Category: Kriminal

  • Gömrük postunda 243 ədəd mobil telefon aşkar edilib

    Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən 243 ədəd mobil telefon, xeyli sayda mobil telefon aksesuarları və dərman preparatları aşkar edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə gələn nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.

    Yoxlama zamanı nəqliyyat vasitəsinin müxtəlif hissələrindəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 243 ədəd müxtəlif markalı mobil telefon, mobil telefonlar üçün 298 ədəd enerji doldurucusu və 225 qutu dərman preparatları aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qadının üzərinə benzin töküb yandıran sevgilisi: “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim”

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

    O, ifadəsində hadisəni ehtiyatsızlıq nəticəsində baş vermiş hal kimi qiymətləndirərək əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə uyğun hesab etdiyini deyib.

    İfadəsinə görə, hadisədən əvvəl Röyal mərhum Türkanə Məmmədova ilə təxminən bir ilə yaxın sevgi münasibətində olub. Bildirib ki, hadisədən bir neçə gün əvvəl atası onun bu münasibətinə etiraz edərək əlaqələri kəsməsini tələb edib. Təqsirləndirilən şəxs də bu səbəbdən Türkanə ilə münasibətlərə son qoymaq qərarına gəldiyini qeyd edib: “Həmin axşam Türkanəyə zəng edəndə bir də mənə zəng etməməsini, başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim”.

    Röyalın sözlərinə görə, hadisə baş verən gün Türkanə Məmmədova ona zəng edərək sonuncu dəfə görüşmək istədiyini bildirib. Təqsirləndirilən şəxs razılaşaraq qadını yaşadığı ünvandan götürüb və birlikdə “Əsrik yolu” adlanan əraziyə yollanıblar. Avtomobildə onların yanında təqsirləndirilən şəxsin qohumu da olub.

    Hadisənin baş verdiyi məqamı izah edən Röyal bildirib ki, avtomobili saxladıqdan sonra Türkanə maşından düşərək kənara çəkilib. O isə avtomobildə siqaret yandırıb və bir müddət sonra Türkanənin üzərinə benzin tökdüyünü görüb. Buna mane olmaq üçün ona yaxınlaşdığını, lakin həmin anda əlindəki siqaretin benzinə toxunması nəticəsində alovlanmanın baş verdiyini deyib.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən sonra o və yanında olan şəxs dərhal müdaxilə edərək alovu torpaq vasitəsilə söndürüb və zərərçəkmişi xəstəxanaya çatdırıblar. Röyal, həmçinin xəstəxanada Türkanə üçün dərmanlar aldığını qeyd edib.

    O, hadisənin qəsdən törədilmədiyini vurğulayaraq söyləyib ki, Türkanə Məmmədovanın bu addımı atmasına səbəb onların ayrılması ilə bağlı yaranmış emosional vəziyyət olub. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl zərərçəkmiş onunla əlaqəni kəsməmək üçün israr edib və hətta özünə zərər yetirə biləcəyini söyləyib.

    Bununla yanaşı, Röyal ibtidai istintaq zamanı ona təzyiq göstərildiyini də iddia edib.

    Məhkəmənin hökmü ilə Röyal Tağıyev 9 il azadlıqdan məhrum edilib.

  • Gözü dönən kişi balta ilə arvadına hücum etdi – Tükürpərdən hadisənin TƏFƏRRÜATI – Video

    Gəncədə ailə münaqişəsi qanla nəticələnib.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, hadisə aprelin 20-si axşam saatlarında qeydə alınıb.

    Şəhər sakini, 41 yaşlı Sevda Cəfərova ailə-məişət münaqişəsi zamanı kəsici alətlə müxtəlif dərəcəli xəsarətlər alıb. Ona xəsarət yetirməkdə həyat yoldaşı təqsirli bilinir. Bildirilir ki, kişi həyat yoldaşına balta ilə zərbələr endirib.

    Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1985-ci il təvəllüdlü qadın Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona baş, boyun və çiyin nahiyələrinin kəsilmiş yaraları diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 45 yaşlı Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

  • Sinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş – YENİ DETALLAR – Video

    Ötən gün Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə doqquzuncu sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

    Median.Az İTV-yə istinadən xəbər verir ki, sözügedən məktəbin direktoru məsələ ilə bağlı açıqlama verib:

