Category: Kriminal

  • 7 il əvvəl yol qəzasında 6 nəfəri öldürən Türkiyə vətəndaşına hökm oxunub

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı, 34 yaşlı Yazıçı Yakup Zulkif oğlunun CM-nin 263.3 (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, 2011-ci il noyabrın 30-da Bakı-Qazax yolunun 450-ci kilometrliyində Ağstafa rayon sakini Xaliq Aslanovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil Türkiyə vətəndaşı Yazıçı Yakupun idarə etdiyi “Mercedes-Benz” markalı TIR yük avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”də olan bir ailənin 6 üzvü – sürücü X.Aslanov, Gülüzar Aslanova (1929-cu il təv.), Elza Aslanova (1958-ci il təv.), Mətanət Aslanova (2000-ci il təv.), Emin Aslanov (2004-cü il təv.), Teymur Aslanov (2009-cü il təv.) hadisə yerində ölüblər. Daha iki sərnişin – Xatirə Aslanova (1981-ci il təv.) və Aynur Aslanova (1986-cı il təv.) müxtəlif dərəcəli xəsarətlərlə
    Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər ikisinin həyatını xilas etmək mümkün olub.

    Faktla bağlı DİN Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, yol qəzasının törədilməsində Yazıçı Yakup təqsirli bilinib, lakin sonuncu istintaq orqanından qaçıb gizləndiyi üçün, onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb. 2015-ci ildə Yazıçı Yakupun barəsində İnterpol vasitəsi ilə axtarış elan edilib və o, 2017-ci ildə ölkə hüdudlarından kənarda həbs olunaraq Azərbaycana ekstradisiya olunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Fədayə Laçın və qeyrilərinin məhkəməsinin başlanma tarixi məlum olub

    İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın, Penitensiar Xidməti əməkdaşlarının, Əli Ağaminin və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin Bakı Ağır Cinayətlər Məhkəməsində başlayacağı tarix məlum olub.

    Median.Az xəbər verir ki, hazrılıq iclası avqustun 3-də hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək.

    Xatırladaq ki, ötən il noyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır CinayətlərəDair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər isə vəzifəsindən azad edilib.

    Onların barəsində CM-nin 304.2.1- və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılmaqla istintaq qrupu yaradılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, Şirvan şəhər sakini, CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərdiyi üçün atışmada məhv edilib.

    Cinayət işi üzrə 13 nəfər təqsirləndirilən şəxs var.

  • Bakıda ata “əxlaqsız” deyilən qızını öldürdü – VİDEO

    Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanclıq zəmnində öldürülüb.

    Median.Az Report-a istinadla xəbər verir ki, hadisə Həsən Bəy Zərdabi küçəsində baş verib.

    Masallı rayonu, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun “20 Yanvar” stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb.

    Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o, qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

    Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

    Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki, İ.Qurbanov rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıya işləməyə gələn gənci qətlə yetirdilər

    Bərdədən paytaxta işləməyə gələn gənc qətlə yetirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon qəsəbəsində baş verib.

    1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu işlədiyi əlvan metal qəbulu məntəqəsində iş yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində adı hələlik məlum olmayan həmin şəxs Q.Hüseynova küt alətlə zərbə endirib və o, dünyasını dəyişib.

    Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda iki nəfəri bıçaqlayan şəxs 9 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Coşqun Hüseynovun (1999-cu il təv.) CM-nin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və daha çox şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, bu il fevralın 25-də H.Z. Tağıyev qəsəbəsində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş Coşqun Hüseynov şəhər sakinləri Emin Ömərə və İbrahim Cəfərova bıçaqla xəsarətlər yetirib.

    Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Araşdırma zamanı İbrahim Cəfərovun Coşqun Hüseynovun atası İslamın ayaq nahiyəsinə bıçaqla xəsarət yetirməsi də məlum olub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Şəki sakini qonşusunun qapısına “Vinçester”dən atəş açıb

    Median.Az xəbər verir ki, iyulun 21-də Şəki RPŞ-nə məlumat daxil olub ki, ayın 5-də şəhər sakini Şahin Əlibalayev münaqişə zəmnində qonşusu Azər İbrahimovun evinin giriş qapısına odlu silahdan atəş açıb.

