Category: Kriminal

  • Ağdaşda qız oğurladılar

    Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qızı oğurlayıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, iyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

    R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

  • “Son zəng” günü şagirdlər arasında dava, bıçaqlanan var

    Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

    “Report”un Şirvan bürosunun məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

    Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

    Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Məşhur müğənninin oğlu Bakıda adam öldürüb – RƏSMİ MƏLUMAT (FOTO)

    Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb.

    Median.Az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

    Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

    Qeyd edək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.

     

     

  • Sumqayıtda üzərində zorakılıq əlamətləri olan meyit tapılıb

    İyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki parkda üzərində zorakılıq əlamətləri olan Neftçala rayon sakini Emil Nuriyevin meyiti tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sərhəddə əməliyyat: 42 nəfər tutuldu, silahlar ələ keçirildi

    Azərbaycan Respublikasının və Rusiyanın daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il iyunun 4-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də, digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

    Rusiya Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 42 şəxs, o cümlədən Rusiya tərəfindən axtarılan 11 nəfər tutulub, itkin düşmüş hesab olunan dörd nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 54 nəfər saxlanılıb.

    Qanunsuz saxlanılan doqquz avtomat silahı, bir pulemyot, altı tapança, 69 tüfəng, 36 qumbara, 29 ədəd silah sandıqçası, 18 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 5700 ədəd müxtəlif çaplı patron götürülüb.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 19 fakt aşkar olunub, ümumi çəkisi üç tondan çox 13600 ədəd çətənə kolu məhv edilib.

    Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 15 müxtəlif cinayətin açılması da təmin edilib.

    Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

  • Biləsuvarda Gürcüstan vətəndaşı saxlanıldı

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində doqquz kiloqrama yaxın narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, iyunun 11-də rayonun Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Almaz Rizayev saxlanılıb.

    Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kiloqram 415 qram narkotik maddə olan tiryək və 286 qram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

    Araşdırmalarla A.Rizayevin narkotik vasitəni İran İslam Respublikasından Biləsvuvar rayonu ərazisinə qaçaq yolla keçirdiyi müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • Bakıda avtoxuliqanlıq edənlər həbs edildi

    Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən, polisin qanuni tələbini yerinə yetirməyən sürücülər inzibati məsuliyyətə cəlb olunub.

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov Oxu.Az-a bildirib ki, müəyyən olunan sürücülər paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunmaqla inzibati məsuliyyətə cəlb olunub.

    Salmanov Xəyal İntiqam oğlu iyunun 10-da, 12:30 radələrində “BMW- 528” markalı 90- ON-083 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Kənar Dairəvi yolda özündən öndə hərkətdə olan digər nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamayıb.

    Öndəki avtomobilin yolda keçid hüququna malik olduğu halda yol verməyib, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozması ilə nəticələnən inzibati xəta tərkibi yaradan hallar törədib.

    Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq X.Salmanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 331 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib.

    Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir il) müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə həbs tətbiq edilib.

    Hümbətov Elçin Məcnun oğlu iyunun 9-da, 00:05 radələrində “Chevrolet” markalı, 10-OZ-919 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Tbilisi prospektində avtomobili idarə edərkən ictimai qaydanı və ictimai təhlükəsizliyi nümayişkaranə şəkildə davamlı olaraq pozmaqla inzibati xəta törədib.

    Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq, E.Hümbətov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsinin idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 30 (otuz) gün müddətinə həbs tətbiq edilib.

    Eləcə də, təqsirli olaraq həbs edilən Hüseynov Kamal Vahid oğlu iyunun 11-də, səhər saatlarında polisin qanuni tələblərinə tabe olmayıb.

    Polis əməkdaşları onu sakitliyə, nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymayıb, qəsdən tabesizlik nümayiş etdirib.

    Toplanan materiallar əsasında vətəndaşın əməlinə hüquqi qiymət verilməsi üçün 17-ci Polis Bölməsində baxılmaqla, müvafiq rayon məhkəməsinə göndərilib.

    Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə K.Hüseynov barəsində 10 (on gün) müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

    Hər üç şəxslə Daxili İşlər Nazirliyinin İnzibati qaydada Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə həbs olunanlarla profilaktik söhbətlər aparılıb.

    Yol polisinin fəaliyyətinin birbaşa olaraq, yollarda hərəkət iştirakçılarının təhlükəsizliyinə yönəldiyini onların diqqətinə çatdırmaqla bildirilib ki, bu fəaliyyətin əsasını təşkil edən məsuliyyət hissi təkcə bir insanı yox, bütün cəmiyyəti narahat edir.

    Ona görə də yollarda hərəkət iştirakçılarının intizam və məsuliyyəti diqqət mərkəzində saxlanılır.

    Avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən şəxslərin hər biri ilə fərdi-profilaktik söhbətlər aparılıb.

