Category: İqtisadiyyat

  • “Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb

    “Fitch” – beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın dövlət büdcəsinin kəsirinin 0,6 milyard manat təşkil edəcəyini proqnozlaşdırır.

    Median.Az bu barədə agentliyin hesabatına istinadən xəbər verir.

    Qurumun proqnozuna görə, gələn il isə büdcə kəsiri 1,1 milyard manata qədər artacaq.

    Agentlik bunu bir neçə amillə əlaqələndirir – büdcədə nəzərdə tutulandan daha aşağı neft qiymətləri, Qarabağın bərpasına yönəlmiş kapital xərcləri, müdafiə və sosial təminat xərcləri ilə bağlı təzyiqlər.

    Rəsmi statistikaya görə, bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat, xərcləri isə 13 milyard 691,8 milyon manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 % və 1,6 % çoxdur.

    Büdcə gəlirləri proqnozdan 3,9 % çox, büdcə xərcləri isə proqnozdan 3,5 % az icra olunub.

    Nəticədə 5 ay ərzində büdcədə 3 milyard 446,2 milyon manat məbləğində profisit yaranıb. Bu isə bir il əvvəlki göstəricidən 36,05 % çoxdur.

  • Azərbaycanda unun topdansatış qiyməti azalıb

    İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.

    Median.Az Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 3 % – 0,7 % azalma ilə müşahidə olunub.

    Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,5-27,5 manat arasında dəyişib. Burada da qiymətlər müvafiq olaraq 1,8-1 % azalıb.

    Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da əvvəlki həftəyə nisbətən 3 % ucuzdur. Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə 0,7 % azdır.

    İyunun 23-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,8 manat civarında dəyişib.

    Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

  • Avro 2 manatı keçdi – 4 ildən sonra

    Dünya birjalarında dolların avro qarşısında ucuzlaşması Azərbaycanda da özünü göstərib.

    Mərkəzi Bank avronun məzənnəsini bu gün üçün 2.0035 manat müəyyən edib.

    Qeyd edək ki, sonuncu dəfə 4 il əvvəl bir avronun dəyəri 2 manatı keçmişdi.

    Onu da əlavə edək ki, Azərbaycanda dolların məzənnəsi sabit saxlanılsa da, digər valyutaların dəyəri dünya birjalarına uyğun tənzimlənir.

  • Bakıda məşhur ət bazarı bağlanır

    “Baku Food Center” QSC ləğv olunur.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ləğv olunduğunu elan edən QSC kreditorlara müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini bildirə bilərlər.

    Qeyd edək ki, “Baku Food Center” QSC Nərimanov rayonu, Ə.Əliyev küçəsi 36 ünvanında (Keşlə Bazarı) kəsim-satış məntəqəsinə sahibdir. QSC-nin qanuni təmsilçisi Zahid Həsənov Zakir oğludur. O, həm də “Green Food Group” QSC-nin sahibidir. Z.Həsənovun rəhbərlik etdiyi daha bir şirkət “House Rent Company” MMC olub. 2022-ci ildə bu şirkətin fəaliyyətinə xitam verilərək “Green Food Group” QSC-yə qoşulub. İş adamı sözügedən şirkətləri 2004-cü ildə təsis edib.

  • Zəngilanla bağlı 1,3 milyonluq layihə

    Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Red Line Studio” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.

    Valyuta.az xəbər verir ki, müqavilədə Zəngilan 5-ci yaşayış məhəlləsinin layihələndirmə xidmətlərinin satın alınması nəzərdə tutulur.

    Müqavilənin maliyyə dəyəri 1 317 127,8 manatdır.

  • Bakıda orta əməkhaqqı 8 %-dən çox artıb

    Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 385,9 manat təşkil edib.

    Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel ayları ilə nisbətən 8,1 % artıb.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 % artaraq 1 100,6 manat təşkil edib.

  • Mikayıl Cabbarov Laziz Kudratov ilə görüşüb

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.

    Bu barədə nazir öz “X” hesabında paylaşım edib.

    Bildirilib ki, görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr aparılıb.

  • Vətəndaşlara ŞAD XƏBƏR: Sabahdan bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

    “Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sabahdan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır. Eyni zamanda, bu mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin və eləcə də qiymətin azalmasına səbəb ola bilər”.

