Category: Kriminal

  • Goranboy polisi piyadanı vurub, qaçan avtomobili axtarır

    Median.Az xəbər verir ki, iyulun 20-i saat 21 radələrində Xanqərvənd kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Ziyəddir Rüstəmov vurulub.

    Piyada Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

    Goranboy RPŞ İstintaq bölməsində fakta görə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

  • “Həyat yoldaşımın icazəsi ilə bir gecə o qadınla, bir gecə isə arvadımla…” – Sumqayıtda AĞLASIĞMAZ HADİSƏ

    Sumqayıt şəhərində xalasının tanışını öldürməyə cəhd etməkdə təqsirli bilinən Şabran rayon sakini, 1994-cü il təvəllüdlü Ruslan İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Ruslan İbrahimov 26 sentyabr 2017-ci il tarixdə, saat 10.00-da xalası Eyvaz Rzayeva ilə qeyri-rəsmi nikahda olan Ramil Şıxəliyevin yaşadığı Sumqayıt şəhəri 9-cu məhəllədə yerləşən evə gəlib.

    O, Ramil Şıxəliyevi evdən çölə çağırıb. Söhbət edərkən o, Ramili Şıxəliyevi xalasının Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsində olan öz evində deyil, Sumqayıt şəhərində kirayə tutduğu evdə uşaqları ilə yaşamasında günahlandırıb.

    Bu zaman Ruslan İbrahimov Ramil Şıxəliyevə bir neçə bıçaq xəsarəti yetirib. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

    İstintaq orqanı tərəfindən Ruslan İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

    “Evi mənə kirayə verməsini istədim”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan İbrahimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

    O bildirib ki, Ruhiyə Rzayeva onun xalasıdır və sonuncu Baloğlan Rzayevlə rəsmi nikahları olmaqla iki övladları ilə Zeynalabdin qəsəbəsi ərazisindəki Xəzri massivində fərdi evdə yaşayıb: “Bir neçə müddət Ruhiyyə ilə Baloğlan ayrı yaşasalar da, nikahları pozulmayıb. 2017-ci ilin may-iyun aylarında Ruhiyyəgilə getdim. Həmin vaxt xalam evindən uşaqlarla çıxıb kirayə yaşayacağını, bu evi də kirayə verəcəyini dedi. Ruhiyyədən evi niyə kirayə verməsinin səbəbini soruşdum. Sonuncu da ora məktəb və bağçaya uzaq olduğundan işə gecikdiyini dedi. Xalama evi mənə kirayə verməyi xahiş etdim. Ruhiyyə də mənimlə razılaşdı”.

    “Xalam dost olduğunu dedi”

    Ruslan İbrahimovun sözlərinə görə, 2017-ci ilin iyun ayında Ruhiyyə uşaqları ilə Sumqayıt şəhəri 7-8-12-ci məhəllədə kirayə ev tutaraq həmin evdə yaşamağa başlayıb: “Mən də 100 manat vermək şərti ilə Ruhiyyənin evində kirayə yaşadım. Ruhiyyə öz evlərində yaşadığı zaman, yəni kirayəyə çıxmamışdan əvvəl Ramil Şıxəliyev ailəvi dost kimi bizə gəlib-gedib, onunla normal münasibətlərimiz olub. Ruhiyyənin kirayə yaşadığı evə gedib-gələn zaman Ramili bir neçə dəfə orada gördüm. Ramilin onların evinə gəlib-getməsi ilə əlaqədar xalama sual verdim. Xalam da Ramillə dost olduqlarını, aralarında başqa heç bir münasibət olmadığını dedi”.

    “Xalamın ərini atdığını dedi”

    Ruslan İbrahimov qeyd edib ki, 2017-ci ilin avqust ayında Ruhiyyəgildə olduğu zaman Ramili orada görüb: “Ramillə söhbət zamanı mənə dedi ki, bu evə xalam Ruhiyyəyə görə gəlir, onların kəbinləri var. O, Ruhiyyənin ərini atdığını, qardaşının həbsxanada olduğunu və buna görə də ailə kimi sahib çıxaraq Ruhiyyəni saxladığını söylədi. Sentyabrın 5-də, axşam Ruhiyyəgildə olarkən Ramil də ora gəldi. Birlikdə Ruhiyyənin Zeynalabdin qəsəbəsində olan evinə getdik. Baloğlan Ruhiyyə ilə barışmağa cəhd göstərsə də, Ruhiyyə onunla barışmadı, Baloğlan evdə qaldı. Ruhiyyə, Ramil və mən uşaqlarla Ruhiyyənin Sumqayıt şəhərində kirayə yaşadığı evə gəldik. Bundan sonra Ramil öz evinə getdi. Mən isə Ruhiyyəgildə qaldım”.

