Category: Kriminal

  • Binədə doqquz mənzili talayan şəxs ələ keçdi – Video

    Xəzər rayonunun Binə qəsəbəsində doqquz mənzildən müxtəlif vaxtlarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu cinayətləri törətməkdə şübhəli bilinən 46 yaşlı Məzahir Əliyev müəyyən olunaraq saxlanılıb.

    Həmin şəxsdən oğurladığı əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənə ittiham aktı elan edib.

    Hakim İ.Səfərəliyevin ittiham olunduğu maddələrin sübuta yətiriləcəyi təqdirdə onun 14 ilədək azadlıqdan məhrum edilə biləcəyini xatırladıb.

    İntiqam Səfərəliyev özünü elan edilmiş ittihamla təqsirli bilməyib.

    Məhkəmə İntiqam Səfərəliyevə sərbəst ifadə vermək təklif etsə də, təqsirləndirilən şəxs indiki mərhələdə bundan imtina edib.

    Vəsatət təmin olunub. Növbəti proses mayın 15-də davam edəcək.

    Qeyd edək ki, “AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

    Onu da qeyd edək ki, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilir.

    Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilə kimi həbs olan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.

    Onu da qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının üzvü və başqa vəzifələrdə də çalışıb.

    Xatırladaq ki, ötən prosesdə İ.Səfərəliyev barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərar verərək o iclas zalından azadlığa buraxılıb.
    //oxu.az

  • Qazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü

    Mingəçevirdə qonşusunun qətlində təqsirləndirilən Elvin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Rəsulov 9 il 6 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, E.Rəsulov işləmək üçün Qazaxıstana gedib. Həmin vaxt qonşusu Bəxtiyar Həsənli Elvin Rəsulovun həyat yoldaşına mesajlar yazıb, onunla münasibət qurmaq istəyib. B.Həsənli Elvinin həyat yoldaşına dəfələrlə mesaj yazıb, uşağını soruşmaq bəhanəsi ilə onu narahat edib. Daha sonra Bəxtiyar qadına Elvinin Qazaxıstanda qızlarla ona xəyanət etdiyini deyib və bu barədə ona Elvinin videolarını göndərib.

    Həyat yoldaşı bu barədə Elvinə məlumat verib. Elvin Qazaxıstandan Mingəçevirə qayıdıb, Bəxtiyarı görüşə çağırıb. Görüş zamanı tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elvin Bəxtiyarı bıçaqlayıb.

    Bəxtiyar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, əməliyyatdan sonra xəstəxanada vəfat edib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyatla E.Rüstəmov saxlanılıb.
    //oxu.az

  • Bakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ (Video)

    Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq cinayətini törətməkdə şübhəli bilinən 20 yaşlı Rafael Quluzadə, 23 yaşlı Eşqin Səmədov, 24 yaşlı Yusif Çərkəzov və onun qardaşı, 27 yaşlı Elməddin Çərkəzov saxlanılıblar.

    Oğurlanan qızıl-zinət əşyalarının bir hissəsi R.Quluzadənin Beyləqan rayonu, Əmirzeyidli kəndində yerləşən yaşayış ünvanından aşkar edilərək götürülüb. Hadisədən sonra isə E.Çərkəzov və E.Səmədov qızılların digər hissəsinin satılaraq realizə olunmasını təşkil ediblər.

    Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Baş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi – Video

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, tədbirlər zamanı saxlanılan 35 yaşlı Allahşükür İsmayılzadədən 34 kiloqram 875 qram, əvvəllər məhkum olunmuş 29 yaşlı Ceyhun Sultanovdan isə 14 kiloqram 700 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

    Saxlanılan şəxslərin narkotikləri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Marneulidə azərbaycanlı gəncin qətli ilə bağlı saxlanılan 11 nəfərlə bağlı qərar verildi

    Gürcüstanın Marneuli şəhərində 11 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yalan ifadə vermə, qrup şəklində xuliqanlıq və ictimai asayişi pozma ittihamı ilə saxlanılan şəxslərdən 7-si şərti cəza ilə azadlığa buraxılıb, digər 4 nəfər barəsində isə 6 aylıq həbs qərarı çıxarılıb.

    Xatırladaq ki, aprelin 21-də Kvemo Kartli Polis İdarəsi və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 11 nəfər saxlanılıb. Daha bir nəfər barəsində isə sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı ilə bağlı qiyabi ittiham irəli sürülüb və həmin şəxs hazırda axtarışdadır.

    “TV Pirveli” telekanalının məlumatına görə, həyata keçirilən xüsusi əməliyyat bu il aprelin 2-də qətlə yetirilən 20 yaşlı azərbaycanlı Ümid Bayramovun toy günündən bir gün əvvəl – “ciyər axşamı” törənində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı olub.

    Televiziyanın məlumatına əsasən, saxlanılan şəxslər hadisə ilə bağlı yalan ifadələr verib və istintaq prosesinə mane olublar.

  • Ötən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI

    Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

    Bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı Xidmətdən daxil olmuş və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

    İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini – səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 311.3.2, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

    Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi də təmin olunacaq.

  • Bugünkü əməliyyatda saxlanılanların barədə qərar verildi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.

    Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib. Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri-Araz Kərimli, Niyam Mədətsoylu, Etibar Əliyev, Şamil Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar vəzifədən müvəqqəti kənarlaşdırılıblar.

    Onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəstə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

  • “Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu” – Məhkəmə işi

    Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Cahan Çələbiyeva bildirib ki, təqsirləndirilən şəxs Samir Həsənovla 7 ay münasibətləri olub:

    “Samir özünü mənə tamam başqa cür qələmə vermişdi. Bundan sonra mənə fərqli nömrələrdən qadın zəng edib bildirirdi ki, onun həyatındayam. Daha sonra təhdidlər oldu. Mən də ayrılmaq qərarına gəldim. Samir məni izləməyə başladı. Telefonumdan ailəmin və mənim şəxsi fotolarımı götürüb onlarla şantaj etməyə başladı. O məni dəfələrlə ictimaiyyət içində döyüb təhqir edib. O məni öldürəcəyi ilə bağlı təhdidlər etməyə başladı. Buna görə də bir neçə dəfə polisə müraciət etmişəm və onu başı qanlı barəsində inzibati həbs cəzası verilib. Hadisə günü salona gəldi və mənə 9 bıçaq zərbəsi ilə xəsarət yetirdi.

    Onun ailəsi indiyə qədər mənim iş yerimə gəlib təzyiqlər göstərirlər. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və heç bir barışıq yoxdu. Məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edirəm”.

    Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin yalan ifadə verdiyini bildirib.

    Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci il noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.

    Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan, tanışı – 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

    Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Samir Həsənova qarşı 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • 30 il əvvəlki qətlin üstü necə açıldı? – Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI – Video

    Paytaxtda 30 il əvvəl baş verən qətlin üstü açılıb. Hadisə 1996-cı il aprelin 10-da qeydə alınıb.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, Şahin Cəlilovla Hidayət Qafarov əvvəlcədən qrup şəklində planlaşdıraraq metronun “Neftçilər” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun maşınında müştəri qismində əyləşib və onu Qaraçuxur qəsəbəsi ərazisinə gətiriblər. Həmin şəxslər bir müddət sonra avtomobildə sürücünü boğaraq onu qətlə yetirib, mərhumun meyitini basdırıblar.

    Şahin Cəlilovla Hidayət Qafarov mərhuma məxsus avtomobili hissələrə bölərək satıb, əldə etdikləri pulu öz aralarında bölüblər.

    Cinayətin üstü 30 il sonra açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyitin basdırıldığı ərazidə baxış keçirilən zaman mərhuma məxsus meyit qalıqları (sümüklər) aşkar edilərək ekspertizaya təhvil verilib.

    Hadisənin şahidi olan qonşu Elşən Əhmədov bildirib ki, ərazidə qazıntı işləri aparılarkən əvvəlcə nə baş verdiyini anlamayıblar: “Sonradan öyrəndik ki, burada 1996-cı ildə cinayət hadisəsi törədilib. Sakinləri izahat verməyə çağırdılar. Hadisəni törədənlərdən biri – Hidayət qardaşının evi yaxınlıqda olduğu üçün buralara tez-tez gəlib-gedərdi, sakit insan idi”.

    Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydıqları məlumata əsasən, 2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 2000-ci il sentyabrın birinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.