Category: Kriminal

  • Bakıda 18 yaşlı gənc 16 yaşlı oğlanı öldürdü

    Bakıda 18 yaşlı gənc 16 yaşlı oğlanı qətlə yetirib.

    Median.Az Report-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunun Hökməli qəsəbəsində qeydə alınıb.

    2002-ci il təvəllüdlü Musa Babayev bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən 2000-ci il təvəllüdlü Ağaramazan İsmayılov saxlanılıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Arvadını məhkəmə zalında öldürən şəxs tutuldu

    Mingəçevir Şəhər Məhkəməsində məhkəmə prosesi zamanı keçmiş arvadını qətlə yetirən şəxs tutulub.

    Median.Az DİN-in saytına istinadən xəbər verir ki, iyunun 29-da Mingəçevir şəhər sakini Xalid Əliyev mübahisə zəminində keçmiş arvadı Təranə Nəbiyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Nəbiyeva orada ölüb.

    X.Əliyev Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

  • Fədayə Laçının işi ilə bağlı YENİ XƏBƏR

    Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digər 12 nəfərin ittiham aktı ilə tanışlıq mərhələsi başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “report”a F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib.

    Onun sözlərinə görə, ötən gündən etibarən Bakı İstintaq Təcridxanasında müvəkkili cinayət işi ilə tanış olur.

    Vəkil söyləyib ki, F.Laçın barəsində başqa ittiham irəli sürülməyib, müğənni özünü qismən təqsirli bildiyini deyib.

    Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

    Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

    Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

    Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub.

  • Lerikdə meşədən meyit tapılıb

    Lerikdə meşədən meyit tapılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, iyunun 29-da Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyiti Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.

    M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Araşdırma aparılır.

  • Rəfiqəsini balta ilə tikə-tikə doğradı, sonra… – Bakıda dəhşətli hadisə

    Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İttihama görə, fevralın 16-da, səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Məlumat əsasında hadisə yerinə Bakı şəhər Prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarında olub, Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

    Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyənləşib.

    Əməliyyat-axtarış tədbirləri ilə İrina Qorlova tutularaq istintaqa təhvil verilib.

    İstintaq orqanı tərəfindən İrina Qorolovanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Növbəti proses İyulun 5-də davam edəcək. (publika.az)

  • Azərbaycanda ərdən hamilə arvadına qarşı dəhşətli hərəkət: evə qız gətirdi və dəfələrlə…

    Şirvan şəhərində arvadına dəhşətli işgəncə verməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Namil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, Namil Məmmədov 20 sentyabr 2016-cı il tarixdən 21 aprel 2017-ci ilə kimi olan dövr ərzində qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Fərqanə Babayevaya işgəncə verib.

    O, Fərqanənin hamilə vəziyyətində olduğunu bilə-bilə birgə yaşadıqları Şirvan şəhəri, Xaqani küçəsindəki evlərdən birində mütəmadi olaraq onu döyüb, dəfələrlə ünvanına nalayiq ifadələr işlətməklə saçından tutub yataq otağında yerlə sürüyüb.

    Namil Məmmədov 2016-cı ilin noyabrında Fərqanə Babayevanı yaşadıqları evdə yumruq təpiklə vurub, həmin ilin dekabrın 31-də isə Bakı şəhərində olarkən yumruqla gözaltı nahiyəsinə zərbə endirib.

    Daha sonra Namil Məmmədov 2017-ci ilin yanvarında Şirvan şəhərində yaşadıqları evdə Fərqanənin bel, baş nahiyəsinə yumruq və təpiklə vurub, onun bu barədə yaxın qohumlarına məlumat verməsini məhdudlaşdırıb.

    “İşlədiyi qadını evimizə gətirib”

    Namil Məmmədov sonuncu dəfə 2017-ci il aprelin 21-də yaşadıqları evdə onu yumruq-təpiklə vurub.

    İstintaq orqanı tərəfindən Namil Məmmədovun barəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində əzab vermə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fərqanə Babayeva bildirib ki, həyat yoldaşı Namil Məmmədov mütəmadi olaraq onunla münaqişə yaradıb: “Namil onunla birlikdə işləyən İradə adlı qadını yaşadığımiz evə gətirib, onunla birlikdə qonşu otaqda əyləşiblər. Onların bu hərəkətləri barədə Namilə sual verdikdə, məni təhqir edib, döyüb”.

    “Məni küçəyə atdılar”

    Fərqanə Babayevanın sözlərinə görə, 2017-ci il aprelin 21-də əri onun hamilə olduğunu bildiyi halda təpiklə onun qarnına vurub, sonra mətbəxdən götürdüyü bıçaqla onu öldürəcəyi ilə hədələyib: “Namil sonra anası ilə birlikdə məni təhqir etdi, saçımdan tutaraq yaşadığımız evin dəhlizinə çıxardı, məni küçəyə atdılar. Dəfələrlə qapını döysəm də, evə buraxmalarını xahiş etsəm də, məni evə qoymadılar”.

    “Səhərə qədər qapının ağzında yatdım”

    Fərqanə Babayeva daha sonra ifadəsində Bakıda əri tərəfindən döyülməsi barədə bunları deyib: “Bakı şəhərinə Namilin xalasıgildə qonaq olarkən, hicabı düz bağlamadığıma görə gözümün üstünə yumruqla vurdu. Hamilə olduğumu bildiyi halda məni döyməyə başladı. Həmin vaxt qolumu ayağının altında sıxdı, qarnıma isə bir neçə təpiklə vurdu. Həmin vaxt məni döydükdən sonra qapının ağzına atdı. Səhərə qədər qapının ağzında yerdə yatdım. Əvvəllər də sancılarım olsa da, aprelin 21-də Namil məni döydükdən sonra sancılarım çoxalmışdı”.

    “İradə ərimi masaj edir, yaxınlıq edirdi”

    Fərqanə Babayevanın bildirdiyinə görə, Namil onu anasının sözü ilə, İradəyə yeməyi yaxşı vermədiyi üçün döyürmüş: “İradə bizə tez-tez gəlirdi. İradə Namilin başını masaj edir, yaxınlıq edirdi. Sonradan görmüşdüm ki, Namilin telefonuna SMS gəlib. Açanda İradənin Namilə sevgi sözləri yazdığını, eşqini elan etdiyini görmüşdüm”.

    “Məni təhqir edib”

    Daha sonra zərərçəkmiş qeyd edib ki, 2016-cı ilin yanvarında İradə xanım onların evinə qonaq gəlib: “Yemək yeyəndə onun boşqabına toyuğun qabırğa hissəsini qoyduğuma görə Namil məni təhqir edib, İradə gedəndən sonra isə baş və ayaq nahiyələrimə yumruqla fasiləsiz zərbələr vurub”.

    “İşgəncələr nəticəsində uşağımı itirdim”

    Zərərçəkmişin sözlərinə görə, növbəti gün anası onlara qonaq gəlib: “Söhbət edərkən Namil onların yanında məni dəfələrlə döydüyünü etiraf etdi. Həmin gün anamla birlikdə bizə gəlmiş bacımın qayınanası Lələbəyim xanım bizi barışdırdı. Bu səbəbdən həmin gen evdə qaldım”.

    Fərqanə Babayeva qeyd edib ki, əri tərəfindən döyülməsi nəticəsində bətnində olan uşağını vaxtından əvvəl ölü dünyaya gətirib. Onun sözlərinə görə, sonuncu hadisədən sonra hüquq-mühafizə orqanlarına əri barəsində şikayət ünvanlayıb.

    Şirvan şəhər Məhkəməsinin hökmü ilə Namil Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Namil Məmmədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Həmçinin prokuror və zərərçəkmiş də hökmdən apelyasiya şikayəti verib. Onlar Namil Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

    Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Namil Məmmədovun, zərərçəkmişin apelyasiya şikayəti, prokurorun protesti təmin edilməyib.

    Bu qərardan narazı qalan Namil Məmmədov kasasiya şikayəti verib. O, Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

    Prokuror və zərərçəkmiş də kasasiya protesti və şikayəti veriblər. Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Namil Məmmədovun kasasiya şikayəti təmin edilməyib.

    Prokurorun protesti, zərərçəkmiş şəxsin şikayəti də təmin olunmayıb.

  • Kişi alimentə görə keçmiş arvadını məhkəmə zalında öldürdü

    Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.

    Median.Az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

    Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.

    Məlumata görə, ər və arvad dörd il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.

    Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Evlənmək istədiyi 17 yaşlı qızı meşəyə qaçırdı, 6 saat ərzində zorladı, sonra… – Azərbaycanda DƏHŞƏT

    Quba rayonunda 17 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Eldəniz Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az” istinadən xəbər verir ki, Eldəniz Məmmədov yaşadığı Quba rayonun Hacıhüseynli kəndində həmkəndlisi olan 1998-ci il təvəllüdlü Samirə Əliyevaya təcavüz edib.

    Kənd yolunda qıza yaxınlaşdı

    Hadisə 18 fevral 2015-ci il tarixdə baş verib. Eldəniz Məmmədov həmin gün saat 16.00-da yaşadığı kənddə Samirə Əliyevanın evlərindən çıxaraq kəndarası yolla tək getdiyini görüb.

    O, ətrafda heç kimin olmamasından istifadə edərək gizlin şəkildə qıza arxadan yaxınlaşıb və əli ilə ağzını tutub, onun qışqırmasına imkan verməyib.

    Sahibsiz evdə zorakılıq

    Eldəniz Məmmədova Samirə Əliyevaya güc tətbiq edib və onu sürüyə-sürüyə həmin ərazidə meşə yaxınlığında olan sahibsiz evə gətirib.

    O, qızı həmin evə gətirəndən sonra onunla cinsi əlaqədə olmaq istədiyini deyib. Eldəniz zorakılıq göstərən zaman qıza gözünün altından xəsarət yetirib.

    Əl-qolunu, ağzını bağladı

    Daha sonra Eldəniz Məmmədov Samirəni həyətdə kənarları şiferlə əhatə olunmuş yardımçı tikilinin içərisinə salıb. Orada qızın ağzını boynundakı şərflə, əllərini və ayaqlarını isə yerdən tapdığı kapron iplə bağlayıb.

    Sonra Eldəniz Məmmədov üstündə olan cib bıçağından silah qismində istifadə etməklə, onu hədələyib. Eldəniz onunla ailə qurmaq istədiyini deyib.

    “Mənimlə ailə qurmasan, səni öldürəcəm”

    Eldəniz Məmmədov Samirə Əliyevanın razılığı olmadan onu oğurlayıb, ailə qurmaq məqsədilə 6 saat həmin tikilidə saxlayıb. Bu müddət ərzində Samirə onunla ailə qurmayacağını deyib.

    Buna baxmayaraq, o, qızın əl-qolunu bağlayıb, köməyə adam çağırmasına imkan verməyib, ailə qurmayacağı halda onu öldürəcəyi ilə hədləyib.

    Eldəniz Məmmədov Samirənin bu hədələrinə boyun əymədiyini görüb, cinsi əlaqədə olacağı halda qızın onunla evlənməkdən başqa yolunun qalmayacağını düşünüb.

    Cinsi təcavüz

    Bu səbəbdən Eldəniz Məmmədov Samirə Əliyevaya qarşı seksual xarakterli hərəkətlər edib, onunla cinsi əlaqədə olmaqla, özündən asılı vəziyyətə salmaq istəyib.

    Təcavüzə məruz qalan Samirə Əliyeva 6 saatdan sonra həmin tikilidən xilas olub. Xilas olan qız Eldəniz Məmmədovun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Eldəniz Məmmədov həbs edilib.

    Adam oğurluğu və seksual zorakılıq

    İstintaq orqanı tərəfindən Eldəniz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 144.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla adam oğurluğu) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham elan edilib.

    Cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verib. O, barəsində elan olunmuş Cinayət Məcəlləsinin 134 və 144.3-cü maddələrinin hökmdən xaric edilməsini, Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə cəza verilməsini istəyib.

    Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb. Bundan sonra Eldəniz Məmmədov Ali Məhkəməyə şikayət edib.

    Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada Eldəniz Məmmədovun kasasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti onun şikayətini təmin etməyib.

  • Sumqayıtda dənizdən meyiti tapılmış kişini oğlu öldürüb

    Sumqayıtda dənizdən meyiti tapılmış kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Elşən Mikayıl oğlu İsgəndərovu oğlu 21 yaşlı İsmayıl İsgəndərov bıçaqlayaraq Xəzər dənizinə atıb.

    İ.İsgəndərov saxlanılıb.

    Qeyd edək ki, iyunun 27-də Sumqayıtda dənizdən kişi meyiti tapılıb. Məlum olub ki, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Onun meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.

  • Bakıda ər və arvadı küçədə ölümcül döydülər – VİDEO

    Bakıda döyülmə hadisəsi baş verib.

    ARB TV xəbər verir ki, Sabunçu rayonunun Maştağa yolunda 31 yaşlı Murad Ələkbərli həyat yoldaşı ilə yolla gedərkən naməlum şəxslərlə mübahisəsi düşüb.

    Bu zaman onlar Murad Ələkbərlini döyərək xəstəxanalıq ediblər, onun həyat yoldaşına isə yüngül xəsarətlər yetiriblər. Yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Murad Ələkbərli açıq kəllə beyin travması, alın sümüyünün açıq sınığı və qarnının küt travması xəsarəti alıb, vəziyyəti ağır qiymətləndirilir.

    Hadisə barədə Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinə məlumat verilib.

    Faktla bağlı artıq cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.