Category: Kriminal

  • AZTV sədrini öldürmək istəyən şəxslərə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun CM-nin 29,120.2.1 (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 29,120.2.5 ( qəsdən adam öldürməyə cəhd, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə), 29, 120.2.6 (qəsdən adam öldürməyə cəhd, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə törədildikdə), 29,120.2.7 (qəsdən adam öldürməyə cəhd, iki və daha çox şəxs barəsində törədildikdə), 29,120.2.10 (qəsdən adam öldürməyə cəhd, təkrar törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, 2013-2017-ci illər ərzində “Azərbaycan Dövlət Televiziya və Radio verilişləri” QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücayət Əkbərov Musabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.

    Ş.Əkbərov dələduzluq yolu ilə A.Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib. 2016-cı ilin dekabrın 13-də A.Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini

    Q.Cəbiyevlə M.Namazova tapşırıb. Buna görə onlara 600.000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə, Cəbiyev 100.000 manata bu işə keçmiş məhkum Z.Şirinovu cəlb edilib. Nəzərdə tutulan gün A.Alışanov 99-AA- 400 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomaşında, Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən dəstə üzvləri onu “Niva” markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər.

    Bundan əsəbiləşən Şücayət Əkbərov növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən, onu öldürməyi planlaşdırıblar. Lakin fikirini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinov saxlanılıblar. Məhkəmənin qərarı ilə istintaqın gedişatında M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qəti imkan tədbiri verilib.

    Məhkəmə prosesində son sözlə çıxış edən Şücayət Əkbərov barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

    Məhkəmənin hökmü ilə Ş.Əkbərov 18 il, Z.Şirinov və Q.Cəbiyev 16 il, A.Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

    A.Hüseynovun cəza müddəti bitdiyi üçün o iclas zalından dərhal azadlığa buraxılıb.

  • Yanacaq doldurma məntəqəsinə basqın edən şəxslərin məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon sakini Sərxan Mailli və Kürdəmir rayon sakini Niyaməddin Mustafayevin CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 17-də Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər. Zərərçəkmiş üzərində olan 552 manat pulu onlara verdikdən sonra, naməlum şəxslər hadisə yerindən uzaqlaşıblar.

    Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar.

    Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

    Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli biliblər, daha sonra zərərçəkmiş Mehman Cabbarov ifadə verib. Onun sözlərinə görə, üzü maskalı iki nəfər otağa daxil olub, bıçaqla ona hədə-qorxu gəliblər : “Pul tələb etdilər, mən də qorxduğum üçün onlara 552 manat pul verdim. Sonra otağdan çıxıb, qaçdılar. Dəymiş ziyan ödənilib. Şikayətim və tələbim yoxdur”.

    Təqsirləndirilən N.Mustafayev qeyd edib ki, pula ehtiyacları olduğu üçün bu cinayəti törədiblər : “Məntəqəyə basqın etməyi Sərxan təklif etdi. Həmin pula kirayə haqqını ödəmişəm. Hazırda atam da həbsdədir. Əməlimdən peşmanam”.

    Növbəti iclas iyulun 24-nə təyin edilib.

  • Hamamda qonşu ilə tutduğu gəlinini güllələyəndən xəbər var – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyidmalik Məmmədovun (1958-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, ötən il dekabrın 11-də Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəmnində ov tüfəngindən atəş açaraq gəlini, 24 yaşlı Aysel Məmmədova qətlə yetirib. Hadisəni törədəndən sonra o könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən, oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib.

    İş üzrə dindirilmiş Seyidmalik Məmmədov bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, onun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və nigahdan bir oğulları dünyaya gəlib. Həyətləri geniş olduğundan, yaşayış sahəsində oğlu üçün ayrı ev tikib. Hadisədən bir ay əvvəl Seyidmalik həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. Məmmədov həm gəlinindən, həm də qonşusundan qəsəbəni tərk etmələrini, əks təqdirdə onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb. Bundan bir müddət sonra həmin şəxs paytaxtı tərk edib və
    Zaqatala rayonunda məskunlaşıb. Aysel isə əvvəlki kimi evdə yaşamağa davam edib. Seyidmalik ona dəfələrlə xəbərdarlıq etsə də gəlini sözlərinə əhəmiyyət verməyib. Ayın 11-də əsəblərinə hakim ola bilməyən Məmmədov odlu silahdan Ayselə atəş açaraq, onu qəsdən öldürüb.

    Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin olunmasını xahiş edib.

    Proses davam edir.

    Xatırladaq ki, S.Məmmədov ittiham üzrə özünü təqsirli bilib və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib. O, yazılanların həqiqət olduğunu, gəlinini başqa şəxslə hamamda tutduğunu, qətli namus üsündə törətdiyini bildirib.

  • Bakıda dəhşətli cinayət — Qız atasını baltaladı

    Atasının başından balta ilə vuraraq öldürməyə cəhd edən qız məhkəmə qarşısına çıxarılacaq.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, Aliya Həbibovanın barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 23-nə təyin edilib.

    İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində baş verib.

    Cəfər Xəndan küçəsində ailə münaqişəsi zamanı Aliya Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Azad oğlu Salxakinin başından balta ilə vurub.

    Cəmşid Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

    Cəmşid Salxakini öldürməyə cəhd edən Aliya Həbibova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    İstintaq orqanı tərəfindən Aliya Həbibovanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

  • Parkdan fəvvarə stəkanları oğurlayan 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Səbail RPİ 9-cu polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ümid Məmmədovu və Sumqayıt şəhər sakini Qabil Kərimovu saxlayıblar.

    Müəyyən edilib ki, saxlanılan şəxslər ayın 18-də rayon ərazisindəki istirahət parkından 10.000 manat dəyərində 72 ədəd fəvvarə stəkanı oğurlayıblar.
    Oğurlanan əşyaların bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

    Səbail RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda iyrənc hadisə — Ailəli qadını intim fotolarını sosial şəbəkədə paylaşacağı ilə hədələdi və …

    Qaradağ rayonunda qadının intim görüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 12 min manat pulunu alan şəxs hakim qarşısına çıxarılacaq.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, Məmmədov Miriyusif Ələmdar oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyul ayının 23-də hakim Teymur Qurbanovun sədrliyi ilə keçiriləcək.

    İttihama görə, bu il martın 9-da Bakı şəhər sakini Nəzərova Arzu Nazim qızı Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.

    O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

    Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dolları alıb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.

    Müəyyən edilib ki, Miryusif Məmmədov Arzu ilə sosial şəbəkələrdən birində tanış olub.

    Sonradan Miryusif ilə Arzunun münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər. Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib.

    Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli olan qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb.

    Miryusif Arzudan ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib.

    Bundan sonra Arzu hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.

    İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 182.2.2; 178.2.4; 178.2.2; maddələri ilə ittiham elan edib.

    Bu ilin martında Qaradağ rayon Məhkəməsinin qərarı ilə Miryusif Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Qohumunu öldürməyə cəhd edən Hacıqabul sakini tutulub

    Median.Az xəbər verir ki, Hacıqabul RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Atbulaq kənd sakini Fuad Şahsuvarovu saxlayıblar.

    Məlum olub ki, o ötən axşam kənd ərazisində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib, nəticədə sonuncu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Rayon prokurorluğunda CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda liftdə azyaşlı qıza təcavüz etdilər – FOTO

    Bakıda liftdə azyaşlı qıza təcavüz edilib.

    Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

    Belə ki, orta yaşlı kişi yeni tikililərin birinin liftində azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. 11 yaşlı qız evə gələrək nənəsinə və anasına pedofilin liftdə ona toxunduğunu, öpdüyünü deyib. Qızın anası uşağının psixologiyasına zərbə olmasın deyə videonu ictimailəşdirmək istəməyib.

    Binanın komendantından görüntülər əldə olunub.
    /oxu.az


  • Bakıda tanışını öldürən Ağsu sakini 5 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Sabit Bağırovun CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, bu il mayın 23-də Babək prospektindəki kafelərdən birinin qarşısından Bakı şəhər sakini Valeh Heydərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Həmin gün Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən Sabit Bağırov tutulub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Xatırladaq ki, ötən prosesdə prokuror S.Bağırova 11 il cəza təyin edilməsini xahiş edib.

  • Дали показания жители Сумгайыта, обвиняемые в краже из дома народной артистки – ФОТО

    Bakı Ağır Cinayətlər Məhkəməsində Ruslan Verdiyev, Yunis Hüseynli, Namiq Fərəcov və Cavid Əliyevin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə), 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istahlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

    Median.Az xəbər verir ki, ötən il avqustun 19-da naməlum şəxs və ya şəxslər Nərimanov rayonunda yaşayan xalq artisti Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

    Daxili İşlər Nazirliyininin (DİN) yaydığı məlumata görə, polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayətin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə daha iki nəfər- Sumqayıt şəhər sakinləri Cavid Əliyev və Natiq Fərəcov saxlanılıblar. A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə hesab edilən – heroin götürülüb.

    Müəyyən edilib ki, dəstə üzvləri seyfin içindən götürdükləri pulu, həmçinin qızıl-zinət əşyaların satışından əldə etdikləri maddi vəsaiti aralarında bölüşdürüblər. Sonra isə, seyfi Sumqayıt ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

    İstintaqın gedişatında, xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov zərərçəkmiş qismində tanınıblar.

    İbtidai istintaq dövründə taksi sürücüsü işləyən Asif Həmidovun əməli CM-nin 307-ci ( cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və o, azadlığa buraxılıb.

    Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ittihama münasibətlərini bildiriblər.
    Ruslan Verdiyev, Yunis Hüseynli və Cavid Əliyev özlərini qismən təqsirli, Namiq Fərəcov isə tam təqsirli biliblər. Daha sonra onlar sərbəst ifadə veriblər.

    İş üzrə növbəti proses ayın 30-na təyin edilib.