Category: İqtisadiyyat

  • Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

    İyunun 12-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,5 manat civarında dəyişib.

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, mayın 26-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib.

    Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.

  • Neftin qiyməti 130 dollara qədər arta bilər

    İranın Hörmüz boğazını bağlamaqla hədələməsi neftin bir barelinin qiymətinin 130 dollara qədər artması ilə nəticələnə bilər.

    Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

    Bildirilir ki, Tehran bu addımı İsrailin ardıcıl hərbi hücumlarına cavab olaraq nəzərdən keçirir.

    İran parlamentinin üzvü İsmayıl Kousəri də təsdiqləyib ki, boğazın bağlanması məsələsi hazırda ölkə rəhbərliyi səviyyəsində müzakirə olunur.

    Xatırladaq ki, qlobal neft tədarükünün 20%-i, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ixracatının isə 80%-i məhz Hörmüz boğazından keçir.

    Ekspertlər xəbərdarlıq edirlər ki, bu marşrutun hətta qısamüddətli bağlanması belə bazarlarda ciddi şok effekti yaradacaq.

    Məqalədə bildirilir ki, münaqişənin iqtisadi təsiri onun nə qədər davam edəcəyindən və hansı miqyasda genişlənəcəyindən asılı olacaq.

    “Əgər hərbi əməliyyatlar yaxın iki həftə ərzində başa çatsa, iqtisadi təsirlər məhdud ola bilər. Lakin qarşıdurma uzunmüddətli və dərinləşən xarakter alarsa, bu, qlobal enerji böhranı və qiymət artımı ilə nəticələnə bilər”, – deyə qəzet yazır.

  • Maliyyə Nazirliyində yeni təyinat

    Maliyyə Nazirliyinin “Məlumat Hesablama Mərkəzi” MMC-nin rəhbəri dəyişib.

    “Report” xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə edilib.

    Məlumata görə, o, bu vəzifədə Elnur İbrahimovu əvəzləyib.

    Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6 min manatdır.

  • Azərbaycan neftinin qiyməti 77 dolları ötdü

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.

    Azərbaycan neftinin bir barelinin qiyməti 4.19 ABŞ dolları, yaxud 5.7% artaraq 77.64 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti isə 73.45 ABŞ dolları təşkil edib.

  • Bu rayonda xəstəxana tikilir – Layihəsi 597 minə hazırlanacaq

    Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

    Bu barədə İqtisadiyyat.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, tibb müəssisəsinin layihə-smeta sənədlərini “İBA GROUP” MMC hazırlayacaq. Bununla bağlı nazirlik şirkətlə 597.200 manat dəyərində müqavilə bağlayıb.

  • Azərbaycanda 5 ayda orta illik inflyasiya 6 % olub

    Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 %, qeyri-qida məhsulları üzrə 2,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,3 % artıb.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bu ilin may ayında istehlak qiymətləri 2024-cü ilin eyni ayına nisbətən 6,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 7,8 %, qeyri-qida məhsulları üzrə 2,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,3 % artıb.

    Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 % azalıb. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 % azalıb.

    Mayda ayrı-ayrı qida məhsullarından daha çox artım mal ətinin, kolbasa məmulatlarının, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, kivinin, ağ kələmin, brokkolinin, süfrə çuğundurunun, təbii balın, qəhvənin, kakaonun, azalma isə yumurtanın, bananın, çiyələyin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,2 % artıb. Qeyri-qida mallarından daha çox artım yay geyimlərinin, sementin, məişət cihazlarının, azalma isə kəsilmiş taxtanın, kərpicin və planşet kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Mayda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri isə aprelə nisbətən 0,2 % artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən tibbi xidmətlərin, restoran və kafelərin göstərdiyi iaşə xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9.2% artaraq 1 100.6 manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.

    Bu il mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 771.7 min nəfər olub, onlardan 876.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 18.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.5 faizi təhsil, 13.7 faizi sənaye, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.6 faizi tikinti, 6.3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 14.9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

  • Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir

    Gömrük borcunun ödənilməsi qaydalarına dəyişiklik edilir.

    Sözügedən məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Sənədə əsasən, gömrük borcu hesablanmış gömrük ödənişləri üzrə borclu olan və ya gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilə biləcək.

    Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yarana biləcək gömrük ödənişləri sahibkarlıq subyekti olmayan fiziki şəxs, habelə gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə edilməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödəniləcək.

    Qüvvədə olan qanunvericiliyə əsasən, gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər.

    Qanun layihəsi gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır.

    Məcəlləyə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Həmçinin bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir.

    Belə olduğu halda məcəllənin “gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər” müddəasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Normaların qarşılıqlı təhlilindən də göründüyü kimi gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən ödənilməsi, bəyannaməçinin gömrük ödənişlərini ödəmək vəzifəsini istisna etmir, başqa sözlə, bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxsdir.

    Gömrük bəyannaməsinin təsdiqi nəticəsində bəyan edən şəxsin üzərinə gömrük ödənişlərinin ödənilməsi öhdəliyinin qoyulduğunu, bu ödənişin ödənilmədiyi təqdirdə gömrük borcunun yarandığını, habelə beynəlxalq təcrübədə də hüquqi tənzimlənmənin “istənilən maraqlı şəxs” kimi qeyri-müəyyən deyil, “məsul olan istənilən şəxs” kimi məsuliyyəti özündə ehtiva edən ifadə ilə aparıldığını nəzərə alaraq, məcəllədə müvafiq dəyişikliklərin edilməsi zəruridir.

    Beləliklə, qanun layihəsi gömrük borcunun istənilən maraqlı şəxs tərəfindən deyil, hesablanmış gömrük ödənişləri üzrə borclu olan şəxs tərəfindən və ya bu məcəllədə nəzərdə tutulmuş üsullardan (girov, bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi, avans ödəmələr) istifadə etməklə təminat verildikdə həmin təminat üzrə öhdəlik daşıyan şəxslər tərəfindən ödənilməsini nəzərdə tutur.

    Eyni qaydanın fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi ilə əlaqədar yaranacaq gömrük ödənişlərinin ödənilməsinə də şamil olunması təklif olunur.

    Qanun layihəsi ilə gömrük orqanları tərəfindən hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun borclu şəxs tərəfindən ödənilməsi prosesi tənzimlənəcək, şəxslərin gömrük və vergi qanunvericiliyinə riayət etməsi təmin ediləcək.
    //oxu.az

  • AQTA-nın “rədd etdiyi” məşhur broyler şirkəti satışa çıxarıldı – MƏBLƏĞ

    Zaqatala rayonunun Maqov kəndində “Zaqatala Broyler” MMC-nin quşçuluq fabriki satışa çıxarılıb.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müəssisənin satışa çıxarılmasının səbəbi açıqlanmayıb. Fabrik sahibi tərəfindən alıcılara 2 milyon 700 min manata təklif olunur.

    Satışa çıxarılan 100 min baş tutumu olan toyuq istehsalı fabrikinin ərazisi 3 hektardır və obyektdə 4 ədəd 23-25 min başlıq cücə yetişdirmə korpusu, dəyirman və yem hazırlama sexləri, avtomatik kəsim xətti, şoklama və soyuducu kameralar, 2 ədəd 12 m-lik dondurucu konteynerlər, apilka və qranul yem istehsalı sexi ,eləcə də hazır malın satış nöqtələrinə çatdırılması məqsədilə 3 ədəd soyuducu avtomobillər və traktor və kamaz kimi digər yük avtomobilləri vardır.

    Qeyd edək ki, “Zaqatala Broyler” MMC-nin illik istehsal gücü 500 ton olan quş əti istehsalı müəssisəsi 2011-2012-ci illərdə inşa edilərək istifadəyə verilib. Bu emal müəssisəsi o zamankı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit hesabına tikilib. 2011-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi isə Məmmədov Məhəmməd Nadir oğludur.

    2021-ci ildə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) tərəfindən “Zaqatala Broyler” MMC-nin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

  • Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir

    Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.

    Bununla bağlı Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi təklif edilir.

    Müvafiq qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

    İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evləri və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 7 aprel 2022-ci il tarixli fərmanı ilə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş, bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi təsbit edilib.

    Adıçəkilən fərman çərçivəsində səlahiyyətli orqanların tikintiyə və tikintinin istismarına icazə sənədləri təqdim etməsi, bu sənədlər əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, zərurət olduğu halda ölçmə plan işlərinin görülməsi, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması, yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması və ayrılan torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsi və sair məsələlər tənzimlənib.

    Təklif olunan qanun layihəsi təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanıb. Bu baxımdan 7 normativ hüquqi akta onların tənzimləmə predmetinə uyğun olaraq aşağıdakı dəyişikliklər təklif olunur:

    Torpaq Məcəlləsi üzrə:

    – təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsinin müəyyən edilməsi, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüqiqi prosedurunun yaradılması, eləcə də yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq sahələrinin ayrılmasının tənzimlənməsi;

    – yeni yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılması;

    – torpaq sahəsinin ayrılması mümkün olmadıqda məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin dəyərinin mülkiyyətçiyə ödənilməklə rekvizisiya qaydasında alınması.

    Torpaq Məcəlləsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlar üzrə:

    – məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsinin hüquqi bazasının yaradılması;

    – məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması.

    Mülki Məcəllə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun üzrə:

    – daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasına qeyd olunan yaşayış evləri və çoxmənzilli yaşayış binalarının mənzillərinin daxil edilməsi və bunun üçün tələb olunan sənədlərin müəyyən edilməsi.

    Mənzil Məcəlləsi üzrə:

    – yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisinin aparılması barədə qərarın icbari sığortası olan yaşayış sahələrinə münasibətdə qəbul edilməsinin mümkünlüyü.

    Şəhərsalma və Tikinti Məcəlləsi üzrə:

    – məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti prosedurlarının sadələşdirilməsi.