Category: Kriminal

  • Saxta manatı dollarla dəyişmək istədi – FOTO

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    DİN-dən oxu.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Cəfərovun Masazır qəsəbəsi ərazisində yerləşən çay evlərindən birində saxta pul satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

    Birgə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 20 min saxta manatı 4100 ABŞ dollarına satmaq istəyən zaman cinayət başında tutulub.

    Qeyd edək ki, O.Cəfərov saxta pulların hazırlanması və dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə Rusiya Federasiyasında da məhkum olunub.

    Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


  • Bakıda DƏHŞƏT — Sosial şəbəkədə tanış olduğu qadının intim şəkillərini yaydı

    Qadının intim şəkillərini yayan şəxs kimdir?Yasamal Rayon Məhkəməsində qadını şantaj edərək pul tələb edən şəxsin məhkəməsi başlayıb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 182.1 maddəsi ilə təqsirləndirilən Bəşirov Elman Şahin oğlunun məhkəmə prosesinə hakim Ramin Qurbanov sədrlik edir. Cinayət işində zərərçəkmiş qismində Sultanova Rəna Rahib qızı tanınıb.

    Əvvəl sosial şəbəkədə tanış olub sonra isə şantaj edərək pul tələb edib.

    İttiham aktına görə, Bakı şəhər sakini, 42 yaşlı Sultanova Rəna Rahib qızı sosial şəbəkələrin birində Elman adlı şəxslə tanış olub.

    Onlar bir neçə vaxt sosial şəbəkədə danışandan sonra münasibətləri istiləşib. Bundan sonra onlar sosial şəbəkədə həm görüntülü danışıblar, həm də bir-birlərinə intim şəkillərini göndəriblər.

    Bundan sonra Elman Bəşirov Rəna Sultanovanın şəxsi həyatı ilə bağlı məlumatlar əldə edib.

    R.Sultanova ilə bağlı məlumatlar əldə edən Elman onu şantaj etməyə başlayıb. Qadından pul tələb edən Elman əks təqdirdə onunla olan görüntülü danışığının videosunu və göndərdiyi şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib.

    Bu hədələrlə o, Rəna Sultanovadan iki dəfəyə 100 manat alıb.

    Sonuncu dəfə Elman Rəna Sultanovadan 500 manat verməsini tələb edib.

    Qadın şantaj olunması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 41 yaşlı qadını şantaj edən Elman Bəşirov həbs edilib.

  • Bakıda kassirləri aldadan dələduz qadın peyda olub – VİDEO

    Bakıda bir neçə mağazada kassada çalışanları aldadaraq dələduzluq edən şəxs ortaya çıxıb.

    Median.Az “xezerxeber.az”a istinadən xəbər verir ki, üzünü gizlədən həmin şəxs kassaya yaxınlaşaraq aldığı məhsulun pulunu ödədiyini bildirir və hətta pulun xırdasını da tələb edir.

    Sonradan mağazaların təhlükəsizlik kamerasına baxdıqda isə bu şəxsin ümumiyyətlə aldığı məhsulun pulunu ödəmədiyi məlum olur.

    Üzünü gizlədən bu qadın əvvəlcə aldığı məhsulun pulunu ödəmək üçün kassaya yaxınlaşır. Sonra isə, kassada çalışanlara ödəniş etdiyini bildirərək, pulun qalığını tələb edir.

    Əslində isə o, aldığı mala görə heç bir ödəniş etmir və beləliklə də kassirləri aldadır. Dələduzluq hadisəsi anban mağazalarda quraşdırlılan təhlükəsizlik kamerasına düşüb.

    Hadisə Paytaxtın Suraxanı rayonunda bazar adlanan ərazidə yerləşən bir neçə mağazada baş verib.Maraqlısı budur ki,bu şəxs işinin peşəkarı olduğundan kassada çalışanları aldadaraq həm aldığı malın pulunu vermir, həm də onlardan güya ödədiyi pulun qalığını alaraq aradan çıxır.

