Category: Kriminal

  • Bakı sakinləri artıq rahat yata bilərlər: O tutuldu

    Əvvəllər məhkum olmuş 30 yaşlı oğlan sahibləri yatarkən evlərə soxulub qiymətli əşyaları aparırmış

    Bakıda mənzil sahiblərinin bərk yatmasından istifadə edərək evlərə soxulan və oradan pulları, qiymətli əşyaları aparan oğru saxlanılıb. Silsilə mənzil qarətlərinin üstünü Binəqədi Rayon Polis İdarəsi açıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

    Faktla bağlı əvvəllər məhkum olmuş 1988-ci il təvəllüdlü Vəliyev Vüsal Vahid oğlu saxlanılıb. Bu gün onunla əlaqəli 10-dək epizod üzrə cinayət işi açılıb. Vəliyev bütün oğurluqları gecə yarısı və səhər tezdən törədib.

    Məlum olub ki, Vəliyev mayın 15-də saat 04:00-da Biləcəri qəsəbəsində yaşayan Qarayeva Günay Nemət qızının evinə girib. Qarayevanın evinin qapısı hansı səbəbdənsə səhərin erkən saatlarında açıq olub. Qarayeva yuxuda olarkən oğru onun evinə daxil olaraq qızıl-zinət əşyalarını, bijuteriyaları və mobil telefonları aparıb. Bir sözlə, ona 2250 manat dəyərində maddi ziyan vurub.

    İki gün sonra Vəliyev həmin qəsəbənin digər sakini Abbasov Səttar Emil oğlunun evinə soxulub. O, saat 05:00 radələrində Abbasovun evinin ikinci mərtəbəsindəki açıq pəncərədən içəri daxil olub. Vəliyev evdən qiymətli əşyaları və pulları axtararkən evin sahibləri, kim bilir, bəlkə də onuncu yuxularını görürmüşlər. Lakin Abbasovların evinin erkən gəlmiş çağırılmamış qonağı özü ilə çox şey apara bilməyib. Cəmi 400 manat dəyərində qızıl-zinət əşyası aparıb.

    Saxlanılan şəxs növbəti oğurluq əməlini mayın 19-da səhər saat 04:00 radələrində Biləcəri qəsəbəsində törədib. O, qəsəbə sakini Manafova Fəridə Xanbala qızının evinə daxil olaraq 200 manat dəyərindəki velosipedi oğurlayıb.

    Vəliyevin oğurluq etdiyi günlər arasında 2 gün interval olub. Onun növbəti oğurluğu zamanı da ev sahibləri yuxudan oyanmayıblar. Lakin onların evində quraşdırdıqları videokamera Vəliyevi ələ verib. Videokameranın yaddaşına köçən anlar özgə evinə soxulan oğrunu tutmağa yardım edib.

  • Bakıda aparıcıya qarşı CİNAYƏT

    Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.

    Median.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə gələn Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

    Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

    Qeyd edək ki, zərərçəkmiş şəxs İctimai Televiziyanın tanınmış aparıcısı Saleh Bağırovdur. Hadisə telekanalın yaxınlığında, yolun kənarında baş verib.

  • Azərbaycanda mağazaya basqın : Dəhşətli görüntülər – Video

    Şirvan şəhərində mağazaya oğurluq məqsədiylə basqın olub.

    Şirvan şəhəri ərazisində yerləşən marketdə bir nəfər şəxs oğurluq etmək məqsədiylə basqın edib. Belə ki, o mağazaya girərək spirtli içki götürüb, əvvəlcə yanında dayanan oğlan satıcı Mehtiyev Fərid Fərhad oğlunun başına ağır zərbə endirib. Satıcı ölməsə də o ayağa qalxa bilməyib. Daha sonra oğru marketin kassasında dayanan xanım satıcı 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zamir qızının başından spirtli içkinin butulkası ilə vursa da ona təsiri yüngül olub və o maqazadan qaçaraq çölə çıxıb, ərtafdakı insanlara xəbər verib.

    Hadisə bir qədər əvvəl baş versə də oğlan satıcının nümunəvi davranışı, onun işinə məsuliyyəti və sürünərək oğrunun arxasınca kassaya tərəf gəlməsi sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb. Videoda ən diqqət çəkən məqam isə başından çox ağır zərbə alan oğlan satıcı Fərid Mehtiyevin sürünərək çölə çıxması və ətrafdakı ilk insanların ona laqeyidliyidir ki, bu da sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

    Qeyd edək ki, hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb və onunla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

  • Azərbaycanda narkotik qəbul edən kişidən dəhşətli əməl: uşağın gözü qarşısında nişanlı baldızının…

    Göyçay şəhərində baldızının nişanlısını öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Pərviz Abdurahmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     
    Pərviz Abdurahmanov spirtli içki və narkotik vasitələr qəbul etdiyinə görə 2013-cü ildən rəsmi nikahda olduğu arvadı Pərvanə Abdurahmanova ilə aralarında mübahisələr baş verib.

    Ailədaxili münaqişə

    Bu mübahisələrdən sonra Pərvanə azyaşlı qızı Xədicə Abdurahmanlı ilə Göyçay şəhəri Vaqif küçəsində yaşayan valideynlərinin evinə gedib və geri qayıtmayıb.

    Pərviz Abdurahmanov 20 avqust 2017-ci il tarixdə, saat 23 radələrində içkili vəziyyətdə uşağını görmək bəhanəsilə qayınatası Elşən İsgəndərovun evinə gedib. Sonuncu etirazını bildirərək, Pərvizlə mübahisə edib. Qayınatası çubuqla onun kürək nahiyəsinə bir neçə dəfə vurub.

    Uşağını istədi, döyüldü və söyüldü

    Daha sonra o, qızı Xədicəni götürərək evinə aparıb. Yolda baldızının nişanlısı Müşfiq Əkbərov onunla qarşılaşıb, ailəsi ilə mübahisə etməsinə, qayınatasını və arvadını mütəmadi olaraq narahat etdiyinə görə ona iradını bildirib, uşağı geri verməsini tələb edib.

    Bu zaman Müşfiq Əkbərov Pərviz Abdurahmanovu yumruqla bir neçə dəfə vurub. Zərbələrdən biri Pərvizin qucağında olan Xədicəyə dəyib.

    Qisas almaq niyyəti

    Pərviz Abdurahmanov Müşfiq Əkbərovun onun ailədaxili münasibətlərinə müdaxilə etməsindən, həmçinin azyaşlı qızı Xədicəni vurmasından qəzəblənib. O, qisas almaq niyyətilə Müşfiq Əkbərovu öldürmək qərarına gəlib.

    Bu məqsədlə o, yaşadığı evdən bıçaq götürərək yenidən qayınatası Elşən İsgəndərovun evinə tərəf gəlib. O, qayınatasıgilin evinin darvazasının qarşısında Müşfiq Əkbərovla rastlaşıb.

    Ürəkdən bir zərbə

    Bu zaman Müşfiq Əkbərov Pərviz Abdurahmanovun ünvanına nalayiq ifadələr işlədib, yumruqla bir neçə dəfə onu vurub. Pərviz isə özü ilə götürdüyü bıçaqla Müşfiq Əkbərovun ürək nahiyəsindən bir dəfə vurub. O, hadisə yerindəcə ölüb.

    İstintaq orqanı tərəfindən Pərviz Abdurahmanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun məruzəçiliyi ilə araşdırılıb.

    “Hər dəfə Pərvanə evdən gedib”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz Abdurahmanov bildirib ki, 2013-cü ildə qonşusu olan Göyçay şəhər sakini Pərvanə ilə ailə həyatı qurub, birgə nikahdan Xədicə adlı bir azyaşlı qız övladı var: “Spirtli içki içdiyim, həmçinin narkotik vasitədən istifadə etdiyim üçün Pərvanə ilə aramızda dəfələrlə mübahisə yaranıb və hər dəfə belə hal baş verəndə Pərvanə ata evinə gedib”.

    Pərviz Abdurahmanovun ifadəsinə görə, 2017-ci il avqustun 16-da yenə də spirtli içki içdiyinə və narkotik vasitədən istifadə etdiyinə görə Pərvanə onunla mübahisə edib və azyaşlı qızını da götürüb, atası evinə gedib: “Avqustun 19-da, saat 22 radələrində qayınatam Elşən İsgəndərovun evinə gedərək qızımı götürüb, evimə gətirdim. Qızımla bir qədər oynadıqdan sonra aparıb yenidən uşağı qayınatamgilə verdim”.

