Category: Kriminal

  • На 21 год осуждены мошенники, продававшие гражданам повторно квартиры

    Bakı Ağır Cinayətlər Məhkəməsində İsa Məmmədov və Çingiz Məmmədovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən ilin iyun-avqust aylarında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı başlanan araşdırma zamanı cəmiyyətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub, qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3.206.310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar bundan yayınıblar. Buna görə barələrində avqustun 17-də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Zərərçəkmişlər bildiriblər ki, “İdeal-İ İnşaat” MTK 60 mənzili 90 nəfərə satıb. Onların sözlərinə görə, inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 – 250 min manat arasında ödəniş edib. Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib. Zərərşəkmişlərin əksəriyyəti pulu birbaşa şirkət rəhbərliyinə ödəyib.

    Məhkəmənin hökmü ilə İ.Məmmədov 11 il, Ç.Məmmədov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

  • “Son zəng” günü psixotrop dərman almaq üçün tanış qadını bıçaqlayan məzun qıza şərti cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Aytən Abbasovanın CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, 2014-cü il mayın 30-da Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 1 ünvanından Bakı şəhər sakini Məryəm Hüseynova (1985-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həmin gün Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən 17 yaşlı Aytən Abbasova tutulub. Bildirilib ki, qız orta məktəbi bitirib və hadisə “Son zəng” tədbirindən sonra baş verib. Rayon məhkəməsinin qərarı ilə onun barəsinndə polis nəzarətində qətimkan tədbiri seçilib.

    İttihama görə, mayın 30-da Fəvvarələr meydanının yaxınlığında Aytən Abbasova əvvəlcədən tanıdığı 2-ci qrup əlil olan Məryəm Hüseynovadan psixotrop dərman almaq üçün 5 manat pul istəyib. Qadın ona pul vermədikdə, Abbasova onu yerə yıxıb və üzərindəki bıçaqla Hüseynovaya zərbələr vurub.

    Məhkəmə prosesində Aytən Abbasova ittiham üzrə özünü təqsirli bilib. İfadəsində Məryəm Hüseynovanı söyüş söydüyü üçün vurduğunu bildirib : “Ondan pul tələb etməmişəm, narkotik istifadəçisi deyiləm. Söhbət edəndə məni və valideynlərimi söydü. Özümdən çıxdım və bıçaqla vurdum. Polisdən qorxduğum üçün qaçmışam”.

    Zərərçəkmiş Məryəm Hüseynova isə bildirib ki, Aytən Abbasova dərman almaq üçün ondan pul tələb edib : “Yaxınlaşıb 5 manat istədi, dedi, narkotik olan dərman almalıyam. Dedim vermirəm, özüm xəstə adamam, sənə niyə pul verim, 70 manat təqaüd alıram. Anamı söydü, dedim ki, özünü yığışdır. Dayanmadı, mən də onu söydüm. Saçımdan tutub, yerə yıxdı, başıma təpiklə vurdu. Sonra bıçaqladı. Polisə şikayət elədim. Bir neçə dəfə gəlib məni hədələyib ki, səni öldürəcəm”.

    Təqsirləndirilən şəxsin anası Arzu Süleymanova bildirib ki imkanları yoxdur : “Evdə iki xəstəm var. Aytən də qollarını doğrayır, psixoloji problemləri var. Özü də hamilədir”.

    Bundan sonra qadın qızının hamilə olması ilə bağlı sənədi məhkəməyə təqdim edib. Orda Aytən Abbasovanın 6 həftəlik hamilə olması bildirib.

    Hakim deyib ki, A.Abbasova rəsmi nigahda deyil, Arzu Süleymanova isə bildirib ki, qızının dini kəbini var.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. Məhkəmə nəzərə alıb ki, A.Abbasova cinayəti törədərkən yetkinlik yaşına çatmayıb və hazırda zərərçəkmiş şəxslə barışıb.

  • Bakıda klinikada qadın həkimə qarşı cinayət

    Xətai rayonunda yerləşən “Turan” klinikasında oğurluq faktı qeydə alınıb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, klinikada həkim işləyən Hənifə Hacıkərimovanın mobil telefonu naməlum şəraitdə oğurlanıb. Baş vermiş oğurluq barədə Xətai RPİ-nin 34-cü Polis Bölməsinə məlumat verilib.

    Əməliyyatçılar hadisə yerində olub, müşahidə kameralarına baxış keçirilib.

    Faktla bağlı Xətai RPİ-də oğurluq maddəsi ilə cinayət işi başlanıb.

