Category: İqtisadiyyat

  • Çindən Azərbaycana elektromobil ixracında kəskin azalma

    2025-ci ilin ilk dörd ayında Çindən Azərbaycana göndərilən elektromobillərin sayı və dəyəri əhəmiyyətli dərəcədə azalıb.

    Median.Az Dövlət Statistika Komitəsiniə istinadən xəbər verir ki, bu dövrdə 279 ədəd elektromobil, ümumilikdə 7,6 milyon dollar dəyərində ixrac edilib.

    Bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə say baxımından 3 dəfə, dəyər baxımından isə 4,3 dəfə azalma deməkdir.

  • Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb

    Bu ilin yanvar-may aylarında Azərbaycan 228 min 518 ton meyvə-tərəvəz idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə meyvə-tərəvəzin dəyəri 165 milyon 347 min ABŞ dolları təşkil edib.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 16 min 650 ton (7,8 %), dəyər baxımından isə 21 milyon 69 min ABŞ dolları (14,6 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,7 %-ni təşkil edib.

    Bundan başqa, 5 ay ərzində Azərbaycan 299 milyon 282 min ABŞ dolları dəyərində 291 min 393 ton meyvə-tərəvəz ixrac edib. Bunlar, 2024-cü ilin eyni dövrünə nisbətən həcm baxımından 60 min 506 ton (26,2 %), dəyər baxımından isə 48 milyon 30 min ABŞ dolları (19,1 %) çoxdur.

    Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 23,1 %-ni təşkil edib.

  • “Fitch”: Azərbaycan neft və qaz hasilatında sabit həcmləri qoruyub saxlayacaq

    Azərbaycanda neft hasilatı 2025-ci ildə gündəlik 576 min barel, 2026-cı ildə isə 571 min barel səviyyəsində proqnozlaşdırılır.

    Median.Az bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

    Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan hökuməti əsas prioritetlərdən biri kimi Azəri–Çıraq–Günəşli (AÇG) yatağında hasilatın sabitləşdirilməsinə üstünlük verir. Yaxın perspektivdə bu yataqdan gündəlik təxminən 340 min barel neft hasil olunacağı gözlənilir.

    Təbii qazla bağlı proqnozlara gəldikdə isə, “Fitch Ratings” hesab edir ki, 2025-ci ildə Azərbaycanda qaz hasilatı 50,3 milyard kubmetrə çatacaq. Bu artıma AÇG yatağında dərin qaz (deep gas) layihəsi çərçivəsində hasilatın başlanması təkan verəcək. 2026-cı ildə isə bu göstəricinin bir qədər azalaraq 49 milyard kubmetr olacağı gözlənilir.

    Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar–may aylarında Azərbaycanda ümumilikdə 20 milyard 910,8 milyon kubmetr təbii qaz hasil edilib. Bunun 16 milyard 192,8 milyon kubmetri əmtəəlik qaz olub.

    Eyni dövrdə qaz kondensatı da daxil olmaqla neft hasilatı 11 milyon 438,3 min ton təşkil edib ki, bunun da 11 milyon 411,4 min tonu əmtəəlik neftin payına düşür.

    Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

    AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.

  • “Fitch” Azərbaycan manatının növbəti 5 ildə sabit qalacağını gözləyir

    “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı ən azı 2030-cu ilin sonuna qədər 1,7 manat səviyyəsində saxlanılacaq.

    Median.Az “Fitch”ə istinadən xəbər verir ki, hakimiyyətin ortamüddətli perspektivdə valyuta çevikliyinin tədricən artırılması ilə bağlı planları elan etməsinə baxmayaraq, sabit məzənnənin saxlanılması əsas siyasi prioritetlərdən biri hesab olunur.

    Agentlik qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı bank sistemində struktur likvidlik artıqlığının idarə edilməsi alətlərini inkişaf etdirməyə davam edir, həmçinin pul-kredit siyasətinin transmissiya mexanizminin səmərəliliyini gücləndirir.

    “Buna baxmayaraq, monetar qərarların iqtisadiyyata təsiri məhdud olaraq qalır”, – “Fitch” analitikləri vurğulayırlar. Onlar məhdudlaşdırıcı amillər arasında daxili pul bazarlarının yetərincə inkişaf etməməsini, bank sektorunda yüksək likvidliyi, həmçinin dollarlaşmanın əhəmiyyətli səviyyəsini qeyd edirlər. 2025-ci ilin aprel ayına depozitlərin 40 %-ə qədəri azalma tendensiyasına baxmayaraq, xarici valyutada ifadə olunur”, – agentlik vurğulayır.

    Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və makroiqtisadi vəziyyəti sabitləşdirmək məqsədilə 2017-ci ildə milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.

    Qeyd edək ki, “Fitch” ilə yanaşı, Niderlandın “ING Group”u və Asiya İnkişaf Bankının analitikləri də manatın dollara bağlılığının 2026-cı ilə qədər saxlanılacağını gözləyirlər. Öz növbəsində, Azərbaycan İqtisadiyyat Nazirliyi və “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi mövcud sabit məzənnə rejiminin ən azı 2028-ci ilin sonuna qədər saxlanılacağını proqnozlaşdırır.

  • “Fitch”: Azərbaycan iqtisadiyyatı yaxın beş ildə orta hesabla 2,5 % artacaq

    Azərbaycan iqtisadiyyatının 2025-2030-cu illərdə orta illik artımı 2,66 % təşkil edəcək.

    Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

    Proqnozlara görə, 2025-ci ildə ölkə iqtisadiyyatı 3,5 %, 2026-cı ildə isə 2,5 % artacaq. Növbəti illərdə (2027-2030-cu illər) Azərbaycanda ÜDM-in artım tempi ildə orta hesabla 2,5 % təşkil edəcək.

    Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artım tempini 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə isə 3,6 % səviyyəsində proqnozlaşdırır.

    Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Moody’s” isə ildə 2,5 % artım gözləyir.

    Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 3 % və 2,5 %, Asiya İnkişaf Bankı 3,4 % və 3,3 %, Niderlandın “ING Group”u 2 % və 2,5 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, 2027-ci ildə 2,3 % səviyyəsində artım proqnozlaşdırır.
    //report

  • Azərbaycan banklarının xalis xarici aktivləri 18 %-dən çox artıb

    Bu ilin iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 29 milyard 791,2 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3 %, ilin əvvəli ilə müqayisədə 12 %, ötən ilin iyunun 1-nə nisbətən isə 18,4 % çoxdur.

    Hesabat tarixinə bankların xalis daxili aktivləri 18 milyard 514,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,3 % çox, ilin əvvəli ilə müqayisədə 6,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 5,9 % azdır.

    Azərbaycanda 22 bank fəaliyyət göstərir.

  • Banklarda nağd pul çatışmazlığı yaranıb?

    Bu ilin may ayında Mərkəzi Bank tərəfindən keçirilən repo hərracları üzrə cəlb olunan vəsaitin həcmi 1 milyard 700 milyon manat təşkil edib.

    Yeniavaz.com xəbər verir ki, bu göstərici son illərdə qeydə alınan rekord göstərici olub.

    Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə repo hərracında 113 dəfə artım olub.

    Qeyd edək ki, repo hərracı Mərkəzi Bankla banklar arasında bağlanan bir növ “qısamüddətli borc müqaviləsidir”. Bankların müəyyən vaxt üçün pula ehtiyacı olanda, onlar Mərkəzi Bankdan vəsait alır, qarşılığında isə özlərində olan qiymətli kağızları girov qoyurlar. Müəyyən müddətdən sonra isə həmin pulu geri qaytarır və əlavə olaraq müəyyən faiz ödəyirlər.

    May ayında bir həftəlik “borc”un faiz dərəcəsi 7,22% olub. Bu isə onu göstərir ki, banklar pul əldə etmək üçün yüksək faizlə razılaşmağa məcbur olublar. Bu da öz növbəsində bankların nağd pula – yəni likvidliyə ehtiyacının artdığını göstərir.

  • Azərbaycanda mədəniyyət xidmətinə görə ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq

    Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın stimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyət sektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiq olunacaq.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, iyulun 1-dən iziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 %-ni geri ala biləcəklər.

    Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan “ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydada həyata keçiriləcək. İstehlakçılar bu xidmətlər üzrə ödədikləri nağdsız məbləğlərə dair əldə etdikləri kassa çekləri əsasında ƏDV-nin yarısını geri ala biləcəklər.

    Həmin dəyişikliklər Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilmiş əlavələr əsasında cari ilin əvvəlində təsdiq olunub. Yeni mexanizm mədəniyyət xidmətlərinə çıxış imkanlarını artırmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün rəqabət qabiliyyətinin və şəffaflığın yüksəldilməsinə təkan verəcək. Eyni zamanda, əlavə investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mədəniyyət sektorunun daha dayanıqlı inkişafı da əsas hədəflər sırasındadır.

    “ƏDV geri al” mexanizminin bu sektora da şamil olunması əhalinin mədəniyyət xidmətlərinə marağının artmasına, uzunmüddətli dövrdə isə qiymətlərin tənzimlənməsi və bazarda sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərəcək.

  • Gecikdirilmiş 137 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar-may ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 137 176 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

    Bu barədə “Report”a ƏƏSMN-dən məlumat verilib.

    Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

    Bu vəsaitin 90 faizə qədəri əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

    Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 37 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

    Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

  • Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? – VİDEO

    İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana ərzaq məhsulları gətirilmir.

    Bu barədə sahibkar Elgün Məmmədli İTV-yə danışıb.

    “Biz İrandan yağ, pendir, xurma, düyü, şokoladlar alırıq. İndi yollar bağlıdır deyə məhsullar gəlmir və qiymətlərdə də artım var. Hazırda kimin əlində nə varsa, onu satır. Bir həftədir ki, yollar bağlıdır, mal ala bilmirik. Ən çox tələbat İran yağlarınadır. Əlimizdə isə az yağ qalıb”, – deyə, sahibkar bildirib.

    Satıcıların sözlərinə görə, İrandan yeni məhsullar gəlməsə, qiymət artımı qaçılmazdır. Ən çox artım düyü, yağ və xurma kimi məhsullarda gözlənilir.

    Digər sahibkar Bahal Bayramov da müharibə səbəbilə məhsul gəlmədiyini söyləyib: “Həm də özləri də mal satmırlar. Deyirlər ki, özümüz üçün saxlayırıq. Bu da bizim bazara təsir edir. Ən ucuz bazar İranındır. Biz ucuzluğa görə işləyirik, baha olsa, işləyə bilmərik. Belə getsə, 10 günə heç İran məhsulu tapılmayacaq”.

    Ekspertlər isə deyir ki, Yaxın Şərqdəki gərginlik İranın logistika imkanlarını və xarici ticarətini çətinləşdirə bilər.

    Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, müharibənin davam etməsi, miqyasının genişləndirilməsi İrandan Azərbaycana gətirilən məhsulların həcminin azalmasına gətirib çıxaracaq: “Hətta müharibə daha da dərinləşərsə, praktiki olaraq İrandan Azərbaycana məhsul idxalının dayanmasına səbəb ola bilər. Bu halda logistik olaraq həmin məhsulları gətirmək mümkün olmayacaq. O baxımdan bizim ticarət dövriyyəmiz, eyni zamanda İrandan idxalın həyata keçirilməsi müharibənin hansı müddəti əhatə etməsindən və miqyasından aslı olacaq”.