    “Qayınatam məni çubuqla vurdu”

    Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 20-də, saat 23 radələrində içkili halda qayınatasının evinə gedib: “Yenə də azyaşlı qızımı görmək, həmçinin uşağı evimə aparmaq, ona aldığım paltarı geydirmək istəmişəm. Evin qapısının qarşısına qayınatam çıxdı. Uşağı görmək istədiyimi dedim, qayınatam isə içkili halda olmağıma görə uşağı verməkdən imtina etdi, sonra da mənimlə mübahisə etməyə başladı. Qayınatam əlinə çubuq alaraq bədənimin müxtəlif nahiyələrinə həmin çubuqla bir neçə dəfə vurdu. Həmin vaxt əynimdə olan maykam da cırıldı”.

    “Yumruq qızıma dəydi”

    Pərviz Abdurahmanov qeyd edib ki, həyətdəki səs-küyə qonşu Xəyalə gəlib və qayınatasına uşağı ona verməsini, özünün də onunla gedəcəyini və gətirib uşağını onlara təhvil verəcəyini deyib: “Qayınatam Elşən və həyat yoldaşım Pərvanə bundan sonra razılaşdı, uşağı mənə verdi. Mən də uşağımı götürərək, evimə tərəf getdim. Həmin vaxt saat 23.30 olardı. Qayınatam Elşənin darvazasından aralandıqdan sonra yolda baldızım Adilə İsgəndərovanın nişanlısı Müşfiq qarşıma çıxdı. Müşfiq məni görən kimi acıqlı danışaraq, mənə qaynatamgili bezdirdiyimi, uşağı ona verməyim istədi və məni təhqir etdi. O, yumruqla sifət nahiyəmdən vurdu. Bunun Müşfiqə heç bir aidiyyəti olmadığını, ailə məsələm olduğunu, uşağını məndən nəyə görə istədiyini dedim. Bundan sonra Müşfiq məni yenə də yumruqla vurdu. Bu dəfə Müşfiqin zərbəsi qucağımda olan azyaşlı qızım Xədicəyə də dəydi və o ağladı”.

    “Haqq-hesab çəkmək üçün yenidən geri qayıtdım”

    Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt anası Bahar və qonşusu Xəyalə orada olub: “Qızım Xədicəni Xəyaləyə verdim və Müşfiqlə dalaşdım. Dalaşarkən şortikim cırıldı, sonra Xəyaləgil bizi aralaşdıraraq evə apardılar. Müşfiqlə mənim həmin mübahisəm təxminən 5 dəqiqə davam etdi. Maykam cırıldığından evdə həmin maykanı dəyişdim. Qısaqol köynəyimi geyindim və evdən bıçaq götürərək qayınatamgilə getdim. Məqsədim qayınatamgili bıçaqla qorxudaraq uşağı götürmək, həmçinin Müşfiqin azyaşlı qızım Xədicəni vurduğuna görə, ondan haqq-hesab çəkmək idi”.

    “Müşfiqin ölməsi xəbərini eşitdim”

    Pərviz Abdurahmanov bildirib ki, qayınatasıgilə çatanda qayınatası onun ünvanına qərəzli sözlər işlədib, ondan bezdiklərini, onu tutduracaqlarını deyib: “Həmin vaxt Müşfiq də mənimlə mübahisə etdi, mənə qeyrətsiz olduğumu dedi və nalayiq ifadələrlə təhqir etdi. Müşfiqə qoluna girərək gedib kənarda söhbət etməyi söylədim. Həmin vaxt Müşfiq məni itələyərək yumruq və təpiklə vurmağa başladı, həmçinin Müşfiqin orada olan xalası oğlu Pərviz İsrafilov da arxadan qollarımı tutdu və bundan sonra Müşfiq yumruqla sinəmə, başıma vurmağa başladı. Pərviz qolumu arxadan tutduğundan Müşfiqə təpik atdım. Müşfiqlə Pərvizin bu hərəkətlərindən əsəbiləşdim. Pərvizin əlindən çıxdım və özümlə gətirdiyim bıçaqla Müşfiqin sinə nahiyəsinə bir dəfə vurdum. Vurarkən bıçaq qırıldı, dəstəyi əlimdə qaldı, tiyəsi isə yerə düşdü. Müşfiqi vurduqdan sonra qayınatamın həyətinə keçdim, qızım Xədicəni götürdüm və evimə gedərkən yolda bıçağın dəstəyini tulladım. Evdə uşağa təzə aldığım paltarları geydirdim və uşağı anasına vermək üçün yenidən qayınatamgilə yollandım. Uşağı həyat yoldaşım Pərvanəyə verdim və oradan da polis əməkdaşları ilə polis şöbəsinə getdim. Bundan sonra Müşfiqin xəstəxanada ölməsi xəbərini eşitdim”.

    “Oğlumun ölməsi xəbəri verildi”

    Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Nizami Əkbərov bildirib ki, avqustun 21-də, gecə yarısı qonşusu Elşən ona zəng edib və oğlu Müşfiqə bıçaqla xəsarət yetirildiyini və xəstəxanada olduğunu deyib: “Müşfiqin evdən çıxdığından xəbərsiz olduğumdan Elşənə oğlumun digər otaqda yatdığını bildirdim. Elşən isə qorxulu bir şey olmadığını, durub xəstəxanaya gəlməyimi və gələndə oğlumun şəxsiyyət vəsiqəsini də gətirməyimi istədi. Bundan sonra həyat yoldaşım Məlahətlə birlikdə xəstəxanaya gəldik. Orada Elşən Müşfiqin Pərviz Abdurahmanov tərəfindən bıçaqlandığını dedi. Bundan sonra isə bizə oğlumun ölməsi xəbəri verildi”.

    “Oğlum nişanı qaytarmaq istəyib”

    Nizami Əkbərov qeyd edib ki, mərhum oğlu Müşfiq qonşusu Adilə ilə 2017-ci ilin fevral ayında nişanlanıb: “Nişanlandıqdan sonra ailələrimiz arasında hər hansı problem olmayıb, münasibətlərimiz yaxşı olub. Nişanlandıqdan sonra oğlum mənə nişanlısı ilə aralarında hər hansı problem olması barədə heç bir söz deməyib. Ancaq 2017-ci ilin martından başlayaraq oğlum tez-tez anasına nişanlısı Adilə ilə münasibətlərinin alınmadığını, nişanı qaytarmaq istədiyini bildirib. Bu barədə arvadım özü mənə deyib. Məlahət bunu mənə deyəndə, nişanı qaytarmağın yaxşı şey olmadığını, Elşəngilin ailəsi ilə qonşu olduğumuzu, buna görə də nişanı qaytarmaq fikrindən daşınmasını demişəm”.

    “Müşfiqə xalası oğlunun onu istədiyini deyib”

    Nizami Əkbərov bildirib ki, avqustun 20-də axşam saatlarında Elşən və arvadı Sevinc onlara qonaq gəliblər: “Elşənlə həyətdə oturub söhbət etdik. Bundan əvvəl Məlahət mənə dedi ki, Adilə ilə Müşfiq arasında narazılıq olub, Adilə Müşfiqə onunla nişanlandıqdan sonra xalası oğlunun onu istədiyini deyib. Bu da Müşfiqi çox əsəbiləşdirib. Müşfiq özü mənə bu barədə deməsə də, anasına bu barədə danışıb. Buna görə Elşənə oğlumun nişanı qaytarmaq istədiyini demişəm. Elşən təəccüblənərək məndən bunun səbəbini soruşdu. Mən də səbəbini qızı Adilədən soruşmasını dedim. Həmçinin artıq toyun vaxtını təyin etdiyimizi, Elşənə oğlum Müşfiqin nişanı qaytarmaması üçün çalışacağımı söylədim. Sonra Elşəngil getdi, həyat yoldaşım Məlahət də mənə Adilənin anası Sevincə Müşfiqin nişanı qaytarmaq istəyi barədə bildirdiyini dedi. Sonradan bildim ki, həmin gecə Pərviz Elşənin evinə gəlib, uşağını istədiyi üçün aralarında mübahisə yaranıb, Adilə oğlum Müşfiqə zəng vuraraq gəlib, onları aralamasını deyib”.

    Nizami Əkbərov qeyd edib ki, oğlu ilə Pərviz arasında heç bir mübahisə olmayıb, şəxsi münasibətləri normal olub, hadisə yerinə oğlu nişanlısının çağırışına əsasən, Pərvizi qeyri-qanuni əməllərdən çəkindirmək üçün gedib: “Hesab edirəm ki, oğluma qarşı törədilmiş əməl Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə tövsif olunmalıdır”.

    “Oğlumdan canını qurtaracağını yazıb”

    Nizami Əkbərov Pərvizə ən ağır cəza verilməsini məhkəmədən xahiş edib. Həmçinin ifadəsində Elşənin əvvəllər bir neçə dəfə qızı Adilənin toyundan sonra digər qızı Pərvanə ilə Pərvizi boşatdıracağını dediyini, oğlu Müşfiqlə nişanlısı Adilənin Vatsap proqramı vasitəsilə yazışmalarının surətini çıxartdırdığını göstərib: “Həmin yazışmalarda Adilə oğlumu təhqir edib. Adilə hadisə günü yazışmalarda “bu gün ondan canını qurtaracağını” yazıb”.

    “Əsəbi halda uşağı qucağımdan götürmək istədi”

    Cinayət işi üzrə şahid qismində ifadə verən Pərvanə Abdurahmanova bildirib ki, Pərvizlə 2013-cü ildə ailə qurub və birgə nikahdan Xədicə adlı bir azyaşlı qızları var: “Pərvizlə ailə quranda münasibətlərimiz yaxşı olub. Lakin Pərviz son zamanlar narkotik vasitələrdən istifadə etdiyinə görə, ata evinə qayıtmışam. Avqustun 19-da axşam saatlarında Pərviz bizə gələrək uşağı görmək istədiyini dedi. Biz də uşağı Pərvizə verdik. Pərviz uşağı evə apardı və 10-15 dəqiqə oynadıqdan sonra gətirdi. Ertəsi gün, saat 23 radələrində Pərviz yenidən içkili halda bizə gəldi, uşağı aparmaq istədiyini dedi. Atam isə Pərvizin içkili olduğunu gördü və səhəri gün gələrək uşağını aparmasını söylədi. Lakin Pərviz əsəbi halda evə daxil olaraq uşağı qucağımdan götürmək istədi. Pərvizin mənə hücum etdiyini görən atam həyətdə olan nar çubuğu ilə Pərvizin kürəyinə bir neçə dəfə vurdu, 102 xidmətinə zəng edib, polis çağırdıq”.

    “Bacım nişanlısına zəng etdi”

    Pərvanə Abdurahmanova qeyd edib ki, atası Pərvizi vuran vaxt onun maykası cırılıb: “Bundan sonra həyətə qonşumuz Xəyalə gəldi, Elşənə uşağı Pərvizə verməsini, özü də Pərvizlə birlikdə uşağı aparacağını və yenidən onlara verəcəyini söylədi. Bundan sonra Pərviz uşağı da götürərək getdi. Həmin vaxt bacım Adilə nişanlısı Müşfiqə zəng edərək, evə çağırdı ki, Pərvizi sakitləşdirsin. Pərviz darvazadan təxminən 30 metr aralandıqdan sonra küçədə qarşısına Adilənin nişanlısı Müşfiq çıxdı və onlar yolda yaxalaşdılar. Həmin vaxt Pərvizin arxası mənə tərəf idi, Pərvizin qucağında uşağı olduğu halda Müşfiq ona bir dəfə yumruqla zərbə endirdi. Pərviz də uşağı Xəyalənin qucağına atdı və onlar dalaşdılar. Sonra diqqətim uşağında olduğu üçün Müşfiqin Pərvizi vurub-vurmadığını görməmişəm”.

    “Müşfiqin ölməsi xəbərini eşitdik”

    Pərvanə Abdurahmanovanın sözlərinə görə, həmin vaxt uşağını Xəyalədən götürüb və ata evinə geri qayıdıb: “Evdə uşaq ağlayaraq Müşfiqin onu vurduğunu dedi. Mən də uşağın alnında qaraltı və boğazında sıyrıq olduğunu gördüm. Evə gəldikdən sonra atam Müşfiqi həyətimizə gətirdi. Bu zaman Müşfiq Göyçay rayon polis şöbəsində işləyən xalası oğlu Pərviz İsrafilova zəng edərək, gəlməsini, bu gün burada ya onun, ya da Pərvizin öləcəyini dedi. Pərviz İsrafilov gəldikdən sonra isə Pərviz Abdurahmanov yenidən bizə gəldi. Bu zaman atam Elşən və Müşfiq küçəyə çıxdı. Mən, bacım Adilə, anam Sevinc həyətdə qaldıq. Küçədə Müşfiqlə Pərvizin söyüşmə səsləri eşidilirdi. Bir az sonra Pərviz həyətə daxil olaraq Müşfiqi bıçaqladığını dedi. Bundan sonra Pərviz qızım Xədicəni götürərək getdi. Həmin vaxt Pərvizin əynində olan köynəyin yaxası cırılmışdı. Bir qədər sonra isə Müşfiqin xəstəxanada ölməsi xəbərini eşitdik”.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abdurahmanov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Abdurahmanov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

    Pərviz Abdurahmanovun şikayəti Şəki Apelyasiya Məhkəməsində hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Pərviz Abdurahmanovun apelyasiya şikayəti təmin olunmayıb.
     
    ///Publika.az

  • Bakıda vəzifəli şəxs öz kabinetində döyüldü

    Paytaxtın Binəqədi rayonunda bələdiyyə sədrini döyüblər.

    Median.Az-ın xəbərinə görə, bu barədə “Sputnik Azərbaycan”a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Xoşagəlməz insident mayın 29-da, gündüz saatlarında bələdiyyə sədrinin Biləcəri qəsəbəsindəki kabinetində baş verib.

    Sözügedən rayonun 6-cı polis bölməsinə belə bir məlumat daxil olub ki, yerli sakinlər — Bəykişi Baxışov (1964-cü il təvəllüdlü) və Natiq Qasımovun (1980-ci il təvəllüdlü) ucbatından bələdiyyə sədri Hikmət Quliyev (1983-cü il təvəllüdlü) və inzibati ərazi üzrə nümayəndə İbad İbrahimov (1960-cı il təvəllüdlü) xəsarət alıb.

    Hüquq mühafizəçilərinin bildirdiyinə görə, kişilər arasındakı münaqişə Biləcəri qəsəbəsi ərazisində aparılan tikinti işləri səbəbindən yaranıb. Bələdiyyədən bildiriblər ki, Baxışov və Qasımov tikinti işlərini qanunsuz aparır.

    Bu səbəbdən qəsəbə sakinlərini söhbət aparmaq üçün bələdiyyə idarəsinə çağırıblar. Elə oradaca məmurlarla adi işçilər arasında dava düşüb. Xuliqanlıq faktı ilə bağlı araşdırma aparılır.

    Sayt əməkdaşı insidentin detallarına aydınlıq gətirmək üçün Hikmət Quliyevlə əlaqə saxlamağa çalışıb. Lakin qəsəbə bələdiyyəsi sədrinin katibi sədrin iş yerində olmadığını bildirib.

    Qeyd edək ki, Binəqədi rayonunda evlərin qanunsuz tikintisi ilə bağlı müntəzəm olaraq yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının iştirakilə münaqişələr baş verir. Üç il əvvəl təkcə bu rayonun ərazisində 10 mindən artıq evin qanunsuz tikildiyi müəyyən edilib.

    Binəqədi rayonu qanunsuz tikililərlə bağlı ən çox müraciət və şikayətlərin olduğu rayonlar arasında liderdir.

  • DTX və polis birgə əməliyyat keçirib

    Göygöl Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən “AKMS” silahı, “TOZ-16” tüfəngi, 13 ədəd avtomat patronu və bir ədəd patron darağı götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və doqquz ədəd patron, İsmayıllı RPŞ əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.

  • Şirvanda itkin düşən müəllim öldürülübmüş

    Şirvanda itkin düşən orta məktəb müəlliminin öldürüldüyü məlum olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın qətlə yetirildiyini müəyyənləşdiriblər.

    Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərinin bu gün yayılmış birgə məlumatında bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 5 fevral 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələr – çəkisi 1565,50 qram narkotik vasitə olan heroin və 500 ədəd həbdə təsir miqdarı 20 qram metadon, külli miqdarda psixotrop maddə – çəkisi 307,34 qram təşkil edən metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirən Ağarzayev Mehman Şakir oğlu və Sadıqov Nəriman Telman oğlu ifşa edilərək saxlanılıb.

    Faktla bağlı başlanılmış cinayət işi üzrə Mehman Ağarzayev və Nəriman Sadıqov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

    Davam edən istintaqla cinayət əməllərinin törədilməsində həmin şəxslərlə birgə iştirakı müəyyən edilən Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb. X. Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

    Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı, fəaliyyəti dayandırılmış MTN-ə 2006-cı ildə hərbi xidmətə qəbul olunmuş Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X. Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul alıblar.

    Araşdırmalarla həmçinin müəyyən edilib ki, S. Abdullayeva 24 may 2018-ci il tarixdə itkin düşüb.

    Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R. Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R. Ağayev və M. Əmirov şübhəli şəxs qismində saxlanılıblar.

  • Azərbaycanda dayısını öldürən müğənni: “Məni məcbur elədi ki…” – Video

    ARB TV-nin “Rezonans” verilişi bu dəfə məhbus Səbuhi Hüseynovun həbsxana hekayələrini təqdim edib. Lent.az kanala istinadən xəbər verir ki, Səbuhi Hüseynov (cəzası 12 il) dayısını hansı səbəbdən qətlə yetirdiyini nəql edib: “5 il musiqi məktəbində oxumuşam. Atam musiqiçi olub. Mən də musiqi ilə məşğul olmuşam. Ailəliyəm. Həbsdə olsam da musiqi ilə məşğulam. Bu hadisə 2013-cü ildə baş verdi. Doğma dayımla münaqişəmiz oldu. Mən inanmazdım ki, başıma belə bir şey gələcək. Onlara qonaq getmişdim. Aramizda söhbət oldu, məni söydü. Onların evində problemlər var idi. Tez əsəbləşirdi. Özü məcbur elədi ki, mən bu hadisəni edim. Ona dəfələrlə xəbərdarlıq etmişdik. Anama, atama demişdim ki, o bizə gəlməsin. Onu heç kim başa salmadı ki, belə etmək olmaz. Nəticədə cinayət baş verdi. Peşmanam. Kaş ki zamanı geri edə bilərdik. Danışıq yolu ilə həll etmək olardı”.

    Qeyd edək ki, qətl hadisəsi Neftçalada baş verib. SHüseynov doğma rayonunda müğənni kimi tanınıb.

  • 200 manata görə ana və oğlunu çəkiclə öldürdü — TƏFƏRRÜAT

    220 manata görə ana və oğulu öldürən ömürlük məhkum cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

    “Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən Allahverdiyev Ruhin Kamal oğlunun məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.

    Qeyd edək ki, Ruhin Allahverdiyev 2016-cı ilin 5 iyul tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

    2016-cı il yanvarın 18-də Nərimanov rayon, Hacı Məmmədov küçəsi, ev 4, mənzil 8 ünvanında 34 yaşlı Aleksandr Məhərrəmov və anası, 67 yaşlı Janna Məhərrəmovanın qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar dəqiqləşib. Hadisəni törədən 1979-cu il təvəllüdlü Allahverdiyev Ruhi Kamal oğlu narkotik vasitə aludəçisi olub. Daha əvvəl də məhkum edilmiş R. Allahverdiyevin yanvarın 16-dan başlayaraq ağrıları başlayıb və “lomka”dan çıxmaq üçün təcili pul axtarışına çıxıb. Santexnika ustası işləyən R. Allahverdiyev alətlərini yığaraq əvvəldən tanıdığı Məhərrəmovların evinə yollanıb. Bu arada qeyd edək ki, R.Allahverdiyev daha əvvəl Məhərrəmovlardan pul alsa da, onların evində vəd etdiyi işləri görməyib.

    Beləliklə, yanvarın 17-də səhər saatlarında R. Allahverdiyev Aleksandr Məhərrəmov və anasının yaşadığı evə gələrək qapını döyüb. Məhərrəmovlar onu pis qarşılamayıb, lakin bildiriblər ki, görməli olduğu işi artıq başqa usta həll edib. Bundan sonra Janna Məhərrəmova usta inciməsin deyə ona kofe süzüb və masaya dəvət edib. Lakin nəyin bahasına olursa-olsun, pul almaqda qərarlı olan usta niyyətini həyata keçirib. O, A. Məhərrəmov hamama keçən kimi özü ilə gətirdiyi çəkiclə Janna Məhərrəmovanın başına iki zərbə endirib. Səsə A.Məhərrəmov çıxıb və usta bu dəfə onun başına iki zərbə endirib. Daha sonra ana və oğlunun öldüyünə əmin olmaq məqsədi ilə o, döşəmədə hərəkətsiz vəziyyətdə olan hər iki şəxsin başına daha 1 dəfə zərbə endirərək onların öldüyünü qətiləşdirib.


    R.Allahverdiyev J.Məhərrəmovanın üzərindən 20, A.Məhərrəmovdan isə 200 manat götürdükdən sonra qapını arxadan bağlayaraq uzaqlaşıb.

    Hadisə yanvarın 17-də saat 10 radələrində baş versə də, hüquq-mühafizə orqanları bundan təxminən 2 sutka sonra xəbər tutub. A. Məhərrəmovun dostlarının ondan xəbər tuta bilməməsi ilə bağlı müraciətindən sonra əraziyə əməliyyat qrupu gəlib və FHN-in xilasediciləri qapını sındıraraq içəri daxil olub.

    Maraqlıdır ki, R.Allahverdiyev cinayəti törətdikdən sonra adi qaydada həyatına davam edib və azadlıqda qaldığı bir neçə günü evdə ailəsi ilə birgə keçirib.

    O, A.Məhərrəmov və anasının qətli barədə telekanallarda yayımlanan sujetləri də soyuqqanlılıqla izləyib. Hadisədən 10 gün sonra əməliyyatçılar onun evinə gəldikdə isə sakitcə əllərini qaldıraraq təslim olub.

    Qeyd edək ki, Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri, business-dialogue.az saytının təsisçisi, anası isə şahmat müəllimi olub.

  • Polis zabitinin oğlu avtobus sürücüsünə silah çəkdi — TƏFƏRRÜAT

    Xətai Rayon Məhkəməsində avtobus sürücüsünə silah çıxardan və bir neçə nəfərə qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayıb.

    Cinayət məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Orucov Orxan Cəmil oğlunun məhkəmə prosesinə hakim Habil Məmmədov sədrlik edir. Median.Az “ölkə.az” saytına istinadən xəbər verir ki, cinayət işində 3 nəfər zərərçəkmiş qismində tanınıb.

    İttiham aktına görə, paytaxtın polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində qərəzli xuliqanlıq edərək hadisə yerindən qaçmış şəxs tutularaq istintaqa cəlb edilib.

    Belə ki, ötən il avqustun 16-da saat 22 radələrində Bərdə şəhər sakini, 1988-ci il təvəllüdlü Orucov Orxan Cəmil oğlu 85 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun onun işarəsi ilə saxlanılmamasına görə marşrutun sonuncu dayanacağına gəlib avtobusa daxil olaraq sürücü, Şamaxı rayon sakini Gülağa Xudaverdiyev ilə mübahisə edib ona hədə-qorxu gəlib, daha sonra üzərində gəzdirdiyi odlu silaha bənzər əşyanı nümayiş etdirərək qərəzli xuliqanlıq hərəkətləri törədib hadisə yerindən uzaqlaşıb.
    Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində O.Orucov avqustun 22-də şübhəli şəxs qismində tutulub, üzərinə baxış keçirilərkən bir ədəd pnevmatik tapança və 7 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

    İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

    İstintaqın gedişində O.Orucovun Məmmədov Elnur Ağa oğlunu həbsdən azad etdirəcəyini vəd verib sonuncunun atası Ağa Məmmədovun 16500 manat pulunu ələ keçirməklə dələduzluq etməsi müəyyən edilib.

    O.Orucovun əməlləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 178.2.1-ci və 234-cü maddələrinə tövsif edilib.

    O.Orucov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir.