qurğularının quraşdırılması, fiber optik və internet xəttlərinin çəkilişi üzrə fəaliyyət göstərir. 2009-cu ildə təsis edilən şirkətin nizamnamə kapitalı 871000 manat, qanuni təmsilçisi isə Adıgözəlov Azər Adışirin oğludur.

  • 6 min manat müavinəti kimlər və necə ala bilər?

    Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Prezidentinin Fərmanının icrası ilə əlaqədar qərarı imzalayıb.

    Sənədə əsasən bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək. Əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilib.

    İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

    “Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

    Bu zaman aşağıdakı sənədlər tələb olunur:

    – şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;
    – əmək kitabçasının surəti;

    – valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.
    Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.

    Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”, – deyə millət vəkili bildirib.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Median.Az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.09 ABŞ dolları, yaxud 1.51% artaraq 73.61 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72.52 ABŞ dollarına çatıb.

  • Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı

    Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.

    APA xəbər verir ki, məhkəmə K.Səfərov barəsində ittiham tərəfinin şikayəti əsasında həbs qətimkan tədbiri seçilib.

    Səfərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

    Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatıb.

    Qeyd edək ki, iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin digər hüquq mühafizə orqanları ilə birlikdə Yekaterinburqda azərbaycanlıların müxtəlif ünvanlardakı mənzillərinə basqın edib. Zorla mənzillərə daxil olaraq Səfərov qardaşları və digərlərinə zorakılıq və işgəncə tətbiq olunub. Daha sonra azərbaycanlılar idarəyə aparılaraq orada da işgəncəyə məruz qalıblar. Nəticədə Azərbaycan Respublikası vətəndaşı Hüseyn Səfərov və onun RF vətəndaşı olan qardaşı Ziyəddin Səfərov ağır işgəncələr nəticəsində həlak olublar. Onların əmisi oğlu Kamal Qədimalı oğlu Səfərov isə işgəncə vaxtı halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib və orada ürəyindən əməliyyat olunub.

    Saxlanılan digər azərbaycanlılar Məzahir, Akif və Ayaz Səfərov qardaşları, onların əmisi oğlu Bakir Həsənov, Əhliman Gənciyev və Şahid Lalayev barəsində məhkəmə iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

    Xatırladaq ki, bu gün Rusiya İstintaq Komitəsi Yekaterinburqda həbs olunan azərbaycanlıların hansı cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Qurumun sözçüsü Svetlana Petrenko Səfərov qardaşları və digər həmyerlilərimizin 2001, 2010 və 2011-ci illərdə müvafiq olaraq Yunis Paşayevin qətlində, F.Şirinovu öldürməyə cəhddə və İkram Hacıyevin qətlini sifariş verməkdə ittiham olunduqlarını bəyan edib.

  • FES sentyabradək faiz dərəcəsini azalda bilər

    ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) sentyabr ayına qədər baza faiz dərəcəsini azalda bilər.

    Bu barədə Fox News telekanalının efirində ABŞ maliyyə naziri Skott Bessent bildirib.

    “Düşünürəm ki, burada meyar kimi rüsumların inflyasiyanı təhrik etməməsidir. Əgər onlar bu meyardan çıxış etməyi planlaşdırırlarsa, düşünürəm ki, bunu (faiz dərəcəsinin azaldılmasını – red.) daha tez də edə bilərlər, yəni sentyabr ayına qədər”, – deyə o vurğulayıb.

    Xatırladaq ki, iyunun 18-də FES faiz dərəcəsini 4,25-4,5% səviyyəsində saxlamaq qərarına gəlib. Bu, FES-in faiz dərəcəsinin azaldılmasına davamlı çağırış edən ABŞ prezidenti Donald Trampı qəzəbləndirib. O, tənzimləyicinin ABŞ hökumətinin kredit xərclərinin yüksək səviyyədə qalması üçün qəsdən faiz dərəcəsini azaltmadığını iddia edib. FES-in sədri Cerom Pauell öz qərarını Ağ Evin idxal rüsumlarının sərtləşdirilməsi nəticəsində yaranan iqtisadi qeyri-müəyyənliyin artması ilə izah edib. O, həmçinin bildirib ki, Trampın tələblərinə baxmayaraq, FES faiz dərəcəsini azaltmağa tələsmir.

  • Azərbaycan nefti cüzi bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.51 ABŞ dolları və ya 0.71% artaraq 72.52 ABŞ dollarına çatıb.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72.01 ABŞ dolları təşkil edib.