    “Dünən, 20 aprel tarixində səhər saat 10 radələrində məktəbimizin 9E sinif şagirdinin atası məktəbə yaxınlaşaraq sözünün olduğunu bildirib. Doqquzuncu siniflərə nəzarət edən tərbiyə işləri üzrə direktor müavini Kəmalə Mustafayeva valideynlə görüşüb və onun şikayətini dinləyib. Valideyn bildirib ki, həftənin 5-ci günü, 17 apreldə övladı və sinif yoldaşı arasında mübahisə olub, onlar dalaşıblar. Bu barədə araşdırma aparılmasını, həmçinin şagirdlər arasında barışıq yaradılmasını xahiş edib. Direktor müavini valideynə bildirib ki, biz məşğul olacağıq. Valideyn evinə gedib və direktor müavini birbaşa qalxıb həmin 9E sinfinə. 9E sinfində də bu zaman sinif rəhbəri riyaziyyat dərsi keçirmiş və direktor müavini şagirdlərin adlarını çəkərək kim olduqlarını soruşub və sinifdən çıxarmaq üçün çağırıb. Elə bu anda ondan arxada əyləşən şagird evdən gətirdiyi termosu açaraq spirti digər şagirdin üzərinə tökərək ona xəsarət yetirib”.

  • “Həyat yoldaşım Bakıya gəlməyə hazırdır” – Vardanyan

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilərək 20 il müddətinə həbs edilən Ermənistan vətəndaşı Ruben Vardanyana növbəti dəfə ailəsi ilə danışmaq üçün şərait aradılıb.

    Bu barədə erməni KİV yazıb.

    Vardanyan ailəsi ilə telefon danışığı zamanı Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyana mesaj çatdırıb.

    Vardanyan xahiş edib ki, onun və digər ermənilərin qohumlarının Bakıya səfəri təşkil edilsin: “Bu yaxınlarda Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ilə görüşdüm. Söhbətimiz zamanı Azərbaycan Ombudsmanı qeyd etdi ki, o, artıq sizinlə (Anahit Manasyan – red.) Bakıya səfər etmək imkanını müzakirə edib. Azərbaycan tərəfi onun təşkilinə töhfə verməyə hazır olduğunu bildirib.

    Yuxarıda göstərilənləri nəzərə alaraq, sizdən qohumlarımızın, eləcə də lazım gələrsə, digər erməni məhbusların qohumlarının Bakıya səfər etmə ehtimalını nəzərdən keçirməyinizi xahiş edirəm. Həyat yoldaşım Veronika Zonabend belə bir təşəbbüsdə iştirak etməyə və Bakıya səfər etməyə hazırdır. Çox güman ki, digər məhbusların ailə üzvləri də hazır olacaqlar”.

    Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva mart ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında bir sıra erməniləri fərdi qaydada qəbul edib.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 26 nəfər saxlanıldı

    Aprelin 20-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

  • Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDI

    Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, 31 yaşlı Aysel Əhədova (ad və soyad şərtidir – red.) dələduzluqda ittiham olunur.

    İttiham aktına görə, o, iki nəfəri SOCAR-da tibb bacısı vəzifəsinə düzəltmək üçün müvafiq olaraq onlardan 3 633 və 1 850 manat pul alıb. Həmçinin “Instagram”da tanış olduğu şairin şeirlər kitabını çıxarmaq adı ilə ondan 7 min manat pul alıb.

    Lakin Aysel Əhədova verdiyi vədləri yerinə yetirməyib. Zərərçəkənlərin şikayəti əsasında qadın saxlanılaraq barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu deyərək barəsində amnistiya aktının tətbiq olunmasını istəyib.

    Zərərçəkənlər onlara dəyən ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmadığını bildiriblər.

    Zərərçəkən şair bildirib ki, Ayseli “Instagram”da qiraətçi kimi tanıyıb. Aysel onun şerlərini səsləndirib. Sonrakı tanışlıq zamanı Aysel onun 3 000 tirajdan ibarət kitabının nəşr olunmasına və ayrı-ayrı yerlərdə təqdimatının keçirilməsinə söz verib. Bunun üçün ondan 7 000 manat pul alıb. Lakin sonradan Aysel bu məsələnin alına bilməyəcəyini deyib. Zərərçəkənin sözlərinə görə, Aysel dəymiş ziyanın 6 993 manatını qaytarıb. Ona qarşı şikayət və tələbi yoxdur.

    Məhkəmənin qərarı ilə Aysel Əhədova barəsində amnistiya aktı tətbiq olunub və o, cinayət məsuliyyətindən azad edilib.

  • Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ

    Abşeron rayonunda kişi üç uşaq anası olan sevgilisini döyüb.

    Abşeron rayon sakini Aytən Azadova (soyad şərtidir – red.) ilə həyat yoldaşı arasında narazılıq yarandığından onlar bir evdə ayrı yaşamaq qərarına gəliblər.

    Həmin vaxtdan etibarən Aytən Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Təbriz Muradovla (soyad şərtidir – red.) tanış olur və onların arasında sevgi münasibəti yaranır.