    Bu fikirləri iqtisadçı-deputat Vüqar Bayramov bildirib.

    O bildirib ki, artıq sabahdan teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən əlavə dəyər vergisinin 50 faizi (“ƏDV cashback”) geri qaytarılacaq:

    “Yəni, mədəniyyət xidmətləri üzrə də keşbek tətbiq olunacaq”.

    Deputat qeyd edib ki, digər dəyişiklik mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət (gəlir) vergisindən 90 faiz azadolma verilməsidir:

    “Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri da əlavə edilib”.

  • Kişilər arasında işsizlər qadınlardan çoxdur? – Statistik müəmma

    2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, işsiz şəxslərin 48,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435 manat olub.

    Statistik rəqəmlərdən göründüyü kimi, işsiz şəxslərin çox faizini kişilər təşkil edir. Bəs kişilərin iş tapmamasına səbəb nədir?

    Mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, qeyri-rəsmi mənzərə fərqlidir:

    “Ölkədə, əslində, işsiz əhalinin əksəriyyətini xanımlar təşkil edir. Statistik məlumatların bu gün əks göstərici sərgiləməsi onunla bağlıdır ki, kişilərin böyük əksəriyyəti ailə başçısıdır və bu ailəni dolandırmaqdan ötrü normal pul qazanmalıdır. Rəsmi iş yerlərində də normal əməkhaqqı vermirlər. Ona görə də həmin kişilər qeyri-rəsmi işlərdə işləyirlər. Qadınlar rəsmi işlərdə daha çox çalışırlar. Onlar ailədə ikinci dərəcəli gəlir gətirən üzv sayılırlar. Ona görə də qadınlar az maaş verilən rəsmi işlə qane olurlar”.

    Onun sözlərinə görə, qadınların statsitikada məşğulluğu daha çoxdur:

    “Kişilər daha çox əməkhaqqı verilən qeyri-rəsmi işlərdə işləyirlər. Bunlar qeyri-leqal məşğulluq seqmentinə aiddirlər. Ona görə də realda kişilərin böyük əksəriyyətinin məşğul olmasına baxmayaraq statsitikada görünür ki, guya qadınların çoxu məşğuldur, kişilər daha az məşğuldr. Yəni rəsmən belədir, qeyri-rəsmi mənzərə tamamilə fərqlidir”.

  • İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür

    İlin birinci rübündə “Ziraat Bank Azərbaycan”nın cəmi kapitalı 4398,69 min manat azalaraq 137934,50 min manatdan 133535,81 min manata düşüb.

    Teleqraf xəbər verir ki, 2025-ci ilin birinci rübünün göstəriciləri belə deməyə əsas verir ki, il “Ziraat Bank Azərbaycan” üçün xoş başlamayıb.Bankın faiz gəlirləri, aktivləri, eləcə də öhdəlikləri azalıb.Əvəzində faiz xərcləri artıb, vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisi artıb.

    Aprelin 1-nə “Ziraat Bank Azərbaycan” banklardakı depozitlərdən 1 milyon 317min manat faiz gəlirləri əldə edib. Ötən ilin birinci rübündə bu rəqəm 2 milyon 379 min manat olub.

    İlin birinci rübündə bankın xalis faiz gəlirləri 7 milyon 519 min manat olub. Hansı ki, ötən ilin eyni dövründə bu rəqəm 7 milyon 942 min manat idi. Beləliklə bankın əməliyyat mənfəəti azalaraq ötən ilin eyni dpvründəki 6 milyon 371 min manatdan 6 milyon 80min manata düşüb.

    Diqqət çəkən, bankın mənfəətinin ilin birinci rübünündə aşağı düşməsi olub. Ötən ilin birinci rübündə 4 milyon 349 min manat mənfəət əldə edən “Ziraat Bank Azərbaycan” bu ilin eyni dövründə cəmi 3 milyon 572 min manat qazanıb.

    Kreditlərdən asılıb qalan aktivlər

    Bankın cəmi aktivləri bu ilin yanvarın 1-nə olan 921 milyon 125 min manatdan aprelin birinə 909 milyon 242 min manata düşüb. Aktivlərin azalmasına maliyyə qurumunun başqa banklardakı müxbir hesablarının, banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlərinin, eləcə də qiymətli kağızlara yatırımlarının, Mərkəzi Bankdakı müxbir hesabının, nağd vəsaitlərinin (banknotlar və sikkələr, yolda, bankomatlarda və mübadilə şöbələrində olan nağd vəsaitlər daxil olmaqla) azalması səbəb olub. Bank hesabat dövründə aktiv portfelini müştərilərə verilən kreditlərlə qoruyub saxlayıb.

    İş adamları və əhali bankdan pulunu geri çəkib

    “Ziraat Bank Azərbaycan”nın öhdəlikləri də azalıb. Öhdəliklər 2025-ci ilin yanvarın 1-nə 787 milyon 589 min manatdan 771 milyon 307 min manata düşüb. Bunda əsasən əhalinin banka yatırdığı vəsaitlər mühüm rol oynayıb. Belə ki, bankda fiziki və hüquqi şəxslərin tələbli depozitləri kəskin azalıb. Fiziki şəxslərin bankdakı tələbli depozitləri ilin əvvəlində olan 32 milyon 480 min manatdan 30 milyon 16 min manata düşüb. Hüquqi şəxslərin tələbli depozitləri isə (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) ilin əvvəlinə olan 255 milyon 494 min manatdan aprelin birinə 179 milyon 386 min manata düşüb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 277 milyon 679 min manatdan 262 milyon 756 min manata enib. Beləliklə, 2024-cü ilin sonunda 565 milyon 654 min manat depozit portfeli olan bankın hesabındakı əhalinin pulları 472 milyon 158 min manata düşüb.

    Özəl təsərrüfatlara verilən borcların yaratdığı maliyyə problemləri

    Məlum olduğu “Ziraat Bank Azərbaycan” əsasən biznes kreditləri ilə, daha dəqiq ifadə etsək özəl təsərüffat cəmiyyətlərinə verdiyi borclarla məşhurdur. Son 1 ildə Bankın kredit portfeli 54,8 % böyüyüb. Bankın 574 milyon 720 min manatlıq kredit portfelinin 532 milyon 107 min manatını biznes kreditləri təşkil edir. Həmin kreditlərin 52 milyon 854 min manatının vaxtı keçib. Bu da kredit portfelinin 9,93 faizinə bərabərdir. Yeri gəlmişkən, bankda vaxtı keçmiş kreditlərin ümumi həcmi 54 milyon 344 min manatdır. Bunun 52 milyon manatını biznes sektoruna verilən vəsaitlərin payına düşməsi maliyyə qurumu üçün əhəmiyyətli itki deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə biznes kreditləri üzrə vaxtı keçmiş kreditlərin həcmi 24 milyon 166 min manat olub. Portfelin 6,78 faizi həcmində.

    Onu da bildirək bankın 532 milyon 107 min manatlıq biznes kreditləri portfelinin cəmi 274 milyon 408 min manatı təminatsızdır. İş adamlarına verilən kreditlərin əsas təminatçısı kimi onların əmlakları çıxış edir. Məlumatlara görə, “Ziraat Bank Azərbaycan”nın sərəncamında biznes subyektlərindən müsadirə etdiyi, sata bilmədiyi əmlakların sayı-hesabı yoxdur.

    Gecikmələr sayəsində proqnozlaşdırdığı gəlirlərdən məhrum olan, depozit portfeli kiçilən “Ziraat Bank Azərbaycan” biznes subyektlərindən müsadirə etdiyi bu əmlakları mütəmadi olaraq dəyərindən iki dəfə ucuz satışa çıxarır.

    Maliyyə hesabatları göstərir ki, hazırda bankda 3 milyon 527 min manat təhlükəli kredit, 10 milyon 741 min manat ümidsiz kredit var. Onu da bildirək ki, “Ziraat Bank Azərbaycan” minimal kredit faizi ən yüksək müəyyən edən banklardan biridir. Bankda kredit faizləri minimum 17 %-dən başlayır. 1 %-lik komissiya haqqı da əlavə olunsa, bu müştərilərin minimal kredit xərci 18 % təşkil edir. Bank 36 aya 25 min manatadək kredit təklif edir.

    Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98 %-i “Ziraat Bank”a (Türkiyə), 0,01 % – “Ziraat Texnoloji Şirkəti”nə, 0,01 %-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.