Category: İqtisadiyyat

  • Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,35 ABŞ dolları, yaxud 2,03 % artaraq 67,78 ABŞ dolları təşkil edib.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,51 ABŞ dolları təşkil edib.

    Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,38 ABŞ dolları və ya 2,11 % artaraq 66,53 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

  • Bu şəxslərin maaşı 1300 manatı ötdü – RƏSMİ

    2025-ci ilin yanvar-fevral aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 1303,2 manat təşkil edib.

    Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1043,6 manat təşkil edib.

  • Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

    “Azərbaycan vətəndaşlarının eyni anda iki əmək pensiyası alması mümkün deyil. Əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, şəxs yalnız bir növ əmək pensiyası ala bilər”.

    Bu fikirləri hüquqşünas Turan Abdullazadə səsləndirib.
    “Əgər vətəndaş bir neçə pensiya növünə, məsələn, yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə təqaüd hüququ qazanarsa, onlardan yalnız birini seçə bilər. Adətən daha yüksək məbləğli pensiya növü seçimdə üstünlük təşkil edir”.

    Vəkil qeyd edib ki, “əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə yalnız bir növ əmək pensiyası təyin edilir və bu, onların istəyinə uyğun seçilir.

    “Bununla yanaşı, bəzi istisnalar da mövcuddur. Müharibə əlilləri, şəhid ailələrinin üzvləri, birinci dərəcəli əlilliyi olan şəxslər həm əmək pensiyası, həm də sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin oluna bilərlər”.

    //konkret.az

  • Laçında bu şəxslər 1000 manata yaxın maaş alır

    Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1 000 manata yaxın əməkhaqqı alır.

    Bunu Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib.

    O qeyd edib ki, Laçında 53 hektar ərazidə sənaye parkı yaradılıb və ötən gün Azərbaycan Prezidenti İlham Əliyev iki müəssisənin açılışını edib, həmin müəssisələrdə əməkhaqqı azı 800-1000 manatdır:

    “Qısa zamanda işğaldan azad olunan ərazilərdə 3 hava limanının, sənaye parkının formalaşması, yeni iş yerlərinin açılması və bunların təchiz olunmasının sözlə izahı yoxdur. Nəqliyyatla təmin olunmada dövlət qurumlarından dəstək görürük, həmçinin sahibkarlar da dəstək olurlar. Laçının ən gözəl yerlərinin birində hotel tikilir. Qısa müddətdə Laçının belə işıqlanması, məskunlaşmanın təmin olunması, iqtisadi həyatının bərpası çox mühüm amildir”.//Report

  • Azərbaycanda nağdsız ödənişlərin məbləği apreldə 50 % artıb

    Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artaraq – 9 milyard 301 milyon manat təşkil edib.

    Bunun 8 milyard 71 milyon manatı (86,8 %-i) elektron ticarətin payına düşüb.

    Ödənişlərin 1 224 milyon manatı POS-terminallar, 4,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

    Ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,1 %-ni təşkil edib.

    Bu il mayın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 675 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 % çox, ilin əvvəli ilə müqayisədə 3,9 %, ötən ilin eyni dövrünə nisbətən 17 % çoxdur.

    Son 1 ildə ölkədə debet kartlarının sayı 19,5 % artaraq 18,387 milyona çatıb, kredit kartlarının sayı isə 0,09 % azalaraq 2,288 milyon olub. Apreldə bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 13,183 milyard manat (illik müqayisədə 41,3 % çox) və 989 milyon manat (43,3 % çox) təşkil edib.

    Hesabat dövründə ölkədə bankomatların sayı 7 %, POS-terminalların sayı isə 39,5 % artaraq müvafiq olaraq 3 395 ədəd (Bakı üzrə 1 816 ədəd) və 129 544 ədəd (Bakı üzrə 78 188 ədəd) təşkil edib.

    Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur – “Visa İnternational”, “MasterCard İnternational”, “American Express”, “Diners Club İnternational” və “JCB Card”dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
    //report

  • Azərbaycan ət idxalını cüzi azaldıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan 16 min 662 ton ət idxal edib.

    “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə ətin dəyəri 34 milyon 13 min ABŞ dolları təşkil edib.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 76 ton (0,4 %), dəyər baxımından isə 2 milyon 490 min ABŞ dolları (6,8 %) azdır.

    Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.

  • Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

    Bu il mayın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,4 bənd təşkil edib.

    Bu barədə Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

    Bu, aylıq müqayisədə 1,5 bənd az, ilin əvvəli ilə müqayisədə 4,8 bənd az, ötən il mayın 1-nə nisbətən 0,4 bənd azdır.

    Bu il aprelin sonuna manatın real effektiv məzənnəsi isə 118,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,4 bənd az, ilin əvvəli ilə müqayisədə 6,4 bənd az, ötən il aprelin sonuna nisbətən 3,1 bənd azdır.

  • Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar proqnozu üstələyib

    2024-cü ildə Azərbaycanda gömrük rüsumları üzrə 1 milyard 757 milyon manat proqnoza qarşı icra 1 milyard 790,7 milyon manat və yaxud 33,7 milyon manat (1,9 %), 2023-cü illə müqayisədə isə 163,6 milyon manat və yaxud 10,1 % çox olub.

    Median.Az bu barədə “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə istinadən xəbər verir.

    Məlumata görə, ötən il idxalda ƏDV-nin proqnozla müqayisədə artıq icra olunmasının əsas səbəbi faktiki idxalın makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olmasıdır. Belə ki, 2024-cü ildə proqnozla idxalın dəyəri 17 milyard 222,7 milyon ABŞ dollarına qarşı 21 milyard 58 milyon ABŞ dolları və yaxud 3 milyard 835,3 milyon ABŞ dolları (22,3 %) çox (Dövlət Neft Fondunın qızıl idxalı nəzərə alınmadan 522,4 milyon ABŞ dolları və yaxud 3 %) təşkil edib.

    Eyni zamanda, gömrük rüsumuna cəlb olunan idxal mallarının 2023-cü illə müqayisədə 217 milyon ABŞ dolları və yaxud 2,9 % artması əsasən hibrid avtomobillər idxalının 255,9 milyon ABŞ dolları, mobil cihazların isə 105,5 milyon ABŞ dolları gömrük rüsumları üzrə əlavə daxilolmalara səbəb olub.

  • Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

    Mayın 26-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib.

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, mayın 19-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.

  • İdxal üzrə qiymət artımı 20 faizə yaxın olub

    2024-cü ildə illik (12 aylıq) inflyasiya 4,9 faiz təşkil etməklə, hədəf diapazonu daxilində formalaşıb, orta illik inflyasiya isə 2,2 faiz olub.

    “Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsində öz əksini tapıb.

    İnflyasiyanın səviyyəsi bir sıra xarici və daxili amillərin təsirləri altında formalaşıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası, dünya əmtəə qiymətləri indeksinin dəyişməsi, həmçinin manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi illik inflyasiya səviyyəsinə təsir edib.

    İdxal olunan məhsullar üzrə qiymət artımı 2024-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,4 faiz təşkil edib. Valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalına məhdudlaşdırıcı təsir göstərib.