Category: Kriminal

  • “Xudafərin” MMC-nin vəzifəli şəxsləri özlərini təqsirli bilməyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Xudafərin” MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Anar Məmmədov, Cavid Qurbanov və Emin Gülün CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

    Cinayət işi üzrə 47 nəfər zərərçəkmiş kimi tanınıb, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər 2.000.000 manat pulu aldatma yolu ilə ələ keçirərək, dələduzluq ediblər.

    Qeyd edək ki, ibtidai istintaq mərhələsində onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.

    Məhkəmə prosesində prokuror ittiham aktını elan edib.

    İttihama münasibət bildirən R.Quluzadə və A.Məmmədov özlərini qismən təqsirli biliblər, digər üç nəfər isə özlərini təqsirli hesab etməyiblər.

    Proses mayın 25-də davam etiriləcək.

    Xatırladaq ki, “Xudafərin” MMC “Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

  • Dəhşətli əməllər törədən azərbaycanlı İŞİD-çidən yeni xəbər (FOTO)

    İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü “Abu Cihad” ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az “Publika.az” saytına istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 24-ə təyin olunub.

    Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    İttihama görə, Eldəniz Məmmədov 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub. Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş “Abu Cihad” ləqəbli Eldəniz Məmmədovun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb. Yayılan videogörüntülərdən görünüb ki, Eldəniz Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza verir.

    Xatırladırıq ki, Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstaqram səhifəsinin sahibi olub.

  • “Bacısının döşünə kamera qoymuşdu” – Narkotiklə tutulan iş adamı (VİDEO)

    ARB TV-nin “Rezonans” verilişi bu dəfə Oqtay Quliyevin həbsxana hekayələrini təqdim edib.

    Oqtay Quliyev (cəzası 9 il) 20 il Rusiyada yaşayıb. Onun sözlərinə görə, orada ailəsi ilə birlikdə işləyib, yaşayıb:

    “Orada meşə işi ilə məşğul olurduq. Meşələri qırıb şaxtalara verirdik. Böyük adamlarla söhbətim düşdü, məhkəmə 9 il həbs verdi. 45 qram narkotik maddə ilə tutulmuşam. Həbsdə olan tanışım mənə dedi ki, narkotiki bir adamdan götürüb bacıma verərsən. Sən demə bacısının döşünə kamera qoyublarmış. Narkotiki verəndə də kameraya çəkdilər. Mənim həbs olunmağıma səbəb başqadır. Qoca qonşumuz var idi ölənə yaxın torpağını bizə verdi. Oğlum oranı qazanda kömür çıxdığını bildirdi. Xəbər yayıldı, söhbət böyüdü. Bir dəfə mənə silahlı hücum etdilər. Məni tutdurub, torpağı əlimdən almaq istəyirdilər. Və beləcə istədiklərinə çatdılar, həbs olundum. Bir müddət orada qaldıqdan sonra, Azərbaycana göndərdilər. Həbsdə olarkən valideynlərim vəfat etdi”.

  • Mingəçevirdə ofisə basqın: 70 min manat aparılıb

    Bu il aprelin 30-da DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.

    DİN-dən verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Araşdırmalarla məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən alaraq aradan çıxıblar.

    Faktla əlaqədar cinayət işi başlanılıb.

  • Bakıda vəzifəli şəxsin otağından 500 min manat oğurlayanların FİLM KİMİ ƏMƏLLƏRİ

    “Oğrudan oğruya halaldır” deyib seyfdən 500 min manata yaxın pul oğurlayan dəstə üzvlərindən birinin özünü oğurlayıblar. Üç gün əl-qolu bağlı vəziyyətdə girov saxlayıblar. İndi hər iki tərəf həbsdədir – seyfi aparan da, seyfi aparanı oğurlayanlar da…
     
    Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Abşeron rayonu, Hökməli qəsəbə sakinləri – 37 yaşlı Turab Nağıyev, 38 yaşlı Şahmar Nağıyev və 30 yaşlı Altay Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Virtualaz.org-un xəbərinə görə, adıçəkilən şəxslər Pərviz Quliyevin öz dostları ilə birgə “Odlar Yurdu” Universitetinin prorektoru M.Vəliyevin iş otağından külli miqdarda pul oğurladığını öyrəniblər. Həmin pulları ələ keçirmək məqsədilə Pərviz Quliyevə (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib – red.) zəng vuraraq, prorektorun seyfininin yağmalanmasından xəbərdar olduqlarını bildiriblər. Əgər onların payını çatdırmazsa, pulları bölməzsə, bu haqda polisə məlumat verəcəkləri ilə hədələyiblər. P.Quliyev tələbləri rədd etdikdə isə bir neçə dəfə onun yaşadığı evə gedərək ailə üzvlərinə “Pərvizə deyin, yanıma gəlsin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam” deməklə hədələyiblər.
     
     
    Ötən il martın 13-də Nağıyev qardaşları Pərvizin Novxanı qəsəbəsindəki “Qızılqum” kafesində olduğunu öyrənib oraya yollanıblar. Kafedən çıxan Pərvizin qarşısını kəsib onu zorla Altay Əliyevin idarə etdiyi avtomobilə oturdublar, Hökməli qəsəbəsinə aparıb orada döyüblər, əldə etdiyi pulu onlarla bölməsini tələb ediblər. Üç gün qəsəbədə saxlayıblar, nəhayət, P.Quliyevdən 18 min manat qopara biliblər.
    Təqsirləndirilən Şahmar Nağıyev ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində Pərvizlə əvvəllər qonşu olduqlarını, aralarında ədavət, düşmənçilik olmadığını göstərib: “Məhəlləyə gələn polislərdən Pərvizin bacısı oğlu Həzrətin (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib – red.) bir neçə nəfərlə birgə Nərimanov ərazisində oğurluq etdiklərini eşitmişdim. Amma nə qədər pul oğurladıqlarını, Pərvizin harada olmasını və Turabla aralarındakı söhbətlərdən xəbərim olmayıb. Pərvizi döyməmişəm, ona xəsarət yetirməmişəm, pul tələb etməmişəm. Turabla Altayın onu döymələrindən, pul tələb etmələrindən xəbərim olmayıb, görməmişəm”.
     
     
    Təqsirləndirilən Altay Əliyev ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Pərvizin bir neçə ildir ki, Hökməli qəsəbəsinə köçdüyünü, aralarında normal münasibət olduğunu göstərib:”Şahmar Nağıyev bacımın həyat yoldaşıdır. Pərvizgilin oğurluqları haqda eşitmişsəm də, harada olduğunu bilməmişəm. Pərvizi oğurlamamışam, döyməmişəm, heç bir söhbətdən xəbərim yoxdur”.
    Təqsirləndirilən Turab Nağıyev də eyni məzmunlu ifadə verib və Pərvizi oğrlanmasında və yaxud döyülməsində əli olmadığını göstərib.
    Zərərçəkmiş Pərviz Quliyev ifadəsində göstərib ki, 9 yanvar 2016-cı ildə Vüqar Vəliyev, Həzrət Məmmədov və Ramil Abbasovla birgə “Orlar Yurdu” Universitetindən 500 min manata yaxın pul oğurluğu faktına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. “Məşədi Turab” kimi tanınan Turab Nağıyevlə münasibəti həmişə yaxşı olub. Hətta bir ara Hökməli qəsəbəsində Turaba məxsus çayxananı icarəyə götürüb işlədib.
     
    P.Quliyevin ifadəsinə görə, sözügedən oğurluq hadisəsini törətdikdən sonra Ramil və Həzrətlə birlikdə gizlənmək üçün Qax rayonuna gedib istirahət mərkəzlərinin birində qalıblar. Bir neçə gün sonra Həzrətin dayısı “Məşədi Turab”zəng vurub polislərin onları axtardıqlarını söyləyib. “Siz universitetdən yarım milyon pul aparmısınız, mən polislərin qabağına çıxmışam, onlara qonaqlıq vermişəm, bu məsələni həll etməliyəm, ona görə toplaşıb mənə də pul verməlisiniz”, – deyib. Həzrət dayısının sözlərini dostlarına çatdırsa da, öz aralarında Turaba bir manat da verməmək qərarına gəliblər. Bundan sonra Bakıya geri qayıdıblar: “Həzrətgildən ayrılıb Masazıra getdim. Müvəqqəti gizlənmək üçün orada kirayə ev tutdum, Həzrətlə də, Ramillə də əlaqəni kəsdim. Oğurluqdan əldə etdiyim pulla özümə 40 min manata kreditlə ikiotaqlı mənzil alıb təmir etdirməyə başladım”.
     
