Category: Kriminal

  • Bakıda atışmada iştirak etmiş dünya çempionuna və qeyrilərinə hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev və İlham Ramazanovun CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, hadisə ötən il yanvarın 7-də Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 134 ünvanında yerləşən “Nənəmin Təndiri” restoranın yaxınlığında baş verib. Əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub. Hadisə zamanı heç kim xəsarət almayıb. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən tapanca gilizləri aşkar ediblər.

    Məhkəmənin hökmü ilə Xəyyam Səlimxanov, Murad Həsrətov, Tunar Nağızadə, Emin Əliyev 2 il 6 ay, İlham Ramazanov isə 1 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

    Qeyd edək ki, X.Səlimxanov universal döyüş idman növü üzrə dünya və avropa çempionu olub.

  • Bakıda taksi sürücüsü avtomobilində bıçaqlandı

    Nəsimi rayonunda bir nəfər avtomobilində naməlum şəraitdə bıçaqlanıb. Hadisə İbrahim Əbilov 81 ünvanında baş verib. 1981-ci il təvəllüdlü Hüseynov Rəşad Ədalət oğlu idarə etdiyi “Saipa” markalı avtomobili ilə yaşadığı “Kubinka” kimi tanınan əraziyə gəlib.

    O, yaralı halda qonşularının köməkliyi ilə 1 saylı Kliniki Tibbi mərkəzə yerləşdirilib.

    Məlum olub ki, R.Hüseynovun ürək nahiyəsinə iti alətlə xəsarət yetirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

    Hadisənin dəqiq harda, kim yaxud kimlər tərəfindən törədildiyi araşdırılır. (Report)

  • Azərbaycanda nənələrdən ibarət cinayətkar qrup – VIDEO

    Zərdab rayon polis şöbəsinin əməliyyatçıları rayonun Məmmədqasımlı kənd sakininin evindən 6 min manata yaxın pul, 1600 ABŞ dolları və qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən dəstə yaxalayıb.

    3 nəfərlik dəstə qadınlardan ibarət olub.

    Hadisə may ayının 4-də baş verib. Zərdab rayonunun Məmmədqasımlı kand sakini Fuad Eyvazov rayon polis şöbəsinə müraciət edərək evindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Zərərçəkmişin sözlərinə görə, hadisə səhər saat 9-dan 12-yə qədər olan müddətdə, evdə heç kimin olmadığı zaman baş verib.

    Mənzildən 5 min 840 manat, 500 rus rublu, 1600 ABŞ dolları və qızıl-zinət əşyaları aparılıb. Keçirilən əməliyyat axtarış tədbirlərinin nəticəsi polis əməkdaşlarını da, kənd sakinlərini də təccübləndirib. Oğurluqda şübhəli bilinərərk saxlanilanların üçü də qadın olub. Seyran Nadirova, Xəzəl Bəkirova və bacısı Nazdı Mahmudova saxlanılıb. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla əlaqədar cinayət işi başlanılıb.
    //yenicag.az

  • Polis azərbaycanlını öldürən Türkiyə vətəndaşını axtarır

    Bakıda avtomobillə adam vurub öldürən Türkiyə vətəndaşı gizlənib. Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

    Sabunçu RPİ-nin 12-ci bölməsinin əməkdaşları artıq onların ərazisində Bakı sakini İman İmanovu vuran Türkiyə vətəndaşının şəxsiyyətini müəyyən ediblər. Qeyd edək ki, İman İmanov aldığı travmadan hadisə yerindəcə dünyasını dəyişib. Avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən qaçaraq gizlənib.

    Araşdırma zamanı məlum olub ki, yol-nəqliyyat qəzası 1963-cü il təvəllüdlü Türkiyə sakini Bölükbaşı Loğman Abdulvahab oğlunun iştirakı ilə törədilib. Kişi 99 FO 830 dövlət nömrə nişanlı Mersedes markalı avtomobillə qəza törədib. Polis isti izlərlə müəyyən edib ki, sözügedən avtomobil “Albalılıq” yaşayış məskənində yaşayan 1983-cü il təvəllüdlü İlhamə Məmmədovanın həyətindədir. İlhamə Məmmədova Türkiyə vətəndaşının baldızıdır. Polis Bölükbaşının özünü hələlik saxlamayıb, çünki o, gizlənir. Polis onun axtarışı istiqamətində işini davam etdirir.

  • Azərbaycan sərfəddində atışma: 22 yaşlı silahlı məhv edildi

    İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

    Baş Prokurorluqdan Criminal.az-a verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu – 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

    Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.
    Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Yalvardım ki, məni burax, 3 balam var” – BAKIDA BANKA BASQIN İŞİ

    Bakıda banka basqın edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, borcu olduğu üçün həbs edilmək istədiyini deyib.

    Median.Az xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Səriyyə Nəcəfova dindirilib.

    O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini deyib.

