Category: İqtisadiyyat

  • Sökülən binalarda evlərin qiymətləndirilməsi prosesi necə olmalıdır? – Ekspert

    Son günlər Bakının bəzi rayonlarında böyük söküntü işlərinin başlanılması ilə bağlı məlumatlar yayılır. İstismara yararsız binaların sökülməsi və yerində tikiləcək yeni binaların layihə-smeta sənədlərinin belə hazır olduğu deyilir. Lakin bu işlərin gecikməsinə səbəb olan bir sıra faktorlar var ki, onlardan da ən başlıcası həmin binalarda yaşayan vətəndaşlara təklif edilən kompensasiyanın azlığıdır.

    Sakinlər şirkətlərin onlara təqdim etdiyi pul ilə razılaşmır. Bir qisim sakin isə ya yaşadığı evin yerində tikiləcək binada mənzil tələb etsələr də, istəklərinə nail ola bilmirlər.

    Bəs, sökülən binalarda evlərin qiymətləndirilməsi prosesi necə olmalıdır?

    Əmlak eksperti Elnur Azadov Qaynarinfo-ya açıqlamasında söküntü işlərinin iki istiqamətdə aparıldığını diqqətə çatdırıb:

    “Söküntü dövlət sifarişidir, yoxsa özəldir, öncə bunu bilmək lazımdır. Dövlət sifarişi ilə baş verəndə nəsə etmək mümkün deyil. Çünki söhbət dövlət əhəmiyyətli işlərdən gedir. Amma yenə də vətəndaşlar qiymətləndirmə şirkətlərini prosesə cəlb edə bilərlər. Ümumiyyətlə, fərqi yoxdur, hər iki halda evi sökülən vətəndaş qiymətləndirmə şirkətlərini prosesə cəlb edə bilər. Onlar dəvət etdikləri müstəqil qiymətləndirmə şirkətlərindən rəy alıb aidiyyəti dövlət, yaxud da özəl qurumlara təqdim edərək aparılan qiymətləndirməni mənzilləri ilə uyğunlaşıb-uyğunlaşmadığını yoxlaya bilərlər”.

    Elnur Azadov vətəndaşların nəzərinə onların mülkiyyətinin toxunulmaz olduğunu xatırladıb:

    “İstər dövlət, istərsə də özəl olsun, əsas odur ki, vətəndaşın hüquqları təmin olunmalıdır”.

  • Azərbaycana buğda idxalı 55 %-dən çox artıb

    Bu ilin yanvar-may aylarında Azərbaycana 510 min 430 ton buğda idxal edilib.

    Median.Az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 110 milyon 435 min ABŞ dolları təşkil edib.

    Bu, həcm baxımından 2024-cü ilin eyni dövrü ilə müqayisədə 181 min 888 ton (55,3 %), dəyər baxımından isə 37 milyon 759 min ABŞ dolları (51,9 %) çoxdur.

    Buğda idxalı Azərbaycanın ümumi idxalının 1,1 %-ini təşkil edib.

  • Azərbaycan I rübdə xalis maliyyə aktivlərini 1 milyard dollardan çox artırıb

    Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 179,6 milyon ABŞ dolları artıb. Halbuki, ötən ilin eyni dövründə xalis maliyyə aktivləri 463,9 milyon ABŞ dolları azalmışdı.

    Median.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

    Rüblük artım xaricə yönəldilmiş birbaşa investisiyaların 144,1 milyon ABŞ dolları azalması (1 il əvvələ nisbətən 12,1 dəfə çox), portfel investisiyalarının 629,2 milyon ABŞ dolları artması (143 dəfə çox), digər investisiyaların isə 694,5 milyon ABŞ dolları artması (1 il əvvəl azalıb) hesabına baş tutub.

  • Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,79 ABŞ dolları, yaxud 5 % artaraq 79,58 ABŞ dolları təşkil edib.

    Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 77,47 ABŞ dolları təşkil edib.
    Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,79 ABŞ dolları və ya 5,09 % artaraq 78,25 ABŞ dolları təşkil edib.
    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

  • Məşhur tikinti şirkətinin milyonlarla borcu var

    Qalmaqallı tikinti şirkəti olan “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənovun dövlətə milyonlarla vergi borcu yaranıb.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 3.784.124,21 AZN vergi borcu var.

    Nizamnamə kapitalı 40 manat olan şirkətin qanuni təmsilçisi İxtiyar Həsənov Zakir oğludur.

