Category: Kriminal

  • Narkotikə görə tutulan oğluna narkotik apardı

    Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

    Penitensiar Xidmətdən oxu.az-a verilən məlumata görə, 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

    Qaçaqmalçılıq və narkotik vasitələrin satışında təqsirləndirilərək yeddi il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda Dövlət Yol Polisi postuna silahlı hücum: xəsarət alan var

    Salyan rayonunda Dövlət Yol Polisi (DYP) postuna silahlı hücum olub.

    Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsindəki postda qeydə alınıb.
     
    Salyan şəhər Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək silahdan atəş açıb. Sonra özünə məxsus minik avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Salyan şəhərində isə ona yol polisləri tərəfindən “saxla” əmri verilsə də, o, buna məhəl qoymayıb və maşınla Kürsəngi kənd sakini, 1982-ci il təvvəllüdlü polis əməkdaşı Dəmirov Raqib Həmdulla oğluna xəsarət yetirib. Nəhayət həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib.
     
    İlkin məlumata görə, ötən gün DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə o, inzibati qaydada cərimələnib. Orxan Bağırovun hadisəni buna görə törətdiyi ehtimal olunur.
     
    Faktla bağlı araşdırma aparılır.
     
    \\Report

  • Bakıda jurnalistin maşınından oğurluq edilib – VİDEO

    Bakıda “Xəzər” televiziyasının əməkdaşının maşınından çantası oğurlanıb.

    Hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında, “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.

    Bu haqda zərərçəkən jurnalist Ülkər Qasımqızı öz sosial media hesabında oğurluq hadisəsinin başvermə anınının görüntüsünü paylaşıb.

    O bildirib ki, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər:

    “Buna nə ad verəsən? Mebel almaq üçün salona girmişdik. Bu vicdansız sanki öz maşını imiş kimi qapını açıb və çantamı oğurlayaraq qaçıb. Kameranın varlığından bixəbər olan bu “ağıllı”nı polis axtarır”.//oxu.az

  • Abşeronda evə silahlı basqın olub, ana və qızı ağır yaralanıb

    Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayış evlərindən birinə naməlum şəxs tərəfindən silahlı basqın olub.

    “Report”un yerli bürosunun məlumatına görə, hadisə Gündüz Abdullayev küçəsi, ev 5A ünvanında qeydə alınıb.

    Həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Qəribbala qızı Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Elman qızı Həşimova naməlum şəxsin hücumuna məruz qalıb. Maskalı şəxs evə girərək bıçaqla qadına və qıza müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar qışqırığa gələn qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

    Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. İlkin ehtimala görə, basqın oğurluq məqsədi ilə törədilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Naxçıvan sakini Bakıda silahla saxlanıldı

    Bakıda silahlı şəxs yaxalanıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Nizami RPİ-nin əməkdaşları tərəfindən Naxçıvan şəhər sakini Rəhim Bayramovdan “EKOL” markalı pnevmatik tapança götürülüb.//criminal.az

  • “120 min manat ödəmişəm, məni mənzilə buraxmırlar”

    “Real” MTK-da dələduzluq faktı üzrə daha bir məhkəmə işi

    Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahangirli Sahil Nizami oğlu və Əşrəfov Anar Adil oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Sahil Cahangirli “Real” MTK-nın rəhbəri İlham Qasımovun bacısı oğludur, O, “Real” MTK-da icraçı direktor olub. Anar Əşrəfov da MTK-da çalışıb.

    Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Əhməd Quliyevin sədrlik prosesdə prokuror ittiham aktını elan edib. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onlar MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqla, vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə da ittiham edilirlər.

    İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini günahkar bilmədiklərini deyiblər.

    Daha sonra zərərçəkmişlərə söz verilib. Nüşabə Rüstəmova adlı zərərçəkmiş deyib ki, evini 83 min manata sataraq “Real” MTK-dan mənzil alıb. O deyib ki, bu şirkət haqqında xoşgəlməz xəbərlər eşitdiyini şirkətin işçisi Şahinə deyib və qabaqcadan problem olmamasını istəyib. Şahin isə deyib ki, şirkətin rəhbəri (İlham Qasımov – red) həbsdədir, ona görə daha burda qanunsuz işlər olmur.

    N.Rüstəmova əlavə edib ki, Şahinlə birlikdə Sahilin yanına gedib və ona 90 min manat verib. “Sonradan Sahil Çahangirov mənə 50 min qaytarıb və guya 75 min ödədikləri barədə sənəd tərtib ediblər. Amma mən 75 min almamışam”.

    Zərərçəkmiş qeyd edib ki, pulun qismən ödənilməsi barədə maliyyə arayışını ona şirkət verib.

