Category: Kriminal

  • Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib

    Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli barəsində qərar verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində onunla bağlı təqdimata baxılıb və qərar qəbul edilib.

    Qərara əsasən, yeniyetmə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

    Məlumata görə, 2010-cu il təvəllüdlü məktəbli 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

  • 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlandı

    Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.

    Araşdırmalar davam etdirilir.

  • Sərxoş vəziyyətdə “Ford” sürən şəxs həbs edildi

    Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Ford” markalı, 99-CR-636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şahin Rzayev saxlanılıb.

    Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ş.Rzayevin sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunub.

    Sürücü barəsində törətdiyi əmələ görə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Rzayev 10 sutka inzibati qaydada həbs edilib.

  • Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

    Aprelin 21-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

  • Gülməmməd Bayramovun 30 il gizli qalan QƏTLİ: Öldürüb borunun içində gizlədiblərmiş – Qatillərin ADLARI AÇIQLANDI

    1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun evdən çıxaraq geri qayıtmaması faktı ilə bağlı 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

    Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında bildirilib.

    Qeyd edilib ki, Baş Prokurorluq və DİN əməkdaşlarının həyata keçirdikləri çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarovun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək, tamah məqsədi və törətdikləri digər cinayəti gizlətmək üçün Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 1996-cı il aprelin 10-da Bakı şəhəri, “Neftçilər” metro stansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədilə qəsdən öldürüblər.

    Daha sonra cinayətkarlar izləri gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədib, zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq satıblar. Əldə olunan vəsait aralarında bölüşdürülüb.

    Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

    2026-cı il aprel 22-tarixdə Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.

  • 30 il əvvəl törədilmiş qətlin üstü açıldı – Meyiti beton boruda gizlədiblər

    Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər.

    Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.

    Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

    22 aprel 2026-cı il tarixdə Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

    Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.

  • Yeniyetmənin əl-qolunu bağlayıb tualetdə işgəncə verdilər – Xaçmazda DƏHŞƏT

    Xaçmazda yeniyetmənin əl-qolunu bağlayaraq işgəncə veriblər.

    Hadisə rayonun Köhnə Xaçmaz kəndində baş verib.

    İttiham aktına görə, 42 yaşlı Samir Həsənov (ad və soyad şərtidir) 17 yaşlı zərərçəkən Vüqarın (şərti adla) yaşadıqları evin hasarına çıxdığını görüb. Bu zaman onu tutaraq dərhal öz qardaşı Məhəbbət Həsənovu (ad və soyad şərtidir) çağırıb. Qardaşlar Vüqarın əllərini kəndirlə bağlayıb onu sanitar qovşağa apararaq işgəncə veriblər. Beləcə 1 saatdan artıq müddətdə Həsənovlar yeniyetməni bağlı saxlayaraq yumruq və təpik zərbələri ilə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

    Bu əməllərinə görə onlar barəsində Cinayət Məcəlləsinin 145.2.3, 145.2.4 və 145.2.6-cı maddələri ilə (silahdan yaxud silah kimi istifadə edilən əşyalar vasitəsilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yeniyetməni qanunsuz azadlıqdan məhrumetmə) cinayət işi başlanıb.

    Təqsirləndirilən Samir Həsənov bildirib ki, zərərçəkən Vüqar onların bacısı qızı üçün həmin evə gəlib. Vüqarın sözlərinə görə, Samirin bacısı qızı ilə aralarında sevgi münasibətləri var. O, əvvəllər də Samir və Məhəbbətgilin yaşadığı evin yaxınlığına gəlib. İlk dəfə gələndə Məhəbbət onu çayxanaya apararaq bir daha yaşadıqları evə tərəf gəlməməsini izah edib. Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı 2008-ci ildə ailə qurub. Bu nikahdan onların 2 övladı anadan olub. Lakin bacısı 2011-ci ildə vəfat edib. Onun uşaqlarına Samir və Məhəbbət baxırlar.

    Samir Həsənov deyib ki, Vüqarın yaşının 17 olduğunu bilməyib:

    “Bilsəydim yaşı azdı, ona qarşı belə hərəkət etməzdim. Üzdən 22-24 yaşlı birinə oxşayır”.