    Verilən məlumata görə, həmin şəxsin saxlanılması üçün artıq polisə də məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

  • Bakı kilsəsində dəhşət — Keşiş ayzaşlı qızı zorladı

    Rus Pravoslav Kilsəsinin Bakı Yepiskopluğunda qalmaqallı hadisə baş verib. Bu hadisə bir neçə il əvvəl Avropa və ABŞ-dakı katolik kilsələrdə baş verən cinsi zorakılıq hadisələrini xatırladır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi kilsədə azyaşlı qızın zorlanması faktının araşdırılmasına başlayıb.

    Median.Az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Nəsimi rayon hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

    Məlumatlara görə, iyunun 20-də Nəsimi rayon 22-ci polis bölməsinə M.X. adlı paytaxt sakini müraciət edib. O, Bakıdakı kilsələrdən birinin ziyarətçisidir. Fevralın 14-də doqquz yaşlı qızı ilə birlikdə kilsəyə gedib.

    Qadın dua etdiyinə görə iki kişinin onun qızını başqa yerə apardığını və ona qarşı seksual xarakterli hərəkət ediyini görməyib. Baş verənlərlə bağlı uşaq anasına dərhal məlumat verməyib.

    O, hadisə ilə bağlı anasını dörd aydan sonra məlumatlandırıb. Şikayətçi şübhələndiyi şəxslərin adını açıqlayıb, ancaq biz etik səbəbdən onların adını bildirmirik.
    Hazırda işlə bağlı materiallar Nəsimi rayon Polis İdarəsinə təhvil verilib və bununla əlaqədar Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanıb. İstintaq hadisənin təfərrüatını araşdırır. Faktla bağlı ekspertiza təyin olunacaq.

    Hadisə ilə əlaqədar həmin kilsə ilə əlaqə saxlanılıb. Kilsənin atası bildirib ki, hadisə ilə bağlı heç bir məlumatı yoxdur. O, adıçəkilən şəxslərin kilsə ziyarətçisi olduğunu təsdiqləyib.

    Hadisədə adları çəkilən keşişlərlə də danışmaq cəhdlərinə kilsənin atası mane olub.

    Hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazada qeyd edib ki, zərərçəkən qızı təzyiqlərdən qorumaq üçün bir müddət ictimaiyyətin diqqətindən kənarda qalmalıdır.

  • “Bravo” marketdə döyülən şəxs rəhbər işçidir – Əlbəyaxa davanın TƏFƏRRÜATLARI

    Bu gün “Report” xəbər agentliyi Nəsimi rayonunda marketdə satıcının döyülməsi barədə xəbər yaymışdı.

    “Report”un xəbərinə görə, “Bravo” marketlər şəbəkəsinin “Bülbül Ekspres” filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Məsələ ilə bağlı açıqlama verən jurnalist Həbibə Abdulla isə qeyd edib ki, döyülən şəxs satıcı yox, rəhbər işçi olub:

    “Əvvəla, döyülən mənim bacım oğludur. İkincisi satıcı deyil, orda rəhbər işdə çalışır. Üçüncüsü, o firma əməkdaşı ilə heç bir mübahisə etməyib, firma işçisi istehsal tarixi olmayan mal gətirib və o da vəzifəsinin tələbinə uyğun olaraq qəbul etməyib. Firmanın işçisi dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə başından vurub. Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib. Gecə saat 3-ə qədər biz xəstəxanalarda qalmışıq”.

  • Mağazadan yeddi min manat oğurladı, kompüteri yandırdı

    Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhəri ərazisindəki kompüter satışı mağazalarının birindən pul oğurlanması və orada yanğın törədilməsi barədə müraciət daxil olub.

    Nazirliyin mətbuat xidmətindən oxu.az-a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mağazadan 7000 manat pulun oğurlandığı, habelə oradakı bir ədəd kompüter və onun hissələrinin yandırıldığı müəyyən edilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalarla onun Gəncə şəhər sakini Fərid Cəfərov olduğu məlum olub. Mağazadan oğurlanmış həmin məbləğdə pul maddi sübut kimi ondan götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda böyük əməliyyat – 1 tondan çox narkotik ələ keçirildi

    Daxili İşlər Nazirliyi bir neçə rayonda külli miqdarda narkotikin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı əməliyyat keçirib.

    DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib ki, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımovdan 475 qram marixuana aşkar edilərək götürülüb.

    Qazax rayon Xanlıqlar kənd sakini Nəsimi Eyvazovdan şəxsi axtarış zamanı 6 qramdan artıq marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni N.Eyvazova satmaqda şübhəli bilinən Kosalar kənd sakini Cabir Əliyev də saxlanılıb. Onun yaşadığı evdən 465 qram marixuana aşkar edilərək götürülüb.

    Yevlax Rayon Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın olan 1947 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • 30 manata intim təklifi alan baş redaktorun cinayəti: Saytın 3 qadın əməkdaşı niyə saxlanılıb?

    Əxlaqsızlıq yuvası olduğu dedikləri obyektin sahibindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlərin məhkəməsi keçirilib.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı Şahlar Cəfərov ifadə verib. O, bildirib ki, vətəndaş Şirin Abdullayevin şikayəti əsasında əməliyyat tədbiri keçirilib: “Şirin Abdullayev bir qrup jurnalistin ondan hədə-qorxu ilə pul tələb etdiyini bildirdi. Biz onların “Qəbələ” restoranında görüşəcəyini bildik. İki nəfər həmin restorana getdik. Bir masada əyləşib yemək yeyirdilər. Biz də kənarda əyləşib onları izlədik. Pulu verən zaman da onlara yaxınlaşıb özümüzü təqdim etdik. Hal şahidlərinin iştirakı ilə baxış keçirib, onları Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə apardıq. Vəkillər dəvət edildi”.

    Suallara cavab verən polis əməkdaşı Ş.Cəfərov əməliyyata rəhbərlik etdiyini söyləyib. Ş.Cəfərov bildirib ki, zərərçəkmiş təqsirləndirilən şəxslərin ondan bir neçə dəfə pul aldığını, sonuncu dəfə isə 3 min manat verdiyini söyləyib: “Ondan sonuncu dəfə 5 min istəyiblər. 3 min verib”.

    Suallara cavab verən Ş.Cəfərov səs yazılarında təqsirləndirilən şəxslərin pul bölgüsü etdiklərini də deyib: “Yeganə deyirdi ki, tədbir mənimdir, başqası niyə almalıdır? Yəqin ki, protokollarda da var”.

    Təqsirləndirilən şəxslər istintaq zamanı müdafiə hüquqlarının pozulduğunu, istədikləri vəkillərlə təmin edilmədiklərini, ailə üzvlərinə məlumat verilmədiyini deyiblər.

    İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

    Təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub. Rövşən Qasımov ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

    O, 2016-cı ildə saytı təsis etdiyini deyib: “Bu saytı yaratmağı Natavan Mehdiyeva təklif etdi. Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz çəkilişlə gəldik, həmin məkanda çəkiliş apardıq. Şirin Abdullayevə məxsus olan obyektə müştəri kimi yaxınlaşdım. Orada 30 manat müqabilində mənə qadınla intim münasibətdə olmağı təklif etdilər. Biz bu faktları qeyd etdik və bu sübutları polisə təqdim etdik”.

    Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: “Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi. Şirin Abdullayev gecə zəng elədi. Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, ayın sonunda həmin obyekti bağlayacaq. Bizim söhbətimiz yekunlaşdı”.

    Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib: “Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə pul tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

    Məhkəmə prosesi davam edir.

  • “Araz” marketin satıcısı iş yoldaşını öldürdü – YENİLƏNİB + FOTO

    Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

    Məlumatda bildirilib ki, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib.

    Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

    * * * * *

    Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl törədilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava zamanı qeydə alınıb.