    Təxminən 6 ildən sonra Aytənlə Təbriz arasında mübahisə başlayır və onlar mütəmadi dava edirlər. Sonuncu mübahisə zamanı Təbriz Aytəni döyür. O, qadının başını çarpayıya vurub, daha sonra isə ona şillə və təpik zərbələri endirib.

    Qadının şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəlib, T.Muradov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub.

    Məhkəmənin qərarı ilə T.Muradova “Konstitusiya və Suverenlik İli” münasibətilə elan olunan amnistiya aktı tətbiq edilib və o, cəzadan azad olunub.
    //oxu.az

  • Arvadının qulağını dişlədi, amnistiyaya düşdü

    Göygöl rayonunda ərlə arvadın mübahisəsi cinayətlə nəticələnib.

    Demokrat.аz xəbər verir ki, 1988-ci il təvəllüdlü Mahir evində spirtli içki içib və arvadı Günelin (adlar şərtidir – red.) içki içməsinə irad bildirməsi ilə bağlı aralarında mübahisəsi yaranıb. Mübahisə zamanı o, arvadının sağ qulağını dişləyib və müxtəlif xəsarətlər yetirib.

    İş üzrə izahat verən Mahir ona elan olunan ittiham üzrə özünü təqsirli hesab edib. O bildirib ki, məlum hadisə günü saat 17-18 radələrində işdən evə gəlib:

    “İşdən gələrkən içkili olmuşdum, həmçinin evə gələndə mağazadan 1 litrlik spirtli içki aldım. Həmin içkini evdə təkbaşına içdim. Sonra yanımda oturan arvadımdan “öpüş” verməyini istədim. Soyuqluğunu hiss etdim, həmənki Günel deyilsən, “bir daha öpüş ver” dedim. Həmin vaxt arvadım qulağını gətirəndə ona “dişləyərəm səni” dedim və qulağından dişlədim. Onun qulağının bir az qopduğunu gördüm və xəstəxanada qulağına tikiş vuruldu”.

    İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, hadisə evlərinin həyətində baş verib:

    “Həyətimizdəki divanda oturmuşdum. Evə sərxoş halda gələn Mahir məni səsləməyə başladı. Mən isə ona canımın ağrıdığını və məndən uzaq durmasını istədim. Sonra isə Mahir gəlib yanımda oturdu, başımdan öpdü. Daha sonra isə qulağımdan dişi ilə yapışdı. Əlimi qulağıma apardıqda qanadığını gördüm və xəstəxanaya getdim, həkimlər qulağıma tikiş qoydular. Polis əməkdaşları yanıma gəldi, mən də baş vermiş hadisəni danışdım və şikayət ərizəsi ilə müraciət etdim. Tibbi yardım aldıqdan sonra yaşadığım evə geri qayıtdım”.

    Zərərçəkmiş ifadəsinin sonunda deyib ki, məlum hadisədən sonra Mahirdən ayrılıb. O, əlavə edib ki, təqsirləndirilən şəxs onu ölümlə hədələyib və bu səbəbdən ondan şikayətçi olub.

    Göygöl Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

  • “Əhmədin xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır” – Rəsmi

    Baş Prokurorluq 5 ailə üzvünü qətlə yetirmiş Əhməd Əhmədovun həbsdən buraxılması ilə bağlı iddialara cavab verib.

    Açıqlamada deyilir:

    “Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

    Cəmiyyətdə süni ajiotaj yaratmağa, ictimai rəyi bilərəkdən çaşdırmağa xidmət edən bu cür uydurma məlumatları qəti şəkildə pisləyir və təkzib edirik.

    Bildiririk ki, böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməllərinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar ibtidai istintaq zamanı prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

    Həmçinin Əhməd Əhmədovun qeyd olunan xüsusilə ağır cinayəti anlaqsız vəziyyətdə törətməsi, eləcə də cəmiyyət üçün təhlükəli olması ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışının gedişində tədqiq olunmuş mötəbər dəlillər əsasında sübuta yetirildiyindən qanunvericiliyin tələblərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.10.2024-cü il tarixli qərarı ilə ona cəza təyin edilməyib və ixtisaslaşmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicəyə göndərilib.

    Ə.Əhmədovun stasionar müalicəsi həkimlərin ciddi nəzarəti altında hazırda müvafiq psixiatriya xəstəxanasında davam etdirilir və onun xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır.

    Xatırladaq ki, ictimaiyyətdə süni təşviş yaradan bu cür yalan informasiyaların yayılması birbaşa hüquqi məsuliyyətə səbəb olur.

    Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan aidiyyəti dövlət qurumları ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların paylaşılmasından çəkinməyi bir daha xahiş edirik”.