Category: Kriminal

  • Qaçırdığı maşınla arvadını və beş uşağını yasa apardı

    Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılıb.

    Daxili İşlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3:00 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub.

    Avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Saxlanılan zaman avtomobili qaçıranın arvadı və beş övladı da maşında olub.

    Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğu məlum olub.

    Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna, yas yerinə yollanıb.

    Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

    Araşdırma aparılır.

  • Şəmkirdə sərnişin gediş haqqına görə sürücünü öldürdü

    Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndinə baş verib.

    Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mürsəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb.

    Oraya çatanda sərnişinlə sürücü arasında gediş haqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

    Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

    Hadisədən sonra A.İsgəndərov qaçsa da, polis onu saxlayaraq istintaqa cəlb edib.

  • Su axıdan çən kütləvi davaya səbəb oldu – FOTO

    Bakının Binəqədi rayonunda 20 nəfər arasında kütləvi dava baş verib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisəyə Xocahəsən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəb olub.

    Davada xəsarət alan şəxslər qonşuları tərəfindən döyüldüklərini bildiriblər.

    Onların dediklərinə görə, fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını öz evinə qonaq çağırıb.

    Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi S.Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və nəticədə həmin su onların həyətinə axır.

    S.Səfərov problemi həll edəcəyinə söz versə də, qonşusunun kobud davranışı ilə üzləşib.

    Daha sonra adı hazırda məlum olmayan həmin yaşlı şəxs ətrafına təqribən 15-20 nəfər yığaraq S.Səfərovun yaşadığı evə gəlib və tərəflər arasında dava düşüb. Kütləvi dava zamanı evdə qonaq olan Türkiyə vətəndaşı Səlçuk Yoldəmir, altı aylıq hamilə olan Sevinc Yoldəmir və S.Səfərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Zərərçəkənlərdən Türkiyə vətəndaşı S.Yoldəmir hadisə ilə bağlı mənsub olduğu ölkənin səfirliyinə məlumat verib.

    Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar.

  • Bakıda insan alverçisi həbs edildi

    Nərimanov rayon Polis İdarəsinin əməkdaşları axtarışda olan qadını həbs edib.

    Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin əməkdaşları cinayət məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə axtarışda olan Ahilə İslam qızı Abdullayevanı həbs edə bilib. Qeyd edək ki, A.Abdullayeva uzun müddət istintaqdan yayındığına görə, axtarışa verilib.

  • Bakıda film kimi hadisə: Gülənçilər məhkəmə zalından qaçırıldı (FOTO)

    Bakıda “Gülənçi” olan iki Türkiyə vətəndaşı fevralın 19-da məhkəmədən qaçırılıb.

    Median.Az-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, 1973-cü il təvəllüdlü Ayhan Səfəroğlu barəsində 2-ci Ankara sülh Cəza Hakimliyinin 2018-ci il 5 yanvar tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib və axtarışa verilib. O, silahlı terror təşkilatına üzv olmaqda ittiham edilib. A.Səfəroğlu isə həmin zaman Bakıda, Nərimanov rayonunda yaşayıb. Türkiyə dövləti Azərbaycan Baş Prokurorluğuna müraciət edərək onun saxlanılması və ekstradisiya olunmasını istəyib.

    Bu müraciətə əsasən Səfəroğlu fevralın 8-də saxlanılaraq Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində 40 günlük həbs qətimkan tədbiri seçilib. Fevralın 17-də isə baş prokurorun birinci müavini Rüstəm Usubov Nərimanov rayon prokurorluğuna müraciət edərək A.Səfəroğlunun hüquq-mühafizə orqanlarının çağırışlarına gələcəyini, ölkəmizdə daimi yaşayış yerinin olmasını nəzərə alaraq onun barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsi üçün məhkəməyə təqdimat verilməsini istəyib.

    Nərimanov rayon prokuroru Vüqar Əliyev bu müraciətə əsaslanaraq məhkəməyə eyni məzmunlu təqdimat verib. Hakimi Həmid Sultanov təqdimatı təmin edərək A.Səfəroğlunun iclas zalından azadlığa buraxılmasına qərar verib. Lakin A.Səfəroğlu elə oradaca yoxa çıxıb.

    Vəkili Zaur Niftəliyev “Qafqazinfo”ya açıqlamasında hadisənin necə baş verdiyini danışıb: “Məhkəmə qərarı elan edildikdən sonra Penitensiar Xidmətin nümayəndələri bizə dedilər ki, aşağıda gözləyin, Ayhanın pal-paltarı,əşyaları barədə aktlaşdırma aparılacaq, sonra özü gələcək. Biz də məhkəmənin girişində təxminən yarım saat gözlədik, Ayhanın dostlarından biri tələsik gəlib dedi ki, onu mülki maşınla apardılar. Kim, hara, niyə apardı, biz bilmədik”. 

    Z.Niftəliyev deyib ki, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına məlumat verilib: “Bizim ehtimalımıza görə onu Dövlət Miqrasiya Xidməti əməkdaşları aparıblar. Amma müraciət etdim, onlarda olmadığı deyildi. Özüm də qanunsuz miqrantların saxlanıldığı yerə baxdım, orada yox idi. Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən Ayhanın yoldaşını dəvət edib izahat aldılar. Amma polisdən də bir xəbər yoxdu. Bundan sonra Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət edib bu barədə məlumat verdim. Dövlət Sərhəd Xidmətinə də sorğu verib ölkədən çıxıb-çıxmadığını soruşmuşuq”.

    Vəkil bildirib ki, A.Səfəroğlu ilə birgə saxlanılan və eyni cinayətdə ittiham edilən Ərdoğan Taylan da eyni aqibətlə üzləşib: “Həmin gün onun barəsində də həbs qətimkan tədbirinin ləğv edilməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət edilib və azadlığa buraxılan kimi yoxa çıxıb. Eyni ittihamla tutulan üçüncü bir şəxs də var, o hələ həbsdədir”.



  • “Yoldaşımın yaxın qohumu idi” – Namus üstündə cinayət törədən baytar – VİDEO

    ARB TV-nin “Rezonans” verilişində bu dəfə məhbus Murad Mustafayevin həbsxana hekayələrindən bəhs olunub.

    Murad Mustafayev (cəzası 10 il): “İxtisasca baytaram. Ağsuda doğulub, Zaqatalada yaşayırdım. 2014-cü ildə cinayət törətmişəm. Şəxsiyyətə toxunan hərəkətlər etdiyi üçün həmin cinayəti törətdim. Bu məsələnin belə olmasını istəmirdim. Amma məni məcbur etdi. Ailəmə narahatçılıq verirdi. Mən Qazaxda işləyirdim. Bir gün gələndə bunu gördüm, normal söhbət etmək istədim, söyməyə başladı. Keçdim evə ki, sakitləşsin ortalıq, amma bu evə hücum elədi. Bıçağı əlimə alıb birin qolundan vurdum. Artıq daha çox söyməyə başladı. Sakitləşmədiyi üçün, ürəyindən də birin vurdum. Ağsuya getdim və polisə təslim oldum. Həmin adam həyat yoldaşımın yaxın qohumu idi.

    Ailəsi çox yaxşıdır, özü də evlidir. Mən istəməzdim belə olsun. Qardaşı, atası başa düşürdü ki, o, səhv hərəkət edib. Amma yenə də özümə haqq qazandırmıram. Atam və anam məndən üz çevirib. 4 ildir ki, mənimlə danışmırlar. Elədiyim hərəkətin səhv olduğu üçün məndən imtina ediblər. Qardaşım evləndi, amma toyun səhəri günü maşın üstündən keçib öldürdü. Bir il sonra evimiz yandı və atamın qolları yandı. Atam və anamdan istəyim odur ki, məni bağışlayıb, halallıq versinlər. Həmin cinayəti 8 mart günü etmişdim. Onunla qapı qonşu olmuşuq. İnşallah çıxandan sonra orada yaşamayacam. Çünki yenidən söz-söhbət yarana bilər. Çox peşmanam”.

  • Bakıdakı oteldə iki qadın ərəb turistləri qarət edib

    Bakıda iki qadın ərəb turistlərinin pullarını və şəxsiyyət vəsiqələrini oğurlayıb.

    Paytaxtda turist kimi səfərdə olan Behreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Ahmed Naser Bahrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yaser Mohomed Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pullarını və pasportları oğurlanıb.

    Faktla bağlı araşdırma aparılır. (Report)

  • Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

    Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi başlanılıb.

    Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov oxu.az-a bildirib ki, faktla bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

    Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakıda bankın sabiq filial direktoru həbs edilib

    Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

    Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.

    Xatırladaq ki, prokuror çıxışında Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Digər şəxslər də bankın əməkdaşlarıdır.

    Onlar barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

  • Gecə gözətçisi işləyən tələbənin ölüm işi – Qətlin üstü açılır

    Tələbəni öldürməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

    Əvvəlcə tələbənin qətlə yetirildiyi deyilsə də, sonra onun avtomobillə vurulması barədə məlumat yayılmışdı.

    Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdı

    Amma Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.

    Daha sonra istintaq orqanı yenə də qətl hadisəsi ilə bağlı araşdırma aparıb. 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Mehdiyevi qətlə yetirənlər müəyyən edilib.

    Qətli törədən Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Bildirilir ki, tələbəni öldürən şübhəli şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.

    Təhlükəsizlik kameraları ilə üzə çıxıb ki, həmin ərazidə 3 nəfər arasında dava-dalaş olub, onlar bir nəfəri döyüblər.

    Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov həmin ərazidən tikinti materialları oğurlamaq istəyiblər. Amma Samir Mehdiyev onların oğurluğunun qarşısını almaq istəyib. Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.

    Bundan sonra Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi davam etdirilib.//Musavat.com