    Görüşdə törədilən hər bir əmələ görə cəzalanan şəxslər bu əməllərindən peşmançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu açıq etiraf etməklə, sürücüləri yollarda daha həssas və diqqətli olmağa çağırıblar.

    Onlar sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində verilən qərarın əməllərinə adekvat olduğunu qeyd ediblər.

  • Bakıda müğənni sintezator ifaçısını bıçaqlayıb; o qaçarkən hava limanında tutulub

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Median.Az report-a istinadən verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra təqsirləndirilən Ə.İsmayılov ittiham aktını almadığını deyərək, məhkəmənin təxirə salınmasını istəyib.

    Məhkəmənin hazırlıq iclası iyunun 21-də davam etdiriləcək.

    Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən “Nar” kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

    Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb.

    Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

    Bu il yanvarın 25-də Ə.İsmayılov ölkəndən qaçmaq istəyərəkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

    Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintezatorda düzgün müşayət etməməsi olub.

    Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

  • Azərbaycanda 15 yaşlı oğlandan azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və…

    Beyləqan şəhərində qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Elgün Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az “publika.az” saytına istinadən xəbər verir ki, Elgün Vəlizadə 31 dekabr 2016-cı il tarixdə saat 19 radələrində yaşadığı Beyləqan şəhəri RTS qəsəbəsində onunla qonşuluqda yaşayan 2005-ci il təvəllüdlü Murad Orucovun təklifi ilə onunla birlikdə pirotexniki vasitə almaq üçün şəhərin Magistiral küçəsində yerləşən “Real Market” MMC-yə gediblər.

    Qəsəbədə çıxan iki dost

    Lakin orada pirotexniki vasitə olmadığından ala bilməyərək ikilikdə evə qayıdarkən Murad Orucov digər mağazalara baxmağı təklif edib. Elgün Vəlizadə onunla razılaşmayıb.

    Bu səbəbdən RTS qəsəbəsi ərazisindən keçən Beyləqan-Kəbirli avtomobil yolunun kənarında aralarında mübahisə baş verib. Mübahisə zamanı Murad Orucov onun sağ qol nahiyəsinə bir yumruq zərbəsi vurub. Elgün Vəlizadə də öz növbəsində Murad Orucovun sifət nahiyəsinə bir yumruq zərbəsi vurub.

    Mübahisə və dava

    Bundan sonra Murad Orucov qaçaraq avtomobil yolunu keçib, həmin yolun əks-tərəfi ilə axan su kanalının üzərinə örtük olaraq çəkilmiş beton lövhələrin üstünə çıxmaqla, evlərinə tərəf qaçmağa başlayıb.

    Elgün Vəlizadə onun aralarında baş vermiş mübahisə barədə valideynlərinə məlumat verməsinin qarşısını almaq niyyəti ilə Murad Orucovun arxasınca qaçaraq onu beton lövhələrin üstü ilə təxminən 40-50 metr məsafədə qovub, ona çataraq arxadan badalaq verərək onu yıxıb. Murad Orucov yıxılarkən alın nahiyəsi beton lövhəyə dəyib. Həmin vaxt Murad xəsarət alaraq, huşsuz vəziyyətdə qalıb.

    Qətl

    Elgün Vəlizadə Murad Orucovun özünə gəldikdən sonra hadisə barədə valideynlərinə məlumat verəcəyindən qorxub. Bunun qarşısını almaq üçün onu öldürmək qərarına gəlib.

    Bu məqsədlə Elgün Vəlizadə huşsuz vəziyyətdə olan Murad Orucovu yıxıldığı beton lövhənin üzərində olan dəlikdən itələməklə axar su ilə dolu olan kanala atıb. Murad Orucov həmin vaxt boğularaq ölüb.

    “Aramızda mübahisə yarandı”

    İstintaq orqanı tərəfindən 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Elgün Vəlizadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, dekabrın 31-də, saat 18-19 radələrində RTS qəsəbəsində Murad Orucovla birlikdə pirotexniki vasitə almaq üçün “Real Marketə” gediblər: “Həmin mağazada pirotexniki vasitə satılmadığından ala bilmədik. Mağazadan birlikdə çıxdıq. Murad mənə digər mağazalara getməyi təklif etsə də, onunla razılaşmadım, evə gedəcəyimi bildirdim. Birlikdə yaşadığımız ev istiqamətində gələn zaman Murad Orucov mənə mağazaya getmədiyimə görə partladan ala bilmədiyini dedi və bu səbəbdən də aramızda mübahisə yarandı”.

    “Çağırışlarıma əhəmiyyət vermədi”

    Elgün Vəlizadə bildirib ki, qəsəbədə avtomobil yolunun kənarındakı sexin qarşısında Murad Orucov onun qoluna bir yumruq vurub: “Mən də Muradın sifət nahiyəsinə bir yumruq zərbəsi vurdum. Bundan sonra Murad avtomobil yolunun digər tərəfinə keçərək, su kanalının üstünə çəkilmiş beton lövhələrin üstünə çıxdı və yaşadığı ev istiqamətində qaçmağa başladı. Muradın evə gedərək hadisə barədə valideynlərinə danışacağından ehtiyat etdim, onun arxasınca beton lövhələrin üstü ilə qaçmağa başladım. Bir neçə dəfə Murada dayanmasını desəm də, sonuncu onun bu çağırışlarıma əhəmiyyət vermədi”.

    “Onu kanala tulladım”

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən 50-60 metr qaçdıqdan sonra arxadan Murad Orucova çatıb, onun qaçmasının qarşısını almaq məqsədi ilə arxadan ona badalaq verib: “Bu zaman Murad yıxıldı, onun alın nahiyəsi beton lövhəyə dəydi və aldığı xəsarətdən huşunu itirdi. Murad Orucovun nəfəs aldığını, lakin huşunun özündə olmadığını gördüm. Ayıldıqda mənim onu həmin hala salmağım barədə valideynlərinə nəsə deyəcəyindən ehtiyat etdim. Bunun qarşısını almaq məqsədilə Muradı öldürmək qərarına gəldim. Bu məqsədlə huşsuz vəziyyətdə olan Murad Orucovun əvvəlcə ayaqlarını yıxıldığı beton lövhənin üzərində olan dəlikdən aşağı salladım, daha sonra isə onu oturaqlı vəziyyətə gətirərək kürəyindən itələyərək, axar su ilə dolu olan kanala tulladım”.

    “Şalvarımın bulaşdığını dedim”

    Elgün Vəlizadə bildirib ki, bundan sonra beton lövhələrin üstündən aşağı düşərək evə tərəf gedib: “Hadisənin baş verdiyi yerdən təxminən 100-150 metr aralıda “Mercedes Benz 190” markalı, 10 NU 874 dövlət nömrə nişanlı avtomobilin yol kənarında dayandığını, içərisində bir kişi, bir qadın, bir uşaq olduğu, avtomobilin sürücüsünün isə avtomobildən düşərək diqqətlə mənə baxdığını gördüm. Həmin sürücünün Muradı suya atdığımı gördüyünü bildim. Lakin həmin şəxslə və avtomobildə olan digər şəxslərlə aramızda heç bir söhbət olmayıb. Mən birbaşa yaşadığım evə gəlmişəm. Anam şalvarımın hansı səbəbdən çırkli olduğunu soruşduqda, küçədə uşaqlarla oynadığımı, bu səbəbdən də şalvarımın bulaşdığını dedim. Yeməyimi yedim, televizora baxdım, daha sonra isə yatdım. Ertəsi gün səhər saatlarında Muradın itkin düşməsi barədə aldığım məlumat əsasında ailə üzvlərimlə birlikdə Muradın yaşadığı evə getdim. Lakin ailə üzvlərinə, həmçinin kənar şəxslərə törətdiyim əməl barədə heç bir məlumat vermədim”.

    “Muradı kanala atdığımı etiraf etdim”

    Elgün Vəlizadə qeyd edib ki, 2017-ci il yanvarın 2-də Murad Orucovun meyiti kanaldan tapılıb: “Özüm də həmin əraziyə gedərək Muradın meyitini gördüm və yas mərasimində ailə üzvlərimlə birlikdə iştirak etdik. Yanvarın 5-də isə Beyləqan rayon polis şöbəsinə çağırıldım. Orada polis rəisinin müavini Taleh Hüseynovla söhbət zamanı, bibim Roza Ağayeva və atam Novruz Vəliyevin yanında Murad Orucovu su kanalına atdığımı etiraf etdim”.

    10 il cəza

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Vəlizadə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkilməsi qərara alınıb.

    Hökmdən narazı qalan Elgün Vəlizadənin vəkili Çimnaz Eyubova apelyasiya şikayəti verib. O, müvəkkilinin bu cinayətdə təqsirli olmadığını göstərib və onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

    Bu şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elgün Vəlizadənin şikayəti təmin olunmayıb.

  • DİN Xaçmazda törədilən qətlə bağlı məlumat yaydı

    Daxili İşlər Nazirliyi Xaçmazda törədilən qətlə bağlı məlumat yayıb.

    DİN-dən verilən məlumata görə, Xaçmaz rayon sakini Şahin İmanov iyunun 11-də Rayon Polis Şöbəsinə könüllü gələrək tanışı Elbrusla birlikdə 10 gün əvvəl Mirzağa adlı şəxsi qətlə yetirdikdən sonra rayonun Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırdıqlarını bildirib.

    Məlumatla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti çıxarılaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

    Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq, rayon prokurorluğuna təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.