Category: Kriminal

  • Röya Ayxanın stilistini öldürən şəxs qərardan narazıdır – FOTO

    Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.

    İttihama görə, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

    1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çox sayda bıçaq xəsarəti yetirilərək öldürülüb.

    İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Pərviz Həsənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

    Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması barədə xəbərlər yayılıb.

  • Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi

    Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verib.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, vətəndaş B.B. bacısı qızı – “TikTok” sosial şəbəkəsində “AYDAW” ləqəbi ilə tanınan A.Nəzərli ilə bağlı xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

    Şikayətçi B.B. tərəfindən A.Nəzərlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə təqdim edilib.

    Müraciətdə göstərilir ki, barəsində şikayət olunan şəxs – A.Nəzərli sosial şəbəkələrdə yayımladığı çıxışlarla onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb, şərəf və ləyaqətini ləkələyib.

    Şikayətçi bildirir ki, yayımlanan çıxışlarda onun maddi imkanları, ailə münasibətləri və şəxsi həyatı ilə bağlı böhtan xarakterli fikirlər səsləndirilib, eyni zamanda nalayiq ifadələr işlədilərək açıq formada təhqir edilib. Bu məlumatların geniş auditoriyaya çatdırıldığı və çoxsaylı şəxslər tərəfindən izlənildiyi qeyd olunur.

    Ərizədə xüsusi olaraq vurğulanır ki, sosial şəbəkə üzərindən yayılan bu çıxışlar nəticəsində şikayətçi ciddi mənəvi sarsıntı keçirib, səhhətində problemlər yaranıb və dəfələrlə tibbi yardım almağa məcbur olub. Qeyd olunur ki, 2026-cı ilin yanvar ayında bir neçə dəfə təcili tibbi yardım xidmətinə müraciət edilib, eləcə də müxtəlif tibbi müayinələrdən keçərək müalicə alıb.

    B.B. həmçinin qeyd edir ki, yayılan ifadələr cəmiyyətdəki nüfuzuna mənfi təsir göstərib, qohumları və tanışları arasında onun haqqında mənfi rəy formalaşdırıb. Şikayətçinin sözlərinə görə, həmin paylaşımlar qeyri-müəyyən və geniş şəxslər dairəsinə çataraq ictimai mühitdə rezonans doğurub.

    Məhkəmənin hazırlıq iclasında şikayətçinin nümayəndəsi ərizənin məzmununu təsdiqləyərək onun icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş edib.

    Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edib.

  • Dələduzluq edən şəxsin cinayət işinin bəzi detalları məlum oldu

    Vətəndaşların etibarından istifadə edərək onlara külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Pərvin Quliyevanın cinayət işinin bəzi detalları məlum olub.

    “Unikal”ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Quliyeva Pərvin Fuad qızı Sevinc Dadaşovanı ABŞ səfirliyi vasitəsi ilə viza alaraq Kanadaya göndərib işlə təmin edəcəyi adı ilə yalan vəd verib. O, bu işləri həll edəcəyi müqabilində Sevinc Dadaşovadan ümumilikdə 50 min 150 manat pulunu ələ keçirərək ona külli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib.

    Bundan başqa, Pərvin Quliyeva tanışı Minəxanım Pənahovaya və onun xalası Nuriyyə Əhmədovaya guya leykoz xəstəliyindən əziyyət çəkdiyini, hazırda donoru tapıldığından təcili əməliyyat olunması üçün 24 saat ərzində Almaniyaya getmək üçün pul lazım olduğunu yalandan bildirib.

    O, bu yolla onları aldadaraq etibardan sui-istifadə edib və ümumilikdə 8 min 800 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxs Nuriyyə Əhmədova maddi ziyan vurmaqla təkrar dələduzluq edib.

    İttiham aktında göstərilib ki, təqsirləndirilən şəxs bundan başqa Orxan Allahverdiyev və Aygün Hüseynovanın Taylanda getməsi üçün guya həmin ölkəyə məxsus vizalar düzəldecəyinə dair yalan vəd verib.

    O, hər iki şəxsin adına saxta viza hazırlayıb və buna görə də onlardan 340 manat alıb.

    Bundan başqa, Pərvin Quliyeva rəhbəri olduğu turist səyahətlərinin təşkili ilə məşğul olan «Paradise Travel Group» MMC fəaliyyətini dayandırmasına baxmayaraq həmin MMC-nin guya fəaliyyət göstərməsi baradə İlahə Rüstəmovaya yalan məlumat verib.

    İlhahə Rüstəmovanın Bodruma getmələri üçün ümumilikdə 5 min 700 manat məbləğində pul vəsaitini əl keçirərək dələduzluq edib.

    O, bu yolla Elvira Əhmədova I da aldadaraq ümumilikdə 5700 manat məbləğində pul vəsaitini əl keçirərək dələduzluq edib.

    Bundan başqa Pərvin Quliyeva Fərrux Soltanovu Bakı Şəhər Baş Polis İdarəsində “sosial mediaya nəzarət” şöbəsinə rəis müavini vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib və ondan buna görə ümumilikdə 3000 manat məbləğində dələduzluq edib.

    Beləliklə, Pərvin Quliyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

    Qeyd edək, cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə araşdırılır.

  • Maştağada evdən 8 min manatlıq qızıl oğurlandı

    Maştağada evdən 8000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar.

    Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.

    Araşdırma aparılır.

  • Cinayətdə şübhəli bilinən 88 nəfər saxlanıldı

    Aprelin 18-də və 19-da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.

  • Avtoyuma məntəqəsindən “Range Rover” qaçırdı, qəza törətdi

    Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

    Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə edərək qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

  • Bakıda sinif yoldaşını YANDIRAN ŞAGİRD saxlanıldı (Yenilənib)

    Bakıda 2011-ci il təvəllüdlü məktəblinin üzərinə spirt tökərək alışqanla yandıran sinif yoldaşı saxlanılıb.

    2010-cu il təvəllüdlü məktəbli polis əməkdaşlarının keçirdikləri təbdirlər nəticəsində saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bakıda 286 nömrəli tam orta ümumtəhsil məktəbindən xəsarət alan IX sinif şagirdinin vəziyyəti açıqlanıb.

    Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 20-də saat 10:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb.

    “Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2011-ci il təvəllüdlü yeniyetmə (kişi) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub.

    Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

    * * * * *

    Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

    Bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

    Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Hadisə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

    Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.

  • Azyaşlının telefonunu əlindən alıb qaçan şəxsə hökm oxundu

    Soyğunçuluqda təqsirləndirilən Vüsal Dadaşovun (adı, soyadı şərtidir – red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    İttihama görə, Vüsal Dadaşov 5 iyun 2025-ci il tarixdə, saat 13 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən binalardan birinin qarşısında dayanmış azyaşlı – 2018-ci il təvəllüdlü R.R.-in əlində olan mobil telefonu açıq şəkildə talayıb. Belə ki, o, uşağın anasına məxsus “Huawei” markalı mobil telefonu azyaşlının əlindən dartaraq alıb və qaçaraq hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurulub.

    Məhkəmə iclasında Vüsal Dadaşov Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, həbsdən yeni azad olunub, hadisə günü metronun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən məhəllələrin birində yerdə mobil telefon tapıb və onu götürərək evinə aparıb. Onun sözlərinə görə, telefonun enerjisi olmadığından cihazdan istifadə edə bilməyib və bu səbəbdən sahibinə məlumat verməyib.

    Təqsirləndirilən şəxs həmçinin bildirib ki, 29 iyul 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət olunub. Vüsalın sözlərinə görə, saxlanılan zaman üzərində həmin telefon olmayıb, daha sonra – 10 avqust 2025-ci il tarixdə anası tərəfindən mobil telefon polis əməkdaşlarına təqdim edilib.

    O, ittihamda göstərilən azyaşlının əlindən telefonu zor tətbiq etməklə alması faktını inkar edib və qeyd edib ki, telefonu yerdən tapıb.

    Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənildiyini və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin qalmadığını vurğulayaraq barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib.

  • “İdrak”da güllələnən müəllimə şagirdi bağışladı

    “İdrak” liseyində müəlliməsinə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, zərərçəkmiş müəllimə şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib.

    Bundan başqa, şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən, Ə.Ş.-də anlaqlılığı istisna etməyən psixoloji pozuntu müəyyən edilib.

    Bu o deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var. Amma o, törətdiyi əməli dərk edir, davranışlarını idarə etmək qabiliyyətindədir. Hazırkı rəyə əsasən, şəxs cinayət məsuliyyətindən azad edilmir, lakin bu hal gələcəkdə cəza təyin edilərkən yüngülləşdirici amil kimi nəzərə alına bilər.

    Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək.

    Qeyd edək ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. İttihama görə, 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəlliməsi Şəhla Kamilovanı güllələyib.

    Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilədək azadlıqdan məhrum edilə bilər.

  • Özündən 10 yaş böyük kişini qətlə yetirdi

    Abşeron rayonunda qətl törədilib.

    Hadisə Xırdalan şəhərində qeydə alınıb. 1989-cu il təvəllüdlü Ruhin Əliyev qətlə yetirilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.