Category: Kriminal

  • Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – Ata 8 yaşlı oğlunun gözü qarşısında arvadını öldürdü

    Dünən Xətai rayonunda kürəkəni tərəfindən qətlə yetirilən ana və qızının meyitləri bu gün morqdan ailələrinə təhvil verilib.

    “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, hazırda öldürülən Mahirə İsgəndərova və Günay İsgəndərovanın meyitləri dəfn olunmaq üçün ata evindən götürülür. Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ramin İsgəndərov Ağdama-öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub.

    Məlum olub ki, sözügedən həyət evini Günay İsgəndərovun atası Hüseyn İsgəndərov tikib. Ailənin maddi problemlərinin həlli üçün onlara hədiyyə edib. Dünən qız və anası həmin evin yanındakı qaraja gedərək yundan yorğan salmaq istəyiblər. Bunu bilən Ramin İsmayılov da həmin yerə gəlib və orada münaqişə zəminində qətl baş verib. Qeyd edilir ki, Ramin ayrılıqdan sonra məhz həmin qarajda yaşayırmış.

    G. İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var, hadisə onun gözləri qarşısında olub, bu barədə polisə də məhz uşaq xəbər verib.

    Bir il ayrı qalandan sonra barışan cütlük, təzəlikcə yenidən ayrılıbmışlar. M. İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən N. İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.

    Bildirilir ki, Günayın bir qardaşı Qarabağda şəhid olub.

    Günay İsgəndərovun atası H. İsgəndərov öncə Mahirə İsgəndərovanın bacısı ilə evli olub, bu evlilikdən bir qızı və bir oğlu olub. Daha sonra həmin qadın vəfat edib və H. İsgəndərov onun bacısı Mahirə ilə evlənib. Bu evlilikdən də Günay dünyaya gəlibmiş.

  • 30 manata intim münasibət təklifi və… – 3 qız və bir kişidən ŞOK ƏMƏL

    Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları – Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədova Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar.

    Məlumata görə, təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

    O bildirib ki, 2016-cı ildə təsis olunan bu saytı yaratmağı ona Natavan Mehdiyeva təklif edib: “Yeganə xanım mənə dedi ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var. Bu yerin rəhbəri də Şirin adlı şəxsdir. Dedi ki, biz bu problemi yazıb, bu kimi yerlərin fəaliyyət göstərməsinin qarşısını alaq. Sonra biz həmin məkanda çəkiliş apardıq”.

    Rövşən Qasımov qeyd edib ki, Şirin Abdullayeva məxsus olan obyektə müştəri kimi yaxınlaşıb, 30 manat müqabilində ona orada qadınla intim münasibətdə olmağı təklif ediblər: “Biz bu faktları qeyd etdik və bu sübutları polisə verdik”.

    Rövşən Qasımov qeyd edib ki, çəkiliş aparan zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq çəkiliş aparmamasını və bu barədə polisə məlumat verilməməsini istəyib: “Ancaq biz onu eşitmədik, yenə də polisə gedib məlumat verdik. Bir gün sonra Şirin adlı şəxs mənə zəng edib və bu məsələ ilə bağlı görüşüb, danışmağı təklif etdi”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Şirin Abdullayev ona gecə vaxtı zəng edib: “Mən Elmira xanımla onun görüşünə getdik. Görüşə Toğrul və Şirin gəldi. Şirin dedi ki, əməliyyat olunmuşam, vəziyyətim yaxşı deyil, çəkilişi efirə verməyin, polisə şikayət etməyin. Bizə söz verdi ki, bu ayın sonu həmin obyekti bağlayacağam. Bizim söhbətimiz yekunlaşdı”.

    Rövşən Qasımovun ifadəsinə görə, bir neçə gün sonra Şirin Abdullayev yenidən onunla birlikdə görüşüb və söhbət etməyi təklif edib: “Restoranda görüşdük, yemək yeməyə yeni başlamışdıq ki, polislər gəldi və bizi hədə-qorxu ilə tələb etməkdə ittiham edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.

    Növbəti proses mayın 30-da davam edəcək.

  • Nəvə babanın evini soydu

    Ağcabədi rayonunda nəvə babasının evindən oğurluq edib.

    Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

    Belə ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 20-də rayon ərazisindəki evlərin birindən 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən nəvə, şəhər sakini Mirsəfər Əliyev saxlanılıb.

  • Rövşən Lənkəranskinin tərəfdarına hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bəhruz Əsgərovun CM-nin 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etmə və saxlama) maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bəhruz Əsgərov Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və istintaqa təqdim edilib.

    Məhkəmə prosesində B.Əsgərov ittiham üzrə özünü təqsirli bilməyib və aşkar edilən narkotik maddənin ona məxsus olmadığını qeyd deyib. Dövlət ittihamçısı isə çıxışında bildirib ki, məhkəmə istintaqında onun təqsiri sübuta yetirilib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Qeyd edək ki, Bəhruz Əsgərovun Rövşən Lənkəranski ləqəbilə tanınan məşhur kriminal avtoritet Rövşən Canıyevin tərəfdarı olduğu bildirilib.

  • Azərbaycanlı müğənni cinayət məsuliyyətinə cəlb olundu – 3 il həbs

    Müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumral mayın 29-da yenidən məhkəmə qarşısına çıxacaq.

    Bu barədə Yenicag.az-a Nazəninin vəkili Heyrat Qarayev açıqlamasında deyib:

    “Məhkəmə qətnaməsini icra etməyən Təranə İbrahimova barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində cinayət məcəlləsinin 306-cı maddəsinə əsasən işi başlanıb, isinataq hərəkətləri görülüb, təqsirləndirilən şəxs barəsində toplanan materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib”.

    Hazırda həmin cinayət işi üzrə təqsirləndirilən T.İbrahimovanın məhkəmə prosesi 29 may təyin edilib.

    Vəkilin sözlərinə görə. T.Qumrala Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 3 ilədək azadlıqdan məhrum edilə bilər.

  • Qayınanasını və arvadını qətlə yetirən şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb – YENİLƏNİB

    Bakının Xətai rayonunda iki nəfəri qətlə yetirən İsmayılov Ramin Səfər oğlu polisə təslim olub.

    Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

    * * * * *

    Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib.

    “Report” xəbər verir ki, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova və 1987-ci il təvəllüdlü Günay İsgəndərova Naximov küçəsində yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriliblər.

    M.İsgəndərovanın oğlu evə qayıdarkən qadınları evdə qan içində görüb və bu barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.

    Aydın olub ki, G.İsgəndərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq qardaşının və anasının yaşadığı evə köçüb. G.İsgəndərovanın əri (hələlik adı açıqlanmır) bu gün axşam saatlarında onun yaşadığı evə gələrək həyat yoldaşını döyüb, buna müdaxilə edən M.İsgəndərovanı da bıçaqlayıb. Bundan sonra o, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vurub. Hər iki şəxs çoxlu qan itirmədən ölüb.

    Hadisəni törədən şəxs evdən çıxaraq məsuliyyətdən yayınmaq üçün naməlum istiqamətdə qaçıb.

    Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi axtarır.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Bakıda narkotacir bacılar tutuldu

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Şəms Səmədovanın evində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun satdığı narkotik vasitənin əvəzində bacısından aldığı beş ədəd mobil telefon və 1020 manat pul, eləcə də, T.Qasımovdan aldığı 12 ədəd mobil telefon, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 2340 manat pul aşkar olunaraq polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının mayın 18-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib.

    Araşdırmalar nəticəsində onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib.

    Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb.

  • 14 yaşlı qızın evinə getdi, dəfələrlə cinsi əlaqəyə girdi, sonra anasını… – Bakıda İNANILMAZ OLAY

    Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Ayxan Məmmədov 2015-ci ilin oktyabrında Feysbukda 2001-ci ildə anadan olan Vüsalə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə tanış olub.

    Sevgi münasibəti

    Onlar bir neçə dəfə görüşüblər. Bir müddət sonra həmin ilin sonlarında Vüsalə Səlimova oxuduğu 225 saylı orta məktəbin yanında yerləşən yaşayış binalarının yaxınlığında yenidən Ayxan Məmmədovla bir araya gəlib.

    Bu görüşdə Ayxan Məmmədov Vüsaləyə onu sevdiyini deyib. O, qızı hərbi xidmətdən qayıtdıqdan sonra onunla evlənəcəyi fikrinə inandırıb.

    Zorla intim əlaqə

    Ayxan Məmmədov həmin ilin noyabrın 2-də, saat 17.30-da Vüsalənin evdə tək olduğunu bilib, onun yaşadığı Yasamal rayonu, Mətbuat prospektindəki mənzilə gəlib. Vüsalə qapını açaraq onun hansı məqsədlə gəlməsini soruşub.

    Ayxan Məmmədov ona qeyri-təbii yolla cinsi əlaqə təklif edib. Vüsalə isə onun bu təklifindən boyun qaçırıb.

    Bu zaman Ayxan Məmmədov mənzilin qapısını zorla açaraq, içəri daxil olub. Sonra Vüsaləni zorla yataq otağına aparıb və orada onunla cinsi əlaqədə olmaq istəyib.

    Lakin Vüsalə buna etiraz edib və müqavimət göstərib. Vüsalənin müqavimət göstərməsinə baxmayaraq onu zorla üzü üstə çarpayıya uzadıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Daha sonra Ayxan Məmmədov yadigar saxlamaq üçün Vüsalə ilə birlikdə olduqları vaxt onun çılpaq şəkillərini çəkdiyini yalandan deyib.

    Rüsvay edəcəyini, anasını da zorlayacağını dedi

    Bundan başqa, Ayxan Məmmədov noyabrın 11-də saat 16.00-da Vüsalənin evdə tək olduğunu bilib, onun yaşadığı evə gəlib. O, Vüsaləyə əvvəlki gündə birlikdə olan vaxt çəkdiyi çılpaq şəkilləri sosial şəbəkədə paylaşaraq valideynlərinə göstərib, onu rüsvay edəcəyi və etiraz etdiyi halda anasını da zorlayacağı ilə hədələyib. Sonra yenidən qeyri-təbii yolla onunla cinsi əlaqədə olub.

    Şantaj və dəfələrlə təcavüz

    Daha sonra Ayxan Məmmədov Vüsalə Səlimovanın əvvəlki gündə çəkdiyi lüt şəkilləri ilə şantaj edərək, onunla noyabrın 16-da, noyabrın 29-da, dekabrın 1-də qeyri-təbii yolla cinsi əlaqədə olub. O, hər dəfə intim əlaqədə olandan sonra Vüsalə Səlimovanı əxlaqsız hərəkətlərə, oral seksə məcbur edib.

    “Vüsaləni sevdiyimi dedim”

    İstintaq orqanı tərəfindən Ayxan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

    Təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan Məmmədov bildirib ki, Vüsalə ilə 2015-ci ilin oktyabrında Feysbuk sosial şəbəkəsində tanış olub: “Vüsalənin 225 saylı orta məktəbin 8-ci sinfində oxuduğunu bilmişəm. Müəyyən bir müddət danışandan sonra Vüsaləyə onu sevdiyimi dedim, onunla görüşmək istədiyimi bildirdim”.

    “Evdə tək olanda məni çağıracağını dedi”

    Ayxan Məmmədovun sözlərinə görə, 2015-ci il oktyabrın sonlarında Vüsalə ilə oxuduğu məktəbin həyətində görüşüb: “Təxminən 20 dəqiqə söhbət etdikdən sonra onu sevdiyimi, əsgər gedib-gələndən sonra onunla evlənəcəyimi bildirdim. Bundan sonra telefonla və Feysbukla mütəmadi olaraq danışmağa başladıq. Həmin ilin noyabrın əvvəllərində Vüsaləyə mesaj göndərdim, onunla görüşmək istədiyimi bildirdim. Vüsalə evdə tək olanda məni yaşadığı mənzilə çağıracağını dedi”.

    Ayxan Məmmədov qeyd edib ki, bundan bir neçə gün sonra, yəni noyabrın 10-da 18 yaşı tamam olub: “Ad günümü yaşadığım evdə valideynlərimlə qeyd etdim. Vüsalə həmin günü Feysbukda mesaj yazaraq, məni təbrik etdi. O, səhəri gün evdə tək olacağını, onlara gəlməyimi istədi”.

    Məndən istədi ki…

    Ayxan Məmmədov bildirib ki, ertəsi gün musiqi məşğələsindən çıxandan sonra Vüsalə Səlimovanın yaşadığı mənzilə gedib: “Saat 17.00-da Vüsalənin yaşadığı ünvana çatdım, mənzilin qapısını döydüm. Bu zaman Vüsalə qapını açdı, məni içəri dəvət etdi. Onlarda birlikdə mənzilin mətbəxinə keçdik. Vüsalə əvvəlcə mənə su verdi, suyu içdikdən sonra məndən özüm ilə apardığım gitarada musiqi ifa etməyimi istədi. Mən də gitarada musiqi ifa etdim. Musiqi ifa edən zaman Vüsalə atasının evə gəlməsindən qorxduğu üçün tez-tez pəncərədən həyətə baxırdı”.

    “Vüsalənin xoşuna gəldi”

    Ayxan Məmmədovun sözlərinə görə, təxminən 4-5 musiqi ifa etdikdən sonra Vüsalə ona çay süzüb: “Vüsalə çayı masanın üstünə qoyan zaman onun yanağından bir dəfə öpdüm. Hiss etdim ki, bu, Vüsalənin xoşuna gəldi. Ona sevdiyimi dedim və hərbi xidməti bitirdikdən sonra onunla evlənəcəyəmi söylədim. Bundan sonra biz öpüşməyə başladıq. Xeyli öpüşdükdən sonra Vüsalənin razılığı ilə cinsi əlaqədə olmaq qərarına gəldik”.

    “Onunla əlaqələrim kəsildi”

    Ayxan Məmmədov bildirib ki, cinsi əlaqədə olmaq məqsədlə Vüsalə onun əlindən tutub və birlikdə yataq otağına keçiblər: “Həmin vaxt Vüsalə əynində olan paltarları özü çıxartdı və onun razılığı ilə qeyri-təbii yolla cinsi, təxminən 10-15 dəqiqə cinsi əlaqədə olduq. Bundan sonra sağollaşaraq öz evimə getdim. Bir müddət Vüsalə sosial şəbəkəyə çıxmadığı üçün onunla əlaqələrim kəsildi”.

    “Zorla cinsi əlaqədə olmamışam”

    Ayxan Məmmədov qeyd edib ki, 2016-cı ilin martında Feysbukda Vüsalə Səlimovaya mesajlar yazaraq, onunla yenidən görüşmək istədiyini bildirib: “Həmin vaxt Vüsalə mənimlə görüşmək istəmədi. Bu səbəbdən əsəbiləşdim, sosial şəbəkədə onu biabır edəcəyimlə hədələdim. Lakin bundan sonra bir daha Vüsalə ilə görüşmədim. Heç vaxt Vüsalə ilə zorla cinsi əlaqəyə girməmişəm. Yalnız bir dəfə, noyabrın 11-də, onun yaşadığı mənzilin yataq otağında qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.

    “Yaşadığım evdə görüşmək istədiyimi söylədim”

    Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalə Səlimova bildirib ki, 2015-ci ilin oktyabrında Feysbuk sosial şəbəkəsində Ayxan Məmmədovla tanış olub, sonuncu onunla görüşmək istədiyini deyib: “Ayxan görüşməsəm, onunla tanış olmağımı valideynlərimə deyəcəyini bildirdi. Mən də razılaşaraq 2015-ci ilin oktyabrın sonlarında oxuduğum 225 nömrəli məktəbin yanında yerləşən yaşayış binalarının yanında Ayxanla görüşdüm. Təxminən 20 dəqiqə söhbət etdikdən sonra Ayxan məni sevdiyini dedi, hərbi xidmətə gedib-gələndən sonra mənimlə evlənəcəyini bildirdi. Mən də Ayxana yaşadığım evdə onunla görüşmək istədiyimi söylədim”.

    “Cinsi əlaqədə olmaq istədi”

    Vüsalə Səlimova qeyd edib ki, noyabrın 2-də, təxminən saat 14.00-da atası balaca bacısını məktəbə qoyub evə qayıdıb və birlikdə nahar etdikdən sonra atası, anası və balaca qardaşı onun ad gününə hədiyyə almaq üçün “Sədərək” ticarət mərkəzinə gedib: “Həmin vaxt evdə tək qaldığım üçün Ayxanın mobil telefonuna zəng edərək, onu evə çağırdım. Həmin tarixdə təxminən saat 16-17 radələrində Ayxan yaşadığım ünvana gəldi. Mənzilin giriş qapısını az aralayaraq, ona sözünü deməsini bildirdim. Ayxan məcbur qapını itələdi, evə daxil oldu və əlimdən tutaraq, məni zorla yataq otağına apardı. Ayxan mənimlə cinsi əlaqədə olmaq istədi. Ona etirazımı bildirdim”.

    “Məni hədələdi”

    Vüsalə Səlimovanın sözlərinə görə, etiraz etməsinə baxmayaraq, Ayxan Məmmədov onu məcbur üzü üstə çarpayıya uzadaraq əli ilə ağzını tutub və qeyri-təbii yolla onunla cinsi əlaqədə olub: “İlk dəfə cinsi əlaqədə olduğuma görə bərk ağrı hiss etdim. Ayxan təxminən 10-15 dəqiqə öz işini gördü, Həmin vaxt birlikdə şəkillərimizi çəkərək yadigar saxlayacağını dedi və evdən getdi. Bundan sonra Ayxan yenə mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Etiraz etsəm də, Ayxan çəkdiyi şəkillə şantaj edəcəyini deyərək, məni hədələməyə başladı. Buna görə də valideynlərim evdə olmayanda Ayxan yaşadığım evə çağıracağıma söz verdim”.

    “Zorla mənimlə cinsi əlaqədə oldu”

    Vüsalə Səlimova qeyd edib ki, noyabrın 11-də təxminən saat 16:00-da evdə tək olanda Ayxanı yaşadığı evə çağırıb: “Ayxan da yaşadığım evə gələrək zorla qeyri-təbii yolla mənimlə cinsi əlaqədə oldu. Bundan başqa, noyabrın 16-da təxminən saat 17.00-da evdə tək olanda Ayxanı yaşadığım evə çağırdım. Sonuncu yaşadığım evə gələrək qeyri-təbii yolla məni zorladı”.

    Vüsalə Səlimova ifadəsində daha sonra noyabrın 29-da, dekabrın 1-də yaşadığı evdə Ayxanın onunla zorla cinsi əlaqədə olduğunu deyib.

    “Qızıma təcavüz edərkən…”

    Cinayət işi üzrə şahid qismində ifadə verən Vüsalə Səlimovanın atası bildirib ki, 2016-cı ilin martında dərslərinə biganə yanaşdığına görə qızının istifadə etdiyi mobil telefonu əlindən alıb: “Dekabrın 1-də qızının istifadə etdiyi mobil telefonla Feysbuka daxil oldum. Orada Ayxan adlı şəxs ilə qızımın yazışmalarını oxudum. Bundan sonra mənə məlum oldu ki, Ayxan adlı şəxs sevdiyini və evlənəcəyini qızıma deyib, bu yolla qızımı aldadaraq, biz evdə olmayan müddətdə yaşadığımız ünvana gəlib, zorla mənzilə daxil olub, fiziki zor tətbiq edərək 15 yaşı tamam olmayan qızımla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, qızıma təcavüz edərkən çılpaq şəkillərini çəkib”.

    “Azyaşlı qızımı və arvadımı…”

    Zərərçəkmişin atasının sözlərinə görə, Ayxan bundan sonra qızını həmin şəkillərlə şantaj edəcəyi ilə hədələyərək, dəfələrlə yaşadıqları mənzilə gəlib və dəfələrlə qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub: “Lakin bir müddət sonra qızım Ayxanla görüşmək istəməyib və sonuncunun yaşadığımız mənzilə gəlməsinə imkan verməyib. Ayxan isə hər zaman qızımla cinsi əlaqədə olmaq istədiyini bildirib, əgər qızım buna razı olmasa, yaşadıqları mənzilə gedərək, azyaşlı qızımı və arvadımı zorlayacağına dair mesajlar yazıb. Bütün bu mesajları oxuyandan sonra dərhal polis bölməsinə ərizə ilə müraciət edərək Ayxan barəsində qanuni tədbirlərin görülməsini xahiş etdim”.

    “Atası evdən gedib”

    Cinayət işi üzrə Ayxan Məmmədovun bibisi N.M.-da ifadə verib. O, bildirib ki, Ayxan onun doğma bacısı oğludur: “Bir müddət əvvəl Ayxanın atası ailəsini ataraq evdən gedib. Bundan sonra onların problemləri ilə maraqlanmayıb, bəzi maddi ehtiyaclarını qarşılamayıb. 2015-ci ilin oktyabrın sonlarında Ayxan qızla tanış olduğunu, həmin qızla bir-birlərini sevdiklərini mənə dedi. Ayxan həmin qıza elçi getməyimi məndən xahiş etdi. Həmin vaxt maddi durumumun ağır olduğunu, əsgər gedib-gələndən sonra işləməsini, ailəsinə kömək etməsini Ayxana söylədim. Bundan sonra qıza elçi gedərək, nişan taxacaqlarını Ayxana bildirdim. Bununla da Ayxan mənimlə razılaşdı”.

    “Ayxanı evinə çağırıb”

    Ayxan Məmmədovun bibisinin sözlərinə görə, 2 aprel 2016-cı il tarixdə, səhər saatlarında Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları Ayxanın yaşadığı evə gəlib: “Onlar Ayxanı polis bölməsinə apardılar. Mən də bununla bağlı həmin polis bölməsinə yollandım. Orada Vüsalə Səlimovanın atasının Ayxanın barəsində şikayət ərizəsi ilə bölməyə müraciət etdiyini bildim. Orada Ayxanla söhbət etdim. Bu zaman mənə məlum oldu ki, noyabrın 11-də Vüsalə evdə tək olduğu vaxt Ayxanı yaşadığı evə çağırıb, həmin tarixdə Ayxan musiqi məşğələsindən çıxaraq, Vüsalənin yaşadığı evə gedib. Orada özü ilə apardığı gitarada 4-5 musiqi ifa etdikdən sonra Vüsalənin yanağından öpüb, mənzildən gedib”.

    “Görüşmək istəmədiyi üçün söyüb”

    Təqsirləndirilən şəxsin bibisi deyib ki, 2016-cı ilin yanvarın sonlarında Ayxan Vüsalənin Feysbuk sosial şəbəkəsində çılpaq şəkillər paylaşdığını görüb: “Ayxan Vüsalənin bu hərəkətinə görə çox əsəbiləşib və görüşərək, bu barədə danışmaq istəyib. Lakin 2016-cı ilin fevralın 6-da Ayxanın anası rəhmətə getdiyi üçün o, Vüsalə ilə görüşə bilməyib. Bundan sonra Ayxan Feysbukda Vüsaləyə mesajlar yazaraq, görüşmək istədiyini bildirib. Lakin Vüsalə görüşmək istəmədiyinə görə Ayxan onu söyüb təhqir edib”.

    10 il cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Ayxan Məmmədov apelyasiya şikayəti verib. O, əməlində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin tərkibi olmadığını göstərib.

    Ayxan Məmmədov həmin maddə ilə barəsində bəraət hökmünün çıxarılmasını, əməlinin daha yüngül cəza ilə əvəz edilməsini istəyib.

    Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan Ayxan Məmmədov kasasiya şikayəti verib.

    Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada Ayxan Məmmədovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.

    Hakim heyəti sonda Ayxan Məmmədovun kasasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.//publika.az

  • Gürcüstanda saxta dollar satan 2 azərbaycanlı saxlanılıb

    Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti saxta pul satmaqda şübhəli bilinən 2 azərbaycanlını saxlayıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, Dmanisi rayon sakini Tanrıverdi K. adlı şəxs Gürcüstan vətəndaşına saxta pul almağı təklif edib. O, saxta pulları Türkiyədən gətirdiyini bildirib.

    Tanrıverdi K. ortağı olan Rusiya vətəndaşı Vilayət A. ilə Gürcüstan vətəndaşına saxta 4 min dollar verərək əvəzində 1400 dollar alıblar.

    Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

  • Ali məktəblərə daxil ola bilməyənlərə şad xəbər

    “Təhsil haqqında”qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub. Hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlərin qəbulu nəzərdə tutulub. 14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

    Median.Az “modern.az”a istinadən xəbər verir ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması bu ilin sentyabrında gerçəkləşəcək.

    Məlumatda bildirilib ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması ilə əlaqədar tezliklə Nazirlər Kabinetində müvafiq əmr imzalanacağı gözlənilir. Daha sonra isə hansı universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması məsələsinə baxılacaq. Həmçinin, hazırlıq qruplarında təhsil almaq üçün ödənişin məbləği müəyyənləşəcək.

    Bundan əlavə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun çağırışçılara təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsini tənzimləyən 21-ci maddəsinə dəyişikliklərin edilməsinə dair təkliflər Milli Məclisə göndəriləcək.