    Bir qədər keçdikdən sonra P.Quliyev onunla birgə cinayət törədənlərin yaxalandıqlarını eşidib və müxtəlif ünvanlarda gizlənib. Gizli nömrədən ailə üzvləri ilə əlaqə saxladıqda anası ona “Məşədi Turab”ın qorxusundan evdən çölə çıxa bilmədiklərini deyib: “Anam dedi ki, “Məşədi Turab” gecə-gündüz evimizə gəlib bizi hədələyir, sənin yerini soruşur, deyir Pərvizə çatdırın ki, mütləq mənə pul versin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam. Turabın məndən pul tələb etdiyini başa düşüb ondan da gizlənməyə başladım. 13 mart 2016-cı ildə “Qızılqum” kafesində oturub çay işərkən qəflətən Turab içəri girib “dur gedək, səninlə işim var” dedi. Heç nə deməyib onunla getdim. Çöldə Turabın qaynı Altay maşınla dayanmışdı. Turabla Altay məni zorla maşına mindirdilər”.
     
    P.Quliyev ifadəsində göstərib ki, onu Turaba məxsus çayxanaya gətirib üç gün əli-qolu bağlı vəziyyətdə saxlayıblar, döyüb-incidiblər, mobil telefonunu sındırıblar, seyfin oğurlanması zamanı payına düşən pulu onlara verməyi tələb ediblər: “Bir qədər sonra Turabın qardaşı Şahmar da gəldi. Yenidən məni döyməyə başladılar, pulu harada gizlətdiyimi soruşdular. Dedim pulu xərcləmişəm, özümə ev almışam. Artıq əzablara dözməyib, məcbur olub Turabın telefonu ilə tanış maklerə zəng vurdum, çətin vəziyyətə düşdüyümü dedim, evi ucuz qiymətə satmağını xahiş etdim. Üç gün ərzində makler evi 15 min manata və 2 maşına satdı. Pulu tanışım Raminin vasitəsilə Hökməlidəki beton yolun kənarına gətirib mənə verildi. Həmin yerə Altayın maşını ilə getdik. Turab maşından düşüb kənarda mənə nazarət etdi. Pulu götürüb hamısını Turaba verdim. Bundan sonra məni azadlığa buraxdılar. Turabgil üç gün məni çayxanada əl-qolu bağlı vəziyyətdə saxladılar. Makler zəng vurub evi tezliklə satıb pulu gətirəcəyini deyənə qədər döydülər”.
    Məhkəmə prosesində isə P.Quliyev təqsirləndirilən şəxslərin onu oğurlamadıqlarını, ittihamda yazılanların doğru olmadığını deyib.
    Məhkəmənin hökmü ilə Turab Nağıyev 11 il, Altay Əliyev 10 il, Şahmar Nağıyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunublar.

  • Həkim qadın məhəllə sakinləri ilə birlikdə qulduru mühasirəyə alaraq tutdu

    Hədəfi yalnız qadınlar olub, kişiləri soymaq ağlının ucundan belə keçməyib. Günün günorta çağı, hamının gözü qarşısında qurbanlarına hücum çəkib, onları soymağa imkan tapıb. Nə münasib yer seçib, nə də havanın qaralmasını gözləyib. Bəzilərinə “bağışlayın, buna ehtiyacım var” deməklə özünü “sığortalamağı”da unutmayıb…

    Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Qazaxıstan Respublikası vətəndaşı, 33 yaşlı Alı Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Alı Tağıyev ilk cinayətə ötən il mayın 30-da Yeni Yasamalda “imza atıb”. İlk qurbanı Fidan Süleymanova olub. Qadının boynundakı qızıl boyunbağını dartıb qoparan A.Tağıyev əldə etdiyi mənfəəti elə həmin gün “əridə” bilib. Bir-birinin ardınca Nailə Məmmədova, Aynur Əvəzova, Ülviyyə Məmmədova, Dilarə Qəniyeva və Ülkər Rəhimova da eyni üsulla qarət ediliblər.

    Təqsirləndirilən Alı Tağıyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində adını sonradan bildiyi Fidan Süleymanovanın boynundakı boyunbağı və medalyonun diqqətini cəlb etdiyini göstərib: “Həmin qadının “Qismət” şadlıq evinin qarşısında tək getdiyini görüb yaxınlaşdım. Boynundakı boyunbağını medalyonla birgə qoparıb qaçdım. “İnşaatçılar” metrosunun yaxınlığında tanımadığım bir nəfərə 200 manata satdım. Pulu şəxsi ehtiyaclarıma xərclədim”.

    İlk cinayəti “uğurla” başa vuran Alı Tağıyev iki gün sonra təkrar “ova” çıxıb. Bu dəfə Ayna Sultanovanın heykəli ilə “Karl Marks dairəsi” arasındakı keçidin girişində gözü Nailə Məmmədovanın boyunbağısına sataşıb. Eskalatorla piyada keçidinə qalxıb, ətrafda başqa şəxslər olmasına baxmayaraq, arxadan yaxınlaşaraq qadını keçidin şüşəli divarına sıxışdıraraq yerə yıxıb, müqavimət göstərməsinə baxmayaraq, boyunbağını qopara bilib. Əldə etdiyi qəniməti “28 May” metro stansiyasının yaxınlığında tanımadığı şəxsə “təcili pula ehtiyacım var, boyunbağı ailə üzvlərimə məxsusdur” deməklə sata bilib.

    Qadınları gözdən-könüldən iraq, səssiz-səmirsiz talamağın ən asan yol olduğunu zənn edən Alı Tağıyev bu dəfə daha irəli gedib. O, növbəti qurbanını nəinki soyub, onu bıçaqla vuracağı ilə hədələyib: “Səhər saatları idi. “20 Yanvar” metro stansiyasının çıxışında bir qadının metrodan çıxıb şəhər istiqamətinə tərəf getdiyini görüb onun arxasınca düşdüm. Ətrafda kimsə olmadığı üçün qəfil ona yaxınlaşaraq boyunbağını qırdım. Aynur adlı qadına dedim ki, buna çox ehtiyacım var, səsini çıxarma, qışqırsan səni vuraram. Həmin boyunbağını 40 manata sata bildim”.

    Soyğuna məruz qalanlardan biri də Qızılgül Mustafayeva və onun qohumu Ülviyyə Məmmədova olub. Binanın giriş qapısının şifrəsini yığıb bloka daxil olan qadınlar arxada bir nəfərin dayandığını görsələr də, əhəmiyyət verməyiblər: “Arxamızca bloka daxil oldu. Başında idman papağı vardı. Yuxarıdakı mənzillərdə təmir gedirdi deyə elə bildim ki, orada işləyənlərdəndir. Liftin qapısı açılanda bizimlə birgə qəfil içəri girdi. Sonra üzünü mənə tutaraq “bibi, məni bağışla, vəziyyətim elə də yaxşı deyil” deyib, boyunbağımı qırdı. Bıçağı Ülviyyəyə sarı tutdu, qorxub qışqırdıq. Liftin düyməsini basdım. Qapı açılan kimi həmin adam yerə yıxıldı. Sonra tez qaçıb binadan çıxdı. Boyunbağım qırılsa da, paltarıma ilişib qalmışdı, apara bilməmişdi. Bizə xəsarət yetirməyib, şikayətçi deyilik”.

    Paytaxtdakı uşaq poliklinikalarından birində həkim işləyən Ülkər Rəhimova səhər saatlarında işə yollanarkən “Star” mağazasının qarşısında Alı Tağıyevin hücumuna məruz qalıb. A.Tağıyev qəflətən pediatra yaxınlaşaraq əli ilə boyunbağını və kulonu qoparıb, tez-tələsik içəri məhəlləyə keçib. Ü.Rəhimova qışqıraraq onun arxasınca qaçıb. Məhəllədəkilər də qadına qoşularaq Alını tutmaq istəyiblər. İçəri məhəllədə Alı gözdən itərək binaların birində gizlənib: “Onun harada gizləndiyini dəqiq bilmədik. Tanımadığım adamlarla məhəllədə bir qədər gözlədik. Binadan çıxıb bir neçə addım getdikdən sonra qaçmağa başladı. Papağını çıxartmasına, paltarlarını dəyişməsinə baxmayaraq tanıya bildim. Məhəllə sakinləri ilə birgə onu mühasirəyə alıb yaxaladıq. Yalvarıb üzür istədi, boyunbağını da, kulonu da qaytardı. Al Tağiyevə qarşı şikayətim və tələbim yoxdur”.

    Məhkəmənin hökmü ilə Alı Tağıyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. //Virtualaz.org

  • Gədəbəyin sabiq icra başçısı həbs edildi

    Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli həbs edilib.

    Bu barədə “Report”a S.Rüstəmovun qardaşı Taleh Rüstəmov məlumat verib.

    O bildirib ki, tutulan şəxslər barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib: “Saleh Rüstəmov Rusiya vətəndaşıdır, orada yaşayır, Azərbaycana qonaq gəlmişdi. Şəmkirdə saxlanılaraq barəsində həbs qərarı çıxarıldı. Vidadi Rüstəmli isə Bakıda saxlanılıb. Onların həbsinin səbəbləri bizə bəlli deyil”.

    Qeyd edək ki, Saleh rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Haimiyyətinin başçısı olub.

  • Bir gündə iki rayonda qətl törətdi – YENİLƏNİB

    Sabirabad və Saatlı rayonlarında iki nəfərin qətlə yetirilməsinin səbəbi açıqlanıb.

    Median.Az-ın “Report”a istinadən xəbər verir ki, qətlə səbəb Teymur Sadıqov və Kamran Yaqubovun Firqət Əliyevi söyməsi olub.

    * * * * *

    Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.

    Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.

    Hər iki qətli Əliyev Dilqəm Əliabbas oğlunun törətdiyi bildirilir.

    Fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır.

  • Gəncə sakinində heroin və psixotrop maddələr aşkarlanıb

    Mayın 11-də Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2.304 qram artıq narkotik vasitə və xeyli sayda psixotrop maddə olan həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    DİN Mətbuat Xidmətindən oxu.az-a verilən məlumata görə, mayın 11-də Gəncə BPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İlkin Orucov saxlanılıb.

    Əvvəllər məhkum olunmuş İlkin Orucov saxlanılarkən üzərindən 2.304 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan güclü psixotrop təsirə malik olan 105 ədəd 50 mq-lıq “Tramadol” həbləri, 10 ədəd 200 mq-lıq “Tramadol” həbləri və yeddi ədəd 300 mq-lıq “Lirika” həbləri aşkarlanıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

  • Fırıldaqçı maşın alverçisi həbs edildi – İNSANLARI BELƏ ALDADIB

    Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vuran rayonun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin Cavadov saxlanılıb.

    DİN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu şəxs rayonun Yeyənkənd kəndində avtomobil almaq adı ilə Kamal Xəlilovdan ayrı-ayrı vaxtlarda 48.000 manat alaraq mənimsəyib. Eyni zamanda, onun Kənan Şirxanlı adlı bir nəfərdən də eyni üsulla 13.000 manat alması məlum olub. İstintaq tədbirləri ilə müəyyən edilib ki, Emin Cavadov ayrı-ayrı vaxtlarda 4 şəxsin pulunu mənimsəyib və həmin vətəndaşlara ümumilikdə 53 000 manatdan artıq maddi zərər vurub.

    Bundan başqa, E.Cavadov daha 3 nəfərin də etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etdiyi və külli miqdarda zərər vurduğu müəyyən edilib.

    Saxlanılaraq istintaqa təhvil verilən E.Cavadov törətdiyi dələduzluq əməllərini etiraf edib.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.