Category: Kriminal

  • DTX yarım milyon saxta aksiz markası aşkarlayıb

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500.000 ədəd saxta aksiz markası aşkar edilərək götürülüb.

    DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.

    Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.

    “Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq”, – deyə, DTX-nın məlumatında bildirilib.

  • Rusiyalı zabit azərbaycanlını amansızlıqla qətlə yetirdi – VİDEO

    Moskvanın Novoslobosk küçəsində bir nəfəri güllələdiyi üçün həbs edilən Rusiya Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovnikinin daha bir qətldə əli olduğu ortaya çıxıb.

    Median.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, 2017-ci il oktyabrın 16-da saxlanılıb.

    Araşdırmalar zamanı məlum olub ki, zabit Azərbaycan əsilli şəxsi qətlə yetirib.

    “İzvestiya” qəzetinin məlumatına görə, eks-polkovnikin qurbanının cəsədi 2017-ci il sentyabrın 8-də Yeni Moskvanın Desnovks kəndində aşkar edilib. Cəsədin üzərində bıçaq xəsarətləri və güllə izləri olub. Daha bir təsadüf polkovnikin hər iki qurbanının sürücü olmasıdır.

    Xatırladaq ki, 2017-ci il oktyabrın 16-da Moskvanın mərkəzində paxtaxt sahibkarlarından birinin sürücüsü öldürülüb. Həmin şəxsə silahdan altı dəfə atəş açılıb. İlkin ehtimallara görə, sürücü muzdlu cani tərəfindən səhvən öldürülüb. Qatil atəş açan zaman biznesmeni hədəf seçibmiş.

    Sonralar yayımlanan informasiyaya görə, insidentə səbəb sürücülər arasında yaranmış münaqişə olub.

  • İstirahətə gedən 5 azərbaycanlı qız fahişəliyə məcbur edildi – ŞOK ƏMƏLLƏR

    İnsan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Məhkəmə hökmündə qeyd olunub ki, Aynur Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə gedən Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı (cinayət işində adı keçən zərərçəkimişlərin ad və soyadları şərti verilib – red.) İğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürüb, onları fahişəliyə cəlb edib.

    İstintaq orqanı tərəfindən Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham elan edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Məmmədova qeyd edib ki, yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamayıb, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində qabyuyan işləyib.

    Onun sözlərinə görə, bir müddət həmin istirahət mərkəzində özü də fahişəliklə məşğul olub: “Nərminə Qasımovanı “Göy qurşağı”ndan tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi”. Aynur Məmmədova deyib ki, Adilənin bacısını da əxlaqsızlığa məcbur etməyib: “Onlar hamısı bir müddət fahişəliklə məşğul olur, sonra gedirdilər”.

    Təqsirləndirilən şəxs əlavə edib ki, İğdırda hamı onu “Səma” deyə müraciət edib. Hökmə əsasən, Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.(Publika.az)

  • “Dərman mafiyası” haqda yeni məlumatlar

    Dövlət Gömrük Komitəsində (DGK) yüksək post tutan vəzifəlilərlə bağlı istintaq davam edir. Hər ötən gün işdən kənarlaşdırılan vəzifəlilərin “dərman mafiyası”na bağlılıqları haqda yeni məlumatlar gəlməkdədir.

    Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər.

    Median.Az “Yeni Müsavat” saytına istinadən xəbər verir ki, hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Sadiq Abduyev isə sanki heç komitədə yüksək post tutmayıb, “dərman mafiyası” ilə əlaqələri də olmayıb. Əslində isə “dərman mafiyası” adlı şəbəkə ilə DGK rəsmilərindən Fikrət Qədiməliyevlə Sadiq Abduyev işləyiblər. “Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkərlərinə dağıdılmaqla əhaliyə satılıb.

    Bəs hazırda Sadiq Abduyev istintaqdan niyə kənar saxlanılır?

    Belə məlumatlar var ki, Sadiq Abduyev bir generalın yaxın qohumudur. DTX “dərman mafiyası”na qarşı əməliyyatı gerçəkləşdirəndən sonra onun da adı istintaqa cəlb edilən şəxslərin siyahısında olub. Sonradan isə işə Sadiq Abduyevin general qohumu qarışıb və onu istintaqçıların əlindən qurtara bilib. Onun əvəzində istintaqa ölkəyə mal buraxmaq səlahiyyəti olmayan əməkdaşlar cəlb olunublar. Onların səlahiyyət həddin Bakı Hava Limanındakı xüsusi mühafizə zonasına mal-materialların buraxılması üçün yetərli olmayıb. Belə əmrlər verilməsi Sadiq Abduyevin səlahiyyətində olub ki, o da hazırda azadlıqda gəzir.

    Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib.

    Fikrət Qədiməliyevə gəlincə isə onu da həbs etməyiblər. Tibb xidməti generalının barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmə bunu Fikrət Qədiməliyevin xəstə olması ilə əlaqələndirib və barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri çıxarılıb. Digər aşağı vəzifəli gömrükçülərin isə istintaqa mane ola biləcəkləri ehtimalı əsas götürülməklə barələrində həbs-qətimkan tədbirləri seçilib.

    Belə xəbərlər də var ki, istintaq ilkin mərhələdə “dərman mafiya”sına bu və ya başqa şəkildə bağlılığı olan vəzifə sahiblərindən kənar keçsə də, sona qədər belə mövqe sərgilənməyəcək. Məsələnin ən yüksək səviyyədə nəzarətə alınacağı gözlənilir. Bu isə o deməkdir ki, işdə əli olan hər kəs cəzalandırıla bilər. Yada salaq ki, məlum əməliyyatla bağlı redaksiyamıza daxil olan xəbərlərin birində deyilirdi ki, Fikrət Qədiməliyev istintaqla əməkdaşlığa razılıq verib. O, kiminlə işləyiblərsə, hər kəsin adını çəkəcəyini söyləyib. General-mayor bunun əvəzində şəxsi toxunulmazlıq və şərti cəza istəyib.

    Hazırda Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib. Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Rəsmi məlumatdan da məlum olduğu kimi, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.

  • 70 min manat oğurlayan dəstə üzvü ələ keçdi

    Mingəçevirdə şirkətin 70 min manatını oğurlayan qrupun digər üzvü saxlanılıb.

    DİN-dən verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70 min manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü – Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub.

    Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

  • Bakıdan 1 milyonla qaçan şəxs kimin oğludur? – Fotofakt

    1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu hələ də İnterpol xətti ilə axtarılır.

    O, bir neçə Azərbaycan vətəndaşının ümumilikdə 970 min avro pulunu mənimsəməkdə ittiham edilir. Məlumata görə, İsmayılzadə Cavidan İlham oğlu tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adıyla külli miqdarda pullarını mənimsəyib. Adlarının çəkilməsini istəməyən zərərçəkənlər (bəziləri vəzifə tutur) məhkəməyə müraciət etdiklərini, İsmayılzadə Cavidan İlham oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunduğunu, lakin həbs edilmədiyini bildiriblər. Həbs edilməməsinə səbəb isə İ.Cavidanın Almaniyaya qaçmasıdır.

    Məsələnin heyrət doğuran tərəflərindən biri də odur ki, İsmayılzadə Cavidan bu əməllərini nəinki Azərbaycanda, hətta Almaniyada da həyata keçirib. O, təxminən 2 il əvvəl silsilə dələduzluq əməllərinə görə Almaniya polisi tərəfindən saxlanılıb. Buna səbəb Cavidanın yerli supermarketlərdən birindən oğurluq etməsi olub. Azərbaycandan fərqli olaraq, Almaniyada bu tip oğurluqlara görə insanlar cinayət məsuliyyətinə cəlb olunmadığından polislər onun oğurluq etməsi ilə bağlı inzibati protokol tərtib edib və sərbəst buraxıblar.

    Məsələnin ən şokedici tərəfi isə İsmayılzadə Cavidanın keçmiş MTN-in polkovnik-leytenantı İlham İsmayılın oğlu olmasıdır. İlham İsmayıl hələ 2016-cı il noyabrın 10-da BakiPost.az-a açıqlamasında Cavidanın oğlu olduğunu təsdiqləmişdi:

    “O məsələ həll olunub. Dələduzluq məsələsi deyil. Kiçik bir şeydir, özləriylə danışıb həll etmişik. Məhkəmənin qərarı da var. Hissə-hissə ödənəcək”.

    İlham İsmayıl məbləğin hissə-hissə ödəniləcəyini dediyi vaxtdan iki ilə yaxın vaxt keçsə də, zərərçəkənlər bu günə qədər həmin məbləğdən 1 qəpik belə ala bilmədiklərini deyiblər.

    İlham İsmayıl elə həmin vaxt oğlunun adının tezliklə İnterpoldan çıxarılacağını da bildirmişdi:

    “Mülki işlə İnterpolun axtarışına pul verib yazdırıblar. Məsələ tezliklə həll olunacaq, o zaman adı da İnterpolun axtarışından çıxacaq. Əgər elə bir ciddi şey olsaydı, İnterpol onu çoxdan tapıb göndərərdi. Bu, daxili axtarışdır”.

    Lakin təxminən 2 il keçməsinə baxmayaraq, İsmayılzadə Cavidan İlham oğlunun adı hələ də İnterpolun saytında, həm də CM-nin 178.3.2-ci maddəsi ilə (178.3 – eyni əməllər təkrar törədildikdə, 178.3.2 isə külli miqdarda məbləği nəzərdə tutur) axtarışdadır.

    İ.Cavidanın başqa bir dələduzluq əməli isə avtomobil satmaq adı ilə bir neçə nəfərə aldadıb, pulunu mənimsəməsidir.

    Onun hələ Azərbaycanda olduğu müddətdə bir neçə il vəzifəli şəxslərin bizneslərini idarə etdiyi, daha sonra Türkiyə, oradan isə Niderland Krallığına qaçdığı bildirilir. Dələduzluq əməllərinə görə axtarılan İ.Cavidan Niderland Krallığında qaldığı müddətdə də bir qrup azərbaycanlını aldadıb və Almaniyaya qaçıb.

    Hazırda onun Almaniyada gizləndiyi ehtimal edilir./axar.az


  • Bakıda narkotacir tutulub

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz alqı-satqısını həyata keçirən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

    DİN-dən verilən məlumata görə, bu istiqamətdə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

    Belə ki, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Balaxanı qəsəbə sakini Əhməd Əliyev tutulub.

    Onun üzərində hal şahidlərinin iştirakilə şəxsi axtarış aparılan zaman 10,135 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Əliyevin yaşadığı evdən əlavə olaraq satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 1 kiloqram 405 qram heroin aşkar olunaraq götürülüb.

    Qeyd edək ki, Ə.Əliyev paytaxt və Sabunçu rayonu ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxs kimi tanınır və o, istintaqa ifadəsində bu əməlini etiraf edib. Həmçinin Ə.Əliyev Sabunçu polisinin bir neçə ay ərzində rayon ərzisində narkotacirlərə qarşı keçirdiyi silsilə əməliyyatlar zamanı saxlanılan şəxsləri də onların satışını həyata keçirmələri üçün narkotik vasitələrlə təmin edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

  • Ağsuda müəllim məktəb direktorunu döyüb

    Ağsu rayonunda müəllim məktəbin direktorunu döyüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

    Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb.

    O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirlir.

    Faktla bağlı araşdırma aparılır.

  • 19 yaşlı oğlan gizli yaşadığı qadını başqa kişi ilə tutdu və… – Sumqayıtda şok hadisə

    Sumqayıt şəhərində qız üstündə qətl törətməkdə təqsirli bilinən Gədəbəy rayon sakini, 1998-cı il təvəllüdlü Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Teymur Sadıqov 2017-cı il tarixdən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Dadaşovanın keçmiş tanışı Taleh Babazadə ilə telefon əlaqəsi saxladığını bilib.

    Sevgilisindən xəyanət

    Teymur Sadıqov Vüsalə Dadaşovanın əvvəlki sevgilisi ilə münasibətlərini bərpa etməyə cəhd etməsini özünə qarşı xəyanət hesab edib. O, bunu qüruruna sığışdırmayaraq münasibətlərini aydınlaşdırmaq üçün 26 iyun 2017-ci il tarixdə, saat 15-də 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən Respublika Diaqnostika Mərkəzinin qarşısında Taleh Babazadə ilə görüşüb. Taleh Babazadə hərəkətlərinə görə üzr istəsə də, Teymur Sadıqov onu bağışlamayıb.

    Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı onlar əlbəyaxa olublar. Daha sonra hər iki şəxs oradan ayrılıb.

    İyunun 27-də saat 11-də Bakıdan Sumqayıta gedən Taleh Babazadə mobil telefonu ilə zəng vuraraq təkidlə Teymur Sadıqovu görüşə çağırıb.

    Qamışlıqda qanlı dava

    Onlar həmin gün saat 13-də Sumqayıt şəhəri, Sülh küçəsində görüşüblər və münasibətlərini aydınlaşdırmaq məqsədilə yaxınlıqda olan qamışlıq sahəyə gediblər.

    Orada Taleh Babazadə Teymur Sadıqova bir gün əvvəl iş yerinə gəlməsinə iradını bildirib, onun və Vüsalə Dadaşovanın ünvanına nalayiq ifadələr işlədib. Bununla da onların aralarında dava-dalaş yaranıb.

    Qətl

    Bundan sonra o, Taleh Babazadədən qisas alaraq, onu öldürmək qərarına gəlib. Teymur Sadıqov əvvəlcə ona yumruqla vurub, sonra üzərində gəzdirdiyi bıçaqla ürək nahiyəsinə bir neçə zərbə endirib. Taleh Babazadə aldığı xəsarətdən hadisə yerində ölüb.

    İstintaq orqanı tərəfindən Teymur Sadıqovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    “Onunla birlikdə yaşamağa başladıq”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Sadıqov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, həmyerlisi Vüsalə Dadaşova ilə 2017-ci ilin əvvəlində rayonda tanış olub: “Vüsalə mənə iş tapacağını vəd etdi, bu səbəbdən onun təklifi ilə Sumqayıta gəldim. Vüsalə mənim üçün mənzil kirayələdi, özümü də kafelərdən birinə ofisiant işinə düzəltdi. Bir müddət sonra isə Vüsalənin yaşadığı yataqxanaya köçdüm və onunla birlikdə yaşamağa başladım. Nə valideynlərimin, nə də qohumlarımın özümdən yaşca çox böyük qadınla münasibətimdən xəbərləri olub”.

    “Vüsalədən şübhələnməyə başladım”

    Teymur Sadıqovun sözlərinə görə, Vüsalə ona ərindən ayrıldığını, həyatında kimsənin olmadığını deyib: “Vüsalənin keçmiş ərinin qohumu Vəfa müalicəsi ilə əlaqədar rayondan Bakıya gələndə bizim yanımızda gecələyirdi. Həmin vaxt mayın ortaları idi. Vəfa Vüsaləyə zəng vuraraq, Talehin onunla danışmaq istədiyini dedi. Mən Talehi əvvəllər tanımamışam, Vüsalə də mənə bu barədə heç nə deməmişdi. Telefonu Vüsalədən alaraq Vəfadan Talehin kim olduğunu soruşdum. Vəfa “qohumumdur, Vüsalənin şəklini telefonda görüb xoşu gəlib, danışmaq istəyir”, – dedi. Bu səbəbdən Vəfaya iradımı bildirdim, Vüsalədən isə şübhələnməyə başladım”.

    “Danışıqların izahatını tələb etdim”

    Teymur Sadıqov qeyd edib ki, bu söhbətdən sonra “Samsung” markalı telefon alıb, internet vasitəsilə danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib və həmin telefonu Vüsaləyə hədiyyə edib: “Vüsalə ev işləri ilə məşğul olarkən ondan xəbərsiz telefona müdaxilə edərək gün ərzindəki bütün danışıqlarını dinləyirdim. Qadının mütəmadi olaraq Vəfa və keçmiş sevgilisi ilə danışdığını, söhbətlərində məni müzakirə etdiklərini, Talehin isə hər dəfə adım çəkiləndə ünvanıma nalayiq sözlər işlətməsini eşitdim. Vüsalənin məni aldatmasından əsəbiləşdim. Bu danışıqların izahatını tələb etdim. Vüsalə cavabında əvvəllər Talehlə görüşdüyünü, sonradan ayrıldıqlarını dedi. Amma Vüsalənin dediklərinə inanmadım”.

    “İş yerinə gəldiyim üçün məni söydü”

    Teymur Sadıqov qeyd edib ki, ertəsi gün rayona – valideynlərinin yanına yollanıb, lakin bir müddət sonra yenidən Vüsalənin yanına qayıdıb: “Telefona qulaq asdıqda rayonda olduğum müddətdə Vüsalənin yenə də Talehlə telefon əlaqəsi saxlamasını, sonuncunun hər dəfə adım çəkildikdə məni söyməsini eşitdim. Baş verənləri qüruruma sığışdırmadım. Talehlə münasibətləri aydınlaşdırmaq məqsədilə onun işlədiyi Respublika Diaqnostika Mərkəzinə getdim. Xəstəxananın həyətində Talehlə görüşdüm. İşlətdiyi ifadələrə görə Taleh məndən üzr istədi, sakit şəkildə ayrıldıq. Elə həmin gün axşam zəng vurub iş yerinə gəldiyimə görə məni söydü, görüşmək istədiyini dedi”.

    “Vüsaləni də, məni də söydü”

    Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Taleh Babazadə ilə Görüşmək istəmədiyini bildirib: “Yenə də zəng vurdu və israrla görüşmək istədiyini dedi. Görüşdən yayınmağı qüruruma sığışdırmayıb getdim. Taleh məni yumruqla vurdu. Yerdən götürdüyüm daşla mən də onu vurdum, əlbəyaxa olduq. Vüsaləni də, məni də söydü. Bıçaqla Talehin sinəsindən vurdum. Onun öldüyünü yəqin etdim. Bıçağı orada atdım. Sonra Vüsaləyə zəng vurdum və Talehi öldürdüyümü dedim”.

    “Qardaşımın Vüsalə ilə münasibətlərindən xəbərim olmayıb”

    Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, qardaşı Tural Babazadə bildirib ki, Taleh Respublika Diaqnostika Mərkəzinin kardioloji şöbəsində sanitar işləyib, Keşlə qəsəbəsində xalasının evində qalıb: “Qardaşımın Vüsalə və ya Teymurla münasibətlərindən xəbərim olmayıb. Bu barədə mənə heç nə deməyib. İyunun 25-də Ramazan bayramına görə rayona getməyi Talehə təklif etdim. Növbədə olduğuna görə gedə bilməyəcəyini dedi. Ona görə mən də kəndə getmədim. İyunun 27-də həmkəndlimiz Elvin zəng vurub Talehin bıçaqlandığını, cəsədinin meyitxanada olduğunu xəbər verdi”.

    12 il cəza

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi apelyasiya şikayəti verib.

    Mərhumun qardaşı Tural Babazadənin imzası ilə yazılan apelyasiya şikayətində göstərilib ki, istintaq orqanı əsassız olaraq hadisənin zərər çəkmiş şəxsin nalayiq ifadələr və ağır söyüşlər işlətməsini konfliktin başlanmasının səbəbi kimi göstərib.

    Zərərçəkmişdən ağır cəza tələbi

    Şikayətçi qeyd edib ki, bundan başqa, məhkəmə Teymur Sadıqova cəza təyin edərkən cəzanı yüngülləşdirən halları düzgün nəzərə almayıb. O, qeyd edib ki, Teymur Sadıqovun məhkəmədəki davranışından onun peşman olması hiss olunmayıb, o, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinə səylər göstərməyib.

    Bununla əlaqədar apelyasiya şikayətinin müəllifi hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş cəza ağırlaşlırılmalıdır.

    Cəza bir qədər də yüngülləşdirildi

    Zərərçəkmiş tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan iclasda zərərçəkmiş tərəfin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

    Hakim kollegiyası zərərçəkmiş tərəfin apelyasiya şikayətini təmin etməyib. Amma birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən şəxsin xeyrinə dəyişdirilib. Məhkəmə Teymur Sadıqovun cəzasını 10 il 6 aya endirib./Publika.az

  • 45 yaşlı kişi 9 yaşlı qızı zorladı — ŞOK ARAŞDIRMA

    9 yaşlı qızı zorlayan Tovuz rayon sakini cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib. 

    Cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən Əhmədov Əhliman Nizami oğlunun may ayının 15-də keçiriləcək məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək. 

    Xatırladaq ki, Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Əhliman Əhmədov Tovuz rayonunda anadan olsa da, yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə köçüb.

    İşdən çıxan kişi 9 yaşlı qızla rastlaşdı

    Paytaxtda tikinti obyeklərində fəhləlik edən Əhliman Əhmədov Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşıb. Elə cinayəti də həmin qəsəbədə törədib.

    İttihama görə, Əhliman Əhmədov gecə saatlarlında işdən çıxanda evlərinə yollanıb. Biləcəri qəsəbəsində 2008-ci il təvəllüdlü Nazlı Qəmbərovanı (ad və soyad şərti verilib – red.) görüb.

    Zorakılıq

    Əhliman Əhmədov Nazlıya saqqız almaq adı ilə orada olan marketin arxasına aparıb. Qaranalıq yerdə Əhliman azyaşlı qıza qarşı zorakılıq edib və paltarını soyundurmaq istəyib.

    Bu zaman Nazlı Əhlimana müqavimət göstərib. Əhliman qızın ağzından yapışıb və səs-küy salmasına imkan verməyib. O, azyaşlını orada olan yarımçıq tikiliyə gətirib.

    Zorlama və hədə-qorxu

    Orada qızı zorla soyunduraraq onunla cinsi əlaqədə olub. O, Nazlı ilə zorla cinsi əlaqədə olandan sonra ona hədə-qorxu gəlib.
    Əhliman Nazlıya baş verən olayla bağlı valideynələrinə və başqa heç kimə deməməsini tapşırıb. Əks halda onun ata və anasını öldürməklə hədələyib.

    Azyaşlıdan şikayət və həbs

    Lakin təcavüzə uğrayan azyaşlı evlərinə gəlib. Qızının bu vəziyyətdə olduğunu görən ondan nə baş verdiyini soruşub. Azyaşlı bir nəfər tərəfindən təcavüzə məruz qaldığını anasına deyib.

    Bundan sonra azyaşlının valideynləri baş verən olayla bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər. Onların şikayəti əsasında azyaşlıya qarşı seksual xarakterli hərəkət edən şəxs qısa müəddətdə müəyyən edilərək həbs edilib.
    Ciddi rejim: 9 il cəza

    Əhliman Əhmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhliman Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

    “Zorlamamışam, əxlaqsız hərəkətlər etmişəm”

    Hökmdən narazı qalan Əhliman Əhmədov apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini istəyib. O, əməlinin Cinayət Məcəllənin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilməsini, həmin maddə ilə islah işləri cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

    Əhliman Əhmədov bildirib ki, azyaşlını yarımçıq tikiliyə aparsa da, onunla təbii, qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. O, bildirib ki, orada azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

    Əsassız şikayət

    Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əhliman Əhmədovun apellyasiya şikayəti əsassız hesab edilib və bu səbəbdən təmin edilməyib.

    Bundan sonra Əhliman Əhmədov eyni tələblə kassasiya şikayəti verib. Onun kassasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

    Ciddi rejimli müəssisədə cəza çəkən məhkumun xahişi

    Ötən ilin sentyabr ayında şikayət hakim Fərhad Kərimovun icraatında araşdırılıb. Hakim kollegiyası kassasiya şikayətini araşdıran zaman 11 saylı ciddi rejimli cəza çəkmə müəssisəsində cəza çəkən Əhliman Əhmədov məhkəməyə məktub ünvanlayıb.

    Əhliman Əhmədov məktububnda göstərib ki, o, kassasiya şikayətinə baxılmasından imtina edir. Hakim kollegiyası onun məktubunu məhkəmə iclasında elan edib.

    Daha sonra hakim kollegiyası məhkumun xahişini nəzərə alıb və kassasiya şikayətini baxılmamış saxlayıb.//olke.az