Category: Kriminal

  • Üç manata görə qadını öldürən şəxs danışdı – VİDEO

    Fevralın 27-si, saat 03:00 radələrində Gəncə şəhəri Nəriman Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, alov söndürüldükdən sonra içəridən ev sahibi Natella Katiblinin yanmış meyiti tapılıb.

    Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı mərhumun boğaz nahiyəsində kəsik olduğu, qabırğalarının isə sındığı müəyyən edilib.

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının tamah məqsədilə boğularaq öldürüldüyü, sonradan evinin yandırıldığı müəyyən edilib.

    Görülmüş tədbirlərlə mərhumun qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Elçin Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

    “Üç manat istədim, dedi, yoxumdur. Məni söyüb, qovmaq istəyəndə, mən də girdim evə. İçkili idim, vurdum, yıxıldı. Bir də dedim, üç manat ver, yenə dedi, yoxumdur, söydü məni. Gördüm ki, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün”, – saxlanılan Elçin Mustafayev bildirib.

    Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra fantaziyasını işə salıb. O, evi yandırmaqla iz itirmək istəyib.

    “Elçin Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparıb, lakin hər hansı bir qiymətli əşya və pul tapmayıb. Mərhumun mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırmaqla mənzili tərk edib”, – Gəncə Şəhər Prokurorluğunun böyük müstəntiqi Tural Məmmədov qeyd edib.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

  • Keçmiş məhkumdan yeddi kiloqram narkotik götürülüb – FOTO

    Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

    DİN-nin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi Səmədov saxlanılıb.

    Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman iki qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq V.Səmədovun yaşadığı evə baxış keçirilən zaman əlavə olaraq orada gizlətdiyi 3 kiloqram 30 qram heroin və 4 kiloqram 20 qram marixuana aşkar olunub. Saxlanılan şəxs ilkin ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.


  • Bakıda gənc oğlan özünə 14 bıçaq zərbəsi vurub

    Yasamal rayonunda 24 yaşlı oğlan intihara cəhd edib.

    “Report”un xəbərinə görə, hadisə metronun “Nizami” stansiyasının yaxınlığında baş verib .

    1994-cü il təvəllüdlü Məhərrəmov Lətif Zülfü oğlu hələlik məlum olmayan səbəblərdən inthar etmək istəyib. O, küçədə qarın boşluğuna 14 bıçaq zərbəsi vuraraq özünü öldürməyə çalışıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

  • Gəncədə qadını evində öldürərək yandıran şəxs tutulub

    Fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb.

    Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub.

  • Azərbaycan sərhədini pozan Suriya vətəndaşı saxlanılıb – FOTO

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

    DSX-dən oxu.az-a verilən məlumata görə, 7 mart tarixində Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarətsiz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

    Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaq-doldurma məntəqəsinin yaxınlığında saxlanılıb. Onun 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.


  • 2 uşaq anası bara getdi, gecə yarısına kimi əyləndi, sonra oğlanla… – Bakıda ŞOK OLAY

    Gecə barında qanlı cinayət törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Günay Süleymanova 2015-ci ilin iyulun 13-də Səbail rayonu, Xəqani küçəsində yerləşən “Troya” gecə barına əylənməyə gəlib.

    Gecə barında tanışlıq təklifi

    Günay Süleymanova həmin gün gecə yarısına kimi gecə barında əylənib. Ona barında olan Emin Loğmanov bir neçə dəfə yaxınlaşaraq, tanış olmaq istədiyini bildirib.

    Lakin Günay Süleymanova Emin Loğmanovla tanış olmaq istəmədiyini deyib. İyulun 14-də, gecə saat 02-03 radələrində Emin Loğmanov yenidən Günay Süleymanovaya yaxınlaşaraq tanışlıq təklif edib.

    Biri xəstəxanalıq, digəri həbsxanalıq oldu

    Günay Süleymanova Emin Loğmanovun ondan əl çəkməməsinə əsəbiləşib. O, stolun üstündən götürdüyü pivə qədəhini onun alın nahiyəsinə çırpıb. Zərbənin təsirindən Emin Loğmanov sol gözündən kor olub.

    Emin Loğmanov xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Polisin keçirdiyi əməliyyat nəticəsində Günay Süleymanova həbs edilib.

    Günay Süleymanova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham olunub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    “Qulağıma tanış olmaq istədiyini dedi”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Günay Süleymanova bildirib ki, 14 iyul 2015-ci ildə, saat 01.30-da xalası qızı Esmira ilə birlikdə əylənmək üçün Səbail rayonu ərazisində yerləşən “Troya” gecə barında gedib: “Biz masaların birində oturaraq pivə sifariş etdik. Həmin vaxtı sonradan adının Emin olduğunu öyrəndiyim şəxs mənə yaxınlaşaraq qulağıma tanış olmaq, telefon nömrəsini və yanımda oturmaq istədiyini dedi. Ona yanımda oturmağa icazə vermədim. Məni narahat etməməsini bildirdim”.