    Sahil Cahangirli zərərçəkmişı tanımadığını bildirib və qeyd edib ki, pulu Şahin alaraq ona verib. Təqsirləndirilən Şahinin “makler” olduğunu vurğulayıb.

    Dövlət Sərhəd Xidmətində çalışdığını deyən digər zərərçəkmiş Şahin Əlixanov isə bildirib ki, ev axtararkən internetdə Cəlil adlı maklerlə tanış olub. Cəlil ona “Real” MTK-nın tikdiyi binadan ucuz ev təklif edib. “Ucuz olmasının səbəbini soruşdum, dedi ki, şirkətə verilən betonun əvəzində ev verilib, ona görə də aşağı qiymətə satılır. “Sahil Cahangirli ilə görüşəndə mənə dedi ki, mənzili ucuz satılsa da, heç bir problemi yoxdur. 110 min manatı Mayıl Səmədova, 2 min manat da “maklerə” verdim. Sonradan mənzillərin problemli olduğunu bildim. Mənə cəmi 80 min manat qaytarılıb”.

    Zərərçəkmiş Sevinc Qurbanova deyib ki, evin problemli olduğunu Korrupsiya İdarəsindən zəng gələndən saonra bilib. MTK-ya getdib maraqlananda isə pna problem olmadığını deyiblər. “Evi oğlum üçün almışam. Mən evə qapı qoymamışam, indi də təmir etmirəm. Əmin olmaq istəyirəm ki, gələcəkdə həmin evi başqasına satmayacaqlar”.

    Zərərçəkmiş Tağı Hüseynov bildirib ki, ondan ilkin olaraq 2 min manat, daha sonra isə 30 min manat alınıb, amma mənzil verilməyib və dəymiş ziyan ödənilməyib.

    2015-ci ildə mənziı almaq üçün MTK ilə müqavilə bağlayan zərərçəkmiş Səbuhi Xəlilov isə 120 min manat ödədiyini, evi təmir etmək üçün maliyyə arayışı tələb etdikdə isə problemlər yarandığını və onu mənzilə buraxmadıqlarını bildirib.

    Növbəti proses martın 15-də davam edəcək.

    Qeyd edək ki, S.Cahangirlinin dayısı – Real” MTK-nın rəhbəri İlham Qasımov da dələduzluq, vəzifə səlahiyyətlərindən sui istifadə və vəzifə saxtakarlığında təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

    İlham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirli bilinib. İttihama görə, İ.Qasımov milyarderin 19,5 milyon dollarını mənimsəyib.

    İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir.

  • Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi – RƏSMİ

    Daxili İşlər Nazirliyi Şirvanda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb. 

    Fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. 

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.

    A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı “Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib.

    Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, güllələnmə hadisəsini törətmiş Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur.

  • Azərbaycanda dəhşətli hadisə – doğma anasını pula görə küçədə bıçaqladı

    Abşeron Gənclər Şəhərciyində anasını bıçaqlayan S.Zalov “VAZ-2107” markalı avtomobillə hadisə yerindən qaçıb.

    “Report” xəbər verir ki, 17 yaşlı gənc hazırda polis tərəfindən axtarılır.

    Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir. Qeyd edək ki, zalovlar ailəsi Xudat rayonundandır və şəhərcikdə kirayədə qalır…

    17 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib.

  • Bakıda Facebook-da təhqirə görə kütləvi dava düşdü

    Bakıda çayxanada kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb.

    “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

    Rayon ərazisində fəaliyyət göstərən çayxanaların birində 4 nəfər arasında əlbəyaxa dava olub.

    1998-ci il təvəllüdlü Kərimov Sabir Fəxrəddin oğlu dava zamanı qarın nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

    Yaralının yaxınlarının verdiyi məlumata görə, o, evi tərk edərək marketə getdiyini bildirib. Məlum olub ki, S.Kərimov “facebook” sosial şəbəkəsində dostunun təhqir olunduğunu görüb. Və onunla ilə birgə sosial şəbəkədə dostunu təhqir edən şəxsi çayxanaya çağırıb. Çayxanada yaranmış mübahisə nəticəsində əlbəyaxa dava olub.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılır.

  • Məhkəmə keçmiş MTN-in şöbə rəisinin cəzasını 12 ildən 5 ilə endirib

    Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    “Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, V.Ələkbərovun 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib. Zərərçəkmişlərin apellasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

    Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərar da çıxarıb. Hökmə əsasən, V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanılıb. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

    Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərar da çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurorluğa göndəriləcək.

    Hökmdən narazı qalan V.Ələkbərov və zərərçəkmişlər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.