    Əməliyyat tədbiri keçirən polis əməkdaşları Ş.Əlibalayevin evindən müvafiq sənədləri olan “Vinçester” tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar ediblər.

    RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanlı müğənninin həbsxanadan görüntüləri yayıldı – VİDEO

    ARB TV-nin “Rezonans” verilişi Rasim Rzayevin həbsxana hekayələrini təqdim edir.

    Rasim Rzayev (cəzası 3 il, ümumi 7 il): “Musiqiçiyəm. Kəndlərdə toylara gedirdim. 20 yaşımdan bu sənətdəyəm. Azərbaycanda tanınmış müğənnilərlə işləmişəm. Anlaşılmazlıq üstündən tutuldum. 3 il həbs edildim. Daha sonra restoranların birində muğam ifa edərkən ifam bir nəfərin xoşuna gəldi. Bir neçə ifadan sonra masaya dəvət etdi və söhbətləşdik. Sonra axşam bu məni evinə qonaq apardı. Sonra siqaret və içki almaq lazım olanda maşının açarını mənə verdi. Yaxınlıqdakı dükandan alıb qayıdanda maşının arxa hissəsini vurdum. Səhər ayılanda boynundan atdı və məni şikayət etdi. Bir neçə dəfə razılaşdıq, pulu ödədim. Polis də bildi durumu. Məhkəmə də buraxdı. Üstündən 10 ay keçdikdən sonra yenə məhkəməyə çağırdılar və həbs olundum. 2008-ci ildə ilk dəfə tutulanda ailəm dağıldı. İçki aludəçisi olduğum üçün ailəm dağıldı. Yanıma heç kim gəlib-getmir. Qardaşımı, anamı, uşaqlarımı, yoldaşımı çox üzdüm. Onların mənə etdiyi köməkliklərə qiymət vermədim. Elədiklərim üçün çox peşmanam. Deyilənlərə fikir verməmişəm”.

  • Oyuncaq tapanca ilə yanacaq doldurma məntəqəsinə basqın edənlərin məhkəməsi başlayır

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov və Həsən Muxtarovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

    Median.Az xəbər verir ki, bu il aprelin 16-da gecə saat 3 radələrində Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən üç nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan ümumilikdə 867 manat pul alaraq hadisə yerini tərk ediblər.

    Məlumat daxil olandan sonra Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Xətai RPİ-nin əməkdaşları tərəfindən isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Həsən Mansurov və Bəxtiyar Camalov saxlanılıblar. Mansurovun yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapançalar və maskalar aşkarlanaraq, götürülüb.

    İş üzrə hazırlıq iclası iyulun 31-nə təyin edilib.

  • Professorun evini qarət edən şəxslərə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o Anar Əmirova professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra Anar Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib.

    İyulun 30-da anten məlumatlarının yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada qalıb. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə oradan Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan iti bibər qazı ilə yatırdıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri daxil olublar. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra evi axtarıblar. Evdən 5000 dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20000 manatlıq qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

    Dəstə üzvləri Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Binəqədi RPİ-nin əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, Anar Əmirov əvvəllər 5 dəfə məhkum olunub.

    Məhkəmənin hökmü ilə A.Əmirov və N.Musayev 12 il 6 ay, B.Hacızadə 11 il 6 ay, F.Əliyev 11 il və E.Musayev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

  • Klinika sahibinə qarşı quldurluq edənlərə hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub.

    Hakim İradə Həsənzadəninsədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən Anar Əmirov 12 il 6 ay, Natiq Musayev 12 il 6 ay, Bəhruz Hacızadə 11 il 6 ay, Elməddin Musayev 10 il və Firdovsi Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, prokuror çıxışında Anar Əmirovun 14 il, Natiq Musayev 14 il, Bəhruz Hacızadənin 13 il 6 ay, Elməddin Musayevin 12 il və Firdovsi Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu ”Varovski” qəsəbəsində baş verib. Prokurorun elan ediyi itiham aktına görə, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu, həmçinin K.Abdullayevin bu yaxınlarda klinikası böyük tikinti şirkətlərindən birinin sahibinə sataraq, 2 milyon dollar pul alıb.

    Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi da danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

    Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə yatırdıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.//bizimyol.info