    “Xalamın namusuna toxunduğunu başa düşdüm”

    Ruslan İbrahimov bildirib ki, sentyabrın 26-da, saat 10 radələrində Ramilin Sumqayıt şəhəri 9-cu məhəllə ərazisində yaşadığı evə gedib: “Həmin vaxt Ramili evin həyətinə çağırdım. Ramildən xalam ilə münasibətlərini rəsmiləşdirməyi, yəni Ruhiyyənin Baloğlandan boşandıqdan sonra Ramildən münasibətlərini davam etməsini tələb etdim. Ramilin xalamın namusuna toxunduğunu başa düşdüm. Ramillə danışa-danışa küçə ilə gedərkən üstümdə olan bıçaqla sonuncuya bir neçə bıçaq zərbəsi vurdum. Ramil zərbədən yerə yıxıldı və sonra hadisə yerinə polis əməkdaşları gələrək məni Sumqayıt şəhər Polis İdarəsinə gətirdilər”.

    Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, onun Ramili bıçaqla vurarkən xuliqanlıq niyyəti olmayıb, sonuncunun onun namusuna toxunduğunu fikirləşib və ona xəsarət yetirib.

    “Aralarını düzəltməyə çalışdım”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ramil Şıxəliyev bildirib ki, 2013-cü ildən Sumqayıt şəhəri Nizami parkının yaxınlığındakı qarışıq geyim paltarları mağazasında satıcı işləyir: “Ruhiyyə ilə işlədiyim mağazaya müştəri kimi gəlib-gedərkən tanış olmuşam, aramızda münasibət yaranıb. Sonradan Ruhiyyə işləyən mağazada satıcı kimi işə düzəldim, bir-birimizin evinə gedib-gəlməyə başladıq. Ruhiyyə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində öz evində yaşayıb. Ruhiyyə ilə söhbət zamanı sonuncu ona ailəli olduğunu, əri Baloğlanın 60 yaşı olduğunu, ailə qurduqdan sonra yaxşı münasibətlərinin olmadığını, işi ilə maraqlanmadığını, onu işə aparıb gətirmədiyini dedi, Mən də arvadım Ülkərlə Ruhiyyənin Zeynalabdin qəsəbəsində yerləşən evinə qonaq getdik. Orada Baloğlanla tanış olduq. Baloğlonla söhbət edərkən, ona ailəsi ilə münasibətləri düzəltməyi dedim. Baloğlan isə arvadı ilə münasibətlərinin 7 il bundan əvvəl bitdiyini bildirdi. Ruhiyə ilə Baloğlan arasında münasibətləri bərpa etmək üçün təxminən 9-10 ay çalışdım. Lakin mümkün olmadı”.

    “Bundan arvadımın da məlumatı olub”

    Ramil Şıxəliyev qeyd edib ki, Ruhiyyəgilin evinə gedib-gələrkən bacısı oğlu Ruslanı tanıyıb: “Hətta Ruslan hərbi xidmətdə olarkən Ruhiyyə ilə bir neçə dəfə sonuncunun yanına getmişəm. Ruhiyyəgilə gedib-gəldikdən sonra, Ruhiyyəyə qarşı məhəbbətim yarandı, eyni zamanda, Ruhiyyənin də mənə münasibəti yarandı. Ruhiyyə ilə tanış olandan 1 il sonra onunla aramızda daha yaxın münasibət yarandı, kəbin kəsdirərək ər-arvad kimi yaşadıq. Bundan arvadım Ülkərin və anası Cəlalətin də məlumatı olub”.

    “Bir gün Ruhiyyə ilə, bir gün Ülkərlə qalmışam”

    Ramil Şıxəliyevin sözlərinə görə, 2015-ci ildə onun Ruhiyyədən bir qız övladı da olub: “Hazırda Ruhiyyəni ailəm kimi saxlayıram. Ruslan hərbi xidmətdən gəldikdən sonra Ruhiyyəgilə gəlib. Ruhiyyə Zeynalabdin qəsəbəsindən gələrək uşağı bağçaya qoyub və oradan işə gec getdiyi üçün Ruhiyyə üçün Sumqayıt şəhərində kirayə ev tutdum. Bir gün Ruhiyyə ilə, bir gün Ülkərlə qalmaqla ayrı-ayrı evlərdə yaşamışıq. Ruhiyyə ilə qaldığım müddətdə Ruslan da bizimlə eyni evdə qalıb. Mənim Ruhiyyə ilə münasibətimi görüb və bilib”.

    “Məni küçəyə çağırdı”

    Ramil Şıxəliyev bildirib ki, sentyabrın 26-da, saat 10 radələrində Ruslan onun Ülkərlə yaşadığı Sumqayıt şəhəri “Növbətçi” deyilən ərazidə 9-cu məhəllədə yerləşən kirayə yaşadığı evə gəlib: “Mənə söhbəti olduğunu deyib küçəyə çağırdı. Küçədə gedərkən Ruslana onun telefon pulunu vermək lazım olduğunu və zəng edib pulun tələb edildiyini dedim. Ruslan isə pul məsələsini sonra söhbət edəcəyini bildirdi və xalası Ruhiyyənin Zeynalabdin qəsəbəsindəki evlərinə nə vaxt qayıdacağını soruşdu. Bu zaman əvvəl sağ qarın boşluğuma, sonra isə arxa sol tərəfdən iki bıçaq vuraraq xəsarət yetirdi”.

    8 il həbs cəzasından 4 il çıxıldı

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan İbrahimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ruslan İbrahimov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

    Ruslan İbrahimovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti əsasında hökm dəyişdirilib.

    Məhkəmə Ruslan İbrahimovu Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

  • Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub və 1 nəfər məhv edilib

    İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.

    Bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilib.

    Cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib. A.Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərəkən cavab tədbiri olaraq məhv edilib. Hadisə yeri və meyitə baxış zamanı A.Bağırovun üzərindən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

    Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bakı və regionlarda oğurluğa görə 9 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Taleh Rəsulovu saxlayıblar. Məlum olub ki, o Zığ qəsəbəsi, Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacı oğurlayıb.

    Bundan başqa, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları iyulun 9-da rayon ərazisindəki metal qəbulu məntəqələrinin birindən 200 manat oğurlayan Bakı şəhər sakini Taleh Şahverənovu saxlayıblar, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları iyulun 20-də M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayıb, qaçmağa cəhd edən Bakı şəhər sakini Vaqif Heydəri saxlayıblar, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları iyulun 6-da H.Quliyevə məxsus “VAZ 2109” markalı avtomobildən maqnitofon, səsgücləndirici və akkumulyator oğurlayan Ağsu rayon sakini Aydın Azadovu saxlayıblar, Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları iyulun 20-nə keçən gecə Sulutəpə qəsəbəsindəki evlərdən birindən 50 manat, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlayan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Kənan Tağıyev və iki yeniyetmə saxlanılıblar, Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları 2 nəfərin velosipedlərini və 2 nəfərin mobil telefonlarını oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tacir Quliyevi saxlayıblar, Qusar RPŞ-nin əməkdaşları iyulun 14-də çay evində rayon sakini D.Nurullyaevin mobil telefonunu oğurlayan Bakı şəhər sakini Çingiz Rəhimovu saxlayıblar. Araşdırma zamanı məlum olub ki,
    o, iyulun 13-də rayon sakini R.Rəsulova məxsus mobil telefonu oğurlayıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • 28 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürülüb

    İyulun 20-dən 21-nə keçən gecə Bakıda qətl törədilib. Hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində baş verib.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Rəşad Əliyev 3-cü mikrorayon dairəsi yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb.

    O, ətrafdakıların köməkliyi ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ancaq xəsarəti ağır olduğundan, həkimlər ürək nahiyəsindən bıçaqlanan R.Əliyevi xilas edə bilməyib.

    Hadisənin təfərrüatlarını Nəsimi rayon Prokurorluğu araşdırır. Faktla əlaqədar Nəsimi polisi də əməliyyat-axtarış tədbirlərinə başlayıb.

  • 51 azərbaycanlını Almaniyadan deportasiya etdilər – Əl-ayaqlarını qandallayıblar

    Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.

    Onlar “Readmissiya haqqında” sazişə əsasən çarter reysi ilə Azərbaycana göndəriliblər. Bakı hava limanında onları hüquq-mühafizə orqanlarının əməkdaşlarının qarşıladığı deyilir.

    “Leqat” inteqrasiya mərkəzinin məlumatına görə, deportasiya edilmiş azərbaycanlılar Almaniyanın Bamberq, Valdvassen, Uesburq, Kürten və digər şəhərlərində yaşayıblar.

    Sosial şəbəkələrdə Azərbaycana deportasiya edilənlərdən birinin fotosu yayılıb. Həmin şəxsin Sinan Bayramov olduğu dəqiqləşdirilib. Fotodan S. Bayramovun əl və ayaqlarının qandallı olduğu görünür. Azərbaycanlı mühacirlərin informasiyasına görə, o, son dörd il ərzində Almaniyada yaşayıb. İddia olunur ki, Sinan Bayramovu Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov azərbaycanlıların deportasiyası ilə bağlı Realtv-yə açıqlama verib. Onun sözlərinə görə, Bakıya təyyarə ilə 32 nəfər yola salınıb və deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər: “Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”.

  • Siyəzən və Ağcabədidə çətənə əkənlər saxlanılıb

    Median.Az xəbər verir ki, Siyəzən RPŞ-nin əməkdaşları Yenikənd kənd sakini Eltun Muradovun idarə etdiyi “VAZ 21074” markalı avtomobildə olan sərnişini, əvvəllər məhkum olunmuş Bədirxan Teymurovdan 2 ədəd çətənə kolu aşkar edərək, götürüblər. Əlavə tədbirlər nəticəsində onun qohumu H.Teymurovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 9 ədəd çətənə kolu tapılıb.

    Bundan əlavə, Ağcabədi RPŞ-nin əməkdaşları şəhər sakini Məzahir Quliyevin həyətyanı sahəsindən 8 ədəd çətənə kolu aşkar ediblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Nəsimi rayonunda avtomobillərdən oğurluq edən 2 nəfər tutulub

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları Ağdaş rayon sakini Rəsul Rəhimovu saxlayıblar.

    Məlum olub ki, o paytaxt sakini F.Qədimovun “VAZ 2106” markalı avtomobilindən maqnitofon oğurlayıb.

    Bundan başqa, Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini M.Səlimliyə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlayan Bakı şəhər sakini Xanlar Hüseynovu saxlayıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Quba və Sabirabadda bıçaqlanma hadisələri törədilib

    Median.Az xəbər verir ki, Quba rayon sakini Zaur Əmirxanov (1997-ci il təv.) kəsilmiş-dəşilmiş xəsarətlə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və üzərində cərrahi əməliyyat aparılıb. Faktı Quba RPŞ-nin əməkdaşları araşdırır.

    Bundan başqa, Sabirabad rayonunun Qaragüney kəndində naməlum şəxs kənd sakini Şamil Əhmədovu (1996-cı il təv.) bıçaqlayıb. O, Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyat olunubş.

    Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

  • Evli qadını intim videoları ilə şantaj edən şəxsin məhkəməsi başlayır

    Qaradağ rayon Məhkəməsində Miryusif Məmmədovun CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

    Median.Az-ın məlumatına görə, ittiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Arzu Nəzərova Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib. Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində 3 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.

    İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Arzu Nəzərova ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər. Daha sonra görüntülü danışmağa başlayıblar, Miryusif Arzunun intim hərəkətlərini videoya çəkib və sonra onu şantaj etməyə başlayıb.
    Evli olan Nəzərova Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Muryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.

    Hazırlıq iclası iyulun 23-də keçiriləcək.