    “Onu məndən uzaqlaşdırdılar”

    Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 5 dəqiqə sonra Emin yenidən onların masalarına yaxınlaşıb və yenə onunla tanış olmaq istədiyini deyəndə, bir daha Eminə onunla tanış olmaq istəmədiyini deyib: “Lakin, Emin yanımdan uzaqlaşmadığı üçün ayağa qalxaraq onu itələdim. Həmin vaxt tanımadığım müştərilər Emini məndən uzaqlaşdırdılar”.

    “Bizi gecə barın sahibi saxladı”

    Günay Süleymanovanın sözlərinə görə, sonra Emin zalın ortasına gedib və rəqs etməyə başlayıb: “Biz isə oturduğumuz masadan durduq və həmin masanın yanında olan digər masaya keçdik. Təxminən 5 dəqiqə sonra Emin yenidən bizim olduğumuz masaya tərəf gəldi. Onun məni vuracağını ehtimal edərək masanın üstündəki pivə bakalını içində olan pivəni Esmiranın bakalına boşaltdım. Həmin boş bakalı götürərək Eminə tərəf getdim. Əvvəlcə Eminin sinəsindən əlimlə itələdim. Sonra pivə bakalını Eminin sol alın nahiyəsinə çırpdım. Pivə bakalı sındı və Emin xəsarət alaraq sanitar qovşağına getdi. Biz gecə barın tərk etmək istəyərkən barın sahibi məni saxladı. Az sonra polis əməkdaşları hadisə yerinə gəldi. Məni 39-cu polis bölməsinə apardılar”.

    “Eminin hərəkətlərindən əsəbiləşmişəm”

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, Emin ona bar qızı olduğunu, onunla cinsi əlaqədə olmaq istədiyini deyib: “Emin yaxınlaşanda məni vurmaq istədiyini düşünmüşəm. Ona görə də özümü müdafiə etmək məqsədilə Emini vuraraq xəsarət yetirmişəm. Emin hər dəfə qulağıma söz deyərkən saçlarımdan tutaraq danışdığından əsəbiləşmişəm”.

    “Qızdan xoşum gəldiyini dedim”

    Zərərçəkmiş şəxs qismində ifadə verən Emin Loğmanov bildirib ki, iyulun 14-də saat 01-də dostları – Orxan Əmiraslanlı və Elnur Məmmədov ilə birlikdə əylənmək üçün “Troya” gecə barına gəliblər: “Səhnəyə yaxın masaların birində oturaraq iki şüşə pivə sifariş etdik. Pivə içib rəqs etdikdən sonra saat 01.40-da səhnənin qarşı tərəfində iki nəfər qızın bir masada oturduğunu gördüm. Həmin masaya yaxınlaşaraq qızlardan birinin qulağına ondan çox xoşum gəldiyini dedim. Həmin qız sözümü yarımçıq qoyaraq getməyimi bildirdi”.

    “Mənə baxaraq söhbət etdiklərini gördüm”

    Emin Loğmanov qeyd edib ki, qızdan uzaqlaşaraq rəqs etməyə başlayıb: “Sonra qıza yaxınlaşdığıma görə onun qanını qaraltdığımı düşündüm. Bu səbəbdən yenidən həmin qıza yaxınlaşaraq qanını qaraltdığıma görə üzr istədim. Qız isə yenə də çıxıb getməyimi deyəndə, qızdan uzaqlaşaraq oynamağa başladım. Oynayan zaman həmin qızların mənə baxaraq öz aralarında nəsə söhbət etdiklərini gördüm. Qızların mənə baxmaları xoşuma gəlmədi. Nəyə görə mənə baxaraq güldüklərini öyrənmək məqsədilə üçüncü dəfə qızlara tərəf getdim. Həmin qız, yəni sonradan adını öyrəndiyim Günay ayağa qalxaraq mənə tərəf gələrək bir söz demədən sol əli ilə sinəmdən itələdi, sağ əlində olan pivə bakalını sol gözümə çırpdı. Bakal sınaraq sol gözümü və göz ətrafındakı dərisini kəsdi. Sonradan Günay Süleymanova ilə barışmışam. Ona qarşı hər hansı bir şikayətim və tələbim yoxdur”.

    6 il 6 ay cəza və narazılıq

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günay Süleymanova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Günay Süleymanova apelyasiya şikayəti verib.

    O, şikayətində əməlinin xuliqanlıq ittihamı ilə düzün tövsif edilmədiyini qeyd edib. Günay Süleymanova barəsində olan hökmün ləğv edilməsini, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını, cəzasının şərti hesab edilməsini istəyib.

    Günay Süleymanovanın şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Günay Süleymanovanın apelyasiya şikayəti təmin olunmayıb.

    “Səbəb zərərçəkmişin qanunsuz hərəkətləri olub”

    Bu qərardan narazı qalan Günay Süleymanova kasasiya şikayəti verib. O, şikayətində göstərib ki, apelyasiya instansiyası məhkəməsi cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, açıq-aydın onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almayıb, ədalətsiz qərar qəbul edib: “Əvvəllər məhkum olunmamışam, cinayəti törətməyimə səbəb zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri olub. Zərərçəkmiş şəxsə ağır xəsarət yetirmək niyyətim olmayıb”.

    “Onlar ana nəvazişindən kənarda qalıb”

    Günay Süleymanova törətdiyi əməli qismən etiraf etdiyini deyib: “Əməlimdən peşmanam, zərərçəkmiş şəxslə barışmışam. Zərərçəkmiş şəxsin mənə qarşı heç bir şikayət və tələbi yoxdur. Himayəmdə iki azyaşlı uşağım var. Onlar ana qayğısından, ana nəvazişindən kənarda qalıb”.

    Təqsirləndirilən şəxs apelyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən halları nəzərə almayaraq ədalətsiz qərar qəbul etdiyini qeyd edib.

    Cəzadan iki il çıxıldı

    Şikayətçi kasasiya şikayətinin təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarın dəyişdirilməsini, cəzasının yüngüllədirilməsini xahiş edib.

    Günay Süleymanovanın bu şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti onun şikayəti qismən təmin edib.

    Məhkəmə Günay Süleymanovanın əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edib. Onun cəzası 4 il 6 aya salınıb.//publika.az

  • Narkoloji Dispanserin keçmiş baş həkimi həbs edilib

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənov və Mətanət Şamçıyevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az “Report”-a istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, prokurorun protesti təmin edilib. Belə ki, H.Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilib. H.Həsənov məhkəmə zalında həbs edilib.

    M.Şamçiyeva ilə bağlı hissədə isə hökm qüvvədə saxlanılıb.

    Qərardan narazı qalan H.Həsənov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib və hakim Tahir Kazımovun icraatına verilib. Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclasının vaxtı təyin ediləcək.

    Qeyd edək ki, bir müddət əvvəl vətəndaşlardan qeydiyyatda olub-olmamaları barədə arayış verilməsi üçün pul istənilməsi barədə Bakı şəhər sakinindən 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb.

    Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi H.Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib almasına şübhələr üçün əsaslar olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    H.Həsənova CM-nin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.

    M.Şamçiyevanın barəsində isə həbs qətimkan tədbiri seçilməyib. Onun barəsində polis nəzarərinə verilmə qətimkan tədbiri seçilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, şərti cəza verilib. Həbsd olan H.Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxslər isə apellyasiya şikayəti veriblər. Prokuror H.Həsənovun həbs edilməsini, təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyirdilər.

  • Bakıda qız sevgilisindən icazəsiz “Gənclik Mall”a getdiyi üçün döyüldü

    Məşhur ticarət mərkəzində oğlan sevgilisini döyüb. Hadisə Nərimanov rayonu ərazisində yerləşən “Gənclik Mall”da qeydə alınıb.

    Median.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, Orxan adlı şəxs 1999-cu il təvəllüdlü Aysel Duniyevanı döyüb.

    Zərərçəkən qız ərazi üzrə Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edib. İlkin izahatı zamanı Aysel, Orxanı sevdiyini, münaqişənində elə qısqanclıq üstündə baş veriyini bildirib. Sevgilisinin sözünə qulaq asmayan qız ondan icazəsiz ticarət mərkəzinə gəlib. Qızın “Gənclik Mall”da olması xəbərini Orxana çatdırıblar. Təcili ticarət mərkəzinə gələn Orxan əsəblərini cilovlaya bilməyib və sevgilisini döyüb. 

    Faktla bağlı 18-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb, hər iki şəxs dindirilib.

  • Qadın həbsxanaya “iPhone” keçirmək istədi – FOTO

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

    Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsayev Elmi Əmin oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası, Quba rayon sakini İsayeva Qəribə Nazrənməd qızının üzərinə və əşyalarına baxış keçirilərkən pul qabının içində gizlətdiyi, daxilində danışıq kartı olmayan bir ədəd “iPhone” markalı mobil telefon aparatı aşkarlanıb.

    Qeyd olunan faktla bağlı araşdırma aparılır./oxu.az

  • DTX əməliyyat keçirdi, iki terrorçu məhv edildi

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılan dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.

    Bildirilib ki, fakt üzrə Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilib.

    Martın 6-da cinayətkar birliyin üzvlərindən – Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq, odlu silahdan atəş açıb, silahlı müqavimət göstəriblər.

    Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov zərərsizləşdirilib.

    Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.

    Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.