  • Bankomatlardan pul oğurlayan Moldovalı hakerə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Moldova vətəndaşı Petroviç Sergey Aksentiyeviçin CM-nin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 273.4-cü (elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, Azərbaycan Respublikasından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompüter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb.

    İstintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvü Petroviç Sergey Aksentiyeviç Azərbaycan hüdudularından kənarda saxlanılıb.

    Ötən il dekabrın 30-da o Azərbaycana ekstradisiya edilib.

    Müəyyən edilib ki, Sergey Petroviç bankomatlara kart daxil etmədən 2017-ci ilin 12-15 iyul tarixində 1 milyon 464 min 50 manat məbləğində pul çıxarıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Sayan sakininin evində silah aşkar edilib

    Median.Az xəbər verir ki, Salyan RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında şəhər sakini Ənvər Əliyevin evində lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı ov tüfəngi aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.

  • DİN əməkdaşları Bakı və Beyləqanda oğurluqlar törədən 2 nəfəri saxlayıb

    Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsi, Beyləqan RPŞ və Xətai RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Bəyləqan rayonu ərazisindəki şirkətlərin birinin həyətindən 12 ədəd elektrik mühərriki və 1 ədəd reduktor oğurlayan rayon sakinləri Anar Şıxəli və Eynur Hüseynov saxlanılıblar.

    Araşdırma zamanı məlum olub ki, fevral ayında E.Hüseynov 1-ci Şahsevən kəndində, digər şirkətə məxsus təmir-tikinti alətlərini və inşaat materiallarını, habelə martın 15-də bir nəfər tanışı ilə Bakının Xətai rayonu ərazisindəki avtosalonların birindən 8500 manat pul oğurlayıb.

    Faktla bağlı CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

  • “Son zəng” günü rəfiqəsinin qanını tökən qızın həyat hekayəsi – TƏFƏRRÜATLAR

    Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini bıçaqlamaqda ittiham olunan Aytən Abasovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən Abasova Aytən İlqar qızının məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edir.

    Sübh tezdən çörək almaq üçün yaxınlıqdakı mağazaya üz tutan Məryəm “Füzuli meydanı”nda rəfiqəsi ilə rastlaşır. 17 yaşlı Aytən “Son zəng”ə getmək üçün məktəbə sarı istiqamət alsa da, Məryəmi görüncə fikrindən daşınır. Lakin rəfiqələr arasında yaşanan ani anlaşılmazlıq sonda birini xəstəxanalıq, o birini isə həbsxanalıq edir…

    Hadisə 2014-cü ildə səhər saatlarında Yasamal rayonu, Füzuli meydanında yerləşən fəvvarənin qarşısında baş verib. Yetkinlik yaşına çatmayan Aytən Abasova aralarında yaranmış narazılıq zəminində tanışı Məryəm Məmmədovaya bir neçə bıçaq zərbəsi vurub.

    Yaralı xəstəxanaya çatdırılıb. A.Abbasova ertəsi gün saxlanılıb, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Üç il istintaqdan yayınıb. 2017-ci ildə isə A.Abasovaya qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.

    Təqsirləndirilən Aytən Abasova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində valideynləri boşandıqdan sonra anasının himayəsi altında böyüdüyünü, 2016-cı ildə Nizami rayon məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunaraq 6 ay müddətinə islah işləri cəzasına məhkum olunduğunu göstərib:

    “Məryəmi 2013-cü ildən “Beşmərtəbə” adlanan ərazidəki çayxanadan tanıyıram. Tez-tez orada görüşür, boş vaxtımızı keçirirdik. Hadisə baş verən gün səhər saatlarında evdən çıxıb “Beşmərtəbə”yə gəldim. “Füzuli” meydanındakı fəvvarənin qarşısında Məryəmi gördüm, “Malakan bağı”na getməyi təklif etdim, razılaşmadı. Bir azdan Aynur adlı rəfiqəsi onun yanına gəldi. Məndən ayrılıb onunla birlikdə şaurma yeməyə getdilər. Qayıdıb gələndən bir qədər sonra Aynur sağollaşıb getdi. Bundan sonra Məryəmlə aramızda sözlə mübahisə düşdü. Məryəm mənə “öz-özünə tutuquşu kimi danışırsan” dedi. Əsəbləşib təpiklə başından vurdum. Valideynlərimin ünvanına nalayiq söyüşlər söydü, daha da qəzəbləndim. Saçlarından tutub dartdım, üstümdəki qatlanan bıçağı çıxarıb qarnından vurub qaçdım”.
    A.Abasova küçədən keçənlərdən birinə yaxınlaşıb rəfiqəsinin yaralandığını, təcili yardıma zəng vurmasını xahiş edib.

