Category: Kriminal

  • Bakıda qan töküldü — Qadın onu təhqir edən məşuqunu bıçaqladı

    Sevgilisinin təhqirlərinə dözməyən qadın qan tökdü. Kişi ilə qadın arasında mübahisə qanla nəticələnib.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, Binə südçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Zeynalov Elçin Adil oğlu qeyri-rəsmi yaşadığı qadınla mübahisə edib.

    Mübahisə zamanı Şərifova Gülnaz İmaməli qızı ərinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırıdı.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. G.Şərifova isə 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qadın izahatında ilkin səbəb kimi qeyri-rəsmi yaşadığı E.Zeynalovun onu tez-tez döyməsini və təhqir etməsini göstərib.

  • İki dostun həbsxana DƏHŞƏTİ – Gəncədə ŞOK HADİSƏ

    Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Eldəniz Məmmədov 9 iyul 2017-ci il tarixdə, saat 08-də Gəncə şəhəri, Kəpəz rayonu, “Sərçə” bazarı adlanan ərazidə yerləşən yeməkxanada tanışları Fuad Kazımov və Ramin Orucovla birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər.

    “Türmədə atan hörmətsiz olub”

    Yeyib-içən dostlar daha sonra çay içməyə başlayıblar. Bu zaman Ramin Orucov Eldəniz Məmmədovun əvvəllər məhkumluq həyatı yaşamış atasının ünvanına xoşagəlməz sözlər danışıb.

    Ramin Orucov onun atasının cəza çəkmə müəssisəsində yaxşı ad çıxarmadığını, cəza çəkən şəxslər arasında hörmətsiz olduğunu və digər sözlər söyləyib.

    Hədə-qorxu və dava

    Ramin Orucovun bu kimi ifadələr işlətməsi səbəbindən Eldəniz Məmmədovla aralarında mübahisə yaranıb. Onlar bir-birinin ünvanına nalayiq sözlər və hədələr deyiblər.

    Daha sonra Raminlə Eldəniz dalaşmağa başlayıb. Dava zamanı Ramin Orucov eyni məzmunlu sözləri təkrar etməsi Eldəniz Məmmədovu özündən çıxarıb.

    Eldəniz Məmmədov Ramin Orucovun baş və sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirib. Hadisə yerində olan Fuad Kazımov aralığa girib.

    Bir təpiklə törədilən qətl

    Fuad Kərimov Eldəniz Məmmədovu bayıra çıxarsa da, o, bir neçə dəqiqədən sonra çölə çıxan Ramin Orucovun təpiklə baş nahiyəsindən vurub.

    Eldəniz Məmmədovun atdığı təpik Ramin Orucovun bədənin də müxtəlif xəsarətlərlə nəticələnib. Baş verən hadisə zamanı Ramin Orucov vəfat edib.

    İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

    “Atamın ünvanına xoşagəlməz ifadələr işlətdi”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Eldəniz Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, “Sərçə bazarı” adlanan ərazidə tanışları Ramin Orucov və Fuad Kazımovla yeyib-içən zaman Ramin Orucov onun atasının ünvanına xoşagəlməz ifadələr işlədib: “Ramin Orucovun dediyinə görə, guya atam həbsxanada cəza çəkdiyi dövrlərdə hörmətsiz adam olub. Ramin bu ifadəni dəfələrlə təkrar etdi. Bu zaman aramızda mübahisə yarandı, mübahisə sonda faciəli hadisənin baş verməsi ilə nəticələndi”.

    11 il 6 ay cəza

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

    Hökm narazılıq yaratdı

    Həmçinin prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror Eldəniz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunmasını, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə ona cəza verilməsini tələb edib.

    Eldəniz Məmmədovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.//publika.az

  • Ötən gün ölkədə neçə cinayət hadisəsi qeydə alınıb?

    Azərbaycan ərazisində iyulun 2-də kriminal xarakterli 78 cinayət faktı qeydə alınıb.

    Bu barədə Median.Az Azərbaycan Daxili İşlər Nazirliyinin hesabatına istinadən xəbər verir.

    Məlumatda bildirilib ki, bu faktlardan yeddisi isti izlərlə açılıb.

    Cinayəti törətməkdə şübhəli bilinən 10 nəfər həbs edilib.

  • İntim nahiyəsində narkotik vasitə keçirmək istədi

    Gömrükçülər İran vətəndaşlarında narkotik vasitələr aşkarlayıb.

    DGK-dən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşları saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb.

    Yoxlama nəticəsində saxlanılan şəxslərdən birinin daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə narkotik vasitələr – xalis çəkisi 143,05 qram olan heroin və 3,80 qram tiryək, eləcə də 0,560 qram psixotrop maddə – metamfetamin aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İsmayıllıda üç uşaq anasını güllələdilər

    İsmayıllı rayonunda güllələnmə hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Kürdmaşı kəndində qeydə alınıb.

    Kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı odlu silahdan açılan atəş nəticəsində ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Üç uşaq anası Ceyhunə Səfərovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir.

    Məlumata görə, C.Səfərova bir neçə il əvvəl Ağdaş rayonundan İsmayıllıya gəlin gəlib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Lift müdirinin qızının keçmiş və yeni əri arasında QANLI DAVA: “Gəlməyən kişi deyil…”

    Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının barələrində cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Median.Az “lent.az”a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Oqtay Əhmədov (Aysel Şükürovanın 2-ci əri) dindirilib.

    O ifadəsində bildirib ki, hadisədən bir müddət əvvəl əmisi Şahin Məmmədovgilə gedib: “Evdə olan zaman əmim dedi ki, Elşənlə (Aysel Şükürovanın 1-ci əri) görüş təyin eləyib və telefonda söyüşüblər. Biz də durub getdik görüşə. Hadisə bu cür oldu”.

    Təqsirləndirilən Elşən Əsgərli isə bildirib ki, görüşü Şahin Məmmədovla razılaşıb: “Gənclikdə “Bazarstore” qarşısında görüşdük. Baxdım maşında 4 nəfər var, çatan kimi məni söydülər. Hərəsi bir tərəfdən üstümə hücum çəkdi. Oqtay maşından qəribə taxta çıxartdı. Mənim avtomobilimin nömrəsini qırdı və gördüm ki, taxta ilə üstümə hücum çəkir. Polisə sığınmaq üçün qaçdım. Onlar polisin yanında məni döyməyə başladılar. Bu zaman başımıza çoxlu adam yığışdı. Həmin vaxtı əsgər yoldaşım da təsadüfdən ora gəlmişdi. Birinci bizi o aralayırdı, sonra onu da mənimlə birlikdə döydülər”.

    Təqsirləndirilən şəxs bildirib ki, bu iş üzrə Oqtaya himayədarlar kömək edib: “Oqtayın atasının böyük himayədarları var. Elnur Cəfər adlı prokurorluq əməkdaşı onlara kömək edir”.

    Suallara cavab verən Elşən Əsgərli bildirib ki, ötən il dekabrın 17-dən yanvarın 6-na qədər Ukraynada olub: “Orda olan zaman çoxsaylı zənglər gəlirdi. Sonradan “instagram”da mənə yazdılar. Nömrələrini qoymuşdular. Yazmışdılar ki, bu nömrəyə zəng eləməyən “belə belə” olsun. Mən də yığdım. Əmisi götürdü. Yenə təhqir elədi. Dedi ki, kişiliyin varsa gəl görüşək. Bu əvvəlcədən qurulmuş ssenari idi. Plana uyğun olaraq döyülən də söyülən də mən oldum. Lakin onun atasının statusu və pulu məni günahkar çıxardı”.

    İttihama görə, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.

    İstintaq araşdırması zamanı Elşən Əsgərli və digər şəxslərin Oqtay Əhmədova qarşı xuliqanlıq etməsinin səbəbi məlum olub.

    Elşən Əsgərli Oqtay Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcə də onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.

    Bununla bağlı, Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da Oqtay Əhmədovla görüşüblər.

    Görüş zamanı Oqtay Əhmədov Elşən Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini, və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib.

    Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Əsgərli Oqtay Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub.

    Oqtay Əhmədovu vuran Elşən Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. Oqtay Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.

    Yanacaqdoldurma məntəqəsinin yanında olan zaman Oqtay Əhmədov mübahisəsini davam etdirib.

    Bu zaman Elşən Əsgərli uca səslə Oqtay Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.

    Elşən Əsgərli Oqtay Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşməyə çağırıblar, onun əl-qolunu tutaraq, Oqtay Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.

    Bu vaxt Elşən Əsgərlinin tanışları – Nuray Bayramlı və Azər Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə Oqtay Əhmədovu bir qədər kənara çəkiblər.

    Orada Azər Nəsibov Oqtay Əhmədovun üz nahiyəsində bir kəllə vurub.

    Daha sonra Azər Nəsibov və Nuray Bayramlı zərbənin təsirindən yerə yıxılmış Oqtay Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.

    Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan Elşən Əsgərli Oqtay Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.

    Sonra Elşən Əsgərli Oqtay Əhmədovu döyməyə başlayıb. Baş verən hadisə zamanı Oqtay Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.

    İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

    Qeyd edək ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oqtay Əhmədov ilə ailə qurub.

    Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi xəbərləri mətbuatda yayılıb.

  • Narkofermer və heroin alverçisi ələ keçdi

    Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan şəxslərin aşkar edilərək saxlanılması məqsədilə uğurlu əməliyyatlar həyata keçirib.

    Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi xəbərə əsasən, Astara RPŞ-nin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndi ərazisində narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb.

    Şahağacı kənd sakini Xosrov Rüstəmovun icarəyə götürdüyü torpaq sahəsinə baxış keçirilən zaman qulluq göstərərək becərdiyi 40-180 santimetr hündürlükdə, 52 ədəd təmiz çəkiləri 10 kiloqram 250 qram olan və becərilməsi qanunla qadağan edilmiş, tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülüb. Elə həmin gün Astara polisinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Astara sakini saxlanlıb.

    Belə ki, Astara şəhər sakini Fariz Məmmədov 5 büküm narkotik vasitə olan heroini şərti alıcıya satarkən saxlanılıb. F.Məmmədovun yaşadığı evə baxış keçirilərlən orada da narkotik vasitə aşkarlanıb. Ümumilikdə 7 büküm heroin aşkar edilərək götürülüb.
    Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

  • Şəkidə iş başında ölən həkimin qətlə yetirildiyi məlum oldu – TƏFƏRRÜATLAR

    İyunun 30-da Şəki rayon mərkəzi xəstəxanasından daxil olmuş məlumatda şəhər sakini Ələsgər Teymurovun həkim işlədiyi təcili tibbi yardım stansiyasının həyətində ölməsi və baş nahiyəsində xəsarət olması bildirib.

    Daxili İşlər Nazirliyindən azxeber.com-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Teymurovun həmin gün yaşadığı evin qarşısında qonşusu Şahin Mirzəyevlə mübahisə etməsi və bu zaman Ş.Mirzəyevin onun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi müəyyən edilib.

    Görülmüş tədbirlərlə Ş.Mirzəyev saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

  • Kişi kafeda işləyən arvadını bıçaqladı – Azərbaycanda qanlı hadisə

    Zaqatalada ər arvadını bıçaqlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Zaqatala şəhərində fəaliyyət göstərən kafelərdən birində bıçaqlanma baş verib.

    Kafedə işləyən Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Rəşid Çingiz oğlu Hüseynov hələ ki istintaqa məlum olmayan səbəbdən kafedə işləyən həyat yoldaşı 1976-cı il təvəllüdlü Kəmalə İlham qızı Hüseynovaya bir neçə bıçaq zərbəsi vurub. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

    MRX-dan bildirilib ki, Kəmalə Hüseynovaya sol kürək nahiyəsinin, qarnının və sağ süd vəzisinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.
    Hadisəni törətməkdə şübhəli sayılan Rəşid Hüseynov polis tərəfindən saxlanılıb.

    Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Masajçı qadının Novxanı bağlarında DƏHŞƏTLİ ƏMƏLİ: kişinin yanına gəldi və…

    Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Qusar rayon sakini, 1960-cı il təvəllüdlü Səfalı Atluxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Səfalı Atluxanov 26 may 2017-ci il tarixdə saat 11.46-da Sumqayıt şəhəri, Novxanı bağları 4, ev 734 ünvanda yerləşən Rövşən Quliyevə məxsus tikintisi tamamlanmamış bağ evində gözətçi işləyən və bir neçə gün əvvəl televizor quraşdırmaq üçün anten aldığı zaman tanışlıq münasibətləri yaranmış Mehman Abbasovun iş yerinə gəlib.

    Səfalı Atluxanov Mehman Abbasovdan əvvəllər aldığı antenanın işləmədiyini bildirib, nasazlığın aradan qaldırılmasından ötrü həmin antenanın daha hündürə qaldırılmalı olduğunu və bunun üçün əlavə kabelə ehtiyac yaranmasını bildirib, qeyd edilən məqsədlə ondan kabel istəyib.

    Mehman Abbasov kabeli verməkdən imtina edib. Sonra heç səbəb olmadan Səfalı Atluxanovun və valideynlərinin ünvanına nalayiq ifadələr işlədib.

    Bundan əsəbiləşən Səfalı Atluxanov Mehmandan qisas almaq qərarına gəlib. O, həmin vaxt Mehmanla dayandıqları bağ evinin giriş qapısının qarşısında olan meydançada niyyətini həyata keçirmək qərarına gəlib.

    Bu məqsədlə Səfalı Atluxanov Mehman Abbasovun başını qəsdən bir neçə dəfə divara vurub. Həmin zərbələrin təsirindən Mehman Abbasov vəfat edib.

    “Masaj xidmətini davam etdirmişəm”

    İstintaq orqanı tərəfindən Səfalı Atluxanovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Səfalı Atluxanov bildirib ki, 2017-ci ilin mayında masaj etdiyi pasiyentlərdən birinin vasitəsilə Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən bağ evində kirayədə yaşamağa başlayıb: “Həmin bağ evində yaşadığım müddət ərzində fərdi olaraq masaj xidmətini davam etdirmişəm”.

    “Araq içməyəcəyi gün onu masaj etməyimi istədi”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, yaşadığı bağ evindən təxminən 15-20 metr məsafədə yerləşən bağ evində gözətçi işləyən Mehman Abbasovla tanış olub: “Kirayədə yaşadığım evdəki televizorunun anteni olmadığı üçün Mehman Abbasovdan mənə anten tapmağını xahiş etmişəm. Çünki Mehman kirayədə yaşadığım evə əvvəllər televizor üçün kabel çəkib. Mehman da məlum olan hadisədən təxminən bir həftə əvvəl gözətçi işlədiyi bağ evindən mənə köhnə bir anten gətirdi. Mehman anten üçün məndən pul almadı, araq içməyəcəyi gün onu masaj etməyimi, kabel və ya başqa hər hansı materiala ehtiyacı olarsa ona müraciət etməyimi dedi”.

    “Mənə qarşı nalayiq ifadələr işlətdi”

    Səfalı Atluxanov qeyd edib ki, Mehman Abbasovun verdiyi anteni quraşdırdıqdan sonra televizor yenə göstərməyib: “Bu səbəbdən Mehmandan yeni kabellər götürmək istədim ki, həmin kabellər vasitəsilə anteni bir az hündürlüyə qaldırmaqla televizordakı görüntülər bərpa olunsun. Mayın 26-da Mehmanın işlədiyi bağ evinə getdim. Evin həyətinə daxil olduqda Mehmanın evin həyətinin sağ tərəfindən çıxdığını gördüm. Ondan kabelinin olub-olmadığını soruşdum. Mehman isə mənə qarşı nalayiq ifadələr işlətdi. Mehman Abbasova mənə qarşı söyüş söyməməyini dedim. Mehman həmin vaxtı bağ evinin giriş qapısının qarşısında olan meydançaya pilləkənlə qalxmışdı. Mehmandan bir daha kabel istədim. Ona mənə qarşı söyüş söyməsinin səbəbini soruşdum. Sonuncu mənə qarşı yenidən nalayiq ifadələr işlətdi”.

    Səfalı Atluxanov bildirib ki, Mehmana özünü ələ almağını, hər hansı şəxsin indiyədək ona qarşı nalayiq ifadələr işlətmədiyini deyib: “Mehman isə mənim valideynlərimin ünvanına da nalayiq ifadələr işlətdi. Mehman məni və valideynlərimi nalayiq ifadələrlə təhqir etdiyinə görə bərk əsəbiləşdim. Bu zaman Mehmanın kürəyindən bərk itələdim. Mehmanı itələdikdə, baş nahiyəsi ilə giriş qapısının sağ tərəfində yerləşən divara vurulmuş ağlaya dəydi. Həmin vaxt Mehmanın başından qan gəldiyini və həmin qanın divara hopduğunu gördüm. Bunu görən kimi dərhal oradan getdim”.

    “Siqaret, kontur alıb evə gəldim”

    Təqsirləndirilən şəxs qeyd edib ki, Mehmanın işlədiyi bağ evinin həyətindən çıxdıqda həmin bağ evinin sol tərəfində yerləşən bağ evindəki videonəzarət qurğusu Mehmanın gözətçi işlədiyi bağ evinə doğru gedən yolu müşahidə etdiyi ona məlum olub: “Yola çıxıb qonşuluqda yerləşən bağ evində gözətçi işləyən Ağaş Əliyevin yaşadığı evə getdib onu çağırdım. Ağaş Əliyevə Mehman Abbasovun işlədiyi bağ evinin divarında qanın olduğunu, oraya gedib baxmağını dedim. Məqsədim Ağaşın həmin bağ evinə gedərək Mehmana kömək eləməsi olub. Sonra həmin bağ evindən çıxıb mağazaya getdim. Oradan siqaret və iki manat məbləğində kontur aldıqdan sonra yaşadığım evə gəldim”.

    Səfalı Atluxanovun sözlərinə görə, evdə yeməyini yeyib, çarpayısında bir az uzandıqdan sonra mağazadan çörək almaq üçün çıxıb: “Evdən çıxanda Mehmanın işlədiyi bağ evinə doğru gedən yolun başlanğıcında sonuncunun oğlu Elmar Abbasovun daşın üstündə oturduğunu gördüm. Elmara yaxınlaşdım və sonuncudan atasının harada olduğunu soruşdum. Elmar da atasının işlədiyi bağ evində hərəkətsiz vəziyyətdə uzandığını dedi. Elmardan atasının ölüb-ölmədiyini soruşdum. Elmar da “bilmirəm, atamı səsləsəm də, səsimə cavab vermədi, təcili tibbi yardıma zəng vurmuşuq, bir müddət sonra gəlməlidir”, – kimi sözlər dedi. bir qədər aralıda Ağaş Əliyevin dayandığını gördüm. Onu yanımıza çağırdım. Ağaşa “sənə demişdim axı Mehmanın yanına get, bax gör nə olub, niyə getmədin”, – deyə bildirdim. Ağaş isə qorxduğundan getmədiyini bildirdi”.

    “Telefonuna zəng çatmadı”

    Səfalı Atluxanovun sözlərinə görə, sonra oradan evlərinə gedib: “Evdə olduğum zaman qonşum, yəni yaşadığım evlə üzbəüz yerləşən evdə yaşayan Gülümnaz gəldi. Gülümnaz həm də yaşadığım evin yiyəsidir. Gülümnaza həyətdə olan ağacları sulamaq və toyuqlara yem verməyi tapşırdım. Gülümnaz ağacları sulayarkən Mehmanın mobil telefon nömrəsini ondan istədim ki, ona zəng vurub, sağ olub-olmamasını bilim. Mehmanın telefonuna iki dəfə zəng vurdum, lakin mobil telefonuna zəng çatmadı. Bir müddət sonra isə yaşadığım bağ evinə polis əməkdaşı ilə Elmar gəldi. Polis əməkdaşı ilə Elmar gəldikdə Gülümnaz hələ də evin həyətində idi, ağacları sulayırdı. Polis əməkdaşı məni hadisə yerinə, yəni Mehmanın işlədiyi bağ evinə dəvət etdi. Hadisə yerinə gəldikdə giriş qapısının hər iki tərəfində yerləşən divarlarında, yerdə və qapının üzərində qan izlərinin olduğunu gördüm”.

    “Mehmanın meyiti evin zirzəmisində aşkar olunub”

    Səfalı Atluxanov qeyd edib ki, hüquq mühafizə orqanları əməkdaşları ondan Mehmanı həmin gün görüb-görmədiyini soruşub: “Həmin vaxtı qorxduğumdan Mehmanı həmin gün görmədiyimi bildirdim. Sonra isə polis əməkdaşlarına Mehmanın işlədiyi bağ evinə gəldikdə divarın və qapının üzərində qan olduğunu gördüm, oradan getdiyimi və qonşu Ağaşa baş vermiş hadisə barədə məlumat verdiyimi söylədim. Hüquq mühafizə orqanları əməkdaşlarının deməsinə görə mənə məlum oldu ki, Mehmanın meyiti evin zirzəmisində aşkarlanıb. Mehmanın meyitinin hansı şəraitdə evin zirzəmisinə düşdüyünü bilməmişəm. Mehmanı öldürmək, o cümlədən hər hansı ağır xəsarət yetirmək istəməmişəm. Sadəcə olaraq Mehman onu nalayiq ifadələrlə təhqir etdiyinə görə əsəbiləşərək onun kürəyindən itələmişəm. Bu zaman da Mehmanın başı ağlaya dəyib. Heç vaxt təsəvvür edə bilməzdim ki, onun Mehmanı itələməyim həmin nəticələrə səbəb olacaq. Mehmanın ölümü ehtiyatsızlığım nəticəsində baş verib”.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfalı Altuxanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Səfalı Altuxanov apelyasiya şikayəti verib.

    O, əməlinin Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə ona cəza təyin edilməsini istəyib.

    Səfalı Altuxanovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Səfalı Altuxanovun şikayəti təmin olunmayıb.