Category: İqtisadiyyat

  • Azərbaycanın qeyri-neft ixracı apreldə 20% artıb

    2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 1 068.6 milyon ABŞ dolları təşkil edib.

    Median.Az-ın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 16% çoxdur.

    Bildirilib ki, təkcə cari ilin aprel ayında ixrac olunan qeyri-neft məhsullarının dəyəri 296.7 milyon ABŞ dollarından çox təşkil edib, bu da illik ifadədə 20%-lik artım deməkdir.

  • AMB kağız və metal pulların istehsalı və nəqli üzrə xərclərini 34 %-dən çox azaldıb

    Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) kağız və metal pulların istehsalı və nəqli üzrə xərcləri 9,282 milyon manat olub.

    Median.Az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

    Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 34,2 % azdır.

    Ötən ilin sonuna Azərbaycanda dövriyyədə olan kağız və metal pulların həcmi 17,449 milyard manat olub. Məlumata görə, dövriyyədə olan kağız və metal pulların həcmi son bir ildə 131 milyon manat və ya 0,8 % artıb.

  • Bu il Azərbaycana ən çox investisiya yatıran ölkələr – SİYAHI

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 1 milyard 297,7 milyon manat vəsait yönəldilib.

     
    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,2 % çoxdur.
     
    Hesabat dövründə xarici investisiyaların 1 milyard 252,2 milyon manatı (96,6 %-i) Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

    Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala ümumiyyətlə 5 milyard 69,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az investisiya yatırılıb.

  • Azərbaycanda bu qida BAHALAŞACAQ: 10 gün qalıb…

    Bu il də Qurban bayramı ərəfəsində ətə tələbin artması fonunda bahalaşma olacaq. Amma əvvəlki illərlə müqayisədə bəzi fərqli məqamlar da müşahidə olunur. Yerli ət istehsalı azalıb, bu da qiymətlərə əlavə təzyiq yaradır. Artıq ilin əvvəlindən bəri ət təxminən 20 faiz bahalaşıb.
     
    Median.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
     
    Ekspertin sözlərinə görə, ilin əvvəlindən bəri Azərbaycana diri heyvan idxalı 2,5-2,6 dəfə artıb:
     
    “Bu, bazarda qiymət artımı təzyiqlərini qismən azalda bilər. Lakin yerli ət ilə idxal olunan ət arasında keyfiyyət fərqi var və Qurban bayramında əsas tələbat da yerli heyvanlaradır. Buna görə də yerli heyvanların bahalaşacağı qaçılmazdır”.
     
    Ekspert əlavə edib ki, heyvandarlığın inkişafına dəstək verilməlidir, bunun üçün isə işğaldan azad edilmiş ərazilərdə geniş imkanlar var.

  • İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

    Bu həftənin yekunlarına görə, Azərbaycanda qızılın unsiyasının qiyməti 165.07 manat və ya 3% artıb. Qızılın bir unsiyasının orta ölçülmüş qiyməti əvvəlki həftədəki göstərici ilə müqayisədə 95.387 manat və ya 1.7% artaraq, 5572.7802 manat təşkil edib.

    İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

    İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda qızılın qiyməti ayrıca hesablanmır:

    “Qızılın qiyməti dünya bazarında olan qiymətlərə görə dəyişir. Dünya bazarında isə qızılın qiyməti artır. Bir müddət öncə, məsələn, iki həftə bundan əvvəl az da olsa, bazarda bir az ucuzlaşma var idi. Çünki dünya bazarında qızılın qiyməti düşmüşdü. İndi isə qiymətlər artmaqda davam edir”.

    Natiq Cəfərlinin sözlərinə görə, qarşıdakı aylarda qızılın bir unsiya qiyməti 4 min dollara kimi yüksələ bilər:

    “Dünya bazarında qızılın qiyməti artarsa, Azərbaycanda da qiymətlər artmaqda davam edəcək. Çünki bu bazar dünya bazarı ilə sıx bağlıdır”.

  • Bakı Qlobal Şəhərlər İndeksində neçənci yerdədir?

    Oxford Global Cities Index 2025-ə görə, dünyanın 1 000 ən böyük şəhərləri arasında Bakı hansı yerdədir?

    Şəhərlər beş kateqoriya üzrə qiymətləndirilib: iqtisadiyyat, insan kapitalı, həyat keyfiyyəti, ekologiya və idarəetmə.

    Məlumata görə, Azərbaycanın paytaxtı reytinqində 346-cı yer alıb. Ötən illə müqayisədə Bakı öz mövqeyini 58 pillə yaxşılaşdırıb. Oxford Global Cities Index 2024-də Bakı 404-cü yerdə qərarlaşıb.

    Beləliklə, Bakı reytinqdə Daşkəndi (471-ci yer), İrəvanı (483-cü yer), Düşənbəni (683-cü yer) və digər şəhərləri geridə qoyub.

    İlk 10-luğa Nyu York, London, Paris, San-Xose, Sietl, Melburn, Sidney, Boston, Tokio və San-Fransisko daxildir. Bütün üstünlüklərə və texnoloji irəliləyişlərə baxmayaraq, bu şəhərlər gəlir bərabərsizliyi və yüksək mənzil xərcləri kimi problemlərlə üzləşirlər.//Trend

  • Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

    Azərbaycan Mərkəzi Bankının Bakının Nizami rayonunda yerləşəcək yeni inzibati binasının inşasına 477,348 milyon manat xərclənib.

    Baş podratçı və digər təşkilatlarla bağlanılmış müqaviləyə əsasən 434,703 milyon manat, digər kapital qoyuluşları kimi isə 42,735 milyon manat xərclənib.

    Bundan sonra daha 153,883 milyon manat xərclənməsi nəzərdə tutulur. Beləliklə, bina AMB-yə 631,231 milyon manata başa gəlməlidir.

  • DGK ölkəyə idxalın kəskin artmasının səbəbini açıqlayıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanın idxalının dəyərinin ötən ilin eyni dövrünə nisbətən 2 milyard 667,9 milyon ABŞ dolları və yaxud 48,8 % artması, bununla da xarici ticarətdəki müsbət saldonun illik müqayisədə 4,15 dəfə azalması ölkəyə gətirilən qeyri-monetar qızılla bağlıdır.

    Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

    Belə ki, 4 ay ərzində Azərbaycana 2 milyard 527,3 milyon ABŞ dolları dəyərində qeyri-monetar qızıl idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,6 dəfə çoxdur.

    “Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan ölkənin idxalının dəyəri 5 milyard 605,6 milyon ABŞ dolları (illik müqayisədə 8,4 % çox), xarici ticarətdə müsbət saldo isə 3 milyard 179,1 milyon ABŞ dolları (6,1 % çox) təşkil edib.

  • Vergi Məcəlləsinə dəyişiklik TƏKLİF OLUNUB

    Vergi ödəyicisi olduğu və ya yaşadığı yeri dəyişdikdə, vergi orqanına bununla bağlı 15 gün müddətində ərizə verməli olacaqlar.

    Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, vergi ödəyicisinin olduğu və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi orqanı isə həmin müddətdə şəxsi yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

    Həmçinin sənəddə qeyd olunub ki, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat təqdim olunmalıdır.

    Mövcud qanunvericiliyə görə, vergi ödəyicisi yaşadığı və olduğu yeri dəyişdikdə, həmçinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, həmin gündən 40 gün ərzində vergi orqanına məlumat verməlidir.

    Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır. Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.

    Bundan başqa, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.

    Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.
    //oxu.az

  • Sverdlovskdan olan iş adamları payızda Azərbaycana səfər edəcəklər

    Rusiyanın Sverdlovsk vilayəti rəhbərliyi Azərbaycan və Qazaxıstana biznes missiyaları göndərməyi planlaşdırır.

    Bu barədə Median.Az Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinə istinadən xəbər verir.

    Azərbaycana biznes missiyanın oktyabr ayında, Qazaxıstana isə noyabr ayında təşkil edilməsi planlaşdırılır.

    İştirakçıların seçimi İnvestisiyaların Cəlb Edilməsi üzrə Agentlik tərəfindən həyata keçirilir. Müraciətlərin qəbulu 2025-ci il iyunun 20-dək davam edəcək, seçimin nəticələri iyul ayının əvvəlində açıqlanacaq. Hər iki ölkəyə səfər üçün ayrı-ayrılıqda 10 şirkət seçiləcək.

    “Qarşıdakı səfərlərin formatı maksimum səmərəlidir: proqramlarda iştirakçılar üçün tərəfdaşların seçimi ilə müşayiət olunan işgüzar əlaqələr birjalarının təşkili nəzərdə tutulub. Bundan əlavə, iri dövlət şirkətləri və dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə danışıqlar aparılacaq. Xarici həmkarlarımız üçün onların məhsullarının bazarımıza idxalına dair təkliflər hazırlayacağıq”, – beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Vyaçeslav Yarin qeyd edib.

    Nazirliyin məlumatına görə, son üç ildə Sverdlovsk vilayətinin Azərbaycanla ticarət dövriyyəsi 8 % artıb. Azərbaycan üç il ərzində Sverdlovsk vilayətinin tərəfdaş ölkələri arasında 21-ci pillədən 15-ci pilləyə yüksəlib.