Category: Kriminal

  • Ağsuda soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Ağsu RPŞ-nin əməkdaşları axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində Ağdam rayon sakini Gündüz Abbasovu saxlayıblar.

    Araşdırma zamanı məlum olub ki, o ayın 17-də Muradlı kənd sakini A.Nurməmmədovun həyətyanı sahəsindən 2 baş qoyunu “Daewoo” markalı avtomobilinə qoyaraq, ərazidən uzaqlaşıb.

    Faktla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Sabunçu polisi şirkətin anbarından oğurluq edən 3 nəfəri saxlayıb

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Elçin Nəsibovu, Bakı şəhər sakinləri Məmməd Rüstəmovu və Bünyad Abbasovu saxlayıblar.

    Müəyyən edilib ki, onlar qrup halında Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından 3500-4000 manat dəyərində ərzaq məhsullarını oğurlayıblar.

    Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Könül Kərimova oğlunu universitet tələbəsi etmək üçün 32 min manat pul verdi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.

    O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

    Məhkəmənin baxış iclası iyulun 20-nə təyin edilib.

    Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

    Cinayət işi üzrə gedən istintaqda Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovanın da adı var.

    İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyi vədi verib.

    O, bu işə görə K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

    M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.

  • Bakıda taksi sürücüsünü qarət edənlər 27 il cəza alıblar

    Bakı Ağır Cinayətlər Məhkəməsində Özbəkistan vətəndaşı Tərlan Alıyarov, Xaçmaz rayon sakini Kamran Nəsrullayev və Qusar rayon sakini Radik Həsrətovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

    Median.Az xəbər verir ki, bu il fevralın 25-nə keçən gecə Xırdalan dairəsində “VAZ 21044” markalı taksi avtomobilinə əyləşən dostlar, sürücüdən onları “Memar Əcəmi” metrostansiyasının yaxınlığına aparmasını xahiş ediblər. Həmin ərazidə, qaranlıq, adam olmayan bir məhəlləyə çatanda Tərlan Alıyarov üzərindəki bıçağı sürücü Kamran Həsənlinin boğazına dirəyərək, ondan pullarını tələb edib. Sonuncu mobil telefonunu və 5 manat pulunu verdikdən sonra, onlar avtomobildən düşüb, qaçıblar. Oradan Saray qəsəbəsində fəaliyyət göstərən kafeyə gediblər. Zərərçəkmiş başına gələn hadisəni ərazidə qarşısına çıxan post-patrul əməkdaşlarına danışıb. Elə həmin gecə şübhəli şəxslər Nəsimi RPİ 19-cu polis bölməsinin əməkaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim ediliblər.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

  • Qadını yumruqla vuraraq öldürdülər

    Bakıda qətl törədilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-də, saat 08:00 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyitinin yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Araşdırmalarla həmin gün saat 06:00 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirməsi müəyyən edilib.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

  • Bakıda qadına qarşı soyğunçuluq edən Cəbrayıl sakini tutulub

    Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunan Qabil Hacıyevi saxlayıblar.

    Araşdırma zamanı məlum olub ki, ötən gün Q.Hacıyev 8-ci km. qəsəbəsində, R.Rüstəmov küçəsində paytaxt sakini K.A-ya hücum edərək, əlindəki çantanı zorla alıb və hadisə yerindən uzaqlaşıb. Bununla əlaqədar zərərçəkmiş DİN-n 102 xidmətinə müraciət edib. Onun sözlərinə görə, çantada
    68 manat pul və mobil telefon olub.

    Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

    Nizami RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Pirallahı sakini əmisi arvadını öldürüb

    Median.Az xəbər verir ki, Pirallahı RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında eyni adlı qəsəbədəki evlərdən birində Bakı şəhər sakini Mariya Qəhrəmanovanın (1974-cü il təv.) üzərində zorakılıq əlamətləri olan meyitini aşkar ediblər.

    Şübhəli şəxs qismində Rəsul Hüseynov (1983-cü il təv.) saxlanılıb.

    İlkin məlumata görə, o əmisi arvadının baş nahiyəsinə yumruqla zərbələr endirib, bunun nəticəsində qadın keçinib.

    Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

  • Həmkəndlisinin evindən 1500 manat oğurlayan Ağdaş sakini tutulub

    Median.Az xəbər verir ki, Ağdaş RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elnəzər İsmayılovu saxlayıblar.

    Məlum olub ki, o ayın 6-da Şəkilli kəndində yaşayan Mirarif Əzizovun evinə qanunsuz daxil olaraq, oradan 1500 manat pul oğurlayıb.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.3 (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycanın ən kriminal rayonları – ANALİZ

    Hər gün Azərbaycanın bu və ya digər rayonunda kriminal insidentlərlə bağlı məlumat alırıq.

    Median.Az Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsasən, ötən ay üçün Azərbaycanın ən kriminal rayonlarının siyahısını hazırlayıb.

    Belə ki, iyunun 1-dən 30-dək olan dövrdə baş verən kriminal hadisələri nəzərə alaraq, ölkənin ən təhlükəli və ən sakit regionunu müəyyənləşdirə bildik.

    Ölkə üzrə həmin cinayətlərin əks olunduğu cədvəli təqdim edirik:







    Qrafikdən göründüyü kimi, Azərbaycanın iyun ayı üzrə ən kriminal şəhəri Sumqayıt (kriminal xarakterli 26 cinayət) olub. 
    Ən çox oğurluq hadisəsi Abşeron rayonunda (14 cinayət), soyğunçuluq isə Bakının Nəsimi və Xəzər rayonlarında (4 hadisə) qeydə alınıb. 
    Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət bugünkü “reytinq”in lideri olan Sumqayıtda (10 hadisə) baş verib. 
    Qobustan, Ucar, Şamaxı, Qusar, Daşkəsən, Beyləqanı kriminal cəhətdən ən sakit rayonlar hesab etmək olar. Belə ki, bu rayonlarda iyun ayı ərzində heç bir cinayət faktı qeydə alınmayıb.
    Qeyd edək ki, materialın hazırlanmasında Azərbaycan DİN-in gündəlik məlumatlarından istifadə olunub.

  • Gəncədə yeni həbslər – FOTO

    2018-ci il iyulun 3-ü və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar iyulun 16-da daha 4 nəfər həbs edilib.

    Median.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Gəncədə terror aktı, iğtişaşların planlaşdırılması və təşkil edilməsində ittiham edilərək həbs olunanlar Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov və Alim Yusifovdur.

    Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmada təqsirləndirilir. C.Qurbanov Y.Səfərovun yaxın qohumudur.

    Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etmək üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

    Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.

    Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

    Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.