Category: Kriminal

  • Bakıda qadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb

    Bakıda gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Cahan Çələbiyeva bildirib ki, təqsirləndirilən şəxs Samir Həsənovla 7 ay münasibətləri olub:

    “Samir özünü mənə tamam başqa cür qələmə vermişdi. Bundan sonra mənə fərqli nömrələrdən qadın zəng edib bildirirdi ki, onun həyatındayam. Daha sonra təhdidlər oldu və mən ondan ayrılmaq qərarına gəldim. Samir isə məni izləməyə başladı. Telefonumdan ailəmin və mənim şəxsi fotolarımı götürüb onlarla şantaj etməyə başladı. O məni dəfələrlə ictimaiyyət içində döyüb təhqir edib. O məni öldürəcəyi ilə bağlı təhdidlər etməyə başladı. Buna görə də bir neçə dəfə polisə müraciət etmişəm və ona inzibati həbs cəzası verilib. Hadisə günü salona gəldi və mənə 9 bıçaq zərbəsi ilə xəsarət yetirdi.

    Onun ailə üzvləri indiyə qədər mənim iş yerimə gəlib təzyiqlər göstərirlər. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və heç bir barışıq yoxdur. Məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edirəm”.

    Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin yalan ifadə verdiyini bildirib.

    Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci ilin noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.

    Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan, tanışı – 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

    Hadisəni törətməkdə şübhəli bilinən S.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Samir Həsənova qarşı 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb
    //oxu.az

  • Bakıda cibgirlik edən şəxs saxlanıldı – Video

    Paytaxtın Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman cibində olan “iPhone” markalı mobil telefonunun talandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək saxlanılıb. Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi məlum olub.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Dörd rayonda ƏMƏLİYYAT – Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU (Yenilənib)

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan bəzilərinin adları məlum olub.

    Median.Az xəbər verir ki, “Qafqazinfo” əməliyyat nəticəsində ittiham verilən şəxslərin adlarını öyrənib.

    Bunlar Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavinləri – Niyam Mədətsoylu, Etibar Əliyev və Şamil Alıyevdir.

    Sözügedən şəxslərin hər biri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

    * * * * *

    Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl, Ağdaş, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətiriliblər.

    Onlar barəsində yaxın günlərdə qətimkan tədbiri seçilməsi gözlənilir.

    * * * * *

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

    Onlar rüşvət almaqda ittiham olunurlar.

    Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha bir neçə rayon şöbəsində də əməliyyat keçirilir.

  • Rəqsanə İsmayılova ilə bağlı YENİ QƏRAR

    Külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri polis nəzarəti altında olma qətimkan tədbiri ilə əvəz olunub.

    Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova ötən ilin avqust ayında dələduzluq ittihamı ilə həbs edilib.

    Vətəndaşlardan daxil olan şikayətlər əsasında polisin həyata keçirdiyi tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən müğənni saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

    Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

    Noyabr ayında isə Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb. Sabunçu Rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

    Dəymiş zərərin müəyyən hissəsinin (100 min manat) ödənilməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən, onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi – SAXLANILANLAR VAR (Video)

    Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.

    Bu barədə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib.

    Qeyd edilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan əvvəllər dəfələrlə məhkum olunan Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.

    Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ.Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S.Valehov isə istinaqa təhvil verilib.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Beynəlхalq axtarışda olan iki şəxs ölkəmizə ekstradisiya edildi

    “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Şəhruddin Süleyman oğlu Göylərov və Elşad Adil oğlu Ələsgərovun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Salyan Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Şəhruddin Göylərov yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət əməlini törətməkdə təqsirləndirilərək məhkəmədən yayınmaqla gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

    Sumqayıt Şəhər Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Elşad Ələsgərovun 15 000 (on beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

    Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.

    Hazırda qeyd olunan şəxslərlə bağlı müvafiq prosessual tədbirlər davam etdirilir.

  • Goranboyda kişi bıçaqlandı – Ata və oğlu SAXLANILDILAR

    Goranboy sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.

    Hadisə rayon ərazisində baş verib.

    Belə ki, 1980-ci il təvəllüdlü S.Alıyev ağır xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıblar.

    Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

  • Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu

    Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Bağır Səmədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Milli Məclisin Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunub və onun barəsindəki cinayət təqibinə xitam verilib.

    İttihama görə, hadisə 2025-ci il martın 6-da saat 13 radələrində paytaxtın Binəqədi rayonunda baş verib.

    Belə ki, Bağır Səmədov evinin həyətində qayınatası, zərərçəkmiş İldırım Məlikovla (adı və soyadı şərtidir) aralarında yaranmış münaqişə zamanı sonuncuya xəsarət yetirib.

    Araşdırmalarla müəyyən edilib ki, münaqişə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində, xüsusilə də təqsirləndirilən şəxsin öz övladları ilə görüşməsinə icazə verilməməsi səbəbindən yaranıb. Mübahisə zamanı Bağır Səmədov qayınatasına qarşı fiziki zor tətbiq edərək ona yumruq zərbələri endirib.

    Nəticədə İldırım Məlikov çənənin hər iki mental və sol oynaq çıxıntısının yerdəyişən sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri alıb.

    İstintaq materiallarına əsasən, qeyd olunan xəsarətlər zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmasa da, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan ağır nəticələrə səbəb olmayıb, lakin sağlamlığın uzun müddətə pozulması ilə nəticələndiyi üçün az ağır zərər kimi qiymətləndirilib.

    Faktla bağlı Bağır Səmədov əməli qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif olunub.

  • “WhatsApp”da başlayan sevgi: 25 yaşlı gənc yeniyetmə qızla münasibətinə görə məhkəməlik oldu – TƏFƏRRÜAT

    İmişli rayonunda 25 yaşlı oğlan “WhatsApp” qrupunda tanış olduğu yetkinlik yaşına çatmayan qıza qarşı intim hərəkətlər edib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə ötən il oktyabrın 1-də İmişli şəhərində baş verib.

    2001-ci il təvəllüdlü Sərxan həmin gün səhər saat 6 radələrində dayısı Eldara məxsus fərdi yaşayış evinin yataq otağında 2010-cu il təvəllüdlü Samirə (adlar şərti verilib – red.) ilə intim əlaqədə olub.

    Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    Sərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, ifadəsində göstərib ki, Samirəni 2025-ci il iyun ayının sonlarından tanıyır: “WhatsApp” mobil tətbiqində qrupda tanış olduq. Qrupda Samirə, dayım oğlu Tahir, mən və tanımadığım bir qız olmaqla, 4 nəfər idik. Samirə ilə fərdi qaydada mesajlaşmağa başladıq, aramızda sevgi münasibəti yarandı. Mən onun 31 dekabr 2025-ci ildə 15 yaşını tamam edib 16 yaşına keçəcəyini bilirdim”.

    Sərxan qeyd edib ki, Samirə ilə ailə həyatı qurmaq niyyətində olub: “Ona mənimlə qoşulub qaçmağı təklif etdim. Əvvəl istəmədi, sonra razılaşdı. Anasının gecə saat 3 radələrində yatdığını dedi. Mən də ona anası yatandan sonra evdən çıxmağı tapşırdım”.

    Sərxanın sözlərinə görə, dayısı Eldarın təmir etdirdiyi evin açarları onlarda olub: “Samirə ilə oktyabrın 1-də anası yatdıqdan sonra qaçmağı planlaşdırdıq. Açarları götürdüm, gecə saat 1 radələrində kəndin asfalt yoluna çıxdım. Yoldan keçən avtomobillərin biri ilə rayona gəldim, dayımın evinin qarşısında düşdüm. Gecə həmin evdə Samirənin mesajını gözlədim. Saat 3 radələrində Samirə anasının yatdığını bildirdi. Evdən çıxıb piyada onların evinə doğru getdim. Dəmiryol xəttinin yaxınlığında gözlədim, təxminən 15-20 dəqiqə sonra Samirə yanıma gəldi, dayımın yaşadığı evə getdik. Evin ikinci mərtəbəsində yataq otağında bir az söhbət etdik”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra Samirə telefonda anasına mesaj yazaraq könüllü qaçdığını bildirib:

    “Ertəsi gün axşam dayım gəldi, amma evə daxil olmayıb getdi. Təxminən 40 dəqiqə sonra dayım oğlu Tahir gəldi, Samirəni gördü. Ona Samirəni qaçırdığımı bildirdim. Tahir də Samirəni polislərin axtardığını xəbər verdi. Samirəni dəmir yolunun xətti yaxınlığından evlərinə yola saldım, yaşadığım kəndə getdim. Bir qədər sonra polis əməkdaşları məni şöbəyə gətirdilər”.

    Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə gələcəkdə evlənəcəyini, bununla bağlı ailələr arasında razılıq olduğunu, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə edildiyini deyib. O, 44 günlük Vətən müharibəsində iştirak etməsinin də nəzərə alınmasını xahiş edib.

    Samirə təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirib.

    Zərərçəkmiş Samirənin anasının sözlərinə görə, qızı ilə Sərxanın münasibətlərindən məlumatı olmayıb: “Oktyabrın 1-də səhər məktəbə yola salmaq üçün otağına daxil olanda Samirəni görmədim. Evi və həyəti axtardım. Samirənin istifadəsində olan mobil telefona bir neçə dəfə zəng etsəm də, zəng çatmadı. Həyat yoldaşım işğaldan azad edilmiş rayonlarda işlədiyi üçün qardaşıma zəng vurub hadisə barədə məlumat verdim.

    O da Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və İmişli Rayon Polis Şöbəsinə məlumat verdi. Bundan sonra Samirənin “WhatsApp”da yazdığı mesajı oxudum. Onun “öz xoşumla qaçmışam, xahiş edirəm şikayət etməyin” məzmunlu mesaj yazdığı məlum oldu”.

    İmişli Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Ona bir il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.

  • Yaşlı qadına qarşı təcavüzdə ittiham olunan 26 yaşlı gənc həbs edildi

    Daşkəsən Rayon Məhkəməsində 65 yaşlı qadına qarşı seksual xarakterli zorakılıq etməkdə ittiham edilən şəxs M.M barəsində verilən təqdimata baxılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və həmin şəxs barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb.

    Qeyd olunan müraciət üzrə Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.

    Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb.