Category: Kriminal

  • Binanın blokunda iki qadını bıçaqlayan quldura hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran şəhər sakini Şəhriyar Əlizadənin CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il avqustun 30-da Qara Qarayev prospektindəki yaşayış evlərindən birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Salmanova və Elnarə Mikayılovanı bıçaqlayıblar. Zərərçəkənlər ağır vəziyyətdə 3 saylı kliniki xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas ediblər. Həmin gün Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları isti izlərlə şübhəli şəxs qismində Şəhriyar Əlizadəni saxlayıblar.

    Araşdırma zamanı qeyd edilən cinayətlərin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nigahda yaşayan və zərərşəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb. Lakin istintaqın gedişatında o iş üzrə şahid kimi tanınıb və sərbəst buraxılıb. Məlum olub ki, qadınlar eyni barda işləyirlər.

    Şəhriyar Əlizadə barəsində ilkin olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, lakin sonra onun əməli CM-nin 181.3.3-cü maddəsinə tövsif olunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Polis Gəncədə əməliyyat keçirdi – Saxlanılan var

    Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə, silah və döyüş sursatı aşkar edilib.

    Median.Az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə iyulun 7-də Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Hamlet Abdullayev saxlanılıb. Polis İdarəsində vətəndaşın üzərinə şəxsi baxış keçirilən zaman 2.689 qram çəkidə narkotik vasitə olan “heroin” aşkarlanaraq götürülüb.

    Davam edən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxsin mənzilindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapanca, həmin tapançaya məxsus 8 ədəd patron və alışqanı ilə birlikdə 1 ədəd RQD-5 markalı əl qumbarası aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Novxanıda piyadanı vurub, öldürən sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nurlan Müseyibovu saxlayıblar.

    Müəyyən edilib ki, iyulun 8-i saat 22 radələrində Novxanı kəndi ərazisində o, idarə etdiyi “Moskviç” markalı avtomobillə Naxçıvan şəhər sakini Rasim Cəfərovu vurub və hadisə yerindən qaçıb. Piyada hadisə yerində ölüb.

    RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.

  • Əli Həsənovun nəvəsinin apellyasiya məhkəməsi başlayıb – FOTO

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Nail Allahverdiyevin (1994-cü il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkum olunmasına dair məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, ötən il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyev idarə etdiyi “Mercedes Gelandewaqen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Vaqif Əsədovu və ər-arvad olan Türkiyə vətəndaşları Mütəllib və Söngül Tekişləri vurub, sonra isə “VAZ 21015” markalı avtomibilə çırpılıb və yolu kənaındakı maneəni aşaraq, yanmağa başlayıb. Qəza nəticəsində V.Əsədov və “Mercedes”də olan sərnişin Mehdi Əliyev keçiniblər, ağır yaralanan Türkiyə vətəndaşları isə 1 saylı kliniki xəstəxanaya çatdırılaraq, əməliyyata götürülüblər.

    Avqustun 7-də DİN və Baş prokurorluq birgə rəsmi məlumat yayıb. Bildirilib ki, ayın 3-ü saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mercedes Gelandewaqen” markaı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Faktla əlaqədar cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Müşahidə kameralarının görüntülərinə baxış zamanı sözügedən avtomaşının sükanı arxasında Nail Allahverdiyevin olması tam təsdiq edilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib.
    Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməkdə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Mirməhəmməd İsmayılov (1995-ci il təv.) olması da müəyyən edilib və məhkəmə tərəfindən barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib.

    Məlim olub ki, Nail Allahverdiyev Baş Nazirin müavini, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə məlumat veriləcək.




  • Qusarda toyda qətl törədilib

    Qusar rayonunda qətl hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb.

    Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ.Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

    Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  • Nərimanov rayonunda üç avtomobili qarət edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nərimanov RPİ 16- və 17-ci polis şöbələri əməkdaşları birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rizvan Quliyevi saxlayıblar.

    Müəyyən edilib ki, saxlanılan şəxs iyun ayının 7- və 8-də rayon ərazisində üç avtomobildən pul və bəzək əşyaları oğurlayıb.

    RPİ İstintaq şöbəsində faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Oğlan qadının intim görüntülərini kameraya çəkdi, sonra… – Bakıda ŞOK OLAY

    Bakının Qaradağ rayonunda qadını intim video və fotoları ilə şantaj edən Miryusif Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

    İstintaq orqanı Miryusif Məmmədovun barəsində əlavə istintaq hərəkətlərinin aparılması üçün onun barəsində olan cinayət işi üzrə istintaqın və həbs qətimkan tədbirinin uzadılması üçün Qaradağ rayon Məhkəməsinə təqdimat göndərib.

    Hakim Fuad Hüseynovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin edilib və Miryusif Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.

    İttihama görə, bu ilin martın 9-da Bakı şəhər sakini Əfsanə Babayeva (ad və soyad şərti verilib – red.) Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə ərizə ilə müraciət edib.

    O, qeyd edib ki, 2017-ci ilin martından cari il martın 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

    Miryusif Məmmədov ondan 5140 manat və 4000 ABŞ dollarını alıb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Miryusif Məmmədov həbs edilib.

    Müəyyən edilib ki, Miryusif Məmmədov Əfsanə ilə sosial şəbəkələrdən birində tanış olub.

    Sonradan Miryusif ilə Əfsanənin münasibətləri istiləşib. Onlar əvvəlcə bir-birlərinə intim şəkillərini göndəriblər.

    Sonra görüntülü danışmağa başlayıblar. Bu zaman Miryusif Əfsanənin intim hərəkətlərini videoya çəkib.

    Bundan sonra Miryusif Məmmədov onu şantaj etməyə başlayıb. Evli olan qadın Miryusifə hissə-hissə pul verməyə başlayıb.

    Miryusif Əfsanədən ümumilikdə 5140 manat və 4000 ABŞ dolları almasına baxmayaraq, şantajlarını davam etdirib.

    Bundan sonra Əfsanə hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.

    İstintaq orqanı tərəfindən Miryusif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 82.2.2; 178.2.4; 178.2.2; maddələri ilə ittiham elan edib.

    Bu ilin martında Qaradağ rayon Məhkəməsinin qərarı ilə Miryusif Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

    Hazırda istintaq hərəkətləri davam etdirilir.//publika.az

  • Tərtərdə dələduz saxlanılıb

    Median.Az xəbər verir ki, Tərtər RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Sahil Abdullayevı saxlayıblar.

    İlkin məlumata əsasən, aprel-may ayları ərzində S.Abdullayev rayon sakinləri olan 4 nəfəri aldadaraq, onlardan dələduzluq yolu ilə ümumilikdə 5150 manat pul alıb.

    RPŞ İstintaq bölməsində faktla bağlı CM-nin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • “Biz kişiyik, kimisə arxadan vurmarıq” – 25 yaşlı gənci 12 bıçaq zərbəsi ilə kim öldürüb?

    150  manata görə adam öldürməkdə ittiham edilən şəxslərin məhkəməsi davam edib. Onlar bir-birlərini günahlandırırlar. Hər ikisi qətli törətmədiyini deyir.

    Median.Az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüqar Əlizadə və İlham Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə İlham Əliyevin xanımı Xuraman Əliyeva əlavə şahid kimi ifadə verib. Məhkəməyə öz təşəbbüsü ilə gələn X.Əliyeva baş verən hadisə ilə bağlı bildiklərini danışmaq istədiyini deyib.

    Hadisədən sonra polis tərəfindən dindirilən X.Əliyeva bu işdə şahid kimi tanınmamasına etiraz edib. Hakim onun dinlənilməsini istəyib.

    X.Əliyeva ilk dəfə polisə verdiyi ifadəsinin düzgün yazılmadığını deyib və bildirib ki, həmin işi aparan müstəntiq artıq vəzifəsindən uzaqlaşdırılıb.
    Hakimin elan etməsi ilə məlum olub ki, Xuraman Əliyeva istintaqa ifadəsində əri İlham Əliyevin problemli adam olduğunu, gəncləri yoldan çıxardığını deyib. Əlavə edib ki, baş verən cinayət əməlində ərinin də əlinin olmasına şübhə etmir.
    Xuraman Əliyeva istintaqdakı ifadəsinin düzgün yazılmamasını belə izah edib: “Mən savadsız adamam. İfadəni oxumamışam. Özüm ora getmişəm. İmza at deyiblər atmışam. Bilmirdim ki, belə sözlər yazılıb”.
    Xuraman Əliyeva söyləyib ki, həmin gecə ərinə zəng edərək evə gec gəlməsinin səbəbini soruşub: “Dedim ki, İlham, hardasan? Dedi ki, Vüqar adam öldürüb, onun ayaqqabısını axtarıram. Mən də dedim bəlkə içib deyə belə danışır. Sonra İlham evə gəldi. Şalvarının ancaq balağında qan izi var idi. Dedi ki, Vüqar Kamranı öldürüb”.
    O, söyləyib ki, hadisədən bir neçə gün sonra Vüqar Əlizadənin anası və yaxınları onlara gəlib: “Mənə dedilər ki, evi satıb kənddən gedin. Mən də dedim ki, biz niyə evimizdən getməliyik? Həmin ərəfədə İlham tutulmamışdı”.
    Təqsirləndirilən İ.Əliyev xanımının dediklərinə əlavələr etmək üçün məhkəmədən söz istəyib: “Xuraman düz deyir. Onlar bizə gəliblər. İstəkləri isə bu idi ki, mən deyim ki, dava zamanı bıçaq mərhumda olub. Vüqar onu vurmaq istəyən Kamranın əlindən bıçağı alıb və özünü qoruyub. Amma bu, belə olmayıb”.
    Digər təqsirləndirilən Vüqar Əlizadə isə hər iki şəxsin yalan danışdığını deyib. Məhkəmə Vüqar Əlizadədən qətl hadisəsi baş verən gün yaşananları bir daha danışmasını istəyib.
    V.Əlizadə deyib ki, həmin gün Kamran la bir yerdə olublar. Onun sözlərinə görə Kamran içkili olub: “Kamran pul borclu idi. Mən onunla danışdım. Sonra İlham gəldi dedi ki, mən onunla danışacam. Onlar kənara çəkilib danışdılar. Sonra aralarında mübahisə düşdü. Mən də onları sakitləşdirmək istədim. Kamran məni söydü. Sakitləşməyib daha böyük təhqirlər etdi. Əlində olan bıçağı aldım. İlham onu itələyəndə bıçaq Kamrana dəydi. Kamran qapının qarşısından yıxılanda Vüqarın üstünə düşdü. Kamran qaçanda İlham onun arxasınca getdi. Bir az aralıda bıçaqla ona bir neçə zərbə vurdu. Biz ordan çıxıb getdik”.
    V.Əlizadə mərhumu kürəyindən bıçaqlaması ittihamına belə cavab verib: “Bizim kənddə belə şeyə yaxşı baxmırlar. Biz kişiyik. Kimisə arxadan vurmarıq. Mən onu vurmaq istəsəm, üzbəüz vurardım”.
    Məhkəmə iclasında tərəflər arasında bir neçə dəfə mübahisə yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib.
    Bildirək ki, hadisə Sabunçu rayonun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu pul məsələsinə görə bıçaqlayaraq qətlə yetirib.
    Hər iki şəxs Bakıda fəhlə işləyirmiş və 23 yaşlı K.Quliyev tanışından bir müddət əvvəl borc olaraq 150 manat alıb.
    V.Əlizadə tanışından pulu qaytarmasını istəyib. Lakin K.Quliyev imkanının olmadığını, ona bir neçə gün möhlət verməsini istəyib. V.Əlizadə isə razılaşmayıb, kifayət qədər gözlədiyini deyib.
    Onların arasında mübahisə davaya çevirilib və V.Əlizadə 25 yaşlı həmyerlisinə 12 bıçaq zərbəsi vurub.
    Hadisədən sonra İlham Əliyevin də cinayət işində əli olduğu məlum olub. Hər iki şəxs qəsdən adam öldürmə maddəsi ilə ittiham olunur.
    Məlumata görə, bir-birinin əleyhinə ifadə verən şəxslərin arasında düşmənçilik var. Bu səbəbdən onlar eyni şüşə qəfəsə salınmayıblar.

  • Elmar Vəliyevi güllələyən şəxs Azərbaycanda İslam Dövləti qurmaq istəyirmiş – 3 qurumdan rəsmi açıqlama

    Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi hadisəsi barədə növbəti dəfə birgə məlumat yayıb.

    Azxeber.com-a daxil olan məlumatda xatırladılıb ki, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib: “Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.

    2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçmışdır.

    Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd etmişdir.

    Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır” deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir.

    Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.

    Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcəkdir.