Category: Kriminal

  • Qadın məktəb direktoru jurnalisti yıxıb, üstündə oturdu…

    Rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədr müavini, hüquq müdafiəçisi Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Rauf Sultanov vəsatətlə çıxış edib.

    O bildirib ki, vəzifəli şəxs olmamasına baxmayaraq, rüşvət alma maddəsi ilə ittiham verilib, 5 aydır ki, qanunsuz olaraq həbsdə saxlanılır.

    Rauf Sultanov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verillməsini, bu vəsatəti təmin olunmadığı halda barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

    Məhkəmə vəsatətləri təmin etməyib.

    Bu zaman Rauf Sultanov hakimin qərarına etiraz edib. O hakim tərəfindən sakitləşdiriləndən sonra məhkəmə istintaqının başlanılması barədə qərar qəbul edilib, ittiham aktını elan etmək üçün prokurora söz verilib.

    Daha sonra prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Rauf Sultanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

    Sonra 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovaşahid qismində ifadə verib. O bildirib ki, 2017-ci ilin avqustundan jurnalistlər ona zəng etməyə başlayıb, məktəblə bağlı suallar verib.

    Nailə Məmmədova bildirib ki, onun barəsində internetdə xoşagəlməz yazılar dərc olunub: “Sonra mənə zəng etdilər, amerkalı jurnalistlər olduğunu dedilər. Məndən 5 min manat istədilər”.

    Nailə Məmmədova qeyd edib ki, sonradan bir neçə nəfərlə görüşüblər, 5 min manatdan 2 min manata qədər düşüblər: “İki min manata razılaşdıqdan sonra Rauf məni tez-tez rahatsız edirdi. Gecə saatlarında mənə zəng edirdi. Ona yalvarırdım ki, bu işdən əl çək, amma əl çəkmirdi. İstənilən vaxt zəng edirdi, məni narahat edirdi.

    Mənə görüntülü zənglər də edirdi. Onun görüntülü zənginə cavab verdim, şəkər xəstəsi olduğumu, ayağımı isti suya qoyduğumu göstərdim. Dedim ki, məni narahat etmə. Amma bu əməlindən əl çəkmirdi. Evdə gənc oğlum, ailəm var. Onlar da narahat olurdular. Məcbur qalaraq korrupsiya idarəsinə müraciət etdim”.

    Nailə Məmmədova Rauf Sultanovun həbs edilməsi üçün qurulan əməliyyatdan danışıb: “Pulu vermək üçün məni evinə çağırdı, dedi ki, nə içirsən, hazırlayım. Mən dedim ki, heç nə içmirəm, amma başı xəmirli tut arağı istəyirəm, bunu da zarafatla ona dedim. Məni evində görüşməyə çağırdı. Korrupsiyanın işçiləri gec gəlirdi, bu səbəbdən evdə danışmaqla onun başını qarışdırdım, suallar verməyə başladım. Qapının ağzında yerə yıxdım, üstünə oturdum ki, qaça bilməsin”.

    Nailə Məmmədov qeyd edib ki, bundan əvvəl Rauf Sultanovla bir neçə dəfə görüşmək barədə yer təyin etsələr də, sonuncu təyin olunan görüş yerlərinə gəlməyib: “Elə bil ki, Rauf nədənsə qaçırdı. Bu şəxsi mənə qarşı öyrədənlər olub. Onların adını öyrənmək istəyirəm. Çünki bu şəxsə mənim ev ünvanıma qədər verilib”.

    Nailə Məmmədova ifadəsində qeyd edib ki, Rauf Sultanovdan bir neçə ay əvvəl başqa bir jurnalist ona zəng edib: “Həmin jurnalist mənə sual verəndə, ona kobud cavab verdim. Həmin jurnalistə dedim ki, sən bilirsən, kimə zəng edibsən, başın üstünə ağırlıq edir. Düzdü, həmin ifadələri işlətmək məktəb direktoruna yaraşmazdı, amma məni həmin dövrdə çox sıxırdılar, əsəbi olduğum üçün kobud cavab vermişəm. Buna görə də rəhbərlik tərəfindən töhmət almışam”.

    Nailə Məmmədova qeyd edib ki, bu töhməti alandan 6 ay sonra Rauf Sultanov ortalığa çıxıb: “Bu ərəfədə artıq mənə verilmiş töhmətin vaxtı keçirdi, üstümdən götürüləcəkdi. Amma Rauf mənim haqqımda xoşagəlməz yazılar yazacağını dediyi üçün onunla görüşmək qərarına gəldim. Rauf mənim haqqımda rüsvayedici məlumatlar dedikdə, guya mənim məktəb şagirdlərinin valideynlərindən pul aldığım, məktəbdə özbaşınalıq etdiyim barədə məlumatlar olduğunu dedi. Daha öncə jurnalistləri qəbul etməyib, rədd etdiyim üçün başım ağrımışdı, mətbuatda heç bir əsası olmayan məlumatlar dərc edilmişdi. Belə bir halın təkrarlanmasını istəmirdim. Bu səbəbdən onunla görüşmək istədim”.

    Nailə Məmmədova söyləyib ki, Rauf Sultanovla bağlı olan söhbətini rəfiqəsi və həm də qohumu olan Samirə Mirzəyevaya izah edib, onun Raufla görüşməsini istəyib.

    Nailə Məmmədova qeyd edib ki, Samirə Mirzəyeva və onun həyat yoldaşı Rasim Mirzəyevlə birlikdə Rauf Sultanovla görüşməyə gediblər: “Mən maşında qaldım, Samirə və Rasim Raufla görüşdülər. Rasim mənim xahişimlə bu problemi həll etmək üçün 1200 manat verməyi təklif etdi. Amma Rauf israrla 5 min manat tələb edirdi”.

    Nailə Məmmədov bildirib ki, 40 ilin müəllimidir, 11 ildir məktəb direktoru işləyir: “Bu vaxta kimi heç bir problem olmamışdı. Amma son dövrlər haqqımda xoşagəlməz ifadələr mətbuatda dərc olunub. Mən də bu məlumatlarla bağlı heç bir jurnalisti qəbul etmirdim, onlarla bağlı məsələni hüquqi müstəvidə həll etmək qərarına gəldim. Bu səbəbdən ilk addımı atdım, Rauf Sultanovla bağlı hüquq-mühafizə orqanlarına şikayət etdim. Bundan sonra da haqqımda xoşagəlməz ifadələr işlədən jurnalistlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək qərarındayam”.

    Nailə Məmmədova Rauf Sultanovun onunla şəxsi münasibət qurmaq istəməsi barədə də ifadə işlədib.

    Rauf Sultanov bildirib ki, ona qarşı sürülən ittiham saxtadır. Onun sözlərinə görə, haqqında korrupsiya idarəsinə yazılan şikayəti Nailə Məmmədova yazmayıb: “Mən Nailə Məmmədovanın xəttini çox yaxşı tanıyıram. O ki qaldı onunla münasibət qurmağıma, bu yalandır. Nailə mənim anam yaşında qadındır. Mənim evimə daha gənc qızlar gəlib. İngiltərədən, Almaniyadan evimə qızlar gətizdirmişəm”.

    Növbəti proses iyunun 4-də davam edəcək.

    İttihama görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində Rauf Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.

    O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

    Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb.

    Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

    Anadangəlmə epilepsiya xəstəsi olan 1-ci qrup əlil Rauf Sultanov mobil telefonların alqı-satqısı ilə məşğul olduğunu, ilkin dindirmə zamanı xəstəliyi ilə əlaqədar borcunu gecikdirdiyini deyib.

    Rauf Sultanov 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı polisə müqavimət göstərib və Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə məhkum olunub. Hökm üzrə Rauf Sultanov ötən ilin dekabrın 2-də cəzasını başa vurub.

    Xəzər rayon Məhkəməsinin hökmü ilə Rauf Sultanovun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

    Hökmdən narazı qalan Rauf Sultanov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, hökmdə yenə də xətşünaslıq ekspertizasının rəyi saxtalaşdırılıb. Rauf Sultanov barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət verilməsini xahiş edib. Həmçinin Baş Prokurorluq da apelyasiya protesti verərək, Rauf Sultanovun cəzasının ağırlaşdırılmasını istəyib.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Xəzər rayon Məhkəməsinin hökmü dəyişdirilib. Rauf Sultanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1 və 178.2-ci maddələrinə tövsüf edilib və onun barəsində 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılıb.

    Rauf Sultanov sonradan Nizami rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

    Hüquq müdafiəçisi olan Rauf Sultanov azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib.

    Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.

  • “Atamı söydüyü üçün, şah damarını kəsdim” – İdmançı qızın AÇIQLAMALARI – VİDEO

    ARB TV-nin “Rezonans” verlişində bu dəfə Səringül Ramazanovanın həbsxana hekayələrindən bəhs olunub.

    Səringül Ramazanova (cəzası 10 il) başına gələnləri danışıb. Onun sözlərinə görə, uşaq evində gözünü açıb:

    “3 uşaq olmuşuq deyə imkanımız zəif olub. Atam Rusiyada işləyirdi. Atam məni götürdü, bir müddət sonra dünyasını dəyişdi. Bura düşəndən sonra isə anam ilk dəfə yanıma gəldi. Atam vəfat edəndən sonra əmimgildə qalırdım. Onlar da mənə əzab verirdi deyə oradan çıxdım. Çöllərdə böyüyüb, işlədim. İdmanla məşğul olurdum. Kafedə 3-4 gün olardı ki, işləyirdim. Bir nəfər yeyib-içib hesabı istədi.

    Hesabı deyəndə başladı söyməyə. 3-4 dəfə başa salmağa çalışdım, başa düşmədi. Ata söyüşü söyəndə isə dözmədim, bıçaqladım. Boğazından şah damarından vurdum, öldü. Sonra kömək elədim, amma alınmadı. Anam yanımda olsaydı, belə olmazdı. Öz xoşluğumla törətməmişəm. Məcbur qaldım. Burada bəzi adamlara ana deyirəm. Çünki mənə dəstək olurlar. Anam və bacım üz çevirib məndən. Telefonumu açmırlar. Vurduğum adamın qardaşı, atası məni bağışladı, amma anası yox. Kaş eləməzdim. Sevgilim var idi. Amma narkotik vuran oğlan idi deyə, uzaqlaşdım. Elədiyim hərəkət üçün çox peşmanam”.

  • Gömrükdə əməliyyat: 500 kiloqram heroin aşkarlandı – FOTO + VİDEO

    İran İslam Respublikasından Azərbaycan ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub.

    Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə – heroin aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.





  • Bakıda silahlı şəxslər yaxalandı – FOTO

    Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən və narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

    Polisə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə məlumat daxil olub.

    Polis tərəfindən saxlanılmış şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd “Makarov” markalı tapança və içərisində bir ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.

    Paytaxt polisi həmçinin narkotik maddə alveri ilə məşğul olan daha üç nəfəri saxlayıb.

    Belə ki, əvvəllər məhkum olunmuş Bakı sakinləri Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanovdan ümumilikdə 12 qram qurudulmuş marixuana və bir ədəd bıçaq aşkar olunaraq götürülüb.

    Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

    Saxlanılanların kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur.

    R. Quliyev, M.Zərbalıyev, T. Quliyev və R.Şabanovun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.





  • Bakıda dəhşət – naməlum şəxs azyaşlı qızı zorlamaq istədi, qorxdu qaçdı

    21 may tarixində Bakı şəhəri, Buzovna kəndində naməlum şəxs azyaşlı uşağa təcavüz etmək istəyib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Verilən məlumata görə, Albalılıq qəsəbəsində bir nəfər 3-cü sinif şagirdi olan bir qızı aldadaraq binaların birinin damına çıxarmaq istəyib. Lakin,yuxarı mərtəbələrdə yaşayanlardan biri qabağına çıxıb və qızı buraxaraq qaçıb.

    Hazırda polis onu axtarır. Yaxınlıqda olan kameradan bu görüntülər əldə olunub.
    /baku.ws

  • Bakıda avtobusa silahla daxil olan şəxs atəş açacağı ilə hədələyib, polis onu zərərsizləşdirib

    Polis avtobusda qadına qarşı nalayiq hərəkətlər edən silahlı şəxsi zərərsizləşdirib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Belə ki, mayın 22-də saat 22:00 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib.

    Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri-etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub.

    Mülki geyimdə olan C.Sadıqov bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb.

    Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər.

    Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb.

    Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat verib. C.Sadıqov həmin şəxsi və maddi sübut kimi “Naqan” markalı tapançanı yeddi ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib.

  • Məktəblini qamışlığa və tualetə saldı, zorladı, videoya çəkdi – Azərbaycanda iyrənc hadisə

    Cəlilabad rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Ayxan Məmmədovun (cinayət işində adı keçən təqsirləndirilən və zərərçəkmişlərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Cəlilabad rayonunun Komanlı kəndində anadan olan Ayxan Məmmədov əvvəllər tanıdığı həmkəndlisi Sahib Babayevin (ad və soyad şərti verilib – red.) zorakılığı, şantajı ilə üzləşib.

    Cinsi əlaqədə olmaq təklifi

    Sahib Babayev təqsirləndirilən Ayxan Məmmədovun yaşadığı evin yaxınlığına gəlib və onu sonuncunun evlərinin arxasında olan “Emil” şadlıq sarayının həyətinə gətirib.

    Sahib Babayev Ayxan Məmmədovu şadlıq evinin həyətində yerləşən ayaqyoluna aparıb. Orada Sahib Babayev onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq təklifi edib. Amma Ayxan Məmmədov onun təklifi ilə razılaşmayıb.

    Zorakılıq

    Bu zaman Sahib Babayev Ayxan Məmmədova zorakılıq hərəkətləri edib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

    Daha sonra Sahib Babayev Ayxan Məmmədovla intim münasibətdə olmasını mobil telefonu ilə videoya çəkib. Ayxan Məmmədovu videoya çəkən Sahib Babayev onu şantaj etməyə başlayıb.

    Video çəkiliş şantajı

    Sahib Babayev Ayxan Məmmədovun barəsində həmin rüsvayedici məlumatı yayacağı ilə hədələyib, ondan 20 manat məbləğində pul verməsini tələb edib.

    Daha sonra Sahib Babayev Ayxan Məmmədovla telefon əlaqəsi saxlayıb, eyni hədə ilə yenidən görüşməyi israrla istəyib.

    Qisas

    Bu zəmində aralarında yaranmış münasibətlərə son qoymaq üçün Ayxan Məmmədov Sahib Babayevlə görüşmək barədə təklifini qəbul edib.

    Ayxan Məmmədov 27 fevral 2017-ci il tarixdə, saat 21-də yaşadığı evdən mətbəx bıçağını özü ilə götürüb və Sahib Babayevlə görüşmək üçün onu axtarmağa çıxıb.

    Qamışlıqda intim münasibət təklifi

    Bir qədər sonra Ayxan Məmmədov rayonun Komanlı kənd məscidinin yaxınlığında Sahib Babayevlə qarşılaşıb. Orada bir az söhbət etdikləri zaman Sahib Babayev ona yaşadığı evin yaxınlığında qamışlıq sahə olduğunu, orada rahat intim əlaqədə olmağı deyib.

    Qanlı cinayət

    Bu məqsədlə onlar birlikdə Sahib Babayevin yaşadığı evin yerləşdiyi küçəyə gəliblər. Orada Ayxan Məmmədov qisas almaq niyyəti ilə Sahib Babayevi öldürmək qərarına gəlib. Bu məqsədlə özü ilə gətirdiyi bıçaqla Ayxan Məmmədova bir neçə zərbə vurub.

    Sahib Babayevə vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Bu səbəbdən Ayxan Məmmədov iradəsindən asılı olmayan səbəblərə görə Sahib Babayevi öldürə bilməyib.

    Cəza gününə qədər hesablandı

    İstintaq orqanı tərəfindən Ayxan Məmmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin hökmü ilə Ayxan Məmmədov 5 il 7 ay 12 gün müddətinə azadlıqdan məhrum olunub.

    Hökmdən narazılıq

    Hökmdən narazı qalan Ayxan Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

    Hadisə baş verən vaxtı orta məktəbin 11-ci sinif şagirdi olan Ayxan Məmmədov barəsində olan hökmün ləğv edilməsini, barəsində şərti cəza verilməsini, həbsdən azad edilməsini xahiş edib.

    Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilməyib. (Publika.az)

  • Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: 26 yaşlı gəncin ağzını kəsdilər – FOTO



    Median.Az-in big.az-a istinadən verdiyi məlumata görə, bıçaqlanan gəncin atası Mais Həmidov hadisənin martın 1-i saat 19:30-da qonşuları Rəşadət Kərimov tərəfindən törədildiyini bildirib:

    “Aralarındakı dava nəticəsində Rəşadət Kərimov üzərindəki divar kağızının kəsilməsi üçün istifadə olunan bıcaqla oğluma xəsarət yetirib. Oğlumun ağzına Göyçay Mərkəzi Rayon Xəstəxanasında 28 tikiş vurulub. Hadisə evimdən 100 metr uzaqlıqda baş verib. Belə ki, Rəşadət Kərimov tərəfindən mənim balaca oğlum da döyülüb. Aralarındakı mübahisə böyüyərək bu vəziyyətə çatdı. Bununla bağlı Göyçay rayon Polis Bölməsinə müraciət etsək də hələ də cinayət işi açılmayıb. Təsəvvür edin 85 gündür bu hadisə baş verib. Amma Rəşadət Kərimov hələ də törətdiyi əməllərinin cəzasını almayıb. Heç düzgün ekspertiza da olunmadı. Mən bununla bağlı cənab prezidentimiz İlham Əliyevə də müraciət etmişəm. Oğluma qarşı bu vəhşiliyi törədən insanın tezliklə cəzalandırılmasını istəyirəm”.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 





  • Taksi şoferini soyanlar qanundan qaça bilmədilər

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Suraxanı rayonu Hövsan qəsəbəsində taksi sürücüsünə qarşı quldurluq edən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, Bakı şəhər sakini Teymur Müseyibli polisə məlumat verərək bildirib ki, mayın 14-də idarə etdiyi avtomobillə Hövsan qəsəbəsinə apardığı iki nəfər müştəri ona qarşı zor tətbiq edərək 150 manat pulunu və bir ədəd mobil telefonunu əlindən alıblar.

    30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasib Rzayev saxlanılıblar. Onlar ifadələrində törətdikləri əməli etiraf ediblər.

    Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri mobil telefonu Hövsan qəsəbəsində Mirzə adlı şəxsə narkotik maddə olan heroin müqabilində satıblar.

    Polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbə sakini Mirzə Mirzəyev də saxlanılıb. Onun yaşadığı evə baxış zamanı əlavə olaraq satış üçün nəzərdə tutulan 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar olunaraq götürülüb.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

  • Azərbaycanda “haker ovu”

    2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

    Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

    Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

    Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.