Category: Kriminal

  • General oğlunun cinayət işində müəmma: videogörüntüləri kim gizlədib?

    Avtobus sürücüsünü döyən general oğlu yenidən məhkəmə önünə çıxarılıb.

    Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov aldığı cəzadan narazı qalıb. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən general oğlu apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

    Məhkəmə prosesində için istintaqını aparan müstəntiq Məhəmməd Tağıyev şahid qismində dindirilib. O, vəkillərin suallarını cavablandırıb. Müstəntiq bildirib ki, şahidlərin dindirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməyib: “Onlara hüquqları izah edilir. İfadələrini oxuyandan sonra imza atıblar. Şahidlər bizə nə ifadə veribsə, biz də o cür onları yazmışıq”.

    General oğlunun vəkili Kamandar Nəsibov bildirib ki, bəzi şahidlər latın əlifbasını bilmədiklərini deyirlər: “Onlar latın qrafikasını bilməyə-bilməyə necə oxutdurmusuz?” Müstəntiq cavab verib ki, şahidlərə ifadələri oxunub və elan edilib: “İlkin istintaq zamanı insanlar bir-birinə qarşı aqressiv olurlar, hər şeyi danışırlar. Hətta onlar ilkin məlumatlarda silah olduğunu desələr də, sonradan bundan imtana ediblər. Mən yenə də qeyd edirəm ki, şahidlərin heç bir hüququ pozulmayıb. Nə danışıblarsa, yazılıb”.
    Məhkəmədə şahidlərin ifadələri elan edib. Müstəntiq onu da qeyd edib ki, hadisə ilə bağlı videogörüntülərlə bağlı sorğu verilsə də, həmin görüntülər əldə edilməyib: “Hadisə baş verən gün sorğu verdim. 1 həftə istintaqı apardıqdan sonra o iş başqa bir müstəntiqə həvalə edilib”.

    Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə mayın 24-ə təyin edilib.
    Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olublar. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə onlar məhkəmə zalında həbs ediliblər. Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatçılığına səbəb olub. O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

    Məlumata görə, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bu hadisədən sonra R.Orucovun atası general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

    //Musavat.com

  • Azərbaycanda əməliyyat – Polis yaralandı

    Tovuzda polis əməkdaşı əməliyyat zamanı xəsarət alıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayon ərazisində aparılan əməliyyat tədbiri zamanı baş verib.

    Polis əməkdaşları qanunsuz odun daşıyan yük avtomobilini saxlamaq məqsədi ilə tədbir həyata keçiriblər. Maşında olan şəxslər avtomobilə daxil olan Qovlar Polis Bölməsinin əməkdaşı, 1986-cı il təvəllüdlü Həsənov Namin Mehman oğlunu yerə itələyiblər. Müxtəlif bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Sumqayıt sakini avtomobilində qətlə yetirilib

    Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi “Mercedes” markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • “Facebook”da bacısı ilə tanış olan oğlanı öldürənin cəzası dəyişmədi – FOTO

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Mirismayıl Hüseynovun (1999-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkum edilməsinə dair hökmdən verilmiş apellyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.

    2016-cı il dekabrın 14-də, saat 15:00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun “Memar Əcəmi” stansiyasının qarşısında Ələkbər Muxtarov (1995-ci il təv.) naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

    Hadisə yerinə Nəsimi RPİ 19-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu cəlb olunub. Təxminən iki saatdan sonra Mirismayıl Hüseynov könüllü polis idarəsinə gedərək təslim olub.

    O, ifadəsində həmin şəxsin “Facebook” sosial şəbəkəsində 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu cinayəti törətdiyini bildirib.

    Araşdırma zamanı məlum olub ki, Hüseynov Bakı Biznes Kollecinin 1-ci kurs tələbəsi olub. Valideynləri boşanıb, o, atası ilə Bakıda, bacısı isə anası ilə İmişli rayonunda yaşayıb. Həmin gün Mirismayıl bacısının telefon nömrəsindən Ələkbərə zəng edib və onunla görüşmək istədiyini deyib.

    Əsgərlikdən yeni gələn Muxtarov “Memar Əcəmi” metrostansiyasının qarşısına gələcəyini deyib. Orada onlar arasında mübahisə yaranıb və Hüseynov üzərindəki bıçaqla Ələkbərə ağır xəsarət yetirib.

    Məhkəmə prosesində Mirismayıl Hüseynov ittiham üzrə özünü qismən təqsirli bilərək, Ələkbər Muxtarovu öldürmək niyyətinin olmadığını qeyd edib. Onunla söhbət etmək istəyib.Təqsirləndirilən şəxs mərhumun anasından üzr istəyərək, əməlindən peşman olduğunu bildirib.

    Zərərçəkmişin hüquqi varisi Ülviyyə Məcidova bildirib ki, oğlunun ölüm xəbərini polisdən xəbər veriblər. Həmin gün o, dostları ilə görüşmək üçün evdən çıxıb:

    “Mübahisənin səbəbi haqda heç nə bilmirəm. Ələkbər əsgərlikdən tezə gəlmişdi və şirkətdə mühafizəçi işləyirdi” .

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, M.Hüseynova ağır cəza təyin edilməsini xahiş edib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, protesti təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb./oxu.az


  • Habil Vəliyevə hökm oxunub

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az “Report”a istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Habil Vəliyevin daha bir vəkili – Zaur İbadov müdafiə çıxışı edib.

    Vəkil Habil Vəliyev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

    H.Vəliyev məhkəmədən xahiş edib ki, üzərinə həbs qoyulan əmlakları ailəsinə qaytarılsın.

    Məhkəmə hökmü qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən hökmə əsasən H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

    Cinayət işi üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli və digərlərinin barəsində aparılan ibtidai istintaq başa çatıb. Həmin cinayət işi H.Vəliyevlə bağlı cinayət işindən ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

  • Arvadını vəhşicəsinə döydü, maşınla dəfələrlə üstündən keçdi – Azərbaycanda

    Şəmkir rayonunda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    2012-ci il sentyabrın 25-də Şəmkir rayonunun Şiştəpə kənd sakini Niyaməddin Məmmədov həyat yoldaşı Bəsdini döyüb və idarə etdiyi “Mazda” markalı avtomaşınla onun üstündən keçib.

    Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib. Hadisə baş verən günü saat 23.30-da Niyaməddin Məmmədov Şiştəpə kəndindəki evinin həyətində həyat yoldaşını maşına mindirərək çıxıb.

    O, planlaşdırdığı cinayətin uşaqların gözü qarşısında baş verməsini istəməyib və özünə məxsus “Mazda” markalı avtomobili kənddən 1 kilometr uzağa sürüb. Burada Niyaməddin Məmmədov maşını saxlayıb və həyat yoldaşını düşürərək onu yumruq-təpiklə döyməyə başlayıb. Bəsdi Məmmədovanı huşsuz vəziyyətə saldıqdan sonra isə maşınla dəfələrlə onun üstündən keçib.

    Niyaməddin Məmmədov arvadını amansızlıqla öldürdükdən sonra onun meyitini maşına qoyub və Şəmkir şəhər Mərkəzi Xəstəxanasına gətirib. Burada o, meyiti xəstəxananın morquna təhvil verib. Daha sonra isə Niyaməddin Məmmədov rayon polis şöbəsinə gələrək təslim olub.

    İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2013-cü il tarixli hökmü ilə Niyaməddin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Niyaməddin Məmmədovun vəkili apelyasiya şikayəti verib.

    Gəncə Apelyasiya Məhkəməsində hakim Rəşid Məhərrəmlinin sədrliyi ilə araşdırma aparılan zaman Niyaməddin Məmmədovun psixi xəstəlikdən əziyyət çəkdiyi ortaya çıxıb.

    Məhkəmə kollegiyasının 21 avqust 2014-cü il tarixli qərarı ilə Niyaməddin Məmmədov cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulub. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 21.3 və 95.0.3-cü maddələri tətbiq edilib, İxtisaslaşdırılmış Psixiatriya Stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin olunub. Niyaməddin Məmmədov sağalanadək cinayət işi üzrə icraat dayandırılıb.

    Bundan sonra Sabunçu rayon Məhkəməsinin 2 iyun 2015-ci il tarixli qərarı ilə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixatriya Xəstəxanasının təqdimatı təmin edilib.

    Məhkəmə Respublika Psizatriya Xəstəxanasının ixtisaslaşdırılmış psixiatriya stasionarında Niyaməddin Məmmədov məcburi müalicəsini davam etdirmək üçün Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicəyə keçirilib.

    Həmin ilin noyabrın 13-də isə Sabunçu rayon Məhkəməsinin qərarı ilə Niyaməddin Məmmədovun ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin müddəti uzadılıb.

    Daha sonra Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanası 28 mart 2016-cı il tarixli təqdimatla məhkəməyə müraciət edib. Təqdimatda Niyaməddin Məmmədovun ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növünün dəyişdirilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsinə dair qərar qəbul edilməsi xahiş edilib.

    Həmin ilin iyunun 24-də Sabunçu rayon Məhkəməsi qərar qəbul edib. Niyaməddin Məmmədovun barəsində təyin edilmiş Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicə növü dəyişdirilib. O, məcburi Ambulatoriya Müşahidəsi və Psixiatr müalicəsinə keçirilib.

    Bu qərardan prokurorluq narazı qalıb. Prokuror İltifat Hüseynovun imzası ilə protest verilib. Prokuror şikayətində Niyaməddin Məmmədovun barəsində təyin edilmiş məcburi müalicənin ləğv edilməsini, onun barəsində ittihamedici hökmün çıxarılmasını, cəzasını çəkməsi üçün cəza çəkmə müəssisəsinə göndərilməsini istəyib.

    Eyni tələblə zərərçəkmiş Bəsdi Məmmədovanın hüquqi varisi, anası Çimnaz Hacıyeva apelyasiya şikayəti verib.

    Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada prokurorun protesti və zərərçəkmiş tərəfin şikayəti üzrə araşdırma aparılıb. Hakim heyəti tərəflərin şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

    Qərardan narazı qalan prokuror kasasiya protesti, zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Prokuror Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsini istəyib.

    Tərəflərin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. Qərara görə, prokurorun kasasiya protesti, zərərçəkmiş tərəfin isə kasasiya şikayəti təmin olunmayıb.(Publika.az)

  • Bakıda qaynata məhbus kürəkəninə heroin apararkən saxlanıldı

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb.

    Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Baku.ws-ə verilən məlumat görə, Xaçmaz rayon sakini Məmməd Alı oğlu İmamquliyev saxlanılıb.

    Belə ki, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Fətullayev Məhəmməd Hüseyn oğluna qaynatası Xaçmaz rayon sakini İmamquliyev Məmməd Alı oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan şalvarın cibində gizlədilən sellofan bükülüdə 0,063 qram heroin aşkar edilib.

    Həyata keçirilən daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.1; 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 181.3.2; 66.3; 67.1 və 317.2.1-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Şahbazov Elməddin Aləddin oğluna xalası oğlu Salyan şəhər sakini Zamanov Soltan Nobil oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatda olan plastmas yağ qabının içində xüsusi üsulla gizlədilən 1 ədəd Nokia, 1 ədəd Samsung markalı mobil telefon aparatları və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

    Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Xanbabayev Zamin İsmət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Xaçmaz rayon sakini Xanbabayev Məhəmməd İsmət oğlunun əşyalarına və üzrəinə baxış keçirilən zaman şalvarının cibindən daxilində danışıq kartı olan 1 ədəd Nokia markalı mobil telefon aparatı aşkar edilib.

    Hər üç faktla bağlı araşdırma aparılır.

  • Piyadanı vurub qaçan sürücü həbs edildi

    Mayın 5-də Bakı şəhər sakini Aynurə Məmmədovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

    DİN-dən verilən məlumat agörə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Buzovna qəsəbə sakini olan piyadanın həmin gün saat 20:00 radələrində qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.

    Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

    Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Şağan qəsəbə sakini Fərhad Cəbrayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Toyda yeyib içdi, meyiti zirzəmidən çıxdı – DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

    Lənkəran rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. 

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bu ilin 19 mart tarixindən itkin düşən şəxs kimi axtarışa verilmiş Lerik sakini, 1979-cu il təvəllüdlü Babayev Mirisaq Yadulla oğlunun ondan 2 gün əvvəl öldürüldüyü məlum olub.

    Araşdırmalar zamanı məlum olub ki, M.Babayev martın 16-da həyat yoldaşını Masallıya həkimə aparıb. O, daha sonra Lənkərana bacısı oğlunun toyuna gedib və burada yeyib-içib. Sərxoş vəziyyətdə Lənkəranın Sütəmurdov kəndindəki şadlıq evini tərk edən kişi taksi saxlatdırıb və onu kafeyə aparmasını deyib. Taksi sürücüsü onu restorana aparıb. Bu zaman Mirisaq Babayev tək yeyib-içmək istəmədiyini deyib. Sürücü zəng edərək dostu, 44 yaşlı Tələt Dadaşovu məclisə dəvət edib. Onlar birlikdə yeyib-içiblər və bu zaman təsadüfən tanış olduğu şəxslər M.Babayevin cibində 2 min manata pul olduğunu biliblər. Bundan sonra T.Dadaşov ağır dərəcəli sərxoş olan Lerik sakinini özünün Aşağı Nüvədi kəndindəki evinə aparıb. Ailə üzvlərinin evdə olmamasından istifadə edən T.Dadaşov küt alətlə Mirisanın başına zərbələr vuraraq öldürüb. Onun cibindəki pulları götürən Tələt daha sonra zirzəmidə qəbir qazaraq meyiti basdırıb.

    Artıq M.Babayevin meyiti eksqumasiya edilib. Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub. Araşdırma aparılır.

  • Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edildi – DTX, Baş Prokurorluq, DGK-dan birgə açıqlama

    Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri birgə məlumat yayıb

    Açıqlamada deyilir:

    Səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

    Son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və  keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi, bəzi vəzifəli şəxslərin qeyd olunan qanunsuzluqlara şərait yaratması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olmuş, hüquq mühafizə orqanları tərəfindən görülən ardıcıl tədbirlərdən belə şəxslərin nəticə çıxarmaması qeydiyyatsız dərman vasitələrinin qanunsuz idxalının qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir

    30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunmuşdur. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılmışdır. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülmüşdür. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılmışdır.

    İlkin istintaqla müəyyən edilmişdir ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil etmişlər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin  25 %-i dəyərində haqq almış, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin etmişlər. 

    Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülmüşlər.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.