    Digər təqsirləndirilən Məhəbbət Həsənov isə bildirib ki, hadisə zamanı bacısı qızına məxsus foto-videonun olub-olmamasını öyrənmək üçün zərərçəkənin telefonunu da yoxlayıblar. Çünki sonradan həmin görüntülərin sosial şəbəkələrdə yayılmasından və bacısı qızının şantaj olunmasından qorxublar.

    Onların sözlərinə görə, zərərçəkən tərəflə barışıq əldə olunub. Zərərçəkən şəxs də təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib.

    Məhkəmənin qərarı ilə Həsənov qardaşlarının hər biri barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
    //lent.az

  • Saxta əlillik diaqnozu hazırlamaqda təqsirləndirilən həkim məhkəmədə danışdı

    Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilənlərin növbəti məhkəmə iclası keçirilib.

    “Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əlişir Əliyev hakim və prokurorun suallarını cavablandırıb.

    Əlişir Əliyev digər təqsirləndirilən İntiqam Kərimovu ilk dəfə Baş Prokurirluğda dindirilərkən gördüyünü deyib.

    “Sənədləri imzalayan komissiya üzvləri 5 nəfər olub. Əslində həmin komissiya üzvlərindən bir nəfər imza etməsəydi həmin sənədlər qəbul ola bilməzdi. Amma belə görünür ki, bütün sənədlər mən tək imzalamışam və mənim də imzaladığım 88 saylı formalar bütünlüklə qəbil olunub. Qabil Quliyevə gəlincə isə onun ailəsi bütünlüklə tanıýıram,din iman əhlidir. Özü də ürək xəstəsidir onu özüm tapşırmışam ki, o gələndə onu növbəsiz qəbul etsinlər. Ondan hər hansı bir təmənna güdməmişəm. Ümümiyyətlə rüşvət anlayışı mənə yad bir anlayışdır. Kimsə deyə bilməz ki,mənə bir qəpik pul verib”.

    Digər təqsirləndirilən Qabil Quliyevdə təqsirləndifilən həkimin dediklərini təsdiq edərək ona hər hansı məbləğdə rüsvət vermədiyini,təmənnasız onun sənədlərini qeydiyyata aldığını deyib.

    Məhkəmənin növbəti prosesi mayın 6- na təyin edilib.

    Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına əsasən “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət Komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanilılıb.

    İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim Məsləhət Komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Hamlet Musayevin qızı həbs edildi

    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

    İlkin ittihamda yazılıb ki, M.Musayeva əvvəldən tanıdığı Ü.Quliyevanı iş görmək vədi ilə aldadıb. Bu məqsədlə əlbir olduğu digər şəxslərlə birlikdə zərərçəkmişdən ümumilikdə 610 min manat pul alıb.

    Ü.Quliyevanın polis idarəsinə şikayətindən sonra istintaq başlanılıb.

    Şikayətçinin sözlərinə görə, M.Musayeva qanunsuz fəaliyyətlə məşğul olarkən yüksək vəzifədə çalışan yaxın qohumlarının adlarından istifadə edib. Bu isə zərərçəkmiş şəxsdə əlavə inam yaradıb.

    Təqsirləndirilən şəxs əvvəlcə istintaqdan yayınsa da, qısa müddətdə polis əməkdaşları tərəfindən tutulub.

    Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

    Hazırda təqsirləndirilən şəxsə qarşı başqa şikayətçilərin də olduğu bildirilir.

    Qeyd edək ki, M.Musayevanın atası Hamlet Musayev uzun illər ədliyyə sistemində fəaliyyət göstərib. O, bir müddət Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəis əvəzi vəzifəsini də icra edib.

  • Binə qəsəbəsində narkopriton aşkarlanıb, saxlanılanlar var – Video

    Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Elşən Əsədullayev, 48 yaşlı Seymur Mirzəyev, 46 yaşlı Namiq Həsənov və 37 yaşlı Anar Əliyev saxlanılıblar. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.