    Qəsəbənin girişindəki marketin qarşısında 22 yaşlı Vüqar adlı qəsəbə sakininə tanımadığı şəxslər hücum edib. Bu vaxt onun yanında dostu, 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu da olub və dostlar həmin ünvanda yerləşən bankomatdan pul çıxararaq evə gedirmişlər. K.Səlimov tərəfləri ayırmağa çalışıb, ancaq naməlum şəxslər hər iki oğlana bıçaqla xəsarətlər yetirib.

    Vüqarın yaxınları bildirib ki, ən çox zərbələr bankomatdan pul çıxaran Vüqara dəyib. Nəticədə Vüqar yerində keçinib, hadisəni törədənlər isə pulu götürərək ərazidən uzaqlaşıblar. Xəsarət almış K.Səlimov ətrafdakıların köməyilə xəstəxanaya çatdırılıb.

    Hadisə yerinə polis və prokurorluq nümayəndələri gəlib. Ərazidə müayinələr aparılıb. Qətli törədənlərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

  • Cinsi əlaqədə olmaq üçün qonşu qadının qızları ilə birgə yatdığı otağa girdi və… – Azərbaycanda şok olay

    Xaçmaz rayonunda qadına evində təcavüz etməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü İlqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az”a istinadən xəbər verir ki, İlqar Ağayev 18 iyul 2017-ci il tarixdə, gecə saat 02.30-da sərxoş vəziyyətdə Xaçmaz rayonu, Xudat şəhərində öz qonşuluğunda yaşayan Nuranə Əsədovanın (ad və soyad şərti verilib – red.) evinə gəlib.

    Gecə yarısı basqın

    İlqar Ağayev Nuranə Əsədovanın evinin qapısının kilidini sındıraraq içəri girib və onun qızları ilə birlikdə yatdığı otağa daxil olub. O, Nuranə yuxuda olan zaman onun sağ ayağından əli ilə tutaraq yuxudan oyadaraq əli ilə sonuncunun ağzını tutub, ona İlqar olduğunu söyləyib.

    İlqar Ağayev Nuranənin qışqıracağını görüb, ona qarşı zor tətbiq edib və evdən həyətə çıxıb. Sonra o, bayırda Nuranəyə əl-qol ataraq, oradan gedib.

    Daha sonra Nuranə Əsədova evə keçərək qonaq otağında yatan əri Samir Əsədovu, sonra qonşuluqda yaşayan qayınatası Şəmini, qayınanası Samirəyə bu barədə danışıb.

    İttiham

    İstintaq orqanı tərəfindən müəyyən edilib ki, İlqar Ağayev həmin vaxt Nuranə Əsədova ilə cinsi əlaqədə olmağa gəlib. Bu səbəbdən həbs edilən İlqar Ağayevin barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

    “Pis niyyətim olmayıb”

    Təqsirləndirilən şəxs qismində ifadə verən İlqar Ağayev bildirib ki, zərərçəkmiş Nuranə Əsədovanı və ailəsini uzun müddətdir qonşusu kimi tanıyır, aralarında münasibətlər yaxşı olub, heç bir ədavət və düşmənçiliyi olmayıb: “Həqiqətən də sərxoş olduğumdan öz yaşadığım ünvanla qonşumuz Samirin yaşadığı evi səhv salaraq, onların evlərinə girmişəm. Həmin evə daxil olmaqda da heç bir pis məqsədim və niyyətim olmayıb”.

    “Ağzından tutdum ki, qışqırmasın”

    İlqar Ağayevin sözlərinə görə, iyulun 17-də toy mərasimində xeyli miqdarda spiritli içki qəbul edib: “Gecə saat 02-də evinə qayıdarkən qonşumuz Nuranənin ailəsi ilə yaşadığı evinin küçə qapısını öz ünvanım bildim və səhvən onların həyətinə keçərək evin giriş qapısını açdım və evə daxil olum. Dəhlizdə olarkən zərər çəkmiş Nuranənin üstümə gəldiyini gördüm, Nuranənin bizdə olduğunu zənn etdim. Həmin vaxt Nuranə üstümə gələrək, yaxamdan tutdu və itələdi. Özümü itirərək Nuranənin qollarından, sonra əli ilə ağzından tutdum ki, qışqırmasın”.

    “Dəfələrlə üzr istəmişəm”

    İlqar Ağayev qeyd edib ki, dərhal Xatirə Heydərovanı arxaya itələyib dəhlizdən çıxaraq qaçıb: “Bu zaman öz evimlə qonşumuzun evini səhv saldığımı başa düşdüm, birbaşa öz evimə gəldim. Baş vermiş hadisə ilə əlaqədar dəfələrlə zərərçəkmiş şəxsdən və ailəsindən üzr istəmişəm. Amma mənim üzrxahlığımı heç kim qəbul etməyib. Məni Nuranənin yaşadığı evə heç kim dəvət etməyib. Nuranə ilə aramızda heç bir yaxın münasibət olmayıb, evin həyətinə daxil olarkən evin küçə qapısı və evin giriş qapısı açıq olub, heç bir qapı kilidli olmayıb”.

    “Cinsi əlaqədə olmaq niyyətim olmayıb”

    İlqar Ağayev bildirib ki, sərxoş olduğum üçün bəlkə də Nuranənin qışqırmasının qarşısını almaq istəyərkən özündən asılı olmayaraq ona xəsarət yetirmişəm və ya itələyərkən Nuranə xəsarət alıb: “Lakin Nuranənin yatdığı yataq otağına daxil olmamışam. Ona qarşı hər hansı pis niyyətim olmayıb. Nuranəni dəhlizdə görərkən və sonuncunun mənim üstümə hücum edərək yaxamdan tutub itələyəndə başqasının evinə girdiyimi anlamışam. Hər hansı məqsədlə evə girməmişəm. Nuranə ilə cinsi əlaqədə olmaq kimi niyyətim olmayıb”.

    “Məni hədələdi”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nuranə Əsədova bildirib ki, İlqar Ağayev onunla intim münasibətdə olmaq üçün evə daxil olub: “İlqar Ağayev mənim qışqıracağımı gördü, qollarımdan tutaraq məni darta-darta həyətə çıxardı. Həyətdə mənə “qışqırma, qışqırma, əgər qışqırsan yoldaşına Orxanla görüşdüyünü deyəcəyəm. Həmin vaxt İlqar mənə qarşı seksual xarakterli hərəkətlər etmədi”.

    İslah işləri cəzası

    Xaçmaz rayon Məhkəməsinin hökmünə görə, İlqar Ağayevin Nuranə Əsədovaya qarşı seksual xarakterli hərəkətlər etməməsi nəticəsinə gəlib.

    Məhkəmə İlqar Ağayevi Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə təqsirli bilib və ona aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilməsi barədə hökm elan edib.

    Bu hökmdən narazı qalan Nuranə Əsədova apelyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsi ilə ittiham elan olunması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

    O hesab edir ki, İlqar Ağayev hadisə baş verən gecə onunla zorla cinsi əlaqədə olmaq istəyib, lakin kəskin müqavimətlə qarşılaşdığı üçün öz niyyətini həyata keçirə bilməyib.

    “İstəyi mənimlə cinsi əlaqədə olmaq idi”

    Zərərçəkmiş şəxsin fikrincə, İlqar Ağayevin sərxoş olduğu üçün mənzilləri səhv salması barədə ifadələri yalan olmaqla öz müdafiəsinə yönəlib və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır.

    Zərərçəkmiş şəxs qeyd edib ki, İlqar Ağayevin gecə yarı onun evinə daxil olması, əli ilə onun ağzını tutaraq qorxma İlqardır deməsi və zorla onu uşaqlarının yanından kənarlaşdırması birbaşa İlqar Ağayevin məqsədinin göstəricisidir və bu fakt onun zorlamaya cəhdə görə məsuliyyətə cəlb olunmasını zəruri edib.

    Nuranə Əsədovanın şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, zərərçəkmişi şikayəti təmin edilməyib.