    Qeyd edək ki, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənovun adı Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləziz ilə hallanırdı. Həmin cinayət işində 2022-ci ildə vəfat edən Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçib. A. Qazıyev iş adamı ilə Əziz Əbdüləzizi tanış edib. Təqsirləndirilən şəxs tender udmaq, xaricdən plastik borularıb alıb gətirmək adı ilə İxtiyar Həsənovdan 300 min manat məbləğində pul alaraq mənimsəmişdi.

  • Azərbaycandan Çinə fındıq və badam ixracı üçün tədbirlər görülür

    Azərbaycandan Çin Xalq Respublikasına fındıq və badam məhsullarının ixracı üçün intensiv tədbirlər həyata keçirilir.

    Bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər aparılır.

    Eyni zamanda, Çinə fındıq və badam məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlarla görüşlər keçirilib və idxal tələbləri barədə ətraflı məlumatlar verilib.

  • Azərbaycanda adambaşına düşən nominal gəlir 3 333 manata çatıb

    Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 34 milyard 104 milyon manat təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.9% çoxdur.

    Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6.4% artaraq 3 333 manata çatıb.

  • Pensiyadan vaxtından əvvəl istifadə imkanı: Özəl fondların xüsusiyyətləri

    “Əmək qanunvericiliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan bir qismi Əmək Məcəlləsinə dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur. Digər profil qurumlar ilə razılaşdırılma mərhələsində olan qanun layihələrindən biri də qeyri-dövlət (özəl) pensiya fondları ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb”.

    Bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.

    O, özəl pensiya fondlarının yaradılmasının vətəndaşlara nə qazandıracağını açıqlayıb:

    “Əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsinlər. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi.

    Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq 300 manat almaq imkanı qazanacaq. Bu nümunədə, vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq.

    Özəl pensiya fondlarının digər səciyyəvi xüsusiyyəti həmin fondda yığılan pensiya kapitalından daha tez istifadə imkanıdır. Əksər dövlətlərdə özəl fondlarda yığılan kapitaldan pensiya yaşından əvvəl istifadə imkanları var. Digər tərəfdən, xarici təcrübə göstərir ki, bu zaman özəl fondda yığılan vəsaitin aylıq və ya hissə-hissə götürülməsi də mümkün olur. Bu kontekstdən, belə fondlar həm pensiya kapitalından daha tez istifadəyə, həm ödəniş qrafikinin qarşılıqlı razılaşdırılmasına imkan verir”.

    “Bunlarla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondları yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarəedilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanmasına ehtiyac var. Bu isə praktikada daha təkmil mexanizmin hazırlanıb təqdim edilməsini aktuallaşdırır”, – deputat vurğulayıb.

  • Azərbaycan neftinin qiyməti 75 dollara enib

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1.85 ABŞ dolları və ya 2.38% azalaraq 75.79 ABŞ dollarına bərabər olub..

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti isə 77.64 ABŞ dolları təşkil edib.

  • Saatlıda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək

    Bu il Saatlı rayonunda pambıqçılıq üzrə beynəlxalq forum keçiriləcək.

    Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

    Onun sözlərinə görə, forumda Azərbaycana dost olan və pambıqçılıq sahəsində zəngin təcrübəyə malik ölkələr – Pakistan, Türkiyə və Özbəkistandan nümayəndələr iştirak edəcəklər. Həmin ölkələrdən dəvət olunacaq kənd təsərrüfatı mütəxəssisləri pambıqçılıq sahəsindəki qlobal tendensiyalar, davamlılıq prinsipləri, suvarma texnologiyaları və ixrac strategiyaları barədə fikir mübadiləsi aparacaqlar.

    O qeyd edib ki, forum Saatlıda təşkil ediləcək pambıqçılıq üzrə festival çərçivəsində təşkil ediləcək: “Azərbaycanın kənd təsərrüfatı sahəsində xarici bazarlara çıxarılan əsas məhsullardan biri pambıq mahlıcıdır: “Bu sahədə ölkənin ən qabaqcıl bölgələrindən biri Saatlı rayonudur. Burada həm əkilən pambıq sahələrinin həcminə, həm də məhsuldarlığa görə yüksək göstəricilər qeydə alınır”.

    “Festival Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək və pambıqçılıq sahəsində yalnız məhsul istehsalının deyil, həmçinin emal prosesi, dəyər zənciri üzrə mərhələlər, müasir texnologiyalar, sənaye inteqrasiyası, və ixrac imkanları kimi mövzulara xüsusi diqqət yetiriləcək. Beləliklə, tədbir təkcə kənd təsərrüfatı yarmarkası deyil, eyni zamanda bilik, təcrübə və texnoloji əməkdaşlıq platforması rolunu oynayacaq”,-deyə o qeyd edib.