    Hadisədən bir gün sonra onu Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparıblar. Həm istintaq, həm də məhkəməyə verdiyi ifadəsində A.Abasova narkotik vasitə istifadəçisi olmadığını, hadisə baş verən gün Məryəmdən pul tələb etmədiyini göstərib:

    “Ondan pul istəməmişəm. Mən narkotik istifadəçisi deyiləm. Həmin vaxt valideynlərimi söydü, özümü saxlaya bilməyib bıçaqla vurdum. Polisdən qorxduğuma görə də qaçdım”.

    Zərərçəkmiş, ikinci qrup əlilliyi olan Məryəm Məmmədova ifadəsində hadisə baş verən gün çörək almaq məqsədilə mağazaya getdiyini, “Füzuli” meydanından keçərkən rəfiqəsi Aytənlə rastlaşdığını göstərib:

    “Aytən mənə 25 manat pulu olduğunu, narkotik almaq üçün 5 manatı çatmadığını dedi, pul istədi. Dedim, üstümdə cəmi 5 manat var, vermirəm, özümə lazımdır. Əl çəkməyib, pul tələb etdikdə mübahisəmiz düşdü, anamı söydü, mən də onu söydüm, təpiklə sifətimdən vurdu, saçımdan tutub yerə yıxdı, bıçaqla vurub qaçdı. Təxminən 15-20 dəqiqədən sonra hadisə yerinə təcili yardım gəldi, məni Kliniki Tibbi Mərkəzə apardılar, orada əməliyyat olundum”.

    Şahid qismində dindirilən Arzu Süleymanova ifadəsində həyat yoldaşından rəsmi boşandıqdan sonra övladları ilə birgə Yasamal rayonu, M.Sübhi, 85 ünvanında yaşadıqlarını göstərib:

    “Aytən heç yerdə işləmirdi. Boş vaxtlarını dost-tanışları ilə keçirirdi. Mayın 30-da Aytən oxuduğu məktəbdə son zənglə bağlı tədbir olmalı idi. Ona görə də səhər tezdən evdən çıxıb məktəbə sarı getdi. Həmin gün saat 16-17 radələrində evə gələndə tanışı Məryəmi bıçaqla vurduğunu dedi. Aytənlə birlikdə xəstəxanaya – Məryəmə baş çəkməyə də getmişdik”.

  • Həbsxanada böyürtkən əməliyyatı – FOTO

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

    Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Qobustan həbsxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37/13 ünvanında yaşamış, Şəki Appelyasiya Məhkəməsinin 13.03.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4; 317-2 və 66.3 maddələri ilə təqsirli bilinərək 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nurlan Azər oğlu Sadıxzadənin yanına gəlmiş tanışı, 1989-cu il təvəllüdlü, Bakı şəhəri Sabunçu qəsəbəsi Ə.Cavad küçəsi ev 5/1 ünvanında qeydiyyatda olan vətəndaş Anar Mehman oğlu Bayramovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman böyürtkən mürəbbəsi olan bankanın içərisində yerləşdirilərək gizlədilmiş ümumi xalis çəkisi 40,438 qram olan narkotik maddə – tiryək aşkar edilərək götürülüb.

    Fakt üzrə araşdırma aparılır.

  • Toyda yaba ilə dava – 3 nəfər yaralandı

    Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, saat 00.30 radələrində Sabirabadın Moranlı kəndində toyda kütləvi dava baş verib.

    Dava zamanı kənd sakinləri, 1992-ci il təvəllüdlü Abbasov İlkin Taleh oğlu, 1995-ci il təvəllüdlü Abbaslı Ədalət İbrahim oğlu və 1994-cü il təvəllüdlü İmanov Feyruz Asim oğluna bədənlərinin müxtəlif yerlərindən yaba ilə kəsilmiş-deşilmiş xəsarətlər alıblar. Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı.

    Kütləvi davada iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

  • Bakıda avtomobillərdən oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nəcəf Hüseynovu və Tovuz rayon sakini Qasım Novruzovu saxlayıblar.

    Məlum olub ki, onlar iyulun 9-da “Niva” markalı avtomobildən 1000 manat pul, planşet və mobil telefon adapteri oğurlayıblar.

    Bundan başqa, Qaradağ RPİ 38-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də avtomobildən 380 manat pul oğurlayan Bakı şəhə sakini Zahid Qurbanovu saxlayıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.