    Hadisə günü baş verənləri danışarkən bunları deyib: “Məni bıçaqla hədələdi. Ona yalvardım. Bir Allah bilir, mən onda nələr çəkdim. Orda yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Yalvardım ki, məni burax, 3 balam var. O da insandı da, buraxdı. Sonra siqnalizasiya işə düşdü və polislər gəldi”.

    Zərərçəkmiş N.Məmmədovun bankdan pul istədiyini deyib: “Dedi ki, bunu tutmuşam, mənə pul verin. Nə qədər pul istədiyini demədi”.

    S.Nəcəfova şikayət və tələbinin olmadığını deyib.

    İttihama görə, hadisə 2018-ci ul yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

    Nazim Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.

    O, hadisəni törətməsinin səbəbni borcu olması ilə izah edib: “Banka gedəndə məqsədim basqın etmək deyildi. Xeyli borcum var idi, əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar”.

    N.Məmmədov Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın. Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir./musavat.com/

  • Nişanlısını öldürən gənc: Qaçdı, mən də arxadan vurdum – VİDEO

    Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində nişanlısını öldürən 19 yaşlı Sabir Qulamov hadisəni necə törətdiyi barədə danışıb.

    Nişanlısını güllələyən gənc polisə ifadəsi zamanı bildirib ki, mərhum Aytən Cəfərova ilə aralarında söz-söhbət olub:

    “Əsəbləşdim. Onu güllələmək istədikdə anası tüfəngin qarşısına keçdi. Qaçdı və mən də arxadan onu vurdum”.

    Aytən Cəfərovanın yaxınları bildirib ki, Sabir Qulamovun həbsxanadan sağ çıxmasını istəmirlər.

    Mərhumun anası Esmira Cəfərova bildirib ki, bu cinayətdə Sabirə dəstək olan şəxs olub:

    “Bir onu eşitdim ki, dedi ki, Sahib, maşını işə sal gedək. Aytənə dedim qaç. Ay Allah, uşağım aradan çıxa bilmədi”.

    Xatırladaq ki, hadisə mayın 31-də gecə saatlarında Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi Sadıxcan küçəsi, 13 ünvanında qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən Mehman qızı qeyd edilən ünvanda odlu silahla güllələnib.

    Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, A. Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb.

    Sol çiyninin, çənəsinin çoxsaylı yaraları diaqnozu təyin edilən 1963-cü il təvəllüdlü Esmira Cəfərova isə əməliyyat edilib, vəziyyəti ağır qiymətləndirilir./oxu.az

  • Bakıda qadınlar arasında dava zamanı bir nəfər kəllə-beyin travması alıb

    Paytaxtın Nərimanov rayonunda qonşular arasında dava düşüb.

    “Report” xəbər verir ki, dava Aşıq Qərib küçəsi, 19 ünvanında yaşayan Şıxəliyeva Həbibə İsgəndər qızı ilə qonşu qadın arasında baş verib.

    Nəticədə H.Şıxəliyeva döyülərək qapalı kəllə-beyin travması alıb.

    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Bakıda süpürgəçini maşın vurdu, öləndən sonra işdən çıxarıldı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    “Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    Elan olunmuş ittiham üzrə Ə.Cəfərov özünü təqsirli bildiyini deyib. O, sərbəst ifadəsində qeyd edib ki, daha əvvəl fəhlə işləyib, imkansızlıqdan avtobus sürüb: “Amma həmin gün sürücü kimi xəttə çıxmamışdım. Dostum Əmir mənə zəng edib xəstələndiyini, həkimə gedəcəyini və avtobus sürməyimi istədi. Mən də ona kömək üçün getdim. Səhər saat 07:00 radələri olardı. Hava alaqaranlıq idi. Mən də saatda 40 km sürətlə gedirdim. Heç yolu keçən şəxsi görmürdüm. Qarşıdan gələn maşın işıqlarını yandırıb-söndürdü. Sola çəksəm də, gec idi. Maşının sağ tərəfi ona dəydi. Düşüb maşına qoyub xəstəxanaya çatdırdıq”.

    Daha sonra məhkəmədə mərhum Şıxməmməd Yadigarovun oğlu, hüquqi varis kimi tanınan Mehman Yadigarov da dindirilib. O, atasının Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi işlədiyini bildirib.

    Hakim söyləyib ki, iş materiallarında mərhumun heç yerdə işləmədiyi yazılıb.

    M.Yadigarov bunun düzgün olmadığını qeyd edib: “Çünki onlar başlarından atmaq istəyirdilər. Mən özüm gedib idarəyə məlumat verdim ki, atam ölüb. Təsəvvür edin ki, üç gün keçmişdi, amma xəbərləri yox idi. Əvvəl burada işləmir dedilər. Mən də mühasibatlıqdan soruşdum. Sonra atamın orada işlədiyini söylədilər”.

    Məhkəmədə məlum olub ki, mərhum yol qəzasında vəfat etdiyi gün onu işdən azad ediblər. Halbuki o, iş zamanı düşdüyü avtomobil qəzasında dünyasını dəyişib.

    Məhkəmədə o da elan olunub ki, Ə.Cəfərovun idarə etdiyi avtobus 148 saylı marşrut xəttinə aiddir və bu marşrut xəttinin sahibi isə Zabrat qəsbəsinin sabiq bələdiyyə sədri Adil Hənifəyevdir.

    Məhkəmə Ə.Cəfərovu sürücü kimi işə götürən məsul şəxsin və marşrut xəttinin sahibinin də dindirilməsi qərarına gəlib. Növbəti məhkəmə iclasına onlar da şahid kimi dəvət ediləcək.

    Qeyd edək ki, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusunun sürücüsü Ə.Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. “İsuzu” markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

  • Biznes ortağının başına torba keçirdilər, küllü miqdar pulunu alıb “obşak”a verdilər – FİLM KİMİ CİNAYƏT

    Xətai Rayon Məhkəməsində keçmiş biznes ortağını girov götürərək küllü miqdarda pulunu alan dəstənin məhkəməsi başlayıb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 322.2-ci (özbaşınalıq; zor tətbiq etməklə) maddəsi ilə təqsirləndirilən 4 nəfər- Ramin Hüseynov, Yusifzadə Rəşad Elbrus oğlu, Rzayev Rəşid Akif oğlu və Mustafayev Simral Qasım oğlunun məhkəməsinə hakim Bəxtiyar Məmmədov sədrlik edəcək.

    İttiham aktına görə, cinayətkar dəstənin üzvüləri ötən il iyunun 29-u saat 21:30 radələrində “Prado” və “BMW” markalı maşınlarla Binəqədi rayonu ərazisindəki Mehdi Hüseyn küçəsində yerləşən “R-Club” gecə klubunun qarşısına gələrək, Ağayev Nemət Elxan oğlunun “BMW” markalı, 90 FR 048 dövlət nömrə nişanlı maşınına əyləşiblər. Onun başına torba keçirərək ərazidəki insanların gözü qarşısında aparıblar.

    Quldurlar öz qurbanlarına fiziki zor tətbiq edərək, ondan mənzilinin açarını, iPone-7 mobil telefonunu alıblar. Sonra Ağayevin mənzilinə soxularaq oradan 38 min dollar məbləğində pul və zinət əşyaları götürüblər.

    Bundan sonra onlar girovlarını Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində yerləşən “Oskar” kafesinə gətiriblər. Orada Ağayevi döyüblər. Zərərçəkmişin canı bununla da qurtarmayıb. Oğrular onu maşına oturdaraq Əlvar Məmmədovun evinə gətiriblər, burada boğazına bıçaq dirəyərək ondan daha 3350 manat tələb ediblər. Daha sonra pulu gətirmək üçün Ağayevi buraxıblar.

    Zərərçəkmiş şəxs dərhal yardım üçün polisə müraciət edib. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağayev Neymət Elxan oğlunu oğurlayan cinayətkar dəstənin dörd şübhəli üzvünü — Ramin Hüseynov, Rəşad Yusifzadə, Rəşid Rzayev və Şimral Mustafayevi saxlayıblar.
    Zərərçəkmişin sözlərinə görə, onun oğurlanmasını keçmiş biznes ortağı Rəşad Yusifzadə sifariş edib. Yusifzadə və Ağayev birlikdə beynəlxalq avtovağzalın yerləşdiyi rayonda gecə klubu təşkil ediblər. Sonra klub bağlanıb və Ağayev ortağına 3350 manat borclu qalıb. Ağayev bildirib ki, gecə klubunun avadanlıqlarını satandan sonra bu pulu qaytaracaq.

    “Biz Rəşadla dost olmuşuq. O, mənim evimdə baş verən hər şeyi bilirdi. Həmin gün də bilirdi ki, mən ailə üzvlərimi rayona yola salmışam və evdə heç kəs yoxdur. Mənim onun pulunu özümdə saxlamaq niyyətim olmayıb. Bundan əlavə, mən ona başqa birgə layihə təklif etmişəm. O bilirdi ki, məndə pul var və o pula gözü düşüb”, – deyə Ağayev bildirib.

    Onun sözlərinə görə, həmin dəstədə Yusifzadənin sevgilisi Nərgiz də olub. O qız Ağayevin oğurlanması prosesində iştirak etməyib. Amma Ağayev əmindir ki, Yusifzadə onun zərərli təsiri altına düşüb və cinayət törədib.

    Quldurlar Ağayevi oğurladıqdan sonra onu Əhmədli qəsəbəsindəki “Oskar” kafesinə gətiriblər. Mənzilinə isə onun iştirakı olmadan giriblər. Ağayevin mənzilindən 38 min dollar pulu və bahalı zinət əşyalarını götürəndən sonra “Oskar” kafesinə qayıdıblar.

    Quldurlar Ağayevə deyiblər ki, onun mənzilindən götürülən pullar ərazinin “obşak”ına veriləcək və o, hələ 3 350 manat pulu da Yusifzadəyə verməlidir.

    Hüquq-mühafizə orqanları pulu saxlanılan şəxslərdən geri götürüblər. Saxlanılan şəxslər qızılların oğurlanması ilə bağlı